Məhkəmə qərarları › İş №2-1(106)-131/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-131/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-131/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(120)-4160/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülmə və yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 5 (beş) nəfər ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və 3 övladı) ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə qəbul olunmağı və mənzillə təmin olunanadək müvəqqəti mənzil kirayəsi üçün kirayə haqqı ilə təmin olunmağı barədə müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 26 sentyabr 2024-cü il tarixli, 2- 1(120)-4160/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1. 5 nəfər ailə tərkibi ilə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi; 2. Mənzil növbəsinə götürüldüyü vaxtdan mənzil sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay iddiaçıya və onun ailə üzvlərinə kompensasiya ödənilməsi. Birinci tələbə münasibətdə İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cü il tarixədək Azərbaycan Silahlı Qüvvələrində “kursant” kimi, xx.xx.1999-cu il tarixdən xx.xx.2006cı il tarixə kimi Azərbaycan Ordusunda baş leytenanat və kapitan qismində həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Füzuli Rayon İcra Hakimiyyətinin məktublarından müəyyən olunur ki, İddiaçı ehtiyata buraxıldıqdan sonra cavabdeh inzibati orqan tərəfindən ona mənzilə ehtiyacı olan şəxs qismində 2023-cü ilin dekabr ayınadək kirayə haqqı ödənilmişdir. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Onun və arvadının mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olması müəyyən olunmur. Odur ki, iddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilmək üçün qanunla tələb olunan bütün şərtləri ödəmişdir. İkinci tələbə münasibətdə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasının məzmunundan göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Nazirlər Kabinetinin adıçəkilən Qərarı mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsi ilə bağlı məsələlərdə xüsusi tənzimləmə nəzərdə tutmuşdur. İddiaçı zabit heyətinə aid olmaqla xəstəliyə görə ehtiyata buraxılmışdır. Belə olan halda iddiaçı adıçəkilən 174 nömrəli Qərarda qeyd olunan – xəstəliyə görə ehtiyata buraxılmış kateqoriya hərbi qulluqçu olduğundan onun mənzillə təmin olunanadək kirayə xərclərinin ödənilməsini tələb etmək hüququ vardır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 0370 saylı, xx.xx.2006-cı il tarixli əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”nin 156-cı maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Hərbi xidmət dövründə yaşayış sahəsi ilə təmin olunmamışdır. Ehtiyata buraxıldıqdan sonra Füzuli Rayon İcra Hakimiyyətində ailə üzvləri ilə birlikdə mənzil növbəsinə qəbul edilmişdir. Ona müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ödənilməyə başlanılmışdır. Lakin 2024-cü ilin yanvar ayından ona kirayə haqqının ödənilməsi məlum olmayan səbəblərdən dayandırılmışdır. Cavabdeh inzibati orqana müraciət edərək mənzil növbəsindən çıxarıdığı halda mənzil növbəsinə bərpa olunmağı barədə qərar qəbul edilməsini və xx.xx.2024-cü il tarixdən dayandırılmış kirayə haqqının ödənilməsini dayandırıldığı tarixdən bərpa edilməsini xahiş etmiş, lakin müraciətinə imtina cavabı verilmişdir. Cavabdehin imtina dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı 15 ildən az müddət xidmət etdiyinə görə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yaşayış sahəsi və kirayə haqqı ilə təmin edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri imtina aktının məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, iddiaçı isə şikayətin dəlillərini qəbul etməmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddianın qanuni əsasları ilə bağlı aşağıdakıları qeyd edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: -12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının: 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. İş materiallarına əlavə edilmiş: -hərbi biletin surətindən məüyyən olunur ki, İddiaçı xx.xx.1995-ci il tarixdən 2006-cı il tarixədək xidmət etmiş, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156 maddəsinin “V” bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin 0370 saylı xx.xx.2006-cı il tarixli əmri ilə xidmətdən ehtiyata buraxılmışdır. -xx.xx.2016-cı il tarixli kirayə müqaviləsinin surətindən müəyyən olunur ki, “Kirayəçi” İddiaçı ilə “Kirayəyə” verən X3 arasında Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 2B, mənzil 90 ünnvanında yerləşən mənzilə dair aylıq kirayə haqqı məbləği 250 manat olmaqla xx.xx.2026-cı il müddətinədək kirayə müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. -“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun: -2.1. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. -2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. -2.3. Referendumla qəbul edilmiş akt (bundan sonra – referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir. -2.4. Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendum aktı tətbiq edilir. -2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. -2.6. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. -2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. -2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. -2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. -2.10. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin V hissəsi və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 49-cu maddəsinin İİ, İİİ, İV və V hissələri ilə müəyyən edilir. Qeyd edilən hüquqi nizamlama onu deməyə əsas verir ki, konkret məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qanunlarla ziddiyət təşkil etdikdə qanunun tələbləri tətbiq edilməlidir. Hazırki mübahisə üzrə cavabdeh həm imtina aktında, həm də apellyasiya şikayətində “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 7-ci bəndinə istinad etməklə, iddiaçının 15 ildən az xidmət etməsi səbəbindən qeyd olunan normaya uyğun olaraq müvafiq hüquqlarının olmamasını əsas gətirmişdir. Kollegiya qeyd edir ki, həmin Qanunun qeyd olunan tələbi konkret olaraq yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslərə yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqının verilməsini 15 təqvim ilindən az olmayan xidmətlə şərtləndirmişdir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının 1-ci bəndində isə yaşa, xəstəliyə, ailə vəziyyətinə görə ehtiyata buraxılmış şəxslərin bu hüquqdan yararlanması üçün xidmət müddəti konkret göstərilməsə də, məhkəmə kollegiyası hesab edir ki, bu zaman qeyd olunan Qanunun tələbləri üstün hesab edilməlidir. Başqa sözlə, sözügedən qərarda bu hüquqdan yaralanmaq məqsədilə ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış şəxslər üçün 5 il, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular üçün 15 il müəyyən edilmiş, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə ehtiyata buraxılanlar üçün müddət həddi göstərilməmişdir ki, bu halda müvafiq qanunun tələbləri üstün qüvvəyə malik olur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(120)-4160/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı 5 (beş) nəfər ailə üzvləri ilə birlikdə ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə qəbul olunmağı və mənzillə təmin olunanadək müvəqqəti mənzil kirayəsi üçün kirayə haqqı ilə təmin olunmağı barədə müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar