Məhkəmə qərarları › İş №2-1(106)-133/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-133/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-133/2025 19.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X8 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2183/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Dövlət Mineral X1rşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Ehtiyatları Agentliyinin xx.xx.2021-ci il tarixli 21 saylı qərarının və xx.xx.2020-ci il tarixli 23/20 saylı qərarının İddiaçı MMC-yə aid hissədə ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisələndirilən qərarlardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 16 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-2183/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Ehtiyatları Agentliyinin xx.xx.2021-ci il tarixli 21 saylı və xx.xx.2020-ci il tarixli 23/20 saylı qərarlarının İddiaçı MMC-yə aid hissədə ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMCyə ayrılmış 8 ha torpaq sahəsindən kənarda 2827 m3 qum-çınqıl qarışığı hasil olunması aşkar edilsə də, hasilat İddiaçı MMC tərəfindən yox, İddiaçı MMC-yə aidiyyəti olmayan, yəni fiziki şəxs Eldar Hüseynovun nümayəndələri tərəfindən istismar işləri aparıldığı müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın yerin təkindən istifadə hüququnun ləğv edilməsinə əsas olan səbəbi İddiaçı MMC tərəfindən ona ayrılmış yer təki sahəsinin istifadə olunmaması ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(086)-409/2018 saylı, 06 mart 2018-ci il tarixli qərarının icrası məqsədilə 30 aprel 2018-ci il tarixdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Beyləqan Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri sözügedən ərazidə olmuş, lakin qonşu istifadəçilər tərəfindən mərzçəkmə işlərinin aparılmasına maneə yaradıldığından məhkəmə qərarının icrası mümkün olmamışdır. Hal-hazırda da sözügedən məhkəmə qərarı icra olunmamışdır. Sadalanan hallar onu deməyə əsas verir ki, İddiaçı MMC tərəfindən ona ayrılmış yer təki sahəsindən ötən dövr ərzində təyinatı üzrə istifadə olunmaması MMC-nin təqsiri ucbatındən yox, qeyd edilən məlum obyektiv səbəblərdən, yəni digər üçüncü şəxslərin mülkiyyətdən istifadəyə maneə yaratmaları səbəbindən meydana gəlmişdir. Cavabdeh inzibati orqan həmin mübahisədən məlumatlı olmuşdur. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli, 24 saylı sərancamı ilə və xx.xx.2014-cü il 05 saylı icarə müqaviləsi ilə 3.0 ha və xx.xx.2014-cü il tarixli, 303 saylı sərancamı və xx.xx.2014-cü il tarixli, 78 saylı icarə müqaviləsi ilə 8.0 ha torpaq sahəsi ayrılmışdır. 3.0 ha ərazi istismarda olduğu müddətdə icarə müqaviləsində göstərilən bütün tələblərə tam riayət olunmuş, icarə haqqları vaxtlı vaxtında ödənilmişdir. Lakin 8.0 ha ərazi Cəmiyyət tərəfindən bu günə qədər obyektiv səbəblərdən istismar olunmamışdır. Belə ki, həmin ərazidə qonşu olan fiziki şəxslər onları həmin əraziyə buraxmamış, və fəaliyyətlərinə mane olmuşlar. Münaqişə sonradan məhkəmə çəkişmələrində davam etmiş və Şirvan İzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin ərazi üçün müvafiq mərzçəkmə işlərinin aparılması (natuada yerlərin, sərhədlərin müəyyənləşdirilməsi və s.) öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin üzərinə qoyulmuşdur. Yasamal rayonu İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli, 101935/2018-53-8 saylı bildirişi ilə “Borclu” tərəfindən tələbin könüllü icrası tələb olunmuşdur. Təəsüf ki, bu günə qədər həmin məhkəmə qərarı icraçı şəxslərin məsuliyyətsizliyi ucbatından icra olunmamış olaraq qalır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X3 mütəxəssisləri həmin ərazidə olarkən orada heç bir istehsal işlərinin görülmədiyi haqqında xx.xx.2020-ci ildə 63245 saylı akt tərtib etmişlər. Həmin akta görə yalnız 3.0 ha əraziyə cərimə tətbiq olunmuş, onlara yazılan cərimə ilə razılaşmamışlar və akta imza etməmişlər. Çünki Agentliyin əməkdaşları əraziyə baxışı onların nümayəndələrinin iştirakı olmadan keçirmişlər və burada 1976-cı ildən fəaliyyət göstərmiş Meliorasiya Nazirliyinin Qum-çınqıl zavodunun hasilatını onların işi kimi dəyərləndirmişlər və reallığa uyğun olmayan cərimə tətbiq etmişlər. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Agentlik tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq çay hövzələrində yerləşən yataqlara baxış keçirilmişdir. Baxış zamanı Araz çayının hövzəsində yerləşən “Bəhrəmtəpə-İİ” yatağında qum-çınqıl hasilatı məqsədi ilə 07 may 2019-cu il tarixli, 01169 nömrəli Dağ-mədən ayırması aktı (DMAA) ilə İddiaçı MMC-yə ayrılmış 3,0 ha yer təki sahəsindən kənarda 20784 m3 qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Əraziyə monitorinq zamanı qanunla icazə ilə ayrılmış sərhədlər daxilində sahəsi 1.62 ha sahədə orta istismar dərinliyi 4 metr olmaqla 65152 m3, xaricində isə 0.48 ha sahədə orta istismar dərinliyi 4.33 metr olmaqla 20784 m3 həcmində hasilat aparılması müəyyən edilmişdir. İstismar işləri hidromexaniki üsulla aparılmış, karxana sahəsi “Bəhrəmtəpə-İİ” yatağı hüdudları daxilində yerləşmişdir. Göründüyü kimi, yerin təkinin mühafizə və səmərəli istifadə qaydaları (Yerin təki haqqında Qanunun 21-ci maddəsi) kobud şəkildə pozulmuşdur. X7 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli Qərarı ilə müvafiq icazə sənədi ilə İddiaçı MMC-yə ayrılmış yer təki sahəsindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə 2 ay müddətinə dayandırılmışdır. Lakin İddiaçı MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən X7 29 aprel 2021-ci il tarixli 23 saylı Qərarı ilə “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Agentlik tərəfindən “Bəhrəmtəpə-İ” yatağında qum-çınqıl hasilatı məqsədi ilə 24 aprel 2018-ci il tarixli 01030 nömrəli Dağ-mədən ayırması aktı (DMAA) ilə İddiaçı MMC-yə ayrılmış 8 ha yertəki sahəsindən kənarda 2827 m3 qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Əraziyə monitorinq zamanı mərz nişanlarının mövcud olduğu, müxtəlif çalalar şəklində sahəsi 0.18 ha orta istismar dərinliyi 1.5 metr olmaqla 2827 m3 həcmində istismar aparıldığı müəyyən olunmuşdur. Əraziyə monitorinq zamanı fiziki şəxs Eldar Hüseynovun nümayəndələri tərəfindən istismar işləri aparıldığı müəyyən olunmuş, həmçinin həmin şəxsə məxsus ələk və texnikanın fəaliyyəti müşahidə edilmişdir. Karxana sahəsi “Bəhrəmtəpə-İ” yatağı daxilində yerləşir. X13 X3 (Agentlik) İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli Qərarına əsasən, İddiaçı MMC-yə verilmiş 24 aprel 2018-ci il tarixli 01030 nömrəli “Dağ-mədən ayırması” aktının, ayrılmış yer təki sahəsinin istifadə olunmaması səbəbindən Agentliyə qaytarılmasının təmin edilməsi öhədiliyi qoyulmuşdur. Lakin MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən X7 29 aprel 2021-ci il tarixli, 21 saylı qərarı ilə “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.9-cu maddəsinə əsasən, yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Göründüyü kimi, İddiaçı MMC-yə “Bəhrəmtəpə-İ” və “Bəhrəmtəpə-İİ” yataqlarından qum-çınqıl hasilatı məqsədilə verilmiş 24 aprel 2018-ci il tarixli 01030 nömrəli və 07 may 2019-cu il tarixli 01169 nömrəli “Dağ-mədən ayırması” Aktlarının ləğvi qanunamüvafiq qaydada həyata keçirilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixli 23/20 saylı qərarın mövcudluğu barədə məlumatı olmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq müddət bərpa edilmişdir. Belə ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə müvafiq bildiriş göndərilərək, icazə sənədinin əslinin Agentliyə qaytarılması tələb edilmiş, iddiaçı isə xx.xx.2021-ci il tarixdə bildirişə cavab olaraq, sahədən obyektiv səbəblərdən istifadə edə bilməməsini qeyd etmişdir. Bu hal onu təsdiq edir ki, iddiaçının həmin vaxtdan sözügedən qərardan məlumatı olmuşdur. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2014-cü il tarixli, 303 nömrəli sərancamının surətindən görünür ki, İddiaçı MMC-yə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Bəhrəmtəpə qəsəbəsi yaxınlığında Araz çayı yatağından 8,0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə ayrılıb verilməsi qərara alınmışdır. -“Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 dekabr 2014-cü il tarixli, 78 nömrəli müqavilənin surətindən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında qumçınqıl materiallarının çıxarılması və istehsalı üçün 99 illik icarə müqaviləsi ilə 8,0 hektar torpaq sahəsi ayrılmışdır. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X3 İdarə heyətinin “Yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” 29 aprel 2021ci il tarixli, 21 nömrəli qərarın surətindən görünür ki, 24 aprel 2018-ci il tarixli 01030 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən ləğv edilmişdir. Qərarın məzmununa görə “Tural- Ş" MMC-nin üzərinə icazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırılması barədə tədbirlər görmək və nəticəsi barədə Agentliyə 3 iş günü müddətində yazılı məlumat vermək öhdəliyi qoyulmuşdur. Lakin MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan hallar aradan qaldırılmaması səbəbindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1,7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ ləğv edilmişdir. -X13 X3 İdarə Heyətinin 23/20 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, 2018- 2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Baş Prokurorluq ilə birlikdə faydalı qazıntı yataqlarında yoxlamalar aparmışdır. Həmin vaxt aşkar edilmiş pozuntulara (kənaraçıxmalara) görə təyin edilmiş cərimə tədbirlərindən heç bir nəticə çıxarılmamışdır. Bu günə qədər bir çox sahələrin hüdudlarında mərz nişanları mövcud olmadığından ayrılmış sahələrdən kənarda hasilat işləri davam etdirilmiş, ayrılmış sahələr üçüncü şəxslərin qanunsuz istifadəsinə (subicarəyə) verilmiş, istismar işləri bəzi sahələrdə 10-20 metr dərinliyə qədər aparılmışıdır. Sonuncu hal həmin ərazidə ekoloji tarazlığın pozulması və yatağın faydalı qazıntı ehtiyatlarının tükənməsi ilə nəticələnməsinin qarşısını almaq məqsədi ilə “Tural-Ş" MMC və digərlərinin istifadəsində olan “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən istismarçılara yerin təkindən istifadə üçün verilmiş hüquq dayandırılmışdır. -Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 X3 birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-14-19/2-744/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X7 xx.xx.2020-ci il tarixli 23/20 saylı qərarı ilə xx.xx.2018-ci il tarixli 01030 nömrəli “Dağ-mədən ayırması” aktı (8 ha sahə) ilə ayrılmış sahədən istifadə etməyən İddiaçı MMC-yə müvafiq bildiriş göndərilərək icazə sənədinin əslinin Agentliyə qaytarılmasının təmin edilməsi qərara alınmışdır. Qərarın icrası ilə əlaqədar olaraq 01030 nömrəli “Dağ-mədən ayırması” aktının əslinin geri qaytarılması haqqında xx.xx.2020-ci il tarixli, 36/238 saylı İddiaçı MMC-yə bildiriş ünvanlanmışdır. İddiaçı MMC istismar edilməyən sahənin geri qaytarılması haqqında xx.xx.2020-ci il tarixli, 36/238 saylı bildirişə cavab olaraq 11.01,2021-ci il tarixli 01 saylı məktubla Agentliyə müraciət edərək, ona ayrılmış 8 ha sahə sahədən obyektiv səbəbdən istifadə etmək imkanlarının olmadığını qeyd etmişdir. Göründüyü kimi İddiaçı MMC xx.xx.2021ci il tarixli 01 saylı məktubla X7 xx.xx.2020-ci il tarixli 23/20 saylı qərarından məlumatlı olduğunu özü təsdiq etmişdir. Lakin iddiaçı həmin vaxt sözügedən qərarı məhkəmədə mübahisələndirməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə xx.xx.2020- ci il tarixli 23/20 saylı qərarın ona aid hissədə ləğv edilməsi barədə iddia ərizəsilə Şirvan İnzibati Məhkəməsinə müraciət etsə də, prosessual müddəti üzürsüz səbəbdən buraxmışdır. Odur ki, iddia ərizəsi mümkün sayılmamalıdır. -Şirvan İnzibati-İqtisadi Məhkməsinin 06 mart 2018-ci il tarixli 2-1(086)-409/2018 saylı qərarının məzmunundan görünür ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması” tələbinə dair iddiası təmin edilmiş və iddiaçının istifadəsində olan 8.0 ha torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 may 2018-ci il tarixli məktubunda qeyd olunur ki, həmin torpaq sahəsində mübahisə olduğu və mərzçəkmə işlərinin aparılmasına maneə yaradıldığından məhkəmə qərarının icrası mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin faktiki və hüquqi hallarına quymət verilməsi üçün tərəflər arasında yaranmış hüquq münasibətlərinə tətbiq edilməli olan normalar təhlil edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: -1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. -2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1ci maddələri şamil edilir. -3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun:- 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: -1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. -1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC-ə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin müəyyən edilməsi ilə əlaqədar cavabdeh tərəfindən aparılmış yoxlama (monitorinq) yuxarıda qeyd olunan normaların tələblərinin pozulması ilə, yəni vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın yerin təkindən istifadə hüququnun ləğv edilməsinə əsas kimi İddiaçı MMC tərəfindən ona ayrılmış yer təki sahəsinin istifadə olunmaması göstərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən ona ayrılmış torpaq sahəsindən istifadə edilməməsi MMC-nin iradəsindən asılı olmayan səbəblərdən, yəni digər şəxslərin istifadəyə maneə yaratmaları səbəbindən baş vermişdir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən yerin təkindən istifadə hüququnun dayandırılması, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydası Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin 29 aprel 2021-ci il tarixli, 23 saylı mübahisələndirilən qərarı ilə “Bəhrəmtəpə-İ” yatağında İddiaçı MMC-ə ayrılmış 8 ha yertəki sahəsindən istifadə hüququnun əsassız olaraq ləğv edilməsi ilə sonuncunun mübahisənin məhkəmə müstəvisində həll edilənədək həmin sahədən istifadəsinə məhdudiyyət yaranmış, bu zaman kəsiyində sahibkarlıq fəaliyyətinin normal düzəninin pozulmasına, fəaliyyətinin çətinləşməsinə, eləcə də bazar münasibətlərində digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi baxımından maddi ziyanın dəyməsinə şərait yaranmışdır. Bu hal “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbləri baxımından tərəflərə mübahisələndirilən inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaq, başqa sözlə əldən çıxmış və yaxud çıxması ehtimal olunan faydanın bərpa edilməsi istiqamətində münasibətləri tənzimləmək imkanını nəzərdən keçirmək üçün zəmin yaradır. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin xx.xx.2020-ci il tarixli 23/20 saylı qərardan şikayət vermə müddətinin bərpası ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişin, həmçinin iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun məzmununda sözügedən qərar şərh edilməmiş, ümimiyyətlə bu qərar barədə hər-hansı məlumat qeyd edilməmişdir. Eyni zamanda, həmin qərarın iddiaçıya rəsmi qaydada göndərilməsi, təqdim edilməsi barədə cavabdeh tərəfindən məhkəmə kollegiyasına sübut təqdim edilməmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 X3 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2183/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar