Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-134/2025 19.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Camalov Hüseyn Əli oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(120)-44/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Astara bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Astara bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Astara bələdiyyəsinin 103 kv.m torpaq sahəsinin X2 alqısatqı yolu ilə verilməsi barədə xx.xx.2002-ci il tarixli, 40 nömrəli qərarının ləğv edilməsi barədə qərаr qəbul edilməsini хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 26 sentyabr 2024-cü il tarixli, 2- 1(120)-44/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının elan olunduğu vaxtdan mübahisələndirdiyi əmrdən məlumatı olmuş və prosessual müddətin axımı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlamışdır. İddia ərziəsi isə xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 1 (bir) il 4 (dörd) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara Rayon İcra Hakimiyyəti başçısının 16 dekabr 1999 cu il tarixli, 371 saylı sərəncamı ilə Astara şəhəri Nəriman Nərimanov küçəsində yerləşən ticarət mərkəzində (avtovağzal ətrafında) X1 mərhum əri X4 12 m2 ölçüdə torpaq sahəsində mağazanın tikintisinə icazə verilmişdir. Bundan başqa, Astara bələdiyyəsinin 07 noyabr 2002-ci il tarixli, 40 saylı protokol qərarı ilə Astara şəhəri Nəriman Nərimanov küçəsində yerləşən Ticarət mərkəzində Astara şəhər sakinləri İsmayılov və Nəsirova məxsus 27 m2 və həmin ərazidə, Astara bələdiyyəsinə məxsus olan 76 m2 torpaq sahəsi ilə birlikdə ümumilikdə 103 m2 torpaq sahəsi olmaqla X2 alqı-satqı yolu ilə verilmişdir. Astara Rayon İcra Hakimiyyəti başçısının 20 noyabr 2002-ci il tarixli, 210 saylı sərəncamı ilə X2 şəhərin mərkəzi bazarının ətrafında alqı-satqı yolu ilə aldığı torpaq sahəsində 103 m2 ölçüdə torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilmişdir. Lakin Astara Rayon İcra Hakimiyyətinin 16 dekabr 1999-cu il tarixli, 371 saylı sərəncamına əsasən sahibkarlıq məqsədilə iddiaçıya 6x4-24 m2 ölçüdə torpaq sahəsi ayrılmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsində icraat zamanı aidiyyəti üzrə ekspertizalar, digər lazımi hərəkətlər aparıldıqdan sonra İPMin 62-ci maddəsinə əsasən cavabdeh Astara Bələdiyyəsi və üçüncü şəxs Astara Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan işə baxılmışdır. Yəni lazımi qaydada məhkəmə prosesləri davam etsə də, sonda iddia qeyri-mümkün sayılmışdır. Buna görə də iddiaçı Şirvan İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini xahiş edir. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hüquqi bilikləri olmadığından qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Üçüncü şəxsin nümayəndəsi şikayətin dəlillərini qəbul etmədiyini bildirmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin, vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Astara Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli qərarının ləğvi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Həmçinin qeyd olunur ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki tərəflər arasında başqa bir mübahisəyə dair Qərarından görünür ki, həmin mübahisə üzrə Astara Rayon Məhkəməsinin 12 dekabr 2019-cü il tarixli qətnaməsində hazırda mübahisələndirilən inzibati akt şərh edilmişdir. İddiaçının bu akt barədə həmin vaxtdan məlumatı olsa da, həmin aktı 1 ildən artıq müdət keçdikdən sonra mübahisələndirmiş, müddətin ötürülməsini isə hüquqi biliklərinin olmaması ilə əlaqələndirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(120)-44/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-134/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-134/2025
19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver