Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-135/2023 10.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-1(120)-691/2022 nömrəli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı1 Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 01 noyabr 2022-ci il tarixli, 2-1(120)-691/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Qərardan üçüncü şəxs X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, üçüncü şəxs X6 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Ailədə olan söz-söhbətlər səbəbindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-197/2020 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il tarixli, 184 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahları pozulmuş, övladı Uğur Babayevin saxlanılması üçün hər ay ondan sabit pul məbləğində 170 manat aliment alınması qət edilmişdir. Alimenti hər ay vaxtlı-vaxtında ödəməsinə baxmayaraq qarşı tərəf övladı ilə onun ünsiyyət saxlamasına maneələr törətdiyi üçün məcbur qalıb pozulmuş hüquqlarının müdafiəsi üçün uşaqla ünsiyyət hüququnun verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-1471/2020 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, ona övladı Uğur Babayev ilə anasının iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan 14:00-dək görüş vaxtı müəyyən edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-1965/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, ona görüş vaxtının ananın iştirakı olmadan verilməsi qət edilmişdir. Üçüncü şəxs X6 ərizə verərək qanunsuz olaraq uşağın soyadını dəyişmişdir. Bu barədə yaxın müddətlərdə xəbər tutmuş və xəbər tutan kimi də araşdırma aparmışdır ki, uşağın soyadı hansı sənədlər əsasında dəyişdirilib. Uşağın soyadının qanunsuz dəyişdirildiyini bilən kimi dərhal Azərbaycan Respublikası Baş Prokurorluğunun qaynar xəttinə müraciət etmiş və bu məsələ ilə bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar qəbul olunmuşdur. Həmin qərarda qeyd edilir ki, Ailə Məcəlləsinin 54.1-ci və 54.2-ci maddələrinin tələbləri pozularaq onun razılığı olmadan qanunsuz olaraq övladı Uğur Babayevin soyadı “Məmmədzadə” soyadına Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi əsasında Cavabdeh başçısının 31 may 2021-ci il tarixli, 61 nömrəli sərəncamı əsasında dəyişdirilmişdir. Həmin sərəncam əsasında da Sabirabad “Asan xidmət” Mərkəzində övladına yeni doğum haqqında şəhadətnamə verilmiş və övladının soyadı “Babayev” soyadından “Məmmədzadə” soyadına dəyişdirilmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X6 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə onun iştirakı olmadan, onun fikri dinlənilmədən baxılmışdır. Prosessual məsələlər Üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı1, Cavabdeh və üçüncü şəxs Sabirabad “Asan xidmət” Mərkəzinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən İddiaçı1, Cavabdeh və üçüncü şəxs Sabirabad “Asan xidmət” Mərkəzinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşdə olan xx.xx.2018-ci il tarixli, 9140 1 0684 03052018 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə doğulmuş, ata haqqında məlumat və ana haqqında məlumat qrafalarında müvafiq olaraq atası İddiaçı1 və anası isə X9 qeyd edilmişdir. Həmin doğum haqqında akt qeydinin surətindən həmçinin görünür ki, Sabirabad “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli rəyinə əsasən ananın soyadı “Babayeva”-dan “Məmmədzadə”-yə, uşağın soyadı isə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamına əsasən “Babayev”-dən “Məmmədzadə”-yə düzəliş olunmuşdur. İşdə olan Cavabdeh Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli, 15 nömrəli iclas protokolunun və qərarının surətlərindən görünür ki, Sabirabad rayonu, Cavad kəndində yaşayan X1 dəyişdirilərək doğum haqqında şəhadətnamədə X3 göstərilməsi qərara alınmışdır. İşdə olan Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, azyaşlı, 15 mart 2018-ci il təvəllüdlü X1 dəyişdirilərək “Məmmədzadə” soyadı ilə qeyd olunmasına razılıq verilməsi barədə Cavabdeh Qəyyumluq və himayəçilik komissiyasının 24 may 2021-ci il tarixli, 15 nömrəli protokolunun qərarı və uşağın valideyninin 05 may 2021-ci il tarixli ərizəsinin nəzərə alınması, X1 dəyişdirilərək “Məmmədzadə” soyadı ilə dövlət qeydiyyatının aparılmasına razılıq verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, AZ-İV 602341 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə doğulmuş, valideynləri qrafasında atası İddiaçı1 və anası isə X6 qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzrsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli və iş üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Bu, onun xidməti vəzifəsindən irəli gəlir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, hazırkı mübahisədə iddiaçının və üçüncü şəxs X4 hüquqi maraqları və məqsədləri birgə nikahlarından doğulmuş övladlarının soyadının dəyişdirilibdəyişdirilməməsi ilə bağlıdır. Nail olmaq istədikləri məqsəd baxımından iddiaçı və üçüncü şəxs X2 dəyişdirilməsi üzrə normativ qaydalara uyğun davranmağa, soyadı dəyişdirməyə səlahiyyətli olan quruma müraciət edərək həmin orqan tərəfindən müvafiq qərarın qəbul olunmasını tələb etmək imkanından yararlanmağa borcludurlar. Nəzərə almaq lazımdır ki, soyadın dəyişdirilməsi proseduru, həmin proseduru aparmağa və soyadı dəyişdirməyə səlahiyyəti olan aidiyyəti orqanlar müvafiq qanunvericiliklə, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə tənzimlənir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 54-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-nın 1.1-ci bəndinə görə bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” 2010-cu il 31 may tarixli, 1016-İİİQD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli, 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri (bundan sonra qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq (xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə) tərəfindən həyata keçirilir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallardan üçüncü şəxs X4 övladının soyadının dəyişdirilməsi ilə bağlı Cavabdeh başçısına (Qəyyumluq və Himayəçilik Komissiyasına) müraciət etdiyi görünür. Yuxarıda istinad olunan normalarda şəxsin soyadının dəyişdirilməsi ilə bağlı səlahiyyətli orqan qismində Cavabdeh başçısı və ya onun yanında Qəyyumluq və Himayəçilik Komissiyası deyil, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri müəyyən edilmişdir. İstinad olunan Qaydaların 1.5-ci bəndinə əsasən soyadın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiaçının və üçüncü şəxs X4 birgə nikahlarından doğulmuş övladlarının soyadının dəyişdirilməsinə Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən razılıq və ya icazə verilməsini ifadə edən Cavabdeh Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarı və Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarında və mübahisələndirilən həmin sərəncamda ifadə olunan mövqe “İnzibati icraat haqqında” Qanun anlamında inzibati akt və ya faktiki xarakterli hərəkət kimi qiymətləndirilə bilməz və bu baxımdan iddiaçı və üçüncü şəxs X6 üçün hüquqi nəticə yaratmır. Nəzərə almaq lazımdır ki, qeyd olunan qərar və sərəncam iddiaçının və üçüncü şəxs X4 birgə nikahlarından doğulmuş övladlarının soyadını dəyişdirmək hüququnu məhdudlaşdırmaq və ya həmin hüquqdan onları məhrum etmək keyfiyyətinə malik deyildir. Belə ki, yuxarıda istinad olunan normalar baxımından soyadın dəyişdirilməsi üzrə inzibati icraatı həyata keçirmək və həmin icraat nəticəsində soyadın dəyişdirilməsi ilə bağlı yekun qərar - inzibati akt qəbul etmək səlahiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına deyil, qeydiyyat şöbəsinə aiddir və yalnız qeydiyyat orqanının soyadın dəyişdirilməsi və ya dəyişdirilməsindən imtina edilməsi barədə qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Hazırkı mübahisə üzrə proses iştirakçılarına, xüsusilə də iddiaçıya izah olunmalıdır ki, soyadın, adın və ata adının dəyişdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə müəyyən olunur. Həmin qaydalara əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq (xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə) tərəfindən həyata keçirilir. Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı (qərarda ifadə olunan mövqeyi) və Cavabdeh sərəncamı yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi baxımından soyadın dəyişdirilməsi ilə bağlı rəy qismində qiymətləndirilməlidir. Həmin rəyin neqativ və ya pozitiv xarakter daşımasından asılı olmayaraq qeydiyyat şöbəsi tərəfindən soyadın dəyişdirilməsi ilə bağlı ərizə üzrə inzibati icraat başlanılmalı və icraat nəticəsində bu barədə müvafiq qərar qəbul edilməlidir (qeyd olunan rəyə icraat çərçivəsində qiymət verilməlidir). Qeydiyyat şöbəsi tərəfindən qəbul edilmiş qərar inzibati akt sayılır və həmin inzibati akt maraqlarına toxunan şəxs tərəfindən mübahisələndirilə bilər, yəni ilk baxışdan Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı və Cavabdeh sərəncamı inzibat akt təsəvvürü yaratsa da, onlar inzibati akt deyil və ayrıca hər hansı hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının iddia tələbinə cavab verməli olan orqanın müəyyən edilib iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım göstərmədən qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə yenidən baxarkən ilk növbədə iddiaçının iddia tələbi dəqiqləşdirilməli, zərurət yarandığı təqdirdə iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar iddiaçıya hüquqi yardım göstərilməli, qeydiyyat şöbəsinin soyadın dəyişdirilməsi barədə qərarından məhkəməyə şikayət ediləcəyi halda cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsi həll edilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X4 apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-1(120)- 691/2022 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X4 apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-1(120)-691/2022 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-135/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-135/2023
10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver