Məhkəmə qərarları › İş №2-1(106)-136/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-136/2025

17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-136/2025 17.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzivati Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi ilə, hakimlər Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclas katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2-1(120)-4677/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası qərardad qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi Cavabdeh Kamil qızına qarşı «aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 1076,0 manat olan 406 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi» tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir Tələb onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********3114 nömrəli “X2nin həyata keçirilməsi haqqında” Qərarına əsasən ünvan 1 ünvanında yerləşən fərdi sahibkar Cavabdeh Kamil qızına (VÖEN: **********) məxsus “köşk” adlı obyektdə X2 tədbiri həyata keçirilmişdir. X2 tədbiri zamanı mağazada aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 1076,0 manat olan 406 qutu tütün məmulatları aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş X2nin nəticəsinə dair” xx.xx.2024-cü il tarixli DVX seriyalı 000385 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2024-cü il tarixli DVX № 000109 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Vergi ödəyicisi X2 tədbiri zamanı yoxlama materialları ilə tanış olmuş, öz imzası ilə təsdiq edərək bir nüsxəsini qəbul etmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, İqtisadiyyat nazirinin 28 dekabr 2021-ci il tarixli F- 177 nömrəli və 22 avqust 2023-cü il tarixli 3-21/3-1-F-131/2023 nömrəli əmrlərində dəyişiklik edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli 3-21/3-1-F-187/2023 nömrəli Əmrin 1.2-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin adı dəyişdirilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi kimi müəyyən edilmişdir. Cavabdeh Kamil qızına (VÖEN: **********) məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 1076,0 manat olan 406 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2-1(120)-4677/2024 nömrəli qərardadı ilə (hakim Şahəli Musayev) iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə Əliyar oğlu həmin qərardaddan apellyasiya şikayəti vermişdir.. İİ. Apellyasiya şikayətinin dəlilləri: İqtisadiyyat nazirinin 28 dekabr 2021-ci il tarixli F-177 nömrəli və 22 avqust 2023-cü il tarixli 3-21/3-1-F-131/2023 nömrəli əmrlərində dəyişiklik edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli 3-21/3-1-F-187/2023 nömrəli Əmrin 1.2-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin adı dəyişdirilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi kimi müəyyən edilmişdir. Baş İdarə birinci instansiya məhkəməsinin mübahisəli qərardadı ilə razılaşmır: Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********3114 nömrəli “X2nin həyata keçirilməsi haqqında” Qərarına əsasən ünvan 1 ünvanında yerləşən fərdi sahibkar Cavabdeh Kamil qızına (VÖEN: **********) məxsus “köşk” adlı obyektdə X2 tədbiri həyata keçirilmişdir. X2 tədbiri zamanı mağazada aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 1076,0 manat olan 406 qutu tütün məmulatları aşkar edilmişdir.Bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş X2nin nəticəsinə dair” xx.xx.2024-cü il tarixli DVX seriyalı 000385 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2024-cü il tarixli DVX № 000109 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Vergi ödəyicisi X2 tədbiri zamanı yoxlama materialları ilə tanış olmuş, öz imzası ilə təsdiq edərək bir nüsxəsini qəbul etmişdir. İddiaçı qeyd edilən malların satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədi ilə müsadirə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə istinad etməklə bildirmişdir ki, aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi qaydası İnzibati Xətalar Məcəlləsi ilə tənzimləndiyindən hazırkı mübahisə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisədir. Məhkəmənin gəldiyi nəticədən fərqli olaraq aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi qaydası İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənmir. Başqa sözlə cavabdehin yol verdiyi pozuntu İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta hesab edilmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 450-ci maddəsində dəyəri 500 manatdan aşağı olan aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması əməli inzibati xəta kimi təsbit edilmişdir. Lakin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1357-VQD nömrəli Qanun ilə 450ci maddə ləğv edilmişdir. Bununla da qeyd edilən pozuntu inzibati xəta kimi qanunvericilikdən çıxarılmışdır. Belə olan halda məhkəmənin cavabdeh tərəfindən törədilən əmələ inzibati xəta kimi yanaşması, o cümlədən aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi qaydasının inzibati xətalara dair icraat qaydasında baxılmalı olması barədə gəldiyi nəticə tamamilə yanlışdır. Cavabdehin əməli inzibati xəta hesab olunmadığından onun barəsində inzibati məsuliyyət tədbiri kimi inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi olan inzibati tənbeh də tətbiq edilə bilməz. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(120)-4677/2024 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə və Cavabdeh Kamil qızına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; -Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. -Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. -Maddə 32.1.Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. -Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - Maddə 50.Sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icıasında məhkəmə icraatının dayandırılması və ya təxirə salınması barədə məsələləri həll edir və bununla bağlı müvafiq qərardad çıxarır. -Maddə 82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -Maddə 87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -Maddə 87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -Maddə 87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Mülki Məcəllə; Maddə 212. Müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Vergi Məcəlləsi; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. 24.1. Vergi orqanları: 24.1.2-2. vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq; V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin X2nin həyata keçirilməsi haqqında xx.xx.2024cü il tarixli, **********3114 nömrəli qərarına əsasən Cavabdeh Kamil qızına (VÖEN **********) məxsus olan obyektdə (ünvan 2 ünvanında yerləşən 44 nömrəli köşk) aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların, və dini məzmunlı başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024- cü il tarixi daxil olmaqla) X2nin həyata keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024cü il tarixli, KY242097426 nömrəli çıxarışa əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Cavabdeh Kamil qızına aid (ünvan 2 ünvanında yerləşən 44 nömrəli köşk) təsərrüfat subyektində xx.xx.2024xx.xx.2024-cü il tarixləri arasındakı müddət üzrə “aksiz markaları ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlı başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi” məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olmasının yoxlanması məqsədi ilə plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir. - DVX seriyalı 000109 saylı xx.xx.2024-cü il tarixli markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********3114 nömrəli qərara əsasən Cavabdeh Kamil qızına məxsus olan (ünvan 2 ünvanında yerləşən 44 nömrəli köşk) təsərrüfat subyektində keçirilən X2 zamanı siyahıya alınmış, markalanmamış mal və məmulatlar vergi ödəyicisinə hüquq və vəzifələri izah edilməklə, Cavabdeh Kamil qızının iştirakı ilə götürülmüşdür. İlkin olara qeyd olunmalıdır ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli, KY242097426 nömrəli çıxarışdan göründüyü kimi, yoxlama obyekti olan predmetlər arasında məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlamadan satılması, satış məqsədi ilə saxlanılması və ya istehsalat binasının hüdudlarından kənara çıxarılması ilə bağlı qeyd yoxdur. Belə olan halda vergi əməkdaşlarının tütün məmulatları ilə bağlı plandankənar yoxlama aparması icazəsi olmamışdır. Belə ki, Vegi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən X2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilmə Vergi Məcəlləsinin 13.2.75-ci maddəsinə əsasən məcburi nişanlama-bu Məcəllənin 50-2.1-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlərlərdir. Həmin Məcəllənin 23.1.13-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoymaq vergi orqanlarının hüquqlarından biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin aşağıda qeyd olunan maddələrinə əsasən; 50-2.1. Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onun tətbiqi, satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 50-2.2. Məcburi nişanlamanın hazırlanması, onların vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. 50-2.3. Məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmadan idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır. 50-2.3-1. Bu Məcəllənin 50-2.1-ci maddəsində nəzərdə tutulan qaydaların tələblərini pozan şəxs bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların sıyahısına əsasən:

1. Aksiz markası və məcburi nişanlanma tətbiq olunan mallar: 1.1. içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti); 1.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları; 1.3. şərab və şərab materialları; 1.4. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan).

2. Məcburi nişanlanmalı olan mallar: 2.1. tütün məmulatları; 2.2. elektron siqaretlər üçün maye; 2.3. istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri; 2.4. alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar; 2.5. birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri. Qeyd olunan halla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 3.2-cü maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Vergi Məcəlləsinin isnad edilən maddi normalarından göründüyü kimi, tütün məmulatları məcburi nişanlanmalı mallar kateqoriyasına aiddir və vergi qanunvericiliyinə əsasən aksiz markasının tətbiq etdiyi mallardan fərqli olaraq, həmin mallara məcburi nişanlama kodu və digər qoruyucu elementlərlər tətbiq olunur. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-203/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində qeyd olunmuşdur ki, nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatının aparılması qaydaları Vergi Məcəlləsi ilə deyil, İPM-lə və İPM-də başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda isə MPM-lə tənzimlənir. Bu mənada, Vergi Məcəlləsində müəyyən edilmiş qayda, prosessual qanunvericilik aktlarına (İPM və MPM-ə) daxil edilməklə uyğunlaşdırılmadığından, malların müsadirə edilməsi ilə bağlı iddialara mövcud vəziyyətdə inzibati məhkəmə icraatı qaydasında baxılmasını istina edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən, müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Buna görə, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı əsasında müsadirə formasında əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması yolveriləndir Beləliklə, Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində nəzərdə tutulmuş norma hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müvafiq və yetrərli əsas qismində təfsir oluna bilməz. Bu zaman müsadirə institutunun yuxarıda istinad olunan normalarda təsbit olunmuş anlamda tətbiqi üçün şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı əməldə təqsirli sayılması və bunun üzərindən həmin əmlakın müsadirəsi üçün tələb olunan digər şərtlərin də yerinə yetirilməsi tələbolunur. Belə iddia həm də İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi də qiymətləndirilə bilməz. Ali Məhkəmənin isnad edilmiş möqeyinə görə, vergi xidmətinin səlahiyyətli şəxsi mövcud pozuntu ilə bağlı inzibati xəta haqqında protokol tərtib etməli, aidiyyəti üzrə ümumi məhkəmələr tərəfindən həmin protokolun baxılmasına uyğun olaraq xətanın predmeti olan əmlak müsadirə olunmaqla məsələ həll oluna bilər. Belə ki, İXM-in 508-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə-aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü müvafiq olaraq bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 7.1. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinin işdə olan materiallarla qarşılıqlı təhlil etmiş və yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin hüquqi nəticəni qanuni hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərardad qanuni və əsaslıdır, qərardadın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2-1(120)-4677/2024 nömrəli qərardadı dəyişdirilməsin. Qərardad rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar