Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-138/2023 08.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(120)-1833/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı 28 may 2021-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 09 dekabr 2022-ci il tarixli, 2-1(120)-1833/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Sabirabad rayonunun Axtaçı kəndində doğulmuşdur. Natamam orta təhsili başa vurduqdan sonra 1979-1982-ci illərdə peşə məktəbində təhsil almış, 1982-ci ildə X9 Texnikumuna daxil olmuş, 1983-85-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidməti başa vurduqdan sonra 1987-ci ildə texnikumu bitirmiş və həmin ildən hal-hazıradək müxtəlif vəzifələrdə əmək fəaliyyətini davam etdirir. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Şirvanneft NQÇİ-də yeraltı təmir operatoru vəzifəsində işlədiyi (4 il, 6 ay, 6 gün) dövrün, xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Şirvanneft NQÇİ-də hazırlıq operatoru vəzifəsində işlədiyi (7 il, 30 gün) dövrün və xx.xx.2005-ci il tarixdən xx.xx.2006cı il tarixədək hazırlıq operatoru vəzifəsində işlədiyi (10 ay, 25 gün) dövrün güzəştli iş stajı dövrünə aid olduğunu (cəmi 12 il, 6 ay,1 gün) iddia edərək cavabdeh inzibati orqana ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil edir. Əlavə olaraq iddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onun 1992-1997-ci illərdə Şirvanneft NQÇİ-də yeraltı təmir operatoru vəzifəsində işlədiyi dövrdə, 1993-cü ilin avqust ayından xx.xx.1995ci il tarixədək (səfərbərliyə alınaraq) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi müddəti cavabdeh inzibati orqan güzəştli iş stajı kimi qəbul etməmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında iddia tələbi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Sabirabad rayonu, Axtaçı kəndində doğulmuş, Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 5, mənzil 31-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Г 608203 nömrəli, 20 iyul 1982-ci il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01 sentyabr 1979-cu ildə Sabirabad 135 №-li kənd orta texniki peşə məktəbinə daxil olmuş, 19 iyul 1982-ci ildə təmir-çilingər işini bilməklə geniş profilli traktorçu-maşınçı peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. İmtahan komissiyasının qərarı ilə ona üçüncü dərəcəli traktorçu-maşınçı və ikinci dərəcəli çilingər ixtisası verilmişdir. İşdə olan ЛТ 018676 nömrəli, 05 may 1987-ci il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1982-ci ildə Naxçıvan sovxoz texnikumuna daxil olmuş və 1987-ci ildə H.Rəfiyev adına Naxçıvan sovxoz texnikumunda “Kənd təsərrüfatının mexanikləşdirilməsi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 30 aprel 1987-ci il tarixli qərarı ilə ona texnik-mexanik ixtisası verilmişdir. İşdə olan iddiaçıya məxsus 15 fevral 1988-ci il tarixli, АЗЕ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1987-xx.xx.1988-cil il tarixlərdə Partiyanın XXVİ qurultayı adına kolxozun üzvü olmuş, xx.xx.1988-xx.xx.1989-cu il tarixlərdə Sabirabad 83 nömrəli TSMD-də 2-ci dərəcəli betonçu işləmiş, xx.xx.1989xx.xx.1989-cu il tarixlərdə X10 Evtikmə zavodunda operator kompressorçu (kompressor sexində), xx.xx.1989-xx.xx.1991-ci il tarixlərdə filtr sexində operator, xx.xx.1991xx.xx.1992-ci il tarixlərdə divar paneli sexində operator işləmiş, xx.xx.1992-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin Neftqazçıxarma sexində operator, xx.xx.1997-ci il tarixdən həmin sexdə hazırlıq briqadasının 4-cü dərəcəli operatoru işləmişdir. xx.xx.1997-ci il tarixdə “Şirvanneft” NQÇİ ləğv edilmiş, onun bazasında "xxxx" MMM yaradılmış və iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" MMM-də Neftqazçıxarma sexində operator işini davam etdirmişdir. xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Mühafizə qrupunda mühafizəçi işləmiş, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 1 saylı Neftqazçıxarma sexində 4-cü dərəcə hazırlıq briqadası operatoru işləmiş, xx.xx.2005-ci il tarixdə Quyuların Əsaslı və Yeraltı Təmiri (QƏYT) sexinin yaradılması ilə əlaqədar 1-ci sahə üzrə 4-cü dərəcə hazırlıq briqadası operatoru vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixədək əvvəl 4-cü dərəcəli, sonra isə 5-ci dərəcəli operator vəzifəsində işləmişdir. xx.xx.2009-cu il tarixdə “”X12 Limited” şirkətində QƏYT sexinə 5-ci dərəcə hazırlıq briqadası operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə Mexanika xidmətinin Boru meydançasında yüklərin daşınması üzrə 5-ci dərəcəli operator vəzifəsinə keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 615 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə və 1993-cü ilin avqust ayından xx.xx.1995-ci il tarixədək səfərbərliklə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi üzrə Qarabağ müharibəsi veteranlarının qeydiyyatındadır. İş materiallarında olan “X12 LTD” Şirkətinin xx.xx.2022-ci il tarixli, 05 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən hal-hazırda “X12 Limited” Şirkətinin Mexanika Xidmətinin Boru meydançasında yüklərin daşınması üzrə 5-ci dərəcəli operator peşəsində işləyir. “Şirvanneft” NQÇİ, "xxxx" BMMM və “X12 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı eyni neft mədənlərində hasilatla məşğul olan, təsis və təşkil olunan qaydalar ilə əlaqədar müxtəlif vaxtlarda fərqli adlandırılan müəssisələrdir. İddiaçı təqdim edilən sənədlərə və əmək kitabçasına əsasən ümumi əmək stajı xx.xx.2022-ci il tarixinə 42 il 02 ay 12 gündür. İddiaçı xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 26 il 01 ay 05 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) 2-ci yarımbəndinə (********). 2. (Neft-qaz və qaz kondensatının hasilatı) bəndinə əsasən İddiaçı “Şirvanneft” NQÇİ, "xxxx" BMMM-də xx.xx.2006-cı il tarixinə 12 il 06 ay 01 gün güzəştli şərtlərlə əmək stajı var. 1) xx.xx.1992-ci il tarixli, 152/k saylı əmrlə xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixə qədər “Şirvanneft” NQÇİ-nin 1 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli Yeraltı təmir operatoru peşəsində işləmişdir (04 il 06 ay, 06 gün). 21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı; 2130200a a) fəhlələr; 2130200a-15870 quyuların yeraltı təmiri üzrə operatorlar. 2) xx.xx.1997-ci il tarixli, 40/k saylı əmrlə xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in 1 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində işləmişdir (07 il 01 ay). 2130200a - 15866 - quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar. 3) xx.xx.2005-ci il tarixli, 17/k saylı əmrlə xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər "xxxx" BMMM-in 1 saylı Neftqazçıxarma sexində və QƏYT sexində 4-cü dərəcəli quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində işləmişdir. (10 ay, 25 gün), 2130200a - 15866 - quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar. Cəmi xx.xx.2006-cı il tarixinə güzəştli əmək stajı 12 il 06 ay 01 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı ********. 2. (Neft-qaz və qaz kondensatının hasilatı) bəndinə əsasən İddiaçı “Şirvanneft” NQÇİ, "xxxx" BMMM və “X12 Limited” Şirkətində xx.xx.2022-ci il tarixinə 18 il, 05 ay güzəştli şərtlərlə əmək stajı var. 1) xx.xx.1992-ci il tarixli, 152/k saylı əmrlə xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixə qədər 1 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli yeraltı təmir operator peşəsində işləmişdir (04 il, 06 ay, 06 gün). 2130200a - 15870 - quyuların yeraltı təmiri üzrə operatorlar. 2) xx.xx.1997-ci il tarixli, 40/k saylı əmrlə xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər “Şirvanneft” NQÇİ və "xxxx" BMMMin 1 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində işləmişdir (07 il 01 ay). 2130200a-15866 - quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar. 3) xx.xx.2005-ci il tarixli, 17/k saylı əmrlə xx.xx.2005-ci ildən xx.xx.2011-ci il tarixinə qədər "xxxx" BMMM və “X12 Limited” Şirkətinin Quyuların Əsaslı və Yeraltı Təmir Sexində 5-ci dərəcəli quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində işləmişdir (06 il, 09 ay, 24 gün). 2130200a - 15866 – quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar. Cəmi xx.xx.2022-ci il tarixinə ümumi güzəştli əmək stajı 18 il, 05 ay təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli, 158 №-li əmrinə əsasən “Azneft” İstehsalat Birliyinin “Şirvanneft” NQÇİ-si ləğv olunmuş və xx.xx.1997-ci il tarixdən onun bazasında Azərbaycan-X3 Müştərək Müəssisəsi "xxxx" BMMM yaradılmışdır. X6 Heyətinin xx.xx.2009-cu il tarixli, 106 saylı əmrinə müvafiq olaraq "xxxx" X5 Müəssisəsi ləğv edilmişdir. Onun bazası əsasında yeni müəssisə “X12 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı yaradılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajınız 12 il 6 aydan az (10 il, 5 ay, 14 gün (xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1995xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 4/2-2612 nömrəli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından İddiaçı barəsində araşdırma aparmaq mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 4/2-3390 nömrəli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası müəyyən etdi ki, xx.xx.1964-cü il tarixdə doğulmuş İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 12 il 6 ayını güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçının ümumi iş stajına münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə sadəcə iddiaçının güzəştli iş stajının müddəti ilə bağlı ortaya çıxmışdır. Belə ki, iddiaçı əmək kitabçasına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək (11 ay 4 gün) “Şirvanneft” NQÇİ-də 1 saylı Neftqazçıxarma sexində yeraltı təmir operatoru peşəsində işləmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək (2 il 16 gün) səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş (müharibə veteranıdır), hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlki iş yerində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (1 il 6 ay 16 gün) yeraltı təmir operatoru peşəsində işini davam etdirmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (7 il 1 ay) və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (10 ay 25 gün) quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində işləmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsası ondan ibarətdir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək (2 il 16 gün) səfərbərliklə əlaqədar hərbi xidmətdə olduğu dövr onun güzəştli iş stajına hesablana bilməz. Belə olan halda da iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az, yəni 10 il 5 ay 14 gün təşkil edir. Bu səbəbdən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı isə Azərbaycan respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinə, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 152-ci maddəsinə istinad edərək qeyd edir ki, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ciil tarixədək yerinə yetirdiyi hərbi xidmətə səfərbərliklə əlaqədar çağırılmış və qanunvericiliyə əsasən həmin müddətdə iş yeri, peşəsi və orta aylıq əmək haqqı saxlanılmaqla iş prosesindən azad edilmişdir. Belə olan halda da, həmin müddət də onun güzəştli iş stajına hesablanmalı və onun xx.xx.2006-cı il tarixədək tələb olunan 12 il 6 ay güzəştli iş stajı olduğundan ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının “Şirvanneft” NQÇİ-də “yeraltı təmir operatoru” peşəsində işləyərkən səfərbərliyə alınaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi müddətin mövcud qanunvericilikdə güzəştli iş stajı kimi nəzərdə tutulmadığını, bu səbəbdən də iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 12 il 6 ay güzəştli iş stajının olmadığını əsas gətirərək iddia tələbini təmin etməmişdir. İddiaçı da apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişi sığortaolunanın azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışsa, 57 yaşına çatdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin aparılmış məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, cavabdeh inzibati orqan imtinasında haqlıdır. Belə ki, səfərbərliklə əlaqədar hərbi xidmət dövrü ümumi iş stajına hesablanır. Həmin müddətin güzəştli iş stajına hesablanması mübahisəli dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda, eləcə də hazırkı əmək pensiyalarına dair qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin həmin müddətdə iddiaçının iş yeri, peşəsi, əmək haqqı saxlanılsa da iddiaçı faktiki olaraq güzəştli əmək fəaliyyətində olmamış, güzəştli peşəsinin funksiyalarını yerinə yetirməmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhz güzəştli əmək fəaliyyətinin həyata keçirilmiş olması (qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərin də ödənilmiş olması şərti ilə) şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(120)-1833/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(120)-1833/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-138/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-138/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver