Məhkəmə qərarları › İş №2-1(106)-138/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-138/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-138/2024 29.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş idarəsinin nümayəndəsi Qarayev Elsevər Ələddin oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2252/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən onun barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********601400 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) xx.xx.2023-cü il tarixli, 2- 1(120)-2252/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********601400 nömrəli qərarın ləğv edilməsi» barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********601400 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia ərizəsinin məhkəməyə verilməsinə dair buraxılmış prosessual müddətin üzrlü hesab edilərək müddətin bərpa edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən qərardan onun məlumatı olmamış, qərarın mövcudluğunu bildikdən sonra həmin qərarın surətinin rəsmi qaydada ona verilməsini xahiş etdiyindən sonradan qərar ona verilmişdir. Səhhətindəki problemlər səbəbindən və iş fəaliyyəti ilə əlaqədar elektron kabinetdən lazımınca və vaxtında istifadə edə bilməmişdir. İddia müddəti ilə bağlı olan prosessual hərəkətləri bilmir və bu səbəbdən də iddiaçı məhkəməyə müraciət ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldıra bilməmişdir. İddiaçı qeyd edir ki, bütün bu halları birinci instansiya məhkəməsində bildirsə də birinci instansiya məhkəməsi əsassız olaraq işin bu hallarını nəzərə almamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Qarayev Elsevər Ələddin oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********601400 nömrəli qərardan görünür ki, İddiaçı tərəfindən bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2586,28 manat gəlir vergisi hesablanması qərara alınmış, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəmə tərəfindən şikayət verilməsi ilə bağlı qeydlər vardır. İşdə olan “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********375700 nömrəli qərardan görünür ki, fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati şikayətlərinin təmin edilməməsi, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********601400 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmış, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəmə şikayət verilməsi ilə bağlı qeydlər vardır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandıraraq qeyd edir ki, xx.xx.2022-ci il tarixli, **********601400 nömrəli qərar xx.xx.2022-ci il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmiş və sözügedən qərar iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:47:55-də oxunmuşdur. İddiaçının həmin qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verdiyi şikayət, həmin orqanın 14 iyun 2022-ci il tarixli, **********375700 nömrəli qərarı ilə təmin edilməmiş, həmin qərar xx.xx.2022-ci il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmiş və sözügedən qərar iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 21:21-də oxunmuşdur. İş materiallarından görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarı aldıqdan (təqdim olunduqdan) 7 aya yaxın müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində qeyd olunan qərardan onun məlumatı olmadığını, sonradan qərarın mövcudluğunu bildikdən sonra həmin qərarın surətinin rəsmi qaydada ona verilməsini xahiş etdiyini, lakin ərizəsinin nəzərə alınmadığını, bundan sonra qərardan bir necə dəfə şikayət verərək həmin qərar qanunsuz olduğu üçün ləğv olunmasını cavabdehdən xahiş etdiyini, şikayətləri cavabdeh tərəfındən təmin olunmadığından məhkəməyə müraciət etmək məcburiyyətində olduğunu qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********601400 nömrəli qərar xx.xx.2022-ci il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmiş və sözügedən qərar iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:47:55-də oxunmuş, eləcə də iddiaçının həmin qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 iyun 2022-ci il tarixli, **********375700 nömrəli qərarı xx.xx.2022-ci il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmiş və sözügedən qərar iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 21:21-də oxumuşdur. Məhz bu səbəblə məhkəmə, iddiaçının mübahisələndirdiyi qərarlardan gec məlumatı olduğu və həmin qərarların surətinin rəsmi qaydada ona verilmədiyi üçün vaxtında məhkəməyə müraciət edə bilmədiyi və bununla da iddia müddətini ötürməmiş olması arqumentini əsassız hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, iddiaçı tərəfindən mübahisləndirilən vergi orqanının xx.xx.2022-ci il tarixli, **********601400 nömrəli qərarında həmin qərara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmuşdur. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2252/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar