Məhkəmə qərarları › İş №2-1(106)-139/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-139/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-139/2024 21.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 Firdusi oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayon Qulubəyli bələdiyyəsinə (X9 iş üzrə 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “xx.xx.2004-cü il tarixli, 14 saylı qərarın etibarsız hesab edilməsi və torpaq sahəsinin mütəxəsis vasitəsi ilə ölçülüb iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2505/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı xx.xx.2004-cü il tarixli, 14 saylı qərarın etibarsız hesab edilməsi və torpaq sahəsinin mütəxəssis vasitəsilə ölçülüb iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(120)-2505/2023 nömrəli qərardadı ilə X6 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəməicraatına cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 08 iyun 2002-ci il tarixli qərarı ilə atas X2, ona və ailə üzvləri rayonun Qulubəyli kəndində 2,18 hektar torpaq sahəsi verilmişdir. Əllərində dövlətin verdiyi JN-0181 saylı 90700078 kodlu və JN-0180 saylı 90 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktları vardır. Daşınmaz Əmlakın dövlət reyestr xidmətində də həmin sənədlər qüvvədədir. Onların torpaq sahələri İmişli rayonunun Qulubəyli Bələdiyyəsinin 16 noyabr 2004-cü il tarixli, 14 saylı qərarı ilə qanunsuz olaraq X8 verilib. Hazırki bələdiyyə rəhbərliyi arayış verir ki, həmin qərar bələdiyyə kitabında və arxivdə yoxdur. Həmin şəxs onların kəndində yaşamır. 6 saylı Beyləqan Ərazi idarəsinin arayışı və kənd bələdiyyəsinin arayışı ilə qeyd edilən torpaq sahəsinin onlara məxsus olması təsdiq olunur.Bələdiyyənin həmin qərarı qanunaziddir. Belə ki,həmin torpaq sahəsi onların ailəsinə islahat zamanı verilmişdir. Ona görə Azərbaycan Respublikası İPM-nin tələbləinə əsasən İmişli rayonunun Qulubəyli Bələdiyyəsinin 16 noyabr 2004-cü il tarixli 14 saylı qərarıının etibarsız hesab edilməsi və torpaq sahəmizin mütəxəssiz vasitəsilə ölçülüb yerində onlara təhvil verilməsi öhdəliyinin ƏMDX-nin DƏDKRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2505/2023 saylı qərardadı (Amilya Hüseynova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2505/2023 saylı qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 08 iyun 2002-ci il tarixli qərarı ilə atası X2, ona və ailə üzvlərinə İmişli rayonu Qulubəyli kəndində 2,18 hektar torpaq sahəsi verilmişdir. Onların əlində dövlətin verdiyi JN-0181 saylı 90700078 kodlu və JN-0180 saylı 90700078 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktları vardır. Daşınmaz Əmlakın dövlət reyestr xidmətində də həmin sənədlər qüvvədədir. Ümummilli Liderimizin göstərişi ilə bütün Azərbaycan vətəndaşlarına torpaq payı verilmiş və sənədləşdirilmişdir. Bu sənədi heç kim ləğv edə bilməz. Halbuki həmin dövlət aktları bu gün də bizdədir və daşınmaz əmlakın reyestr xidmətində dövlət aktlarının ləğv edilməsi barədə heç bir qeydiyyat yoxdur. Qanuna görə Daşınmaz əmlak dövlət qeydiyyatına alındıqdan sonra mülkiyyət hüququ yaranır və dövlət onun müdafiəsinə zəmanət verir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Bəzi məmurlar Ümummilli Liderin və Prezidentin bu fərman və sərəncamlarını saya salmırlar. Onların torpaq sahəsi İmişli rayonunun Qulubəyli Bələdiyyəsinin 16 noyabr 2004-cü il tarixli 14 saylı qərarı ilə qanunsuz olaraq X8 verilib. Hazırki bələdiyyə rəhbərliyi arayış verir ki, həmin qərar bələdiyyə kitabında və arxivdə yoxdur. Həmin şəxs onların kəndində yaşamır. 6 saylı Beyləqan Ərazi idarəsinin arayışı və kənd bələdiyyəsinin arayışı ilə qeyd edilən torpaq sahəsinin onlara məxsus olması təsdiq olunur. Bələdiyyənin həmin qərarı qanunaziddir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2505/2023 saylı qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2505/2023 saylı qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2505/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2505/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı xx.xx.2004-cü il tarixli, 14 saylı qərarın etibarsız hesab edilməsi və torpaq sahəsinin mütəxəssis vasitəsilə ölçülüb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiyası məhkəməsi iddianı qeyri mümkün hesab etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 07 saylı qərarı ilə atası S.Nağıyevə, ona və ailə üzvlərinə İmişli rayonu, Qulubəyli kəndində 2.16 ha torpaq sahəsi verildiyini və JN- 0181 saylı 90700078 kodlu və JN-0180 saylı 90 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktlarının mövcud olduğunu və həmin sənədlərin dövlət reyestri xidmətində qüvvədə olduğunu iddia etsə də, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli, 1mk- 1779/04 saylı qətnaməsinə əsasən İmişli rayon Məhkəməsinin xx.xx.2004-cü iltarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, X6 qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək X2 7 nəfər ailə üzvləri ilə birlikdə verilmiş JN-0181 saylı kod sayı 90700078 olan torpaqla mülkiyyət hüququna dair dövlət aktı və İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə torpağa mülkiyyət hüququna dair verilmiş JN-0180 saylı kod sayı 90700078olan torpağın mülkiyyət hüququna dair dövlət aktları ləğv edilmişdir və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır, icraya yönəldilmiş, iddiaçının öz adına verilmiş 3 nəfər aiə üzvüilə birlikdə torpağa mülkiyyət hüququna dair verilmiş JN-0180 saylı kod sayı 90700078olan torpağın mülkiyyət hüququna dair dövlət aktı artıq ləğv edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. Hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan JN-0181saylı kod sayı 90700078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 07 saylı qərarı ilə İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə İmişli rayonu, Qulubəyli kəndində 2.16 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli, 1mk-1779/04 saylı qətnaməsinə əsasən İmişli rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, X6 qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək X2 7 nəfər ailə üzvləri ilə birlikdə verilmiş JN-0181saylı kod sayı 90700078 olan torpaqla mülkiyyət hüququna dair dövlət aktı və İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə torpağa mülkiyyət hüququna dair verilmiş JN-0180 saylı kod sayı 90700078 olan torpağın mülkiyyət hüququna dair dövlət aktları ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 21 avqust 2023-cü il tarixli 3-9/1-1890/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2004-cü il tarixli, 1mk-1779/04 saylı qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 19 yanvar 2024-cü il tarixli, 3-21-3-02/2-524/2024 nömrəli məktubundan görünür ki, JN-0180 və JN-0181 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ları Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 1 mk-1779/04 nömrəli məktubu əsasında ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2- 85/2024 nömrəli məktubundan görünür ki, X2 7 nəfər ailə üzvləri ilə birlikdə verilmiş JN- 0181saylı kod sayı 90700078 olan torpaqla mülkiyyət hüququna dair dövlət aktı və İddiaçı 3 nəfər aidə üzvü ilə birlikdə torpağa mülkiyyət hüququna dair verilmiş JN-0180 saylı kod sayı 90700078 olan torpağın mülkiyyət hüququna dair dövlət aktları Bakı Apellyasiya Məhkəməsinin (İş №1mk/1779/04) 09 oktyabr 2020-ci il tarixli qərarına əsasən hər iki dövlət aktı ləğv olunmuşdur. Məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən edilmişdir ki, Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 07 saylı qərarı və JN-0180 saylı kod 90700078 olan torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı və onun 3 nəfər ailə üzvünün mülkiyyətinə İmişli rayonu, Qulubəyli kəndində 2.16 ha torpaq sahəsi verilmişdir. İddiaçı həmin dövlət aktından çıxış edərək Cavabdeh xx.xx.2004-cü il tarixli, 14 saylı qərarı ilə X8 ayrılmış ərazinin (torpaq sahəsinin) ona məxsus olduğu iddia edərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. İddiaçı hesab edir ki, Cavabdeh xx.xx.2004-cü il tarixli, 14 saylı qərarı ilə ayrılmış həmin torpaq sahəsi JN-0180 saylı kod 90700078 olan torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə ona məxsus olduğu üçün cavabdehin həmin qərarı etibarsız hesab olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli, 1mk-1779/04 saylı qətnaməsinə əsasən İmişli rayonu, Qulubəyli kəndində yerləşən 2.16 ha torpaq sahəsinin İddiaçı və onun 3 nəfər ailə üzvünün mülkiyyətinə verilməsinə dair JN-0180 saylı kod sayı 90700078 olan torpağın mülkiyyət hüququna dair dövlət aktı ləğv edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Yəni, İddiaçı İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 07 saylı qərarı ilə ona və ailə üzvlərinə İmişli rayonu, Qulubəyli kəndində 2.16 ha torpaq sahəsi verildiyini və JN-0180 saylı kod 90700078 olan torpağın mülkiyyət hüququna dair dövlət aktının mövcud olduğunu və həmin sənədlərin dövlət reyestri xidmətində qüvvədə olduğunu iddia etsə də, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli, 1mk- 1779/04 saylı qətnaməsinə əsasən İmişli rayon Məhkəməsinin xx.xx.2004-cü iltarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edildiyi, X6 qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək X2 7 nəfər ailə üzvləri ilə birlikdə verilmiş JN-0181 saylı kod sayı 90700078 olan torpaqla mülkiyyət hüququna dair dövlət aktının və İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə torpağa mülkiyyət hüququna dair verilmiş JN-0180 saylı kod sayı 90700078olan torpağın mülkiyyət hüququna dair dövlət aktlarının ləğv edildiyi və məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldildiyi müəyyən olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. Qanunvericiliyin tələbinə görə 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlak üzərində hüququn qeydiyyatı üçün əsas hesab olunur. Eyni zamanda, həmin hüquq normaları ilə müəyyən olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların xitam verilməsi əsas hesab olunur. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, İddiaçı və onun 3 nəfər ailə üzvünün adına torpağa mülkiyyət hüququna dair JN-0180 saylı kod sayı 90700078dövlət aktı verilsədə, həmin dövlət aktı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə artıq ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli, 1mk-1779/04 saylı qətnaməsində qeyd olunur: “Ə.Xankişiyev «Azərbaycan» kolxozuna məxsus olmuş sonradan kolxozun islahatı zamanı bələdiyyə mülkiyyətinə verilmiş 5 hektar əkini yararlı torpaq sahəsini 2001-ci və 2002-ci illərdə icarəyə götürmüş və həmin torpaq üzərində yerləşən tövlələrdə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmuşdur. Deməli mübahisəli torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal edilməsi məqsədi ilə qarşılıqlı iddiaçıya verilərək onun qanuni istifadəsində olmuşdur. Lakin apellyasiya baxışına təqdim edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi Ə.Cabbarov İmişli rayon Torpaq Şöbəsinin müdiri A.Məmmədov tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Ə.Xankişiyevin istifadəsində olan tövlə, çoban evi arxac ikinci dəfə bölgü layihəsinə salınaraq əsassız olaraq 180 və 181 saylı dövlət aktları ilə pay torpağı kimi verilmişdir. Bu halda həmin torpaq sahəsi pay torpağı kimi verilərkən qarşılıqlı iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Eyni zamanda aktlardan görünür ki, qeyd olunan torpaq sahələri ictimai tikinti altında olan torpaqlardır və bu torpaqların pay torpağı kimi xüsusi mülkiyyətə verilməsi torpaq islahatı haqqında qanuna ziddir. Beləliklə iş materialları ilə birmənalı təsdiq olunur ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən ictimai tikintilərin məsələsi həll olunmadan həmin torpaqlar islahata salınaraq əsassız olaraq pay torpağı kimi vətəndaşlara verilmişdir. İş materiallarına əlavə edilmiş İmişli rayon Torpaq Şöbəsinin imzaladığı xx.xx.2003-cü il tarixli 308 saylı arayışından görünür ki, Ə.X1 ilə müqaviləsi əsasında istifadə etdiyi tikililərin altında olan torpaq sahəsi YAİK-sı tərəfindən qanunsuz olaraq bölgüyə verilmiş və həmin torpaq sahəsinə verilmiş 180, 181 saylı torpaqdan istifadəyə dair torpaq aktları ləğv edilməlidir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə görə sovxozları, kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. İş materialları ilə birmənalı təsdiq olunur ki, 180,181 saylı torpaq aktları ilə islahata getmiş torpaq sahələri tikinti altında olan torpaq sahələri olmaqla 1996-cı ildə bələdiyyənin istifadəsi üçün ayrılmış torpaq sahələrinə aiddir, bununla belə həmin torpaq sahəsinin bələdiyyənin istifadəsindən alınaraq 2003-cü ildə pay torpağı kimi verilməsi üçün ayrılması iş materialları ilə təsdiq olunur”. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baxılan mübahisəyə münasibətdə iddiaçının məhkəmə qətnaməsi ilə ləğv edilmiş JN-0180 saylı kod sayı 90700078dövlət aktı ilə əvvəllər verilmiş torpaq sahəsinə o cümlədən, Cavabdeh xx.xx.2004-cü il tarixli, 14 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə dair subyektiv hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. İddiaçının subyektiv hüququnun olmaması isə, qeyd edilən torpaq sahəsinə dair qərarın etibarsız hesab edilməsi və torpaq sahəsinin mütəxəssis vasitəsilə ölçülüb ona verilməsini cavabdehdən tələb etmək imkanını istisna edir. Həmçinin, Cavabdeh xx.xx.2004-cü il tarixli, 14 saylı qərarının əsli və ya təsdiq edilmiş surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən cavabdeh orqandan və digər yerlərdən tələb edilsə də, müvafiq qərarın əldə edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli 43 nömrəli “Torpaq icarəsi” müqaviləsinin kserosurətindən görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixli, 14 saylı qərarı əsasında X8 1,50 ha əkin, 3.50 ha örüş torpaq sahəsi 15 il müddətinə icarəsinə verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən sorğular verilməklə tələb edilməsinə baxmayaraq, xx.xx.2004-cü il tarixli 43 nömrəli “Torpaq icarəsi” müqaviləsi və həmin müqavilənin bağlanmasına əsas olan Cavabdeh xx.xx.2004-cü il tarixli, 14 saylı qərarı aşkar edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırda mübahisələndirilən Cavabdeh xx.xx.2004-cü il tarixli, 14 saylı qərarı aşkar olunmasa da, iş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli 43 nömrəli “Torpaq icarəsi” müqaviləsinin keserosurətindən görünür ki, həmin qərar əsasında bağlanmış icarə müqaviləsinin qüvvədə olma müddəti də xx.xx.2019-cu il tarixində başa çatmışdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, hazırki halda mübahisə predmetinin istər Cavabdeh xx.xx.2004-cü il tarixli, 14 saylı qərarı olsun, istər də başqa hər hansı qərarı heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan iddiaçının razılaşmadığı inzibati aktın aid olduğu ərazinin (torpaq sahəsinin) ona aid olmasına dair hüquqmüəyyənedici sənədinin olmasıdır. Başqa sözlə, iddiaçının iddia etdiyi əraziyə dair hüquqmüəyyənedici sənədləri olmalıdır ki, hazırki iddianı irəli sürmək üçün subyektiv hüququ olsun. Lakin, məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, iddiaçının hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyildir və əvvəllər mövcud olmuş hüquqmüəyyənedici sənədi - torpağa mülkiyyət hüququna dair JN-0180 saylı kod 90700078dövlət aktı məhkəmə qərarı ilə ləğv edilmişdir. Bütün yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün subyektiv hüquqlarının olması vacib şərtdir ki, həmin hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Başqa sözlə, iddiaçının üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla qərarın ləğv edillməsi və ya etibarsız hesab edilməsi barədə iddia qaldırmaq hüququ o halda mövcud ola bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ normativ hüquqi aktlardan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2505/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar