Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-139/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirаkı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2-1(120)-794/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 14 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-794/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının 10 il güzəştli iş stajının olmamasına əsaslanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışından görünür ki, İddiaçı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 24-cü bəndi, a) fəhlələr 28-ci xana, 24.1-a) fəhlələr 1-ci xana yarımbəndinə və 2140000a-18455, 23200000-10047 vəzifə koduna uyğundur. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1984-cü ildən əmək fəaliyyətinə başlamaqla, həmin dövrün 10 ildən artıq hissəsini zərərli iş şəraitində işləməsinə baxmayaraq, cavabdeh orqan ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina edir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X5" MMC-nin 8 sentyabr 2022-ci il tarixli 20/206/1/60 nömrəli arayışında xx.xx.1984-ci ildən xx.xx.2005-ci il tarixədək adıçəkilən müəssisədə rele mühafizəsi və avtomatika aparatlarının təmiri üzrə elektrik montyoru, texnik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (Xİİİ) fəhlələr bəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (2140000a-18455) vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə müəyyən olunmuş vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı yoxdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu imtina aktının və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərdən görünür ki, xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X5” MMC-də (“X7 Stansiyası” MMC, "xxxx" MMC) elektrik mantyoru peşəsində işləmiş, hal-hazıradək həmin müəssisədə müxtəlif peşələr üzrə işləyir. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 206/18-xx/xx- 2024 nömrəli güzəştli arxiv arayışında qeyd edilmişdir: “X7 Stansiyası” MMC-nin ("xxxx" MMC) istismar müddəti başa çatmış, istehsal fəaliyyəti tam dayandırılmışdır. Enerji blokları köməkçi avadanlıqları ilə müvafiq qanunvericiliyə uyğun olaraq balansdan silinmiş və söküntü işləri yekunlaşmışdır. Bu səbəbdən kadrlarla bağlı əhəmiyyət kəsb edən sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilmişdir. İşçilərin vəzifə təlimatları sexlərdə saxlanıldığı üçün həmin sənədlər barədə məlumatımız yoxdur. “X5” MMC-də akumlyatorçunun vəzifə təlimatını, işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyorunun vəzifə təlimatını və əmək kitabçasının surətlərini Sizə təqdim edirik. Xahiş edirik nəzərə alasınız. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 20 il sığorta stajına malik olmalı və bu müddətin azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir. Tərəflər arasında mübahisə iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (Xİİİ) fəhlələr bəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (2140000a-18455) kodu ilə qeyd olunan siyahıda güzəştli pensiya hüququ verən zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2-1(120)-794/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-139/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-139/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver