Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-14/2023 27.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “keçmiş illərdə qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi üzrə hesablanmış pul vəsaiti, xəstəlik müavinətinin hesablanaraq verilməsi öhdəliyinin qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(120)-526/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Baş Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli Ə-1154ş/h-038-21 saylı əmri ilə öz arzusu ilə təqaüdə çıxmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X1 şöbəsinə “keçmiş illərdə qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi üzrə hesablanmış pul vəsaiti, xəstəlik müavinətinin hesablanaraq verilməsi” üçün müraciət etmiş, lakin cavabdeh 14 oktyabr 2021-ci il tarixli, №286-608 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, xidmətdən xaric olunması ilə əlaqədar ona iki aylıq 920 manat vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya hesablanmış və keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya 3929 manat 85 qəpik, əmək haqqı fərqi isə 2862 manat 91 qəpik, xəstəlik müavinəti 1322 manat 50 qəpik hesablanmışdır, cəmi birlikdə 9035 manat 26 qəpik alacağı olmuşdur. Ondan 1120 manat bu günkü günə qədər ödənilmişdir. xx.xx.2021-ci il tarixə 7915 manat 26 qəpik alacağı qalmışdır. BMİ-nin xx.xx.2012-ci il tarixli 018/6-4 göst- 39 nömrəli göstərişinə uyğun olaraq maliyyə imkanı daxilində qalan məbləği hər ay hissəhissə ödəniləcəkdir. Hal-hazırda şöbənin maliyyə vəziyyəti həmin vəsaitin birdəfəlik ödənilməsi imkanı xaricindədir. Gələcəkdə şöbənin maliyyə vəziyyəti sabitləşdikdə həmin vəsait birdəfəlik ödənilməsi təmin olunacaq. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X1 şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, yaranmış əmək haqqı fərgi və xəstəlik müavinətinə görə ödənilməmiş qalmış cəmi 7915 manat 26 qəpik məbləğin birdəfəlik ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X1 şöbəsində polis serjantı olmaqla xidmət etmiş və xx.xx.2021-ci il tarixdə öz arzusu ilə istefaya çıxmışdır. Xidmət müddəti 20 il 14 gün təşkil etmişdir. Xidmətdən xaric olunması ilə əlaqədar ona 2 aylıq 920 manat vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya, keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə 3929 manat 85 qəpik kompensasiya, 2862 manat 91 qəpik əmək haqqı fərqi, 1322 manat 50 qəpik xəstəlik müavinəti, cəmi 9035 manat 26 qəpik ona verilməsi müəyyən edilmişdir. Həmin puldan ona cəmi olaraq 1120 manat ödənilmişdir. Qalan 7915 manat 26 qəpik ödənilməmiş qalmışdır. Bu hal cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X1 Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 286-608 №-li məktubla da təsdiq olunur. Həmin məktubda ona bildirilir ki, qalan məbləğ ona hər ay hissə hissə ödəniləcəkdir. Hər bir göstəriş qanunla tənzimlənməlidir. Baş Mühafizə idarəsinin belə göstərişi qanunsuzdur. Hər ay ödənilmə 5 il, 10 il, 15 il və s. il uzana bilər. Birdəfəlik kompensasiya, keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, yaranmış əmək haqqı fərqi və xəstəlik müavinətinin konkret olmayan uzun müddət ərzində verilməsi qanunla nəzərdə tutulmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. 18 iyul 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı əlavə ərizə təqdim edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X1 şöbəsi çıxarılsın və cavabdeh qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək keçmiş illərdən qalan istifadə etmədiyi məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi üzrə hesablanmış pul vəsaiti, xəstəlik müavinətinin hesablanaraq verilməsi öhdəliyinin cavabdeh Baş Mühafizə İdarəsinin üzərinə (struktur hissəsi olan X1 şöbəsinin üzərinə) qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə öz arzusu ilə təqaüdə çıxmış, xidmət illəri 20 il 14 cün təşkil etmişdir. Xidmətdən xaric olunmağı ilə əlaqədar ona 2 aylıq 920 manat vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya, keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə 3929 manat 85 qəpik kompensasiya, 2962 manat 91 qəpik əmək haqqı fərqi, 1322 manat 50 qəpik xəstəlik müavinəti, cəmi 9035 manat 26 qəpik verilməsi müəyyən edilmişdir. Həmin puldan ona 1120 manat ödənilmiş, qalan 7915 manat 26 qəpik ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi və onun struktur hissələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 1994-cü il tarixli 197 nömrəli Qərarına əsasən özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir, mülkiyyətçilərlə bağlanmış müqavilələr əsasında alınan vəsaitlər hesabına saxlanılır. Mühafizə xidmətinin spesifikliyi ondan ibarətdir ki, mühafizə olunan obyektlərdən daxil olan vəsait hesabına əməkhaqları və digər müavinətlər ödənilir. Baş Mühafizə İdarəsinin və onun yerli struktur hissələrinin hesabına dövlət büdcəsindən məzuniyyətlərə görə pul kompensasiyalarının ödənilməsi nəzərdə tutulmadığından, bu yük Baş Mühafizə İdarəsinin üzərinə düşür. Ona görə də İddiaçı ödənilməli olan məbləğ hissə-hissə ödənilir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsini rəhbər tutaraq məhkəmədən İddiaçı 7915 manat pul vəsaitinin birdəfəlik ödənilməsi barədə iddia tələbini rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2022-cı il tarixli, 2-1(120)-526/2022 saylı qərarı ilə (hakim S.F.Həsənov) iddia qismən təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeri qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə nəticəyə gələrkən istinad etdiyi işdə olan materiallar və mötəbər hesab etdiyi sübutlar aşağdakılardır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2003-cü il tarixli, 18ş/h nömrəli əmri; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli Ə1154Ş/h-038-21 nömrəli əmri; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 286-608 nömrəli məktubu; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 286-233 nömrəli məktubu. Məhkəmə gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır: Azərbaycan Respublikasının xidmət keçmə haqqında Əsasnamə 76, 88, 97-ci maddələri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsi. Beləliklə, aşağıda qeyd olunanlara əsasən qərarın qanunsuz və əsassız olması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. İddiaçının tələbi isə qeyd olunan qərarın müddəalarının pozulmasına və yanlış tətbiq olunmasına yönələrək, bu xüsusda formalaşmış qanunvericlik praktikasından kənara çıxmalara gətirib çıxaracaqdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-526/2022 saylı qərarının tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinin rədd edilməsini və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-526/2022 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə:
76. Daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət); qısamüddətli; xəstəliyə görə; tətilə çıxmaqla əlaqədar (müdavimlər üçün); Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar; əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə);
88. Əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətəgörə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiyahansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir.
97. Daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir.
İnzibati Prosessual Məcəllə:
Maddə 1.1. Bu məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya, keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi və xəstəlik müavinətinə görə hesablanmış məbləğin ödənilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək qərarını onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin üzərinə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 saylı Qərarı, xx.xx.2004-cü il tarixli, 730-İİQD saylı Qanunla edilmiş əlavə nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 88-ci maddəsi şamil edilməklə əlaqədar hesablanmış 6215 manat 26 qəpik keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiyanın, əmək haqqı fərqinin və xəstəlik müavinətinin verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki,...“Baş Mühafizə İdarəsinin və onun yerli struktur hissələrinin hesabına dövlət büdcəsindən məzuniyyətlərə görə pul kompensasiyalarının ödənilməsi nəzərdə tutulmadığından, bu yük Baş Mühafizə İdarəsinin üzərinə düşür. Ona görə də İddiaçı ödənilməli olan məbləğ hissə-hissə ödənilir.” Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya, keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi və xəstəlik müavinətinə görə cəmi 9035 manat 26 qəpik pul hesablamışdır. Məhkəmə tərkibinin qənaəti belədir ki, hesablanmış məbləğin tam şəkildə iddiaçıya ödənilməməsi onun konstitusion hüquqlarının, eyni zamanda “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin tələblərinin pozulmasıdır (bax “Tətbiq edilən hüquq” bölməsi). Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 37-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. 38-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 41-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh inzibati orqanın hazırkı tələb üzrə faktiki xarakterli hərəkətləri iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(120)-526/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.