Məhkəmə qərarları › İş №2-1(106)-14/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-14/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-14/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 iyun N3-cü il tarixli, 2-1(120)-266/N3 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa olunma barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0-ci il tarixli, 0602 nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.N1-ci il tarixli, 2-1(112)-11215/N1 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 iyun N3-cü il tarixli, 2-1(120)-266/N3 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “iddiaçıdan götürülmüş qan və sidik nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələrin aşkar olunmadığı barədə xx.xx.N0-ci il tarixli, xx.xx.N0-ci il tarixli və xx.xx.N2-ci il tarixli rəylər Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilən xx.xx.N0-ci il tarixli rəydən müvafiq olaraq 1 ay 11 gün, 1 ay 16 gün və 2 il 6 ay sonra verilmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.N2-ci il tarixli, 3767/K nömrəli rəyində bildirilir ki, narkotik və psixotrop maddələrin orqanizmdən xaric olma müddəti bir çox faktorlardan aslıdır (yaş, çəki, piy qatı, fiziki hərəkət). Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət narkotik vasitələrdən istifadə etməsidir. Çünki bir çox narkotik vasitələr insan orqanizimində (qaraciyər və piy toxumalarında) yığılma xüsusiyyətlərinə malikdirlər. İnsan orqanizminin fəaliyyəti nəticəsində qaraciyərdən və piy toxumasından depoya yığılan maddələr vaxtaşırı qana buraxılır. Qan vasitəsilə bu maddələr bədənin ifrazat sisteminə daxil olaraq orqanizmindən xaric olurlar. Bu proses isə narkotik vasitələri şəxs qəbul etməyi dayandırdıqdan sonra da davam edir. Bu prosesin müddəti hər bir orqanizim üçün fərdidir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.N2-ci il tarixli, 3767/K nömrəli ekspert rəyinə əsasən narkotik və psixotrop maddələrin orqanizmdən xaric olma müddəti şəxsin yaşı, çəkisi, piy qatı, fiziki hərəkəti və ən başlıcası isə nə qədər uzun müddət narkotik vasitələrdən istifadə etməsi faktorlarından asılıdır. Bu isə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzi tərəfindən iddiaçı ilə bağlı verilən xx.xx.N0-ci il tarixli rəyə əsasən izləri aşkar olunmuş və dövriyyəsi qadağan olunan narkotik vasitələrin təqribən bir ay yarım sonra onun orqanizmindən tam xaric olunması ehtimalını, eyni zamanda, dövriyyəsi qadağan olunan narkotik vasitələrin xx.xx.N0-ci il tarixdə idddiaçının orqanizmində mövcud olmasını istisna etmir.” Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr N2-ci il tarixli qərardadı ilə iddianın verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 02 iyun N3-cü il tarixli, 2-1(120)-266/N3 nömrəli qərarından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 2002-2011-ci illərdə məktəb-lisey təhsili, 2011-2014-cü illərdə hərbi lisey təhsili, 2014-2018-ci illərdə ali hərbi təhsil almışdır. Təhsil aldığı müddətdə paradlarda iştrak etmiş, medallarla təltif olunmuş, tağım komandiri, baş zabit, komandir vəzifələrində fəaliyyət göstərmişdir. N0-ci ilin yanvar ayından N saylı hərbi hissə komandiri vəzifəsinə polkovnik Fuad İsmayılov təyin olunduqdan sonra zabit heyətini “Narkoloji” dispanser qeydiyyatından keçirməyə başlamış və nəticədə zabitlərin qanında və sidiyində guya narkotik maddələrin aşkarlandığını rəsmi iclaslarda bildirmişdir. Bundan bir müddət sonra polkovnik F.İsmayılovun göstərişinə əsasən təqribən aprel ayında iddiaçı intizamsız, nizamnaməyə əməl etməyən zabit kimi “zabit şərəf məhkəməsinə” çıxarılmış, lakin həmin iclasda son qərar elan edilməmiş və iddiaçı hərbi xidmətinə davam etmişdir. N0-ci ilin iyun ayında N saylı hərbi hissə komandiri polkovnik F.İsmayılovun şəxsən göstərişinə əsasən onu Bakı şəhərində yerləşən “Mərkəzi Hərbi Klinik Hospitala” hərbi həkim komissiyasına müayinə üçün göndərmiş, lakin komissiya müayinənin nəticəsinin məxfi olduğunu qeyd edərək iddiaçını nəticə ilə bağlı məlumatlandırmamışdır. İddiaçı özünə inandığı üçün və əlində rəsmi subut olması ücün həm özəl klinikada, həm də Azərbaycan Respublikası DTX-nin hospitalında sidikdən və qandan analiz vermiş və hər iki analizin cavablarında onun qanında və sidiyində narkotik tərkibli maddə aşkar edilməmişdir. O, analizin rəsmi cavablarını gətirib hərbi hissədə polkovnik F.İsmayılova təqdim etmiş və xidmətinə davam etmişdir. N0-ci ilin iyun ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri təqribən avqust ayının sonlarında hərbi hissəyə gəldi və o, əmr gələn günədək N saylı hərbi hissədə xidmətdə olmuşdur. N0-ci ilin avqust ayının sonlarında yəni o, hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə əmrin dəyişdirilməsi barədə ərizə ilə müraciət etmiş lakin müsbət cavab ala bilməmişdir. N0-ci ilin sentyabr ayında Vətən müharibəsi zamanı könüllü olaraq komissarlığa müraciət etmiş və kadr zabit olduğu ücün birbaşa döyüş meydanına yollanmış və komandir olaraq bir çox döyüşlərdə iştirak etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2014-xx.xx.N0-ci illərdə Azərbaycan Ordusunda zabit kimi həqiqi hərbi xidmətdə olmuş, xidmət müddəti ərzində özünü intizamsız, bacarıqsız və təcrübəsiz bir zabit kimi göstərmişdir. N nömrəli hərbi hissə komandirinin birinci müavini - qərargah rəisinin xx.xx.N0-ci il tarixli, 1626 nömrəli göndərişinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzinin məhkəmə-kimya bölməsində xx.xx.N0-ci ildə müayinə olunmuş, ondan götürülmüş qan və sidik nümunələrinin tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan 3,4 - Metilendiksiamfenatamin (Nmetilendiksiamfenatamin-MDA) adlı narkotik vasitənin izləri aşkar olunmuşdur. Aşkarlanan bu maddə qəbulu və dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin İ saylı siyahısına daxildir. Göstərilənlərə əsasən N nömrəli hərbi hissənin komandiri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırmış, Müdafiə nazirinin 06 avqust N0-ci il tarixli 0602 nömrəli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Həmçinin iddiaçı məhkəmədə iddia qaldırılması üçün inzibatiprosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidmətə uyğunsuzluq) ilə ehtiyata buraxılmasına əsas Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzinin xx.xx.N0-ci il tarixli rəyinə əsasən götürülmüş qan və sidik nümunələrində narkotik maddə əlamətlərinin aşkar olunmasıdır. Lakin nəzərə alınmalıdır ki, xx.xx.N0-ci il tarixində və xx.xx.N0-ci il tarixlərdə təkrar analizlər verilmiş və analizlərin nəticələrinə əsasən İddiaçı götürülmüş qan və sidik nümunələrində narkotik tərkibli maddənin əlamətləri aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi işin icraatı zamanı məhkəmə tibbi ekspertiza təyin etmiş ekspertizanın keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsə həvalə edilmiş, ekspert qarşısında xx.xx.N0-ci il (birinci müayinə) tarixdən,xx.xx.N0-ci il və xx.xx.N0-ci il tarixlərə (sonrakı müayinə) kimi keçən müddət ərzində İddiaçı oğlundan götürülmüş qan və sidik, o cümlədən İddiaçı bədənində narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin izlərinin qalmasının mümkün olub-olmamasına dair sual qoyulmuş, eskpertin yekun rəyində isə məhkəmə tərəfindən verilən sual şəxsin fiziki göstəricilərindən asılı olaraq narkotik tərkibli maddələrin insan orqanizmində qan və sidik yollarında qaldığı və həmin dövrlərin müxtəlif ola biləcəyinə dair qeyri-müəyyən formada cavablandırılmışdır. Bütün bunlara nəticə olaraq birinci instansiya məhkəməsi öz qərarında əsaslandırmışdır ki, ekspert rəyinə əsasən izləri aşkar olunmuş və dövriyyəsi qadağan olunan narkotik vasitələrin təqribən bir ay yarım sonra onun orqanizmdən tam xaric olunması ehtimalını, eyni zamanda dövriyyəsi qadağan olunan narkotik vasitələrin xx.xx.N0-ci il tarixdə iddiaçının orqanizmində olmasının istisna edilməməsini və həmin rəyi təkzib edən mötəbər sübutlar yoxdur. Hazırkı işin ədalətli həlli məqsədilə İddiaçı konkret fiziki göstəricilərinə əsasən hansı müddətdə narkotik vasitənin əlaməti olan maddələrin onun orqanizmində qalması halı konkret müəyyən edilməli, bu məqsədlə iddiaçı eskpert tədqiqatında iştirak etməli, nəticədə onun fiziki göstəricilərinə əsasən narkotik vasitənin hansı müddətdə onun orqanizmində qalması müəyyən edilməli idi. Lakin birinci instansiya məhkəməsi işin hərtərəfli araşdırılması məqsədi ilə qeyd olunan prosessual hərəkətləri həyata keçirməmiş və iş üzrə həqiqətə nail olmamış, obyektiv araşdırma aparmamışdır. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: -Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 avqust N0-ci il tarixli, 0602 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N №-li hərbi hissə komandirinin sərancamında (N №-li hərbi hissənin 4-cü taborunun minaatan batareyasının sabiq komandiri) olan leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin maddi sübutların tədqiqatı barədə 505/K nömrəli aktından görünür ki, xx.xx.N0-ci il tarixdə başlamış və xx.xx.N0-ci il tarixdə bitmiş müayinənin nəticəsində İddiaçı götürülmüş qan, sidik nümunələrinin tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan 3,4- Metilendiksiamfenatamin (N-metilendiksiamfenatamin- MDA) adlı narkotik vasitənin izləri aşkar olunmuşdur. Aşkarlanan bu maddə qəbulu və dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin 1- siyahısına daxildir. -Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsinin xx.xx.N0-ci il tarixli xromotoqrafik analiz nəticələri haqqında cədvəldən görünür ki, İddiaçı qan nümunəsində heç bir narkotik, psixotrop və güclü təsiredici maddələr aşkar olunmamışdır. -“Uniklinika”nın xx.xx.N0-ci il tarixli analiz nəticəsindən görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə kimyəvi tədqiqatı nəticəsində qan və sidik nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar olunmamışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.N2-ci il tarixli, 3767/K nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı götürülmüş qan nümunəsində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Azərbaycan Respublikası Müdafıə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 saxlanılan İddiaçı ilkin olaraq götüriilmüş qan və sidik nümunələri məhkəmə-kimya şöbəsinə təqdim edilmədiyi üçün məhkəmə-kimyəvi tədqiqatı aparmaq mümkün deyil. “xx.xx.N0-ci tarixindən (ilkin müayinədən) xx.xx.N0-ci il və xx.xx.N0-ci il tarixlərə (sonrakı müayinələrə) kimi keçən müddət ərzində İddiaçı götiirülmüş qan və sidik, o cümlədən İddiaçı bədənində narkotik vasitəbrin, psixotrop və güclü təsiredici maddələrinin qalması mümkündürmü” sualına cavab olaraq bildirilir ki, narkotik və psixotrop maddələrin orqanizmdən xaric olma müddəti bir çox faktorlardan aslıdır (yaş, çəki, piy qatı, fiziki hərəkət). Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət narkotik vasitələrdən istifadə etməsidir. Çünki bir çox narkotik vasitələr insan orqanizimində (qaraciyər və piy toxumalarında) yığılma xüsusiyyətlərinə malikdirlər. İnsan orqanizminin fəaliyyəti nəticəsində qaraciyərdən və piy toxumasından depoya yığılan maddələr vaxtaşırı qana buraxılır. Qan vasitəsilə bu maddələr bədənin ifrazat sisteminə daxil olaraq orqarizmindən xaric olurlar. Bu proses isə narkotik vasitələri şəxs qəbul etməyi dayandırdıqdan sonra da davam edir. Bu prosesin müddəti hər bir orqanizim üçün fərdidir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.N3-cü il tarixli, 1125 nömrəli məktubunda bildirilir ki, xx.xx.N0-ci il tarixdə N №li hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi vəzifəsini icra edən polkovnik Məhərrəm Həmidovun 22 aprel N0-ci il tarixli 1626 nömrəli göndərişi və İddiaçı komissiyanın iştirakı ilə götürülmüş qan və sidik nümunələri eləcə də, nümunələr götürülən zaman tərtib olunmuş 3322 №li akt Məhkəmə Tibbi Ekspertiza və X3 daxil olmuşdur. Göndərilmiş qan və sidik nümunələrinin tədqiqatı aparılmış, nəticədə qan və sidik nümunələrinin tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan 3,4- Metilendioksiamfetamin (N-metilendioksiamfetamin- MDA) adlı narkotik vasitəninin izləri aşkar olunaraq 505/k saylı xx.xx.N0-ci il tarixli akt tərtib olunub aidiyyəti üzrə göndərildi. Həmin məktubda həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 20 mart N-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun fəaliyyəti prosesində yaranan sənədlərin saxlanma müddətləri göstərilmiş siyahı” ya əsasən Məhkəmə-kimyəvi müayinə üçün canlı şəxslərdən götürülmüş bioloji obyektlərin saxlanılma müddəti 1 il olduğu üçün İddiaçı oğliuna məxsus qan və sidik nümunələri xx.xx.N1-ci il tarixdə məhv olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.N4-cü il tarixli, 3118/K nömrəli ekspert rəyində bildirilir ki, fenilailaminlərin sintetik yolla əldə olunan nümayəndəsi 3,4- Metilendioksiamfetamin (N-metilendioksiamfetamin- MDA) qanda 1-3gün ərzində, sidikdə isə 3-7 gün ərzində qalma ehtimalı var. xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək 1 ay keçməsini nəzərə alaraq demək olar ki, 3,4- Metilendioksiamfetamin (N-metilendioksiamfetamin-MDA) insan orqanizmində qalma ehtimalı yoxdur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsinin xx.xx.N4-cü il tarixli məktubunda bildirilir ki, 08 iyun N4-cü il tarixdə analiz vermiş İddiaçı qan nümunəsi yüksək standartlara cavab verən xromotoqrafik üsulla “Shimadzu LC-MS- 8030” cihazı vasitəsi ilə “X7 LC-MS/MS Analysis method (İVD) rev-06” metodu ilə analiz edilmişdir. Bioloji mayelərdə N-metilendiksiamfenatamin (MDA) qanda qalma müddəti 2-4 gün ərzində xromotoqrafik üsulla təyin edilə bilər. Lakin xroniki istifadəçilərdə bu müddət orqanizmin fərdi xüsusiyyətlərindən, yağ kütləsinə bağlı olaraq dəyişə bilər. Belə ki, xroniki istifadəçilərdə 3-7 gündən biraz çox müddətə kimi qan nümunələrində xromotoqrafik üsulla N-metilendiksiamfenatamin (MDA) və onun metobolitləri təyin oluna bilər. Müddətlərlə bağlı məlumatlar beynəlxalq tibbi ədəbiyyatlara əsaslanır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, iddiaçıdan ilkin nümunələr xx.xx.N0-ci il tarixdə götürülmüş və xx.xx.N0-ci il tarixdə müvafiq nəticə verilmişdir. Hazırki iddia ilə Bakı İnzibati Məhkəməsinə xx.xx.N1-ci il tarixdə müraciət etmiş, iş xx.xx.N2-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olmuş və yekun qərar xx.xx.N3-cü il tarixdə qəbul edilmişdir. Qeyd olunan zaman kəsiyi və müddətlər onu deməyə əsas verir ki, iddiaçının qan və sidik nümunəsindən götürülmüş müayinənin nəticəsindən 2 ilə yaxın vaxt keçdikdən sonra onun şəxsən əyani müayinəsi yolu ilə ekspertizanın keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin prosessual cəhdlərinin iddiaçının orqanizmində hər-hansı narkotik vasitənin əlamətlərinin aşkar edilməsi baxımından əsaslı və inandırıcı nəticəsinin olacağı ehtimalı ağlabatan deyil. Həmçinin qeyd olunan məsələ ilə bağlı iddiaçı birinci instansiya məhkəməsinə müraciət etməmiş, əksinə ekspertin rəyi ilə razı olduğunu bildirmişdir. Odur ki, prosessuaıl qənaət prinsipi və işin illərlə məhkəmə icraatında olmasının qarşısını almaq baxımından iddiaçının qeyd olunan dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi haqlı mövqe sərgiləmişdir. Həmçinin sonuncu ekspert rəyində sözügedən narkotik vasitənin qanda 1-3, sidikdə 3-7 gün qala bilməsi qeyd edilməsi bu qənaətin bir daha əsaslı olmasını deməyə əsas verir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 iyun N3-cü il tarixli, 2-1(120)-266/N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar