Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-143/2024 08.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi Abbasov Ramil Eldar oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(120)-631/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-631/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə qərarın mübahisələndirilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 26 sentyabr 2023-cü il tarixli, 2- 1(120)-631/2023 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin "xxxx" MMC-də aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli Qərarı mənfəət vergisi üzrə əlavə hesablanmış 46865,50 manat və həmin məbləğin 50%-i miqdarında, yəni 23432,75 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə əlavə hesablanmış 211261,76 manat və həmin məbləğin 50%-i miqdarında, yəni 105630,88 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyası, həmçinin 2020-ci ildə muzdla işləyənləri ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə əlavə hesablanmış 114,88 manat və həmin məbləğinin 50%-i miqdarında tştbiq edilmiş 57,44 manat maliyyə sanksiyası hissəsində qismən ləğv edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən "xxxx" MMC-də xx.xx.2018-xx.xx.2021-ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması həmin dövr üzrə cəmiyyətin fəaliyyətini real əks etdirən mühasibatlıq sənədləri əsasında aparılmamışdır. Qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı Sərancamına əsasən "xxxx" MMC-yə rayonun Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən ümumi sahəsi 80.30 ha olan torpaq sahəsində qum-çınqıl materiallarının çıxarılmasına icazə verilmiş və qeyd olunan torpaq sahəsində “Dağ-mədən işlərinin inkişaf planı” razılaşdırılmışdır. "xxxx" MMC fəaliyyət göstərdiyi dövr ərzində qanunla həmin fəaliyyət üzrə müəyyənləşdirilmiş vergini ödəmiş, müvafiq bəyannamələri vaxtı-vaxtında vergi orqanına təqdim etmişdir. Vergi orqanı tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi kimi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Cəmiyyətin həmin qərardan sonralar məlumatı olmuşdur. Qərar üzrə iddiaçıya vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin və inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə verilmişdir. Tələbnaməyə əsasən əlavə hesablanmış vergilərə görə 187811,0 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası 162587,87 manat müəyyən edilmişdir. Cavabdehin hərəkətləri qanunsuzdur. Buna görə həmin qərardan şikayət ərizəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilərək həmin qərarın ləğv edilməsi xahiş edilmişdir. Xidmətin 31 may 2022-ci il tarixli, **********189100 saylı qərarı ilə inzibati şikayətlərinin baxılmamış saxlanılması qərara alınmışdır. Mübahisələndirilən qərarın surətini əldə etdikdən sonra dərhal şikayəti ərizəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmiş və cəmiyyət tərəfindən müddət ötürülməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 8 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2021-ci il tarixli **********148661 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fəaliyyət dövrünü əhatə etməklə "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün tələb olunan sənədlər yoxlamaya təqdim edilmədiyindən, yoxlama cəmiyyətin vergi orqanındakı baza məlumatlarından, hesablan olan banklardan alınmış bank əməliyyatları barədə məlumatlardan və mütəxəssis və ekspert rəylərindən istifadə edilməklə aparılmışdır. Yoxlama ilə cəmiyyətdə mənfəət vergisi, əlavə dəyər vergisi, torpaq vergisi, əmlak vergisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları və ödəmə mənbəyində tutulan vergi üzrə kənarlaşmalar müəyyən edilmişdir. Cəmiyyətdə yoxlama ilə əhatə olunan 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mənfəət vergisində ümumi gəlir yoxlamaya dəvət edilmiş mütəxəssis rəyinin və vergi ödəyicisinin vergi orqanındakı baza məlumatlarından istifadə etməklə müəyyən edilmişdir. 2018-ci, 2019- cu və 2020-ci illər üzrə xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən mənfəət vergisinin hesablanması üçün Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq olunmuş, nəticədə yoxlama ilə cəmiyyətdə 2018-ci il üzrə 5507,93 manat, 2020-ci il üzrə 41357,57 manat olmaqla, cəmi 46865,5 manat məfəət vergisinin azaldılması və 2019-cu il üzrə isə 4338,62 manat mənfəət vergisinin artıq hesablanması, ümumilikdə 42526.88 manat mənfəət vergisinin ödənilməkdən yayındırıldığı müəyyən edilmişdir. Yoxlama ilə ümumilikdə ƏDV-nin 185680,65 manat azaldılması (aylıq ƏDV bəyannamələrində 211261,76 manat azalma və 25581,11 manat atıq hesablama nəzərə alınmaqla) aşkar edildi. Yoxlama zamanı 114,88 manat məbləğdə Muzdla işləyənlərin ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının az hesablanması aşkar edildi. Bu da əmək haqqının 445,86 manat məbləğdə bəyannamədə az göstərilməsi səbəbindən yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən yuxarıda qeyd olunan vegilərin və bu vergilərə əsasən tətbiq edilmiş maliyyə sanksiyalarının silinməsi barədə qərar qəbul etmişdir. Bundan başqa, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin bərpası üçün məhkəməyə ərizə ilə müraciət edilmişdir. Ərizədə qeyd olunmuşdur ki, məhkəməyə gec müraciət edilməsinə səbəb cəmiyyətin rəhbərinin həmin müddətlərdə ağır xəstə olması olmuşdur. Ərizə üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-1(120)-631/2023 nömrəli qərardaddan görünür ki, 4 saylı Vərəm Əleyhinə Dispanserin ******* saylı ambulator kitabdan çıxarışına əsasən "xxxx" MMC-nin direktoru İsmayılov Fərid Akif oğlu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dispanserdə müalicə almışdır. Göründüyü kimi, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixə qədər, yəni müalicəyə başlamasına qədər keçən 2 (iki) aydan artıq müddətdə də iddia müddəti ötürülmüş, bu hal birinci instansiya məhkəməsinin nəzərindən qaçmışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Abbasov Ramil Eldar oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, mübahisələndirilən qərar qərar qəbul edildiyi gün vergi ödəyicisinə, yəni Cəmiyyətin direktoru Fərid İsmayılova şəxsən təqdim edilmiş, sonuncu tərəfindən imzası ilə təsdiq edilmişdir. Həmçinin qərar vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmişdir və 1 gün sonra oxunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iş üzrə birinci instansiya məhkəməsinə təqdim edilmiş ekspert rəyi ilə iddiaçının vergi borcu dəqiq müəyyən edilmişdir. Vəkil məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, mübahisələndirilən qərarın vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş nüsxəsində "xxxx" MMC-nin direktoru İsmayılov Fərid Akif oğlunun adının qarşısında olan imza ona məxsus deyil və onun digər sənədlərdə, o cümlədən vəkilə verdiyi etibarnamədə olan imzadan kəskin fərqlənir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -14.6.3. maddəsinə əsasən Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. -16.1.3. maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. -23.1.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -23.1.2. maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. -36.3. maddəsinə əsasən Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. -38.1. maddəsinə əsasən Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. -38.7.3. maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırılır. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan: -“Səyyar Vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148661 nömrəli qərardan görünür ki, "xxxx" MMC-də Vergi Məcələsinin 38.3.5-ci maddəsinə əsasən 2018-ci ilin iyun ayından 2021-ci il may ayınadək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. -KY211595027 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə məlumat xx.xx.2021-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. -“Vergi yoxlamasının həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********148737 nömrəli, xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq “Səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin təqdim olunması”nı "xxxx" MMC-dən tələb etmişdir. -xx.xx.2021-ci il tarixli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” olan protokoldan görünür ki, "xxxx" MMC-dən ilkin mühasibat sənədləri 99 vərəq və sənədlərin adı və sayı barədə 1 vərəq siyahı əlavə olunmuş 1 qovluqda qablaşdırılmış sənədlər götürülmüşdür. "xxxx" MMC-nin direktoru İsmayılov Fərid Akif oğlu aktı və protokolu imzalayaraq surətlərini almışdır. -Azərbaycan Respublikası ”MBA LTD” MMC Konsaltinq və qiymətləndirmə şirkətinin qiymətləndirici mütəxəssisi İbrahimov Faiq Nüsrət oğlunun 8 saylı Ərazi Vergilər İdarəsinə ünvanladığı 23 dekabr 2021-ci il tarixli MB 13-1323 nömrəli iltizam məktubunda göstərilmişdir ki, o, 8 saylı Ərazi Vergilər İdarəsinin sifarişi ilə "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə elektrik enerjisi sərfiyyatına və avadanlıqların texniki imkanlarına görə istehsal həcminin müəyyən edilməsi ilə əlaqədar "xxxx" qiymətləndirmə şirkətinin mütəxəssisi (eksperti) qarşısında xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə elektrik enerjisi sərfiyyatına və avadanlıqların texniki imkanlarına görə istehsal həcminin müəyyən edilməsi kimi suallar qoyulmuşdur. Göstərilən suallar üzrə aparılmış mütəxəssis işi Azərbaycan Respublikası «Qiymətləndirmə fəaliyyəti haqqında» xx.xx.1998-ci il tarixli 510-İQ saylı Qanuna, Milli Qiymətləndirmə Standartlarına, eləcə də istehsal mallarının qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Aparılan araşdırmalar və hesablamalann nəticəsi olaraq "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə elektrik enerjisi sərfiyyatına və avadanlıqların texniki imkanlarına görə istehsal həcmi aşağıdakı kimi müəyyən edilmişdir: -2018-ci ildə ümumi istehsal həcmi, 65814,00 ümumi dövriyyə 476776,37 -2019-cu ildə ümumi istehsal həcmi, 149804,57 ümumi dövriyyə 996589,88 -2020-ci ildə ümumi istehsal həcmi, 174931,29 ümumi dövriyyə 1259858,21 -2021-ci ildə ümumi istehsal həcmi, 8456,93 ümumi dövriyyə 60995,64 -Yekun olaraq ümumi istehsal həcmi 399006,80 ümumi dövriyyə 2794220,11. -“Səyyar Vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148732 nömrəli aktdan görünür ki, 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********148661 saylı qərarına əsasən 8 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri Hüseynov Əkrəm Mirzağa oğlu tərəfindən "xxxx" MMC-i üzrə vergi məcəlləsinin 38.3.5 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021 -ci il tarixli **********148732 nömrəli “Səyyar vergi yoxlaması” Aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən vergi yoxlaması nəticəsində "xxxx" MMC tərəfindən mənfəət vergisinin 46865,50 manat, o cümlədən 2018-ci il üzrə 5507,93 manat və 2020-ci il üzrə 41357,57 manat azaldılması, əlavə dəyər vergisinin 211261,76 manat, o cümlədən 2018-ci il üzrə 54672,64 manat, 2019-cu il üzrə 829,20 manat, 2020-ci il üzrə 142854,94 manat və 2021-ci il üzrə 12904,98 manat azaldılması, torpaq vergisinin 54960,00 manat, o cümlədən 2019-cu il üzrə 18320,00 manat, 2020-ci il üzrə 18320,00 manat və 2021-ci il üzrə 18320,00 manat azaldılması, əmlak vergisinin 1590,13 manat, o cümlədən 2018-ci il üzrə 145,68 manat, 2019-cu il üzrə 1327,98 manat və 2020-ci il üzrə 1116,47 manat azaldılması, ödəmə mənbəyində tutulan verginin 2940 manat, o cümlədən 2018-ci il üzrə 840,00 manat, 2019cu il üzrə 1240,00 manat, 2020-ci il üzrə 420,00 manat və 2021-ci il üzrə 420,00 manat azaldılması, 2020-ci ildə muzdla işləyənləri ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının 114,88 manat azaldılması, habelə əlavə dəyər vergisinin 25581,11 manat, o cümlədən 2018-ci il üzrə 17906,72 manat, 2019-cu il üzrə 1987,52 manat, 2020-ci il üzrə 5686,88 manat artıq hesablanması, mənfəət vergisinin 2019-cu ildə 4338,62 manat artıq hesablanması müəyyən olunmuş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən mənfəət vergisinin 46865,50 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 23432,75 manat məbləğində, əlavə dəyər vergisinin 211261,76 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 105630,88 manat məbləğində, torpaq vergisinin 54960,00 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 27480,00 manat məbləğində, əmlak vergisinin 1590,13 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 795,07 manat məbləğində, ödəmə mənbəyində tutulan verginin 2940 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 1470,00 manat məbləğində, muzdla işləyənləri ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının 114,88 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 57,44 manat məbləğində, ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin vergi orqanına təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57-ci maddəsinin 1-ci bəndinə əsasən 240,00 manat, təqdim olunmuş mallara görə 6963,42 manat ƏDV-nin gec ödənilməsinə görə Vergi Məcəlləsinin 58-ci maddəsinin 6-cı bəndinə əsasən 3481,71 manat məblğində maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. -“Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli qərardan görünür ki, "xxxx" MMC-də aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş xx.xx.2021 -ci il tarixli **********148732 nömrəli “Səyyar vergi yoxlaması” Aktına əsasən vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinə (iddiaçıya) ümumilikdə 317732,27 manat əlavə vergilərin hesablanması və 162587.87 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 31 may 2022-ci il tarixli, **********189100 nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlaması barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayətləri baxılmamış saxlanılmışdır. Qeyd edilməlidir ki, səyyar vergi yoxlaması zamanı istehsal edilmiş məhsulların həcminin aylar üzrə elektrik enerjisinin sərfinə, avadanlığın istehsal gücünə uyğun müəyyənləşdirilməsi üçün mütəxəssisi yoxlama prosesinə cəlb edilmiş və cavabdeh orqan iddiaçı barədə müvafiq qərar qəbul edərkən mütəxəssis rəyinə əsaslanaraq iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır. Yəni gəlirlərinin belə metodla hesablanması hər hansı maddi və prosessual hüquq normasına əsaslanmadığından qanuni sayıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1- 67.15-ci maddələrini əhatə edir. Həmin maddəyə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi məbləği hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur Bundan əlavə qeyd edilməlidir ki, iddiaçıya məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində məhsulların istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Həmçinin elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, o cümlədən avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Bununla yanaşı mövcud qanunvericilik səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuş, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər. Lakin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq yekun məhkəmə aktını qəbul edərkən ekspert rəyinə istinad etmişdir. Apellyasiya şikayətinin iddianın verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpası ilə bağlı məsələ üzrə mövqeyi ilə qismən razılaşmaq olar. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tafrixli qərardadında yer almış “mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli qərar vergi ödəyicisi tərəfindən heç bir irad bildirilmədən imzalanıb bir nüsxəsi qəbul edilmişdir” ifadəsi cavabdehin müvafiq vəsatətində qeyd edilmiş olsa da məhkəmə öz qərardadında bu ifadəni iddiaçının mövqeyi kimi qeyd etmişdir. Bununla belə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən 4 saylı Vərəm Əleyhinə Dispanserin ******* saylı ambulator kitabdan çıxarışına əsasən "xxxx" MMC-nin direktoru İsmayılov Fərid Akif oğlu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Dispanserdə “sol tərəfli bronxopnevmaniya, sorulma forası” diaqnozu ilə müalicə almışdır. İddiaçının şikayətinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 31 may 2022-ci il tarixli inzibati şikayətin baxılmamış saxlanılması haqqında **********189100 nömrəli qərarın surətindən görünür ki, "xxxx" MMC fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlaması barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayətlərinin baxılmamış saxlanılması qərara alınmışdır. Qərarın göndərilməsi barədə sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçı tərəfin gətirdiyi dəlilləri nəzərə alaraq, mübahisələndirilən inzibati akt üzrə prosessual müddətin buraxılmasının səbəblərini üzürlü sayır və buraxılmış prosessual müddətin bərpa olunmasını məqsədəuyğun hesab edir.” Məhkəmə kollegiyasının suallarına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisələndirilən qərar qərar qəbul edildiyi gün vergi ödəyicisinə, yəni Cəmiyyətin direktoru Fərid İsmayılova şəxsən təqdim edilmiş, sonuncu tərəfindən imzası ilə təsdiq edilmişdir. Həmçinin qərar vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmiş və 1 gün sonra oxunmuşdur. İddiaçının nümayəndəsi və vəkili bu arqumentlərin əksini qeyd edərək bildirmişdir ki, mübahisələndirilən qərarın vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş nüsxəsində "xxxx" MMC-nin direktoru İsmayılov Fərid Akif oğlunun adının qarşısında olan imza ona məxsus deyil və onun digər sənədlərdə, o cümlədən vəkilə verdiyi etibarnamədə olan imzadan kəskin fərqlənir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsinə əlavə edərək təqdim etdiyi mübahisələndirilən qərarda ümumiyyətlə Cəmiyyətin nümayəndəsinin qərarı qəbul etməsi barədə qeyd və imzasının olmaması, vergi orqanının təqdim etdiyi qərar nüsxəsində isə müvafiq qrafada Cəmiyyətin direktoru İsmayılov Fərid Akif oğlunun adının və qarşısında imzanın olması, eyni zamanda qeyd olunan sənədlərə vizual baxış zamanı imzaların fərqli olması qərarın vergi ödəyicisinin nümayəndəsinə şəxsən təqdim edilməsi ilə bağlı cavabdehin dəlillərinin əsaslı olmadığını deməyə əsas verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: -24.1 maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -24.5 maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. -24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. -24.7 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. -70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: -70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; -70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; -70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. -70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. -70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mahiyyəti üzrə, həmçinin iddianın verilməsi üçün qanunla müəyyən edilmiş müddətlə bağlı mümkünlük şərtlərini araşdırarkən düzgün hüquqi nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(120)-631/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-143/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-143/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver