Məhkəmə qərarları › İş №2-1(106)-144/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-144/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-144/2022 01.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şirvan Şəhər İcra Hakimiyyətinə qarşı işi üzrə (Açar sözlər: ehtiyata buraxılmış hərbçinin mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi xərclərinin ödənilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərcləri ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(120)-790/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx xxxxxxx 1977-ci ildə anadan olmuş, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil almış, xx.xx.2000-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müxtəlif hərbi hissələrdə, müxtəlif vəzifələrdə zabit kimi həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli, 0949 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən vəzifədən azad edilmiş, şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 41 Sərəncamı ilə mənzil növbəsinə götürülmüş və ona aylıq kirayə pulu ödənilmiş, lakin 2021-ci ilin iyun ayından həmin aylıq kirayə pulunun verilməsindən imtina edilmişdir. İddiaçı ehtiyatda olan zabit kimi qismən səfərbərlik üzrə çagırışçı kimi “Vətən Müharibəsi”ndə iştirak etmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 0219 rt nömrəli əmri ilə polkovnik-leytenant hərbi rütbəsi verilmiş, xx.xx.2021-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlik üzrə çağırışdan tərxis olunmuşdur. İddiaçı cavabdehə xx.xx.2021-ci il tarxdə yazılı müraciət etmiş, lakin inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli, 2980 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi ona şamil edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərcləri ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx xxxxxxx 1977-ci il tarixdə Sabirabad rayonu Şıxsalahlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirib, 1996-cı il tarixdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olunmuşdur. xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb, oranı bitirmişdir. xx.xx.2000-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müxtəlif hərbi hissələrdə, müxtəlif vəzifələrdə zabit kimi həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli, 0949 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lakin, istifadə etmədiyi məzuniyyətdən istifadə etməklə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə xx.xx.2017-ci il tarixdən məzuniyyət qeydiyyatından, hərbi hissənin şəxsi heyətinin siyahısından və eləcə də, bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edir ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan aşağıdakı hərbi hissələrdə həqiqi hərbi xidmətdə olmuşdur: 1) xx.xx.2000-ci il tarixdən-xx.xx.2002-ci il tarixədək N saylı hərbi hissədə motoatıcı tağım komandiri; 2) xx.xx.2002-ci il tarixdən-xx.xx.2002-ci il tarixədək N saylı hərbi hissədə Mühafizə taborunda mühafizə tağım komandiri; 3) xx.xx.2002-ci il tarixdənxx.xx.2007-ci il tarixədək N saylı hərbi hissədə Fəxri qarovul tağım komandiri; 4) xx.xx.2007-ci il tarixdən-xx.xx.2009-cu il tarixədək N saylı hərbi hissədə Mühafizə taborunda mühafizə tağım komandiri; 5) xx.xx.2009-cu il tarixdən-xx.xx.2009-cu il tarixədək N saylı hərbi hissədə Müdafiə Nazirliyinin Əsas komanda məntəqə X/taborunda elektrik bölüyünün elektrik mühəndisi; 6) xx.xx.2009-cu il tarixdən-xx.xx.2010-cu il tarixədək N saylı hərbi hissədə MAT motoatıcı bölüyünün komandiri; 7) xx.xx.2010-cu il tarixdən-xx.xx.2011-ci il tarixədək N saylı hərbi hissə. MAT. Qərargah Bölüyünün komandiri; 8) xx.xx.2011-ci il tarixdən-xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissə. MAT. Qərargah Bölüyünün MTT üzrə köməkçisi; 9) xx.xx.2014-cü il tarixdən-xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissə. MAT komandirinin MTT üzrə müavini; 10) xx.xx.2014-cü il tarixdən-xx.xx.2016-cı il tarixədək N saylı hərbi hissə. MAT komandirinin MTT üzrə müavini. O, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli, 0949 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, tərxis olunarkən xidmət illəri (20 il) imkan verirdi ki, o, xidmət illərinə görə həqiqi hərbi xidmətdən tərxis olunsun. Bu qanunda nəzərdə tutulub və o da, bu hüququndan istifadə edərək, həqiqi hərbi xidmətdən heç bir nöqsanı olmayan bir zabit kimi ehtiyata buraxılmışdır. Onun tərxis olunma barədə əmrində də qeyd edilir ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ vardır. Əmrin məzmunundan da aydındır ki, bu hüquq ona nöqsansız xidmət illərinə əsasən verilib. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsində qeyd olunur: Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. O, ehtiyatda olan zabit kimi qismən səfərbərlik üzrə çagırışçı kimi “Vətən Müharibəsi”ndə iştirak etmiş, xx.xx.2020-ci ilxx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 0219 rt nömrəli əmri ilə polkovnik-leytenant hərbi rütbəsi verilmişdir. xx.xx.2021-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlik üzrə çağırışdan tərxis olunmuşdur. Qeyd edir ki, o, Vətənin müdafiəsindən bir zabit kimi, bir vətəndaş olaraq heç vaxt boyun qaçırmamış və hərbi xidməti dövründə də üzərinə düşən vəzifələri layiqincə və vicdanla yerinə yetirmişdir. O, döyüşlər zamanı barotravma almış, beyni silkələnmiş və bu üzdən bu günədək Şirvan Şəhər Mərkəzi Xəstəxanasında əsəblərindən müalicə alır. Bildirir ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən, xx.xx.2017-ci il tarixdən ömürlük müddətinə “yaşa görə” pensiya təyin edilmişdir. Qeyd edir ki, o, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 41 nömrəli Sərəncamı ilə mənzil növbəsinə qeydiyyata götürülmüş və ona aylıq kirayə pulu ödənilmişdir. Lakin, 2021-ci ilin iyun ayından həmin aylıq kirayə pulununu verilməsi dayandırılmışdır, o səbəbdən ki, o, həqiqi hərbi xidmətdən yaşa görə deyil, öz arzusu ilə tərxis olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli qərarına əsasən isə öz arzusu ilə həqiqi hərbi xidmətdən tərxis olunanlara kirayə pulununu verilməsi nəzərdə tutulmamışdır. Bu gün də bu səbəbdən o, Şirvan şəhərində ayda 200 (iki yüz) manata kirayədə yaşamağına baxmayaraq, kirayə pulu ala bilmir. Bu barədə Şirvan Şəhər İcra Hakimiyyətinə şifahi və yazılı müraciətlər etmişdir. xx.xx.2021-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinə ünvanladığı hüquqi cəhətcən əsaslandırılmış ərizəsinə isə, hələ də cavab verilməmişdir. O, ailəlidir, ailə üzvləri həyat yoldaşından və iki övladından ibarətdir. Hesab edir ki, ona əvvəllər verilmiş müvəqqəti mənzil kirayəsi pulunun dayandırılması qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli, 174 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir: yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Həmin qərarın 4-cü bəndində qeyd edilir: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun. Göründüyü kimi, bu qərarda mənzil növbəsinə götürülmüş, yaşayış sahəsi olmayan Silahlı Qüvvələrdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya şəklində ödənilməsi nəzərdə tutulan pul ödəncidir. Bir daha qeyd edir ki, o, nöqsanla, xidmətə uygunsuzluqla və yaxud, hərbi xidmət zamanı cinayət törətdiyi əsasları ilə deyil, nöqsansız xidmət edərək 20 ildən çox həqiqi hərbi xidmət illərinə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. Yaşayış sahəsi olmadığı üçün hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra qanunla müəyyən olunmuş müddətdə mənzil növbəsinə götürülmüşdür. Yaşa görə hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçularla xidmət illəri kifayət etməklə hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara niyə fərq qoyulmalıdır ki? Məgər bu insan hüquq və azadlıqlarının pozulması, hüququn ümumi prinsiplərindən olan qanun qarşısında bərabərlik, ədalət prinsiplərinə zidd deyilmi? Ana qanununmuz sayılan Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Konstitusiyanın 26-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 5-ci abzasında deyilir: Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz toıpaq sahəsi almaq hüququ vardır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndində deyilir: Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin 2-ci bəndinin 3-cü abzasında deyilir: ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 26-cı maddəsinin 1-ci bəndində deyilir: Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatından görünür ki, Azərbaycan Respublikası yerli icra hakimiyyəti orqanları inzibati orqan statusuna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin 1-ci, 2-ci və 4-cü hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin 2-ci hissəsinə əsasən, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Həmin maddənin 7-ci hissəsinə əsasən, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, ”cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərclərinin ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı həqiqətən xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil almış, xx.xx.2000-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müxtəlif hərbi hissələrdə, müxtəlif vəzifələrdə zabit kimi həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli, 0949 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2017-ci ıl tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şöbəsində hərbi qeydiyyatdadır. İddiaçı müraciətlərinə Şırvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 2657 nömrəli, 2659 nömrəli, xx.xx.2021-ci il tarixli, 2821 nömrəli, xx.xx.2021-ci il tarixli, 2980 nömrəli məktubları ilə yazılı cavablar verilmişdir. İddiaçı müraciətinə əsasən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 41 nömrəli Sərəncamı ilə yaşayış yeri üzrə Şirvan Şəhər İcra Hakimiyyətində 4 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmiş və hazırda o mənzil növbəsindədir. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləği və ödənilməsi qaydası “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarı ilə tənzimlənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətinin Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət etmiş hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. Göründüyü kimi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda və o cümlədən “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarında öz arzusu ilə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (şəxslərə) müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün mənzil kirayə xərclərinin (və ya kompensasiyanın) ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli, 0949 nömrəli əmri ilə ‘Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kompensasiya ona şamil edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 16 mart 2022-cı il tarixli, 2-1(120)-790/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunaraq, İddiaçı cavabdeh tərəfindən ödənilən müvəqqəti mənzil kirayəsi xərcləri ödənişin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdeh Şirvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq, cavabdeh apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə maddi hüquq normasını həm düzgün təfsir etməmiş, tətbiq edərkən səhvə yol vermiş, həm də səlahiyyət həddini aşaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan işi həyata keçirərək Qanuna şərh vermişdir. Göründüyü kimi qanunverici məhkəmənin istinad etdiyi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 7-ci bəndində, elə ilk cümləsində aydın şəkildə kirayə haqqı almaq hüququ olan istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçuları fərqləndirmişdir. (yaşına görə-“Hərbi Xidmətkeçmə haqqında” Əsasnaməmim 156-ci maddəsinin “b” bəndi, səhhətinə görə-“Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndi, səhhətinə görə- “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndi və ştatların ixtisarına görə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndi). Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmaları müddətdən artıq həqiqi hərbi xidmət, hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzilə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasında 3 il qalmış, komandalığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti baçşıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Məhkəmə istinad etdiyi “Hərbi qulluquçuların status haqqında” Aəzrbaycan Respublikası Qanunun 12-ci maddəsində də yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçularına mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Qanunverci qanunun bu müddəasında Yerli İcra Hakimiyyəti başçılarının mənzil kirayə haqqının ödəməli olduğu hərbi qulluqçuları yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçularına (yaşına görə- “Hərbi Xidmətkeçmə haqqında” Əsasnaməmim 156-ci maddəsinin “b” bəndi, səhhətinə görə-“Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndi və ştatların ixtisarına görə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndi) ayırmış və kirayə haqqının ödənilməsini digər ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara münasibətdə məhdudlaşdırmır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-ci il tarixli, 0949 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ona şamil edilmir. Odur ki, Şirvan İnzibati Məhkəməsi tərəfindən qəbul edilən 16 mart 2022-ci il tarixli, 2-1(120)-790/2022-ci il tarixli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər: Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(120)-790/2022 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə əmrdən çıxarış, imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə 12.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 41-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla) (maddə 41.0.1); yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda (maddə 41.0.2); xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda (maddə 41.0.3); ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) (maddə 41.0.4); ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə (maddə 41.0.5); xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) (maddə 41.0.6); Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) (maddə 41.0.7); törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) (maddə 41.0.8); öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər (maddə 41.0.9); Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə (maddə 41.0.10). “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının : 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində – 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, başqa şəhər və rayon mərkəzlərində – 75 manat, digər yaşayış məntəqələrində – 55 manat. Həmin Qərarın 2-ci hissəsinə əsasən bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli, 0949 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış zabitdir. İddiaçı Şirvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 41 nömrəli sərancamı ilə mənzil növbəsinə qeydiyyata götürülmüşdür. İddiaçı kirayədə yaşadığını, cavabdehin 2021-ci ilin iyun ayından kirayə haqlarının ödənilməsindən qanunsuz olaraq imtina etdiyini əsas gətirərək cavabdehə qarşı hazırkı iddianı qaldırmışdır. Cavabdeh isə qeyd edir ki, qanunvericilikdə öz arzusu ilə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı da öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kompensasiya ona şamil edilmir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtina və etiraz dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasının məzmunundan da göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Beləliklə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Eyni ilə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasında göstərilən şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir. Məhz bu səbəbdən, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci hissəsinin məzmunu ehtiyata və ya istefaya buraxılmış şəxslərin həmin maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hüquqlarına təsir etmir. Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilmiş Qaydalarına münasibətdə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu daha üstün hüquqi qüvvəyə malik olduğundan, tətbiq edildiyi subyektlərin dairəsi fərqləndirilmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edilməlidir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İnzibati işin apellyasiya məhkəməsindəki icraatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2280 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixində mayor hərbi rütbəsində tabor komandiri vəzifəsində qismən səfərbərliyə cəlb edilərək aidiyyəti hərbi hissəyə təhvil verilmişdir. ”Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 2361 nömrəli Sərəncamına əsasən və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənini 197-ci maddəsinə müvafiq olarq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 01428 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində hərbi qeydiyyata alınmışdır. Azərbaycan Republikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 0219rt nömrəli əmri ilə mayor İddiaçı polkovnik-leytenant hərbi rütbəsi verilmişdir. Belə k, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin 07 oktyabr 2022-ci il tarixli, 1172 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin hərbi qeydiyyatında olan xx.xx.1977-ci il təvəllüdlü polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2280 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixində mayor hərbi rütbəsində tabor komandiri vəzifəsində qismən səfərbərliyə cəlb edilərək aidiyyəti hərbi hissəyə təhvil verilmişdir. ”Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 2361 nömrəli Sərəncamına əsasən və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənini 197-ci maddəsinə müvafiq olarq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 01428 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində hərbi qeydiyyata alınmışdır. Azərbaycan Republikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 0219rt nömrəli əmri ilə mayor İddiaçı polkovnik-leytenant hərbi rütbəsi verilmişdir. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı qismən səfərbərlik zamanı orduya cəlb olunduğu dövr onun hərbi xidmət illəri kimi nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 20 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən, ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq Sərəncamına əsasən hərbi xidmətə cağırılaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə tabor komandiri vəzifəsində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmrinə əsasən səfərbərlikdən tərxis edilmiş və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmrinə əsasən ona növbəti polkovnik-leytenant hərbi rütbəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 oktyabr 2022-ci il tarixli 1/5205 nömrəli məktubundan görünür ki, İddiaçı Vətən müharibəsi zamanı xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və o, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. Göründüyü kimi, iddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra səfərbərliklə əlaqədar hərbi hissəyə cəlb edilmiş, döyüşlərdə iştirak etmiş, polkovnik-leytenant hərbi rütbəsi almış və nəhayət “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçının qismən səfərbərlik zamanı orduya cəlb olunduğu dövr onun hərbi xidmət illəri kimi nəzərə alınmışdır. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının ehtiyatda olan zabit kimi iradəsindən asılı olmayan səbəblərdən yenidən orduya cəlb olunması, döyüşlərdə zabit kimi iştirak etməsi və sonradan tərxis olunması halı onun yaşayış sahəsi alana kimi kirayə haqqı ilə təmin edilməsi üçün əsasdır. Təsadüfi deyildir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. Həmçinin, həmin qərardadda qeyd edilmişdir ki, “...ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, yuxarıda (tətbiq edilən hüquq bölməsində) istinad olunan normalara və digər hərbi qanunvericilik aktlarına əsasən hərbi qulluqçunun statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. İstinad olunan qanunvericiliyə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün müəyyən güzəştlər, o cümlədən onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı güzəştlər, habelə onlar mənzillə təmin edilənədək və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərcləri üzrə kompensasiyanın ödənilməsi ilə bağlı güzəştlər nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, qanunla müəyyən olunmuş qaydada həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə münasibətdə belə güzəştləri müəyyən etməkdə qanunvericinin məqsədi hərbi xidmətin və konstitusion hərbi vəzifə borcunun əhəmiyyətini və xarakterini, onun cəmiyyətdə xüsusi rolunu nəzərə alaraq, hərbi xidmətdən sonrakı dövrdə həmin şəxslərin sosial müdafiəsini gücləndirmək, onların layiqli həyat və yaşayış səviyyəsini təmin etməkdən ibarətdir. Bundan başqa, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Məhkəmə tərkibi qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddiaçı Şirvan şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 41 nömrəli sərəncamı ilə mənzil növbəsinə qəbul edildiyindən və hazırda da mənzil növbəsində olduğundan o, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, işdə olan Cavabdeh xx.xx.2017-ci il tarixli 41 nömrəli sərəncamından görünür ki, 20 ildən artıq hərbi qulluqda xidmətdə olmuş “Qusursuz xidmətə görə” 2-ci, 3-cü dərəcəli medallarla “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, 10 illiyi (1991-2001)” və 95 illiyi yubiley medalları ilə və fəxri fərmanlarla təltif olunmuş ehtiyatda olan mayor İddiaçı mənzil növbəsinə götürülmüşdür (iş vərəqi 165). İşdə olan Cavabdeh 13 iyul 2022-ci il tarixli 13/2 nömrəli məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 41 nömrəli sərəncamı hazırda qüvvədədir (iş vərəqi 186). Göründüyü kimi, iddiaçıya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinə əsas onun adının cavabdehin xx.xx.2017-ci il tarixli, 41 nömrəli sərəncamı ilə mənzil növbəsinə qəbul edilməsidir. Cavabdeh isə iddiaçının adının mənzil növbəsindən olan şəxslərin siyahısından çıxarılması barədə müvafiq sərəncam qəbul etməmiş, eyni zamanda xx.xx.2017-ci il tarixli, 41 nömrəli sərəncamını ləğv etməmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, cavabdehin imtinası hazırkı halda qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalar qanunvericinin güddüyü həmin məqsədlər kontekstində təfsir olunmalı və ehtiyata və ya istefaya buraxılmış şəxslərə mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsini müəyyən edən qayda iddiaçıya münasibətdə də tətbiq olunmalıdır. Beləliklə, cavabdeh Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(120)- 790/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-nin 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Şirvan İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(120)-790/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar