Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-144/2024 29.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-825/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək doğum akt qeydində ata adında «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-825/2023 nömrəli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, onun doğum haqqında şəhadətnaməsində adı “Sabir”, soyadı “İsayev”, ata adı isə “Siyab” kimi yazılmışdır. Sonradan zərurət yarandığı üçün ona məxsus sənədlərdə ata qrafasında «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını, iddiasının əsassız olaraq təmin edilmədiyini bildirmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, ona məxsus sənədlərdə ata qrafasında «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilmək istəyinin tək səbəbi «Siyaboviç» sözünün tələffüz formasının onun xoşuna gəlməsidir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AZE0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu il tarixdə doğulmuşdur. İşdə olan xx.xx.1949-cu il tarixli, 020588 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1949-cu il tarixdə Astara rayonunun Kələdəhnə qəsəbəsində doğulmuş İddiaçı atası İsayev Siyab Mali oğlu, anası isə Məmmədova Nazi Abdulla qızıdır. İşdə olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 73805/15 nömrəli imtina məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ata qrafasında «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsindən imtina edilmişdir. İşdə olan Astara rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-65/2-6843/23 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara şəhəri, H.Əliyev küçəsi, ev 53, mənzil 13də qeydiyyatda olan İddiaçı xx.xx.2004-cü ildə Astara rayon polis şöbəsi tərəfindən AZE0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. İddiaçı xx.xx.1979-cu il tarixli məhkəmənin (ВЕРХ СУДОМ АЗ ССР) hökmünə əsasən 88-1;172;38, maddələri ilə 11 il məhkum edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Məhkəmə kollegiyası mübahisənin həlli üçün həmin normanın təfsir edilməsinin vacib olduğunu bildirir. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsində “Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir” müddəası vətəndaşın öz adını və soyadını, atasının adını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra icazə verilə bilər kimi başa düşülməlidir. Həmin norma “18 yaşına çatmış vətəndaşın öz adını və soyadını, atasının adını istədiyi zaman istədiyi formada dəyişdirə bilər” kimi başa düşülməməlidir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi onun doğum akt qeydinin ata qrafasında qeyd edilmiş «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsi ilə bağlı olduğuna görə, ilk növbədə onun ata adının vətəndaşlıq vəziyyəti aktları qeydində necə yazılması müəyyən olunmalıdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı xx.xx.1949-cu il tarixdə Astara şəhərində doğulmuşdur və doğum akt qeydinə əsasən, ata qrafasında İsayev Siyab Mali oğlu, milliyyəti “azərbaycanlı” göstərilmişdir. Sonradan iddiaçı Cavabdehnə ata adının “Siyab oğlu” sözünün “Siyaboviç”ə dəyişdirilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən imtina edildikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus bütün sənədlərdə iddiaçının ata adı bu günə kimi “Siyab oğlu” göstərilmişdir. İddiaçının atası İsayev Siyab Mali oğlunun milliyyəti azərbaycanlı olmuşdur. Siyab adına «oviç» sonluğu əlavə edildikdə rus dilində “Siyaboviç” (Siyabın oğlu) yaranır. Rus vətəndaşlarına məxsus pasport və sənədlərdə şəxslərin ata adlarına “-oviç, -eviç, -ovna, -evna, -iç” sonluğu əlavə edilməklə yazılır. Lakin məhkəmə tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan İddiaçı məxsus sənədlər üzrə ata qrafasında “Siyaboviç” sözünün yazılmasına heç bir əsas müəyyən edilməmişdir. İddiaçının «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsi üçün, o cümlədən, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə «Siyab oğlu» sözləri yazıldığı üçün müxtəlif problemlərlə üzləşməsinə dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla «Siyab oğlu» sözünə görə iddiaçının hansı tərzdə problemlərlə üzləşdiyinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Məhkəmənin qənaətinə görə “Siyab oğlu” sözünün «Siyaboviç»ə dəyişdirilməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, Cavabdeh imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi xx.xx.1949-cu il təvəllüdlü iddiaçının adı İddiaçıdur. Hazırda iddiaçı onun doğum akt qeydinin ata qrafasında qeyd edilmiş «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsini istədiyini bildirir, lakin bunun hansı səbəbdən, hansı zərurətdən edilməli olmasına aydınlıq gətirə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslı səbəblər olmalıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-825/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-144/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-144/2024
29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver