Məhkəmə qərarları › İş №2-1(106)-145/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-145/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-145/2024 30.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusuna qarşı “4-cü X8 xx.xx.2022-ci il tarixli, 07 nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin barəsində verdiyi xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi və hərbi xidmət vəzifəsinə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusu ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “4-cü X8 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusu ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı bununla yanaşı məhkəməyə vəsatət verərək, qeyd edilən əmrin mübahisələndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq, 2020-ci ildə 2-ci Qarabağ müharibəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Ağdam, Ağdərə və Xocavənd rayonlarınm azad olunmasında komanda tapşırıqlarının icrasını layiqincə yerinə yetirdiyinə görə mükafatlandırılaraq “Ağdamın azad olunması medalı” ilə təltif edilmişdir. Düşmən üzərində tarixi qələbəmizdən sonra həmin hərbi hissədən tərxis olunmuşdur. Bundan sonra hərbi xidmətini davam etdirmək üçün müraciəti əsasında Bakı şəhərində 2 aylıq kursa cəlb olunaraq, 2 illik müqavilə əsasında yenidən hərbi xidmətə götürülmüşdür. Daha sonra Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində, əvvəlcə Füzuli rayonunda, sonra isə Laçın rayonunda xidmətdə olmuşdur. Bundan sonra isə Laçın rayonundan Şəmkir rayonuna kurs keçmək məqsədilə gətirilmişdir. Burada ona və onunla birlikdə gəlmiş hərbi qulluqçulara elan olunmuşdur ki, kurs könüllüdür və kim bu kursda iştirak etmək istəməsə ərizə yazsın, həmin ərizəyə əsasən əvvəlki xidməti yerinə qaytarılacaqdır. Ona görə də o və kursa gətirilən bir neçə hərbi qulluqçu ərizə verərək kurs keçməkdən imtina etmişlər. Daha sonra Şəmkirdə bir həftə qaldıqdan sonra, ona və digər kursdan imtina barədə ərizə yazan hərbi qulluqçulara bildirilmişdir ki, guya hərbi xidmətləri başa çatdığından ehtiyata buraxılmalıdırlar. Bundan sonra onlar başa düşdülər ki, aldadaraq kursdan imtina etməklərinə ərizə yazdırmaqda məqsəd onları hərbidən tərxis etmək olmuşdur. Bu barədə cavabdeh Müdafiə Nazirliyinə və digər dövlət orqanlarına şikayət etmişlər. Şikayətlərinə cavab olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2022-ci il tarixli, 7136 nömrəli məktubunda yalan və əsassız olaraq bildirilmişdir ki, guya o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 137-ci, 138-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma ilə həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 2-ci, 3-cü bəndlərinin tələblərini pozaraq bağlaşma ilə hərbi xidmətə daxil olarkən götürdüyü öhdəliyin icrasından və “Komando başlanğıc” kursunda iştirak etməkdən imtina edərək kurs rəhbərliyinin qanuni əmr və göstərişlərinin icrasından yayınmaqla, həmçinin intizam qaydalarini tez-tez pozmaqla kursda iştirak edən digər şəxsi heyətin hərbi intizamına mənfi təsir göstərdiyinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı X2 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) əsasən ehtiyata buraxılmışdır. Həmin məktubda o da qeyd edilmişdir ki, guya onun həqiqi hərbi xidmətə qəbul edilməyi barədə komanda üzrə məruzəolunmuş, lakin yuxarıda qeyd olunanlara əsasən müsbət qərar qəbul edilməmişdir. Qeyd edir ki, məktubda onun barəsində yazılanlar tam yalandır. Belə ki, tərəfindən hərbi xidmətlə bir araya sığmayan hər hansı bir hərəkətə yol verilməmişdir. Onu və eləcə də digər hərbi qulluqçuları aldadaraq kurs keçməkdən imtina ərizəsi yazdırmışlar. Necə ola bilər ki, onlar 2-ci Qarabağ müharibəsində düşmənlə savaşanda vətən yolunda canlarını belə əsirgəməməyi qarşılarına məqsəd qoyduqları halda indi lazımsız bir əşya kimi onları aldadaraq ərizə yazdırmaqla ehtiyata buraxırlar. Səbəb də göstərirlər ki, guya kurs rəhbərliyinin əmr və göstərişlərinin icrasından imtina etmişdir. Əgər belə bir hal olsaydı onda bununla bağlı əvvəlcə ona xəbərdarıq olunmalı, təkrar bu hal baş verərdisə barəsində təqdimat hazırlanmalı, ondan izahat alınmalı və bundan sonra toplanmış sənədlər cavabdeh Müdafiə Nazirliyinə göndərilməli idi. Lakin ona heç bir xəbərdarlıq olunmamış, izahat alınmamış, gizli olaraq barəsində saxta və əsassız material toplanmaqla, cavabdeh Müdafiə Nazirliyinə göndərilmiş, sonuncu isə əmrin surətini ona təqdim etməmişdir. Hesab edir ki, cavabdeh onu xx.xx.2020-ci il tarixli əmrlə ehtiyata buraxmaqda haqlı olmamış, barəsində tərtib olunmuş əsassız materiala əsaslanmış, buda sonda qanunsuz əmrin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, müharibədə iştirak etmiş, ixtisaslı hərbi kadrdır və hazırda ölkəmizin ixtisaslı kadrlara böyük ehtiyacı var. Cavabdehin qanunsuz əmri əsasında o, hərbi xidmətdənkənarda qalmışdır. Dəfələrlə müraciətinə baxmayaraq cavabdeh əmrin surətini ona verməkdən boyun qaçırır. Ona görə də barəsində qəbul edilmiş həmin əmrin surətini iddia ərizəsinə əlavə edə bilməmişdir. Hesab edir ki, iddia ərizəsi icraata qəbul edilərsə məhkəmə tərəfindən həmin əmrin təsdiq edilmiş surəti cavabdehdən tələb edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən əmrin mübahisələndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsi və iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusu tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İşin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənəd əldə edilmiş, aşağıdakılar müəyyən edilmişdir: İddiaçı, N nömrəli hərbi hissədə “Komando başlanğıc” kursuna cəlb edilmiş, kursda olarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 137, 138-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma ilə həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2-ci, 3-cü bəndlərinin tələblərini pozaraq kursda iştirak etməkdən imtina etmiş, bağlaşma ilə hərbi xidmətə daxil olarkən götürdüyü öhdəliklərin icrasından və kursda iştirak, kurs rəhbərliyinin qanuni əmr və göstərişlərinin icrasından yayınmaqla,həmçinin intizam qaydalarını tez-tez pozmaqla kursda iştirak edən digər şəxsi heyətinhərbi intizamına mənfi təsir göstərmişdir. İddiaçı “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 40.0.10-cu maddəsinin (bağlaşma ləğv edilərək) və Azərbaycan Respublikası Silahlı X2 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmadığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandandirinin xx.xx.2022-ci il tarixli, 64 nömrəli əmrinin tələbinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmri ilə o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sadalananları nəzərə alaraq komandanlıq tərəfindəniddiaçının barəsində “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 40.0.10-cu maddəsinin (bağlaşma ləğv edilərək) və Azərbaycan Respublikası Silahlı X2 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmadığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair haqlı qərar qəbul edilmişdir. İddiaçı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmri ilə tanış olmaqla N nömrəli hərbi hissənin “Ezamiyyət vəsiqəsi, məzuniyyət bileti və təyinat vərəqəsinin uçotu jurnalı”nda xx.xx.2022-ci il tarixdə imza edərək təyinat vərəqəsini almış və həmin gün N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçının hansı səbəbdən ehtiyata buraxılması ilə bağlı müraciəti N nömrəli hərbi hissə tərəfindən xx.xx.2022-ci il tarixdə cavablandırılmış, lakin, iddiaçı cavabı aldıqdan yalnız 07 (yeddi) ay keçdikdənsonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarındagöstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır. Onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsində imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi haqqında 62-ci maddəsində inzibati aktın qəbul olunması haqqında rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Burada inzibati orqan hansı formada istifadə etməklə rəsmi məlumatın çatdırılması inzibati orqanın diskresion səlahiyyətidir (“inzibati icraat haqqında” Qanunun şərhi). Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qeyd olunana əsasən iddiaçı qüvvədə olmuş mülkiprosessual və qüvvədə olan inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 gün müddəti ötmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır və N nömrəli hərbi hissə hesab edir ki, məhkəmə, ilk növbədə, iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosessual-hüquq normalarına əsasən qiymət verməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasında qanunla müəyyən olunmuş norma və prossedur pozulmamışdır. İPM-nin 73.3.1-ci maddəsinə əsasən “inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə”... və 73.3.2-ci maddəsi “inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə”... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 20 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2562/2023 saylı qərardadı ilə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə təmin edilməmiş və iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ona indiyə qədər 4-cü X8 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmri təqdim edilməmişdir. Əlavə olaraq onun hansı əsasla ehtiyata buraxılması barədə məlumat hərbi hissə tərəfindən xx.xx.2022-ci il tarixdə verilmişdir. Bundan əlavə X10 adlı şəxs onun məhkəmə vasitəsilə hərbi xidmətə bərpa ediləcəyi, onun hüquqlarının müdafiəsi ilə əlaqədar vəkil tutacağını bildirərək nənəsi X3 6000 manat pul almaqla dələduzluq etmişdir. Bu faktla bağlı xx.xx.2023-cü il tarixdə cinayət işi başlamışdır. Elşən Rəsulov aylarla onu aldadaraq vəkillə müqavilə bağladığını, məhkəməyə müraciət etdiyini bildirərək onun məhkəməyə gec müraciət etməsinə səbəb olmuşdur. O, məhz qeyd edilən səbəbdən əmri məhkəmə qaydasında gec mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını səhv təfsir edərək və prosessual hüquq normalarını kobud şəkildə pozaraq düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-459/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərib-göstərməməsindən asılı olmayaraq düzgün iddia növünün və tələbinin seçilib-seçilmədiyini məhkəmə müəyyən edir. Həlledici olan, iddiaçının ərizəsində irəli sürdüyü tələb ilə nəyə nail olmaq istədiyini göstərməsidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X8 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrindən çıxarışdan görünür ki, 157-ci Motoatıcı Briqadasının (N nömrəli hərbi hissə) 4-cü X4 X5 Motoatıcı Manqasının Baş Atıcısı İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (bağlaşma ləğv edilərək) və Silahlı X2 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtıbaşa çatmamış) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinə göndərilmişdir. Həmin əmrin məzmunundan görünür ki, onun verilməsinə əsas Müdafiə Nazirinin müavini-X7 20 fevral 2022-ci il tarixli, 64 nömrəli əmri olmuşdur. İş materiallarında olan Müdafiə Nazirinin müavini-X7 20 fevral 2022-ci il tarixli, 64 nömrəli əmrin məzmunundan görünür ki, birlik komandirləri, hərbi xidmətə daxil olarkən bağlaşmada qeyd olunan öhdəlikləri yerinə yetirmədiklərinə, üzrlü səbəblər olmadan kurs keçməkdən imtina etdiklərinə görə Azərbaycan Respublikası Silahlı X2 50-ci maddəsinin “z” bəndinə, “hərbi xidmət və hərbi vəzifə haqqında Qanunun” 41.0.10-cu maddəsinə uyğun olaraq əmrin təsviri hissəsində adları qeyd olunan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (...İddiaçı...) bağlaşma ləğv edilərək xidmət müddəti başa çatmamış ehtiyata buraxılması əmr edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda mübahisələndirlən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X8 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmri, Müdafiə Nazirinin müavini-X7 20 fevral 2022-ci il tarixli, 64 nömrəli əmri əsasında qəbul edilmişdir. Yəni, iddiaçının Silahlı X2 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtıbaşa çatmamış) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması Müdafiə Nazirinin müavini-X7 20 fevral 2022-ci il tarixli, 64 nömrəli əmri əsasında həyata keçirlmişdir. İddiaçı yenidən hərbi xidmətə bərpa olunması üçün məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X8 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Yəni, iddiaçının hazırki tələbi irəli sürməkdə məqsədi onun hərbi xidmətdən ehtiyyata buraxılması ilə bağlı inzibati aktın ləğv edilməsi olmuşdur. Mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyşidirici təsirə malik olur. Yəni, belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılması Müdafiə Nazirinin müavini-X9 tərəfindən qəbul edilmiş 20 fevral 2022-ci il tarixli, 64 nömrəli əmrin əsasında həyata keçirilmişdir. Hazırda iddiaçı həmin əmr ilə razılaşmır və hərbi xidmətdən ehtiyata buraxılmasına əsas olan əmrin ləğv edilməsini tələb edir. Yuxarıda qeyd edilən hüquq normalarına görə isə iddiaçı məqsədinə yalnız onun üçün əlverişsiz inzibati aktın (və yaxud aktların) ləğv edilməsi ilə nail ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı üçün açıq-aşkar əlverişsiz olan inzibati akt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X8 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmri deyil, Müdafiə Nazirinin müavini-X7 20 fevral 2022-ci il tarixli, 64 nömrəli əmridir. Çünki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X8 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrin qəbul edilməsinə əsas Müdafiə Nazirinin müavini-X7 20 fevral 2022-ci il tarixli, 64 nömrəli əmri olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirərək, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün yanlış iddia tələbinin münasibi ilə əvəz olunmasında yardım etməli və iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan qərarı müəyyən etməli və cavabdeh tərəfindən qəbul edilən həmin qərarın (və yaxud qərarların) ləğv edilməsi tələbinin irəli sürə biləcəyi və ya iddia tələbini dəyişə biləcəyi barədə hüquqi təklif etməli və yeni iddia tələbi üzrə mümkünlük şərtlərinin araşdırmalı, iddia mümkün sayılacağı halda, işə mahiyyəti üzrə baxmalı idi. Buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatlara əhəmiyyət verməmiş, iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan Müdafiə Nazirinin müavini-X7 20 fevral 2022-ci il tarixli, 64 nömrəli əmrinin iddiaçının hüquqi marağına uyğun ona aid hissədə ləğv edilməsini təklif etməmişdir. İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini rəhbər tutaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya icraatı zamanı iddia tələbinin dəyişdirilməsi (həcminin artırılması) proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Bu baxımdan işə təkrar baxan birinci instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan əmri müəyyən etməli, bundan sonra iddiaçıya hüquqi marağına uyğun iddia tələbinin dəyişdirlməsi ilə bağlı yardım etməli, bu barədə ərizə verə biləcəyi təklif edilməli, iddia tələbinin dəyişdirilməsi qəbul olunduğu halda, yeni iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia mümkün sayılacağı halda yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərardad ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar