Məhkəmə qərarları › İş №2-1(106)-145/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-145/2025

17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-145/2025 17.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X5, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2796/2024 nömrəli qərarından cavabdeh verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçın cavabdeh Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı “xx.xx.1967-ci ildə anadan olmuş X6 adına xx.xx.2023-cü il tarixdə ölməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciəet etmişdir. İddia tələbinin əsaslarına görə, qardaşı X10 12 avqust 1967-ci ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş və ailəsi ilə ayrıldığı üçün ünvan 1 ünvanda tək yaşamışdır. X10 21 iyul 2023-cü ildə Biləsuvar rayonu 6 saylı qəsəbə ərazisində yer suvaran vaxtı ürək tutmasından vəfat etmiş və mərhumun meyifdi təcili tibbi yardım avtomobili ilə tibbi müayinə olunması üçün Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hadisə ilə bağlı Cəbrayıl Rayon Prokurorluğu araşdırma aparmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Mərhuma ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün dəfələrlə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına müraciət edilməsinə baxmayaraq lakin heç bir müsbət nəticəsi olmamışdır. Cəbrayıl Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının məktubunda mərhum X6 meyidinin Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən morqa gətirilməsi və meyidin müayinə olunması barədə sənədlər əsasında ölüm təsdiq olunur. Göründüyü kimi, mərhumun meyidi Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının həyətində olan morqda gətirilərək müayinə olunmuş və ölüm öz təsdiqini tapdığı halda nə üçün ölüm haqqında tibbi şəhadətnamə verilmir? Bundan başqa, müraciəti əsasında xəstəxananın 27 dekabr 2023cü il tarixli 609 saylı məktubunda ölüm haqqında tibbi şəhadətnamənin verilməməsi imtina edilmişdir. Cavabdehin verdiyi imtina əsassızdır. Belə ki, buna imtina demək olarsa, cavabdeh heç bir qanuna və qərara istinad etmədən ərizəsinə izah vermişdir. Qeyd edilənlərə əsasən xx.xx.1967-ci ildə anadan olmuş X6 adına xx.xx.2023-cü il tarixdə ölməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2796/2024 nömrəli qərarı ilə (hakim: Hilal Nəcəfov) iddia təmin edilmiş, xx.xx.1967-ci ildə anadan olmuş X6 adına xx.xx.2023-cü il tarixdə ölməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Mübahisənin mahiyyəti ondan ibarətdir ki, məhkəmə tərəfindən çıxarılmış qərar qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyəti başçısının Böyük Mərcanlı ərazi nümayəndəliyinin xx.xx.2023-cü il tarixli ,723 nömrəli arayışından görünür ki, mərhum X10 həqiqətən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində qeydiyyatdadır.Hal-hazırda məcburi köşkün kimi Biləsuvar rayonu ərazisindəki 6 saylı qəsəbədə 376 saylı evdə yaşayırdı.21 iyul 2023-cü ildə vəfat etmişdir. İş materiallarnda olan Cəbrayıl Rayon İcra hakimiyyəti başçısının Böyük Mərcanlı ərazi nümayəndəliyindin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 30 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini olmuş xx.xx.1967-ci il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Biləsuvar rayon ərazisində Cəbrayıl məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbənin qəbiristanlığında dəfn edilmişdir.Onun ölüm səbəbi barədə nümayəndəlikdə dəqiq məlumat yoxdur. Bundan başqa iş materiallarından görünür ki, 12 avqust 1967-ci il təvəllüdlü mərhum X6 meyiti 21 iyul 2023-cü il tarixdə “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin morquna gətirilmişdir. Məhkəmə Tibbi Ekspertiza Komissiyası tərəfindən mərhumun meyitinin yalnız xarici müayinəsi aparılmış, meyit daxili müayinə olunmadığı üçün , və təbii ki, mərhum meyit halında gətirildiyi üçün “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası ” publik hüquqi şəxsin həkimləri tərəfindən hər hansı bir tibbi yardım göstərilmədiyindən mərhumun hansı səbəbdən ölməsi faktı müəyyən edilməmişdir. iddia tələbi üzrə cavabdeh qismində qeyd olunmuş Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli ,136 nömrəli qərarı ilə təsdiq olunmuş “X2”nda inzibati orqan kimi göstərilməmişdir. Bu baxımdan qeyd etmək lazımdır ki, hazırkı iş üzrə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs inzibati orqan olmadığına görə iddiaçının adı şəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil,mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) həll etmək hüququ vardır. Şirvan İnzibati Məhkəməsinin “ölüm haqqında şəhadətnaməniin verilməsi öhdəliyinin cavabdeh Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin üzərinə qoyulması barədə ” xx.xx.2024-cü il tarixli 2-1 ( 120) -2796/2024 nömrəli qərarını ləğv edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, şikayətin təmin olunmamasını, qərarın qüvvəsində saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini və Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2024cü il tarixli qərarının ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.2. maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. 8.1.3.inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. -33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə:193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə:194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” 3.4. Bioloji ölüm anı bu Qaydanın 2.4-1-ci bəndi nəzərə alınmaqla bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinin həkim və ya feldşeri tərəfindən müəyyən edilir və “Ölüm haqqında tibbi şəhadətnamə” doldurulur (1 nömrəli əlavə). 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X7 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. 4.6. Yenidoğulmuşun ölümü 168 saat ərzində baş veribsə “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” doldurulur (3 nömrəli əlavə). 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər.https://eqanun.az/framework/37812 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X4 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. İşə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşin hallarına əsasən birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edilməli, qəbul edimiş qərarın nəticələri ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmuşdur. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı isnad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 609 nömrəli məktubundan görünür ki, 12 avqust 1967-ci il təvəllüdlü mərhum X6 meyiti 21 iyul 2023-cü il tarixdə “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin morquna gətirilmişdir. Mərhumun meyitinin ekspertizası Məhkəmə Tibbi Ekspertiza Komissiyası tərəfindən aparılaraq rəy verilmədiyi üçün mərhuma ölüm haqqında tibbi şəhadətnamə vermək “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin imkanları xaricindədir. Belə ki, X6 ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi üçün yaşadığı qəsəbə üzrə ərazi nümayəndəlikdən mərhumun öldüyünə dair arayış alınmalı, Cəbrayıl rayon Prokurorluğu araşdırma aparması ilə bağlı sənədlər toplanılaraq Azərbaycan Respublikası Şirvan inzibati Məhkəməsinə müraciət edilməlidir. Sonda isə məhkəmənin çıxardığı qərar əsasında Cəbrayıl Rayon icra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinə müraciət edilməlidir. Azərbaycan RespublikasıTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 128 nömrəli məktubunda qeyd edilmişdir ki, 12 avqust 1967-ci ildə anadan olmuş X10 21 iyul 2023-cü il tarixdə Biləsuvar rayonu 6 saylı qəsəbə ərazisində yer suvaran vaxtı ürək tutmasından ölmüş onun meyiti təcili tibbi yardım avtomobili ilə müayinə olunması üçün Cəbrayıl RMXnin morquna gətirilmişdir. Həmin faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırılma aparılaraq müvafiq qərar qəbul edilmişdir. Cəbrayıl rayonu İcra Hakimiyyəti başçısının Böyük Mərcanlı ərazi nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 30 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini olmuş xx.xx.1967-ci il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Biləsuvar rayon ərasində Cəbrayıl 11 məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbənin qəbiristanlığında dəfn edilmişdir. Onun ölüm səbəbi barədə nümayəndəlikdə dəqiq məlumat yoxdur. İşin qeyd olunan hallarından göründüyü kimi, xx.xx.1967-ci il təvəllüdlü X6 xx.xx.2023cü il tarixdə vəfat etməsi mübahisəli hal deyil. Onun ölmə şəraiti, hətta ürəktutmadan ölməsi ilə bağlı məlumatlar vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qayda” larına müvafiq olaraq, mərhumun ölməsi şəraiti, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi vəziyyətində səlahiyyəlti şəxsin isnad olunmuş Qaydalara uyğun hərəkət etməli olduğu halda, bunu etməmişdir. Belə olan halda ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etməsi əsaslı hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2796/2024 nömrəli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar