Məhkəmə qərarları › İş №2-1(106)-146/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-146/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-146/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(120)-2521/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 26 saylı evin 4 nömrəli mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən X2, X6, X10, X4 və X7, məhkəmə kollegiyası tərəfindən isə Maraqlı şəxs2 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşlar. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 08 avqust 2023-cü il tarixli, 2- 1(120)-2521/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinasının səbəbləri kimi xx.xx.1997-ci il tarixli 27 nömrəli orderdə ailə üzvləri qrafasında və otaqların sayında düzəlişlər edildiyi, həmin orderdə 4 nəfər ailə üzvü qeyd olunduğu halda 5 nəfər ailə üzvünün yazıldığı, habelə Cəlilabad Rayon Mənzil İstismar sahəsinin təsdiq etdiyi sxemdə 2 ayrı mənzilin birləşdirilərək çəkildiyi, orderdə otaqların sayı 4 qeyd edildiyi halda, Mənzil İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışında otaqların sayinin 6 yazıldığı göstərilmişdir. İstər xx.xx.1997-ci il tarixli 27 nömrəli orderdə, istərsə də mənzilin məxsus olduğu Cəlilabad Rayon Mənzil İstismar sahəsinin xx.xx.2022ci il tarixli 09 nömrəli arayışında iddiaçının ailə üzvlərinin sayı 5 nəfər, onun kirayənişin olduğu Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 26 saylı evin 4 nömrəli mənzilində otaqların sayı 4 olaraq yazılmışdır. Digər tərəfdən, cavabdeh inzibati orqanın imtina məktubunda qeyd olunan hallar mövcud olduğu təqdirdə belə məhkəmə hesab edir ki, bu hallar «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15ci maddəsinin əhatə dairəsinə aid deyil və həmin hallar mövcud olduğu xx.xx.1997-ci il tarixli, 27 nömrəli orderin mötəbərliliyinə xələl gətirmir. Belə ki, iddiaçıya xx.xx.1997-ci il tarixli, 27 nömrəli order verilərkən onun ailə üzvlərinin sayı 4 nəfər olduğu, X1 ailə üzvü kimi qeqd olunduğu halda belə, mənzilin məxsus olduğu Cəlilabad Rayon Mənzil İstismar sahəsinin bununla əlaqədar heç bir etirazının olmaması məhkəməyə cavabdehin qeyd etdiyi halların qanun pozuntusu kimi qiymətləndirməsinə əsas vermir. Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 1994-ci ildən yaşayır. Himayəsində 5 ailə üzvü vardır. Qeyd olunan mənzilə dair 01 yanvar 1994-ci il tarixli kirayə müqaviləsi və 25 sentyabr 1997-ci il tarixli order verilmişdir. 12 yanvar 2023-cü il tarixdə o, mənzili özəlləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə onun müraciətindən əsassız imtina edərək, bildirmişdir ki, “xx.xx.1997-ci il tarixli, 27 nömrəli orderdə ailə üzvü və otaqların sayı qrafasında düzəlişlər edilmişdir. Orderdə 4 nəfər ailə üzvü qeyd edilməsinə baxmayaraq 5 nəfər ailə üzvü yazılmışdır. Cəlilabad rayon Mənzil İstismar Sahəsinin təsdiq etdiyi sxemdə 2 ayrı mənzil birləşdirilərək çəkilmişdir. Təqdim edilmiş orderdə otaqların sayı 4 qeyd edilmişdir. Lakin Mənzil İstismar Sahəsinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli arayışda otaqların sayı 6 yazılmışdır.” O və ailə üzvüləri 1994-cü il tarixdən sözügedən mənzilə pasport qeydiyyatına alınmışlar və həmin ünvanda yaşamağa başlamışlar. Hazırkı vaxtadək həmin ünvanda yaşamağa davam edərək, qeydiyyatları da həmin ünvanadır və həmin ünvanda ondan və ailə üzvülərindən başqa heç kim qeydiyyatda yoxdur. Göründüyü kimi, həmin mənzil 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq icra hakimiyyəti orqanının mənzil kirayə müqaviləsi (order) əsasında verilmiş yaşayış sahəsidir. Bu səbəbdən də, həmin mənzilə dair hüquqlar xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən müəyyən edilməlidir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, təqdim edilmiş xx.xx.1997-ci il tarixli 27 nömrəli orderdə ailə üzvü və otaqların sayı qrafasında düzəlişlər edilmişdir. Orderdə 4 nəfər ailə üzvü qeyd edilməsinə baxmayaraq 5 nəfər ailə üzvü yazılmışdır. Cəlilabad rayon Mənzil İstismar Sahəsinin təsdiq etdiyi sxemdə 2 ayrı mənzil birləşdirilərək çəkilmişdir. Təqdim edilmiş orderdə otaqların sayı 4 qeyd edilmişdir. Lakin Mənzil İstismar Sahəsinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli arayışda otaqların sayı 6 yazılmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçıya və ailə üzvlərinə ünvan 2 ünvanda yerləşən mənzil 01 yanvar 1994-ci il tarixli kirayə müqaviləsi və 25 sentyabr 1997-ci il tarixli order əsasında verilmişdir. Cavabdeh həmin və sonradan verilmiş digər sənədlərdə ziddiyətlər olması əsası ilə mənzilin özəlləşdirilməsindən imtina etsə də, cavabdehin özü tərəfindən tərtib edilərək, məhkəmə kollegiyasına təqdim edilmiş müayinə aktından görünür ki, mənzil orderdə qeyd edilmiş həcmdə və ölçülərdə mövcuddur, yalnız daxili elementlərində 1 otağın ikiyə bölünməsi qismində düzəliş edilmişdir. Bununla yanaşı, orderdə yazılmış adlara sonradan düzəliş edilməsi ilə bağlı imtinanın dəlilinə münasibətdə qeyd olunur ki, orderin verilməsinə əsas olmuş sənədlər arxivdə mövcud olmadığına görə iddia olunan düzəlişin əsaslarını və mötəbərliyini müəyyən etmək mümkün deyildir. Bu hal isə iddiaçının ziyanına şərh oluna bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun -2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(120)-2521/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar