Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-148/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçı X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(120)- 1539/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 1986-1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda və digər müəssisələrdə işləmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdeh 31 oktyabr 2022-ci il tarixli, **********8 saylı məktubla iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1986-1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda və digər müəssisələrdə işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(120)1539/2023 nömrəli qərardadı ilə iddia tələbinə “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, onun 1986-1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda və digər müəssisələrdə işlədiyi illər əmək stajı kimi nəzərə alınmaqla, ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 05 iyul 2023-cü il tarixli, 2-1(120)- 78/2023 saylı qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya verilmiş imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının “Qələbə” kolxozunda işlədiyi və əməkhaqqı aldığını iddia etdiyi 1986-1996-cı il tarixləri arasındakı illər onun sosial sığorta stajına daxil edilməmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün, iddiaçı S.Şıxəliyeva güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Buna əsas olaraq bildirilir ki, iş üzrə icraat materiallarına əlavə olunan İmişli rayon Dövlət Arxivinin 30 sentyabr 2022-ci il tarixli 108 nömrəli arayışından görünür ki, iddiaçının sabiq İmişli rayobnu, Qələbə kolxozunda işlədiyi 1986-1996-cı illər üzrə minimum adam günü norması 260 gün olaraq göstərilsə də, həmin illər üzrə iddiaçının “il ərzində işlədiyi adam günləri miqdarı” qeyd olunmamışdır. Buna görə də həmin dövrlər onun ümumi iş stajına daxil edilməmişdir. Eyni zamanda materiallardan məlum olur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 24412,17 manat təşkil edir. Bu isə müraciət edən əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının məbləğindən (34560 manat) aşağıdır. Qeyd olunanlara əsasən hesab edilir ki, cavabdehin imtinası qanuni olmuşdur. Birinci instansiya məhkəməsi 31 avqust 2023-cü il tarixli 2-1(106)-1539/2023 saylı qərarında iddiaçının “Qələbə” kolxozunda işlədiyi dövrdə yerinə yetirdiyi adam günü normalarının qeyd olunmamasına münasibətdə X10 xx.xx.2023-cü il tarixli məktubuna əsaslanmışdır. Belə ki, məhkəmə həmin dövrdə rayonda fəaliyyət göstərmiş kolxozlar üzrə bir qayda olaraq kolxozçuların son hesablaşma kitablarında yerinə yetirdikləri adam günü normalarının qeyd olunmadığını bildirmiş, arxiv arayışında illik qazancla bağlı ümumi göstəriciyə əsasən əməkhaqqı aldığını qeyd edərək əsassız və qanunsuz qərar qəbul etmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(120)-1539/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(120)- 1539/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşin faktiki hallarından və iş materiallarında olan sübutlardan müəyyən olunur iddiaçının 01 iyul 2022-ci ildə 60 yaşı tamam olmuşdur. Onun 60 yaşına uyğun tələb olunan 25 ildən artıq ümumi iş stajı və 12 il 6 aydan artıq zərərli iş stajı vardır. Onun xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olması inzibati icraat materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 425 nömrəli arayışı və NZ ******* nömrəli hərbi bilet ilə, xx.xx.1982xx.xx.1984-cü illərdə SMD-2 də, xx.xx.1984-xx.xx.1985-ci illərdə SMD-də, xx.xx.2003xx.xx.2004-cü illərdə Azərbaycan Dövlət Dəmiryolu İmişli stansiyasında post növbətçisi, xx.xx.2004-xx.xx.2006-cı illərdə Azərbaycan Dövlət Dəmiryolu İmişli stansiyasında post növbətçisi, xx.xx.2006-xx.xx.2021-ci illərdə qatar tərtibçisi işləməsi xx.xx.1982-ci il tarixli, NT-İ № ******* nömrəli əmək kitabçası və “Azərbaycan Dəmir Yolları QSC-nin arayışı ilə, 1986-1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda işləməsi və əmək haqqı alması İmişli rayon Dövlət Arxivinin 30 sentyabr 2022-ci il tarixli, 108 nömrəli arxiv arayışı, NT-İ № ******* nömrəli əmək kitabçası, həmçinin məhkəmənin sorğusu əsasında İmişli rayon Dövlət Arxivi tərəfindən göndərilmiş kolxozun şəxsi hesab kitabları ilə təsdiq olunur. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (Nəqliyyat 21-ci bölməsinin 21.4-ci bəndində) göstərilən vəzifədə 12 il 6 aydan artıq iş stajı vardır. Onun xx.xx.2006-xx.xx.2021-ci illərdə Azərbaycan Dövlət Dəmiryolunda işlədiyi qatar tərtibçisi vəzifəsi qeyd olunan Siyahıda (Nəqliyyat 21-ci bölməsinin 21.4-ci bəndində) qatar tərtibçiləri adı altında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan və xx.xx.2023- cü il tarixli, 3-17-1/2-37472/2023 nömrəli etirazından görünür ki, iddiaçının pensiya hüququ verən yaş həddinə çatması, həmçinin pensiya təyin edilməsi üçün kifayət edən güzəştli vəzifəsinin olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin ilkin imtinasından və apellyasiya şikayətinin dəlillərindən görünür ki, mübahisə yalnız iddiaçı S.Şıxəliyevin 25 il sığorta stajının olmaması (cavabdehin fikrincə iddiaçının 23 il 06 ay 20 gün sığorta stajı vardır) və eləcə də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin (24412,17 manat) fərdi hesabın sığorta hissəində qeydə alınmalı olan pensiya kapitalının məbləğindən (34560 manat) aşağı olması ilə bağlıdır. Yəni, cavabdeh inzibati orqan iddiaçının İmişli rayon Dövlət Arxivinin 30 sentyabr 2022-ci il tarixli, 108 nömrəli arxiv arayışında göstərilən 1986- 1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda işlədiyi dövrlərə dair təqdim edilmiş arxiv arayışında il ərzində işlədiyi adam günləri miqdarının qeyd edilməməsi səbəbindən həmin illəri sığorta stajı kimi qəbul etmir. Apellyasiya şikayətində cavabdehin mübahisələndirdiyi dəlillər iddiaçının əmək kitabçasında qeyd olunmuş 1986-1996-cı illərdə İmişli rayonu, “Qələbə” kolxozunda işlədiyi dövrlər ərzində Qələbə kolxozunda minimum adam günü norması 260 gün olaraq göstərilsə də, həmin illər üçün iddiaçının il ərzində işlədiyi adam günləri miqdarı qeyd olunmamışdır. Bu səbəbindən həmin dövrlər iddiaçının əmək stajına daxil edilməmiş və mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri (1986-1996-cı illərdə İmişli rayonu, “Qələbə” kolxozunda işlədiyi dövrləri) və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 30 sentyabr 2022-ci il tarixli, 108 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1986-1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda işləmiş və əmək haqqı almışdır. Həmçinin arayışın illik qazanc hissəsində 1986-cı il üzrə 4305, 1987-ci il üzrə 3519, 1988-ci il üzrə 2535, 1989-cu il üzrə 4048, 1990-ci il üzrə 4585, 1991-ci il üzrə 3519, 1992-ci il üzrə 38420, 1993-cü il üzrə 195840, 1994-cü il üzrə 212940, 1995-ci il üzrə 932800, 1996-cı il üzrə 560000 olması qeyd edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında göndərilmiş İmişli rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-22RA/2-100/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Dövlət Arxivində, 15-ci fondda mühafizə olunan və saxlanılan 1986-1996-cı illərdə İmişli rayonunda fəaliyyət göstərmiş “Qələbə” kolxozunun, kolxozçuların son hesablaşma kitablarında adam günü normaları qeyd olunmamışdır. Rayon ərazisində fəaliyyət göstərmiş kolxozların İmişli rayon Dövlət Arxivində mühafizə olunan son hesablaşma kitablarında yerinə yetirilmiş adam günləri heç də tam olaraq göstərilməmişdir. Kollektiv təsərrüfatlar olan kolxozlarda illik qazanc kolxozun ümumi gəlirindən asılı olduğu üçün bu göstəricilər fərqli olmuşdur. Hətta kolxozun tərkibində fəaliyyət göstərmiş briqadalarda da bu fərqlidir. Şirvan Apellyasiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli məktubuna əsasən S.Şıxəliyevin 1986-1996-cı illər ərzindəki dövrdə İmişli rayonu, Qələbə kolxozundakı əmək fəaliyyətinə dair qarşılıqlı yoxlama aparılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 mart 2024-cü il tarixli məktubuna əlavə edilmiş qarşılıqlı yoxlamanın aparılmasına dair 05 mart 2024-cü il tarixli Aktda qeyd edilmişdir ki, vətəndaş X1 rayonu, “Qələbə” kolxozunda işləmişdir. Vətəndaşın 1990-cı ildə almış olduğu əmək haqqında düzəliş olduğu və 1995-ci ildə almış olduğu əmək haqqında qaralama olduğu müəyyən edilmişdir. Akt “Qələbə” kolxozunun İmişli rayonu, Dövlət Arxivində saxlanılan son hesablaşma kitablarına əsasən apaılmış və İmişli rayon Dövlət Arxivi tərəfindən tərtib olunmuş 30 sentyabr 2022-ci il 108 nömrəli “arayışın” doğruluğu tərəflərindən müəyyən olunmuşdur. “Qələbə” kolxozunun protokol kitablarının İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən vətəndaşın işə daxil olma və işdən azad olma tarixlərini müəyyən etmək mümkün olmadı. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, 1986-cı ildən 1996-cı ilə qədər “Qələbə” kolxozunda sıravi kolxozçu kimi işləmiş və işlədiyi dövrlərdə adam günü normasını tam yerinə yetirmiş və tam yetirdiyi normaya uyğun ona əmək haqqı verilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında və arxiv arayışında olan qeydlərə uyğun işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş, əmək haqqı almış və müvafiq əmrlə işdən xaric olmuşdur. İddiaçıya məxsus əmək kitabçasında onun 01.İV.1985-ci ildə İmişli rayonu, “Qələbə” kolxozuna sıravi kolxozçu kimi qəbul edildiyi, 31.Xİİ. 1996-cı ildə “Qələbə” kolxozunin İslahata getməsi ilə əlaqədar olaraq işdən azad edildiyi müəyyən olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1986-1996-cı illərlə bağlı olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Başqa sözlə məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 1986-cı ildən 1996-cı il tarixədək olan iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Bundan başqa, işdə olan İmişli rayon Dövlət Arxivinin 30 sentyabr 2022-ci il tarixli, 108 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1986-1996-cı illərdə İmişli rayonu “Qələbə” kolxozunda işləmiş və əmək haqqı almışdır. Həmçinin arayışın illik qazanc hissəsində 1986-cı il üzrə 4305, 1987-ci il üzrə 3519, 1988-ci il üzrə 2535, 1989-cu il üzrə 4048, 1990-ci il üzrə 4585, 1991-ci il üzrə 3519, 1992-ci il üzrə 38420, 1993-cü il üzrə 195840, 1994-cü il üzrə 212940, 1995-ci il üzrə 932800, 1996-cı il üzrə 560000 olması qeyd edilmişdir. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1986-1996-cı illərə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdıdır. İddiaçının adına verilmiş arxiv arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, İmişli rayonu “Qələbə” kolxozunda kişilər üçün minimum əmək günü (iş günü) norması 1986-1996-cı illərdə 260 adam günü olmuşdur. Buna qarşılıq, iddiaçı tərəfindən yerinə yetirilmiş minimum əmək iştirakı norması yazılmamış, lakin 1986-1996-cı illərə münasibətdə illik qazancı barədə məlumatlar yazılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “İmişli rayon Dövlət Arxivində, 15-ci fondda mühafizə olunan və saxlanılan 1986-1996-cı illərdə İmişli rayonunda fəaliyyət göstərmiş “Qələbə” kolxozunun, kolxozçuların son hesablaşma kitablarında yalnız iddiaçının deyil, digər kolxozçularında yerinə yetirilmiş adam günü normaları qeyd olunmamışdır. Cavabdehin 1986-1996-cı illərdə İmişli rayonunda fəaliyyət göstərmiş “Qələbə” kolxozunda iddiaçının il ərzində işlədiyi adam günlərinin miqdarının yazılmaması səbəbindən müvafiq illər və ayların onun iş stajına daxil edilə bilməməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən tarixlərdə sözügedən kolxozda işlədiyini, adam günü normasını tam yerinə yetirdiyini və əmək haqqı aldığını bildirir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və yaxud minimum adam günündən aşağı həddə işləməsi barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının həmin dövrlərdə kolxozda işləməsi və əmək haqqı alması iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus arxiv sənədlərində yerinə yetirilmiş adam günlərinin yazılmaması və yaxud sənədləşmə işlərinin tam həyata keçirilməməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını və arxiv arayışlarını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Cavabdeh tərəfindən etiraz məktubunda, o cümlədən apellyasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının tələb olunan məbləğdən az olması ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində yuxarıda aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda məhkəmə kolegiyası hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 24412,17 manat təşkil etməsi, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının məbləğindən (34560 manat) aşağı olması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. O cümlədən, 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 - 9.3-cü, 9.6-cı və 9.7-ci maddələri yeni redaksiyada verilmişdir. Yeni redaksiyada olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində qeyd edilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni, yeni redaksiyaya görə “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” ifadəsi Qanunun həmin maddəsindən çıxarılmışdır. Başqa sözlə, həmin Qanunun qüvvəyə mindiyi gündən sonra güzəştli şərtlər daxilində yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının tələb oluması şərti aradan qalxmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının güzəştli şərtlər daxilində yaşa görə əmək pensiya hüququ yeni Qanunun qüvvəyə mindiyi gündən sonra (2022-ci ilin iyul ayında) yaranır. Bu baxımdan əvvəlki yəni, qüvvədən düşmüş Qanun (pensiya kapitalının tələb olunmasına nisbətdə) iddiaçıya münasibətdə tətbiq oluna bilməz. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(120)-1539/2023 saylı qərаrı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-148/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-148/2024
11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver