Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-149/2024 11.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, iddiaçının vəkili nümayəndəsi Vəkil1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1212/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı "ezamiyyət xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Sabirabad Asan Xidmət Mərkəzində ezamiyyətdə olduğu müddət ərzində verilməli olan 8127 manat məbləğində ezamiyyət xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 06 sentyabr 2023-cü il tarixli, 2- 1(120)-1212/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci insatnsiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən yol xərcini təsdiq edən sənədlər cavabdehə təqdim edilməməsi səbəbindən ona ezamiyyət xərclərinə görə ödəniş hesablanmamışdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yol xərcinin ödənilməsi üçün yalnız müvafiq təsdiqedici sənədlər təqdim edilməsi şərtdir. Yəni işçi yaxın məsafəyə ezam olunmuşdursa və müvafiq ezamiyyə xərclərini tələb edirsə, ilki növbə də xərcləri təsdiq edən müvafiq təsdiqləyici sənədlər təqdim etməli, eləcə də respublika ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda nəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlərlə sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının ezamiyyədə olduğu öz təsdiqini tapsa da, tələblərə uyğun olaraq xərcləri təsdiq edən müvafiq sənədlər barədə məhkəməyə heç bir subut təqdim etməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhər PŞ-nin QŞVQ-nin rəisi vəzifəsində işləmiş, Azərbaycan Respublikası DİN-nin xx.xx.2022-ci il tarixli Ə2494-001-22 №li əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Xidmətdə olduğu vaxt AR DİN-nin xx.xx.2015-il tarixli, Ə 19- 001-15 saylı və xx.xx.2015-ci il tarixli, Ə 936-001-15 saylı əmrləri ilə xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək Sabirabad ASAN Xidmət Mərkəzində ezamiyyətdə olmuşdur. Ezamiyyət xərclərin ödənilməsi ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə müraciətlər (raport) etsə də 8127 manat məbləğində ezamiyyət xərci (301 gün 27 manat =8127 manat) bu vaxtadək ona ödənilməmişdir. Bununla əlaqədar o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə müraciət etmiş. Lakin ona bildirmişlər ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 İİ hissəsinin 3-cü bəndinə əsasən özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilməlidir. Şirvan səhərindən Sabirbad rayonuna olan məsafənin gündəlik yaşayış yerinə qayıtmağa imkan verdiyi üçün təsdiqedici sənədlər təqdim edilməlidir. Sabirabad ASAN Xidmət Mərkəzində saat 10:00-dan axşam 20:00-dək işdə olurmuşdur. Yorucu iş günü sonu istirahət etmək üçün pulunu ödədiyi mehmanxanda qalmış, səhərlər işə getmişdir. Şirvan şəhərindən Sabirabad ASAN Xidmət Mərkəzinə olan məsafə 51 km-dir həmin məsafəni gediş-gəliş yolda 90-100 dəqiqə vaxt sərf olunur. Həmçinin saat 20:00-da işdən çıxmaqla hansı nəqliyyatla Şirvan şəhərinə qayıda bilməsi halı cavabdeh tərəfindən tam aydınlaşdırmadan ona imtina cavabı verilmişdir. Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları haqqında" 25 yanvar 2008-ci tarixli 14 nömrəli Qərarına (sonrakı əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərci və gündəlik xərclər daxildir. Gündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün ödənilən ezamiyyə xərclərinin 1 günlük normasının 20 faizini təşkil edir həmçinin gündəlik xərcə yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxildir. Mehmanxana xərci - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün ödənilən ezamiyyə xərclərinin 1 günlük normasının 80 faizini təşkil edir. Mehmanxana xərcləri təqdim edilən təsdiqedici sənədlər əsasında ödənilir, lakin təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir. Ezamiyyə xərclərinin normaları haqqında Qərara əsasən Azərbaycan Republikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhəri üzrə 65 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 50 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 45 manat müəyyən edilmişdir. (2015-ci il tarixə ona qanunvericilik) Mehmanxana xərcinin və gündəlik xərcin təsdiqedici sənədləri olmadığı üçün gündəlik mehmanxana xərci normasınin 50 faizi yəni 18 manat ( 36 x 50% = 18 manat) və norma daxilində gündəlik xərc üçün sənəd tələb olunmadığı üçün 9 manat (45 x 20% = 9 manat) təşkil edir. Bu halda ezamiyyət xərci 8127 manat hesablanmalıdır (301 gün * 27 manat = 8127 manat). Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarxli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 2-ci hissəsinin 3-cü bəndinə əsasən özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olnduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti yerinə yetirilən tapşırığın xarakteri həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir. Şirvan və Sabirabad şəhərləri arasında məsafə 42 km təşkil edir. Bu məsələ gündəlik yaşayış yerinə qayıtmağa imkan verdiyi üçün iddiaçı tərəfindən yol xərclərini təsdiq edənmüvafiq sənədlər (bilet və.s) təqdim edilmədiyini nəzərə alaraq iddiaçıya ezamiyyə pulunun ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu və dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq apellyasiya şikayətinin məzmunu ilə oxşar izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 əvvəlki məhkəmə iclasında şikayətin dəlillərini qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçıya verilmiş ezamiyyə vərəqələrində, həmçinin müvafiq əmrlərdə xərclərin ödənilməsi barədə göstəriş olmamış, həmçinin iddiaçının Şirvan şəhərindən Sabirabad rayonuna məsafə baxımından gündəlik gedib gəlmək imkanı olmuşdur. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Belə ki, surətləri iş materiallarına əlavə edilmiş: -İddiaçı Şirvan şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli raportlarından görünür ki, ona ezamiyyət xərcinin ödənilməsi üçün aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. -Şirvan şəhər Polis şöbəsinin xx.xx.2015-ci il tarixli, 22 nömrəli ezamiyyət vərəqəsindən görünür ki, Dadaşov X1 “ASAN” xidmətdə 140 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmaqla) ezam olunmuşdur. -Şirvan şəhər Polis şöbəsinin xx.xx.2015-ci il tarixli, 269 nömrəli ezamiyyət vərəqəsindən görünür ki, Dadaşov X1 “ASAN” xidmətdə 161 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmaqla) ezam olunmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 219-001-15 nömrəli əmrindən görünür ki, Şirvan şəhər Polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis mayoru Dadaşov X1 “ASAN xidmət” mərkəzinə müvəqqəti ezam olunmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 2936-001- 15 nömrəli əmrindən görünür ki, Sabirabad “ASAN xidmət” mərkəzinə müvəqqəti ezam edilmiş Şirvan şəhər Polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis mayoru İddiaçı daimi xidmət yerinə qaytarılmışdır. -Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnavasiyalar üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, Sabirabad regional “ASAN xidmət” mərkəzində 2015-ci il tarixdə iş rejimi həftəiçi 10:00dan 20:00-dək, həftəsonu isə 10:00-dan 17:00-dək olmuşdur. -"xxxx" Açıq Səhmdar Cəmiyyətin 16 iyul 2024-cü il tarixli, 01-216 nömrəli məktubundan görünür ki, 2015-ci ilin yanvar-dekabr aylarında Sabirabad-Şirvan istiqamətində marşrutların sonuncu yola düşmə saatı 17:40 olmuşdur. -Ambulator kitabçadan çıxarış”dan görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə “Şəkərli diabet tip 2, agır gedişli, insulin tələbi ilə” diaqnozu qoyulmuşdur. Göründüyü kimi iddiaçı 2015-ci ildə Şirvan şəhər Polis şöbəsinin əməkdaşı olaraq il ərzində cəmi 301 gün Sabirabad “ASAN xidmət” mərkəzində ezamiyyətdə olmuş, bunun müqabilində müvafiq ödəniş tələb etsə də cavabdeh orqan xərclərlə bağlı sübut təqdim edilməli olması və iddiaçının məsafə baxımından ezamiyyə yerinə gedib-gəlmək imkanının olması əsası ilə iddiaçının müraciətinin müsbət həllindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin normaları”nın: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. 1-1.Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.[3]
4. ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.
5. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.
6. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci i! tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3’nın 2-ci hissəsinin 3-cü bəndinə əsasən özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi mövcud qanunvericilik ezam olunan işçiyə ezamiyyə xərclərinin ödənilməsini iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanının olub-olmaması, məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi ilə şərtləndirmişdir. Hazırki mübahisə üzrə iddiaçının ezam edildiyi Sabirabad rayonunun Şirvan şəhərindən təqribən 40-50 km məsafədə yerləşməsi və iddiaçının həftəiçi hər gün saat 20:00-da işdən çıxaması, eyni zamanda həmin saatlarda həmin rayondan iddiaçının daimi yaşayış yeri istiqamətində ictimai nəqliyyatın olmaması iddiaçının ezam günlərində ezam edildiyi ərazidə qalması ilə bağlı dəlillərinin əsaslı olmasının deməyə əsas verir. Məhkəmə kollegiyasının bu qənaəti həm də ondan qaynaqlanır ki, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli ezamiyyət vərəqələrinin özündə də iddiaçının gündəlik deyil, 161 gün və 140 gün davamlı olaraq ezamiyyətdə olması öz əksini tapmışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, iddiaçının daimi yaşayış yerinə hər gün qayıdıb-qayıtmamasına, ümumiyyətlə qayıtmaq imkanının olub olmamasına, buna rəğmən ezam edildiyi ərazidə qalmaq məcburiyyətində qalması baxımından ezam xərclərinin yaranması əsaslarını araşdırmamış, yalnız iddiaçının yol xərcləri ilə bağlı təsdiqedici sənədlər təqdim etməməsi əsası ilə iddianı əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həqiqətən 301 gün ezamiyyətdə olması səbəbindən ona mövcud qanunvericiliyin müəyyən etdiyi qaydada, yəni mehmanxana xərcinin və gündəlik xərcin təsdiqedici sənədləri olmadığı üçün gündəlik mehmanxana xərci normasınin 50 faizi yəni 18 manat ( 36 x 50% = 18) və norma daxilində gündəlik xərc üçün sənəd tələb olunmadığı üçün 9 manat (45 x 20% = 9) olmaqla, cəmi 8127 manat (301 gün * 27 manat= 8127) ezamiyyə xərcini tələb etməkdə haqlıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1212/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Sabirabad regional “Asan xidmət” mərkəzində ezamiyyətdə olduğu müddət ərzində ödənilməli olan 8127 (səkkiz min bir yüz iyirmi yeddi) manat məbləğində ezamiyyət xərcinin ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.