Məhkəmə qərarları › İş №2-1(106)-15/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-15/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-15/2023 29.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2-1(120)-945/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 19 avqust 2022-ci il tarixli, 2-1(120)-945/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi xidmət illəri də daxil olmaqla 46 il "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsində müxtəlif peşə və vəzifələrdə işləmişdir. Bu illər ərzində Yeni Ələt-Horadiz sahəsində yerləşən magistral dəmir yolu xəttində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilən müvafiq Siyahının 21.4-cü bəndində qeyd olunan ayrı-ayrı kateqoriyalı peşə və vəzifələrdə işləmiş, ümumi iş stajının 23 ildən çoxunu ağır, zərərli və çətin iqlim şəraitində işlədiyi iş stajı təşkil edir. Bu, işlədiyi müəssisə rəhbərliyinin təqdim etdiyi arayışda da öz təsdiqini tapmışdır. Belə ki, o, yol montyoru, briqadir, defektoskop operatoru, emalatxana fəhləsi və nəhayət, sahə rəisinin yol təmiri üzrə müavini işlədiyi dövrlərdə dəmir yolunda mazutla hopdurulmuş şpalların üzərində mazutun zərərli qoxusunu udmaqla, başının üzərində isə 3500 volt gərginliklə yüklənmiş elektrik xəttindən şüalanmaya məruz qalmışdır ki, bu da, zərərli iş şəraiti sayılır. Bütün bunlar onun sağlamlığında öz izini buraxmışdır və çətinliklə nəfəs alır. Bundan əlavə, o, işlədiyi Yeni Ələt-Şirvan çeşidləmə sahəsində su mənbəyi olmadığı üçün çən vaqonları ilə bu əraziyə daşınan sulardan günlərlə istifadə etmiş və həmin ərazilər vaxtilə qoruq olduğu üçün teztez zəhərli ilanların və zərərli həşərətların hücumuna məruz qalmışdır. İnsanlar yaşamayan bu səhralıq ərazilərdə o, tez-tez çox güclü küləklərin, qarın, çovğunun və yağışın təsirlərinə məruz qalmışdır ki, bütün bunlar da onun sağlamlığına öz təsirini göstərmişdir. İnsanlar yaşamayan bu səhralıq ərazilərdə o, tez-tez çox güclü küləklərin, qarın, çovğunun və yağışın təsirlərinə məruz qalmışdır ki, bütün bunlar da onun sağlamlığına öz təsirini göstərmişdir. Hətta ağır, zərərli və çətin iqlim şəraitində işlədiyinə görə dövlət tərəfindən 23 il aylıq maaşının üzərinə 15% miqdarinda pul vəsaiti hesablanıb verilmişdir. Onun işlədiyi peşə və vəzifələrdə işləyən onlarla tanıdığı insanlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1987-ci il tarixdən bugünədək "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsində işlədiyi briqadir, mühəndis, operator köməkçisi və rəis müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci (Nəqliyyat) bölməsinin 21.4-cü (Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) bəndində nəzərdə tutulmadığından onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir (9 ay 28 gün (xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövrlər)). Beləliklə, güzəştli iş stajının 9 ay 28 gün təşkil etməsi səbəbindən iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə pensiya təyinatının aparılması mümkün deyildir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək (9 ay 28 gün) yol montyoru peşəsində işlədiyi dövr istisna olmaqla iddiaçının dəmiryol nəqliyyatı sahəsində işlədiyi briqadir, mühəndis, operator köməkçisi və rəis müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci (Nəqliyyat) bölməsinin 21.4-cü (Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər) bəndində nəzərdə tutulmamışdır və bu səbəbdən onun 12 il 6 aydan az güzəştli iş stajı vardır. Belə olan halda da, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Birinci instansiya məhkəməsi iş materiallarında olan "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsi tərəfindən verilmiş arayışları mötəbər sübut kimi qəbul edərək iddia tələbini təmin etmişdir. Lakin həmin arayışlarda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələri yerinə yetirmiş olması dolğun əsaslandırılmamışdır. Həmçinin iş materiallarında olan "xxxx" QSC tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-1/2-73/2023 nömrəli məktubda da iddiaçının güzəştli iş stajının 9 ay 28 gün təşkil etdiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, xx.xx.1976-cı il tarixdən hal-hazıradək dəmiryol nəqliyyatı sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci (Nəqliyyat) bölməsinin 21.4-cü (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) bəndində qeyd olunan ayrı-ayrı kateqoriyalı peşə və vəzifələrdə işləmişdir və onun 12 il 6 aydan artıq güzəştli iş stajı vardır. O, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək yol montyoru, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək fəhlə, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək briqadir, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək məntəqə üzrə texnik və xx.xx.2011-ci il tarixdən hal-hazıradək rəis müavini işlədiyi dövrləri güzəştli iş stajı hesab edir. Onun işlədiyi yol montyoru peşəsindən başqa digər peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda birbaşa nəzərdə tutulmasa da, iş materiallarında olan "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsi tərəfindən verilmiş arayışlarda da qeyd edildiyi kimi, o, sözügedən Siyahıda nəzərdə tutulmuş peşə və vəzifələri icra etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Saatlı şəhərində doğulmuş, Saatlı şəhəri, H.Əliyev prospekti, ev 73-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Dəmir Yollarının Saatlı distansiyasında xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək yol montyoru, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək süni qurğuların əsaslı təmiri üzrə fəhlə, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək fəhlə, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək defektoskop operatorunun köməkçisi, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək mexanik, xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək distansiya mühəndisi, 8 nömrəli “Aqrarsənayetikinti” tresti 142 nömrəli Rayonlararası Səyyar Mexanikləşdirilmiş Dəstədə xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək briqadir, Azərbaycan Dəmir Yollarının Saatlı distansiyasında xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək distansiya üzrə mülki müdafiə işləri üzrə mühəndis, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək defektoskop operatorunun köməkçisi, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək emalatxana müdiri, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək distansiya mühəndisi, xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək baş mühəndis, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək sahə mühəndisi, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək məntəqə üzrə texnik peşələrində işləmiş, "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsində xx.xx.2011ci il tarixdən hal-hazıradək rəis müavini vəzifəsində işləyir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərdə İddiaçı xx.xx.1987-ci il tarixdən bugünədək "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsində briqadir, mühəndis, operator köməkçisi və rəis müavini vəzifələrində işlədiyi qeyd edilmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci (Nəqliyyat) bölməsininin 21.4-cü (Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 28 gün (xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd edilənlərə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 201 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı hal-hazırda "xxxx" QSC-nin dəmir yolların təmiri ilə məşğul olan 8 nömrəli Saatlı yol sahəsində istehsalatda dəmir yolların cari təmiri üzrə rəis müavini işləməklə dəmir yolunda 46 il fasiləsiz ümumi iş stajına malikdir. Bu müddət ərzində o, yol sahəsinin xidməti ərazisi olan Yeni Ələt-Horadiz sahəsində yerləşən Magistral dəmir yolu xəttində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahının 21.4-cü bəndində qeyd olunan müxtəlif peşə və vəzifələrdə ağır, zərərli və çətin iqlim şəraitində işləmişdir. Onun işlədiyi yol sahəsi 371,6 km magistral dəmir yolların təmiri ilə məşğul olur. Belə ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1980-cı ilədək 4 il 3 ay dəmir yolunda yol montyoru, körpü fəhləsi, 2 il hərbi xidmət dövründə də dəmir yol hərbi hissəsində yol montyoru işini icra etmiş, tərxis olunduqdan sonra yenidən dəmir yolunda dispetçer mərkəzləşməsinin tikintisi üzrə 3-cü dərəcəli fəhlə, dəmir yollarında relsdə qüsur axtaran briqadada (defektoskop) operator köməkçisi peşələrində işləmişdir. xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək MPMK-142 trestinin 8 nömrəli aqrar sənaye tikinti idarəsində 1 il 6 ay briqadir işində və xx.xx.1990-cı ildən xx.xx.1998-ci ilədək 7 il 5 ay yenidən dəmir yolunda çətin iqlim şəraitində texniki təhlükəsizlik sahəsində çalışmışdır. İddiaçı xx.xx.2011-ci il tarixdən hal-hazıra qədər 11 il yol sahəsində istehsalatda cari təmir üzrə rəis müavini işləməklə "xxxx" QSC rəhbərliyinin təsdiq etdiyi şəxsi normativə əsasən istehsalatda cari təmir üzrə rəis müavini aylıq iş günlərinin 75-80 faizini xidməti ərazidə, yəni istehsalatda yol montyorları, azad olunmuş yol briqadirləri və yol ustalarına istiqamət verib praktiki köməkliklər etmək üçün onlarla tam bir yerdə istehsalatda ağır, zərərli və çətin iqlim şəraitində işləmişdir və beləliklə o, ümumi iş stajının 24 ildən çoxunu ağır, zərərli və çətin iqlim şəraitində işləmişdir. Ümumiyyətlə, İddiaçı magistral dəmir yolunda qatarların təhlükəsiz hərəkətinin təmin olunmsı ilə əlaqədar işlədiyi bütün peşə və vəzifələrdə həmişə istehsalatla sırf təmasda olmaqla əlaqəli şəkildə işləmiş yol montyorları, yol briqadirləri və yol ustaları ilə birgə dəmir yolların təmiri işlərində çalışmışdir. Buna görə də, "xxxx" QSC rəhbərliyinin göstərişi əsasında ağır, zərərli və çətin iqlim şəraitində işlədiyi üçün hər ay onun vəzifə maaşının üzərinə 15% əlavə pul vəsaiti hesablanıb verilmişdir. Bu, tərəflərindən təqdim olunmuş illər üzrə əmək haqqı cədvəllərindən çıxarışda öz əksini tapmışdır. Eyni zamanda, əmək haqqı cədvəllərindən çıxarışda İddiaçı işlədiyi 46 il ərzində Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülmüş kifayət qədər tələb olunan kapital yığımına malik olması da məlumdur. Ona görə də, İddiaçı işlədiyi bütün dövrlər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın XXVİll fəsil. Nəqliyyat, kod 23001000- 19825 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahının 21.4-ci, yəni dəmir yolları nəqliyyatı bəndinə əsasən magistral dəmir yolunun əlaqə şəbəkəsinin yol montyoru və digər kateqoriyalı işçiləri güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdirlər. İddiaçı 12 il müddətində işlədiyi istehsalatda cari təmir üzrə rəis müavini, defektoskop operatoru, yol montyoru, tikinti briqadiri və digər peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahının 24.1-ci bəndində adları qeyd olunmuş yol montyoru və digər kateqoriyalı peşələrin iş xarakteristikası ilə eynilik təşkil edir. İşdə olan "xxxx" QSC tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-1/2-73/2023 nömrəli məktubda qeyd edilmişdir ki, sorğu edilən İddiaçı (AZE 0*******) ADY-nin Saatlı yol distansiyasında xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək yol montyoru, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək süni qurğuların əsaslı təmiri üzrə fəhlə, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixədək fəhlə, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək defektoskop operatorunun köməkçisi, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək mexanik, xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək mühəndis, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək mülki müdafiə işləri üzrə mühəndis, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək emalatxana müdiri, xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək baş mühəndis, Saatlı yol sahəsində xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək mühəndis, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək texnik vəzifələrində (peşələrində) çalışmışdır. xx.xx.2011-ci il tarixdən hal-hazıra kimi Saatlı yol sahəsində sahə rəisinin müavini vəzifəsində işləyir. Bu peşə və vəzifələrdən yalnız yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 22-ci abzasında nəzərdə tutulmuşdur. Müvafiq peşə üzrə İddiaçı iş stajı 9 ay 28 gün təşkil edir. İddiaçı Azərbaycan Dəmir Yollarında işlədiyi digər peşə və vəzifələr sözügedən Siyahıda nəzərdə tutulmuş hər hansı peşə və vəzifə ilə eynilik təşkil etmir. İddiaçı Saatlı yol distansiyası magistral dəmir yolları üzrə xidmət göstərmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.1959-cu il təvəllüdlü İddiaçı əmək kitabçasına və "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsi tərəfindən verilmiş güzəştli iş stajı barədə arayışa istinad edərək 25 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 12 il 6 ayından çoxunu güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajının olmadığını əsas gətirərək ona imtina cavabı vermişdir. İddiaçı da cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək hazırkı iddianı qaldırmışdır. İddiaçı qeyd edir ki, o, xx.xx.1976-cı il tarixdən hal-hazıradək dəmiryol nəqliyyatı sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci (Nəqliyyat) bölməsinin 21.4-cü (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) bəndində qeyd olunan ayrı-ayrı kateqoriyalı peşə və vəzifələrdə işləmişdir və onun 12 il 6 aydan artıq güzəştli iş stajı vardır. O, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək yol montyoru, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək fəhlə, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək briqadir, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək məntəqə üzrə texnik və xx.xx.2011-ci il tarixdən hal-hazıradək rəis müavini işlədiyi dövrləri güzəştli iş stajı hesab edir. Onun işlədiyi yol montyoru peşəsindən başqa digər peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda birbaşa nəzərdə tutulmasa da, iş materiallarında olan "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsi tərəfindən verilmiş arayışlarda da qeyd edildiyi kimi, o, sözügedən Siyahıda nəzərdə tutulmuş peşə və vəzifələri icra etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi isə qeyd edir ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək (9 ay 28 gün) yol montyoru peşəsində işlədiyi dövr istisna olmaqla iddiaçının dəmiryol nəqliyyatı sahəsində işlədiyi briqadir, mühəndis, operator köməkçisi və rəis müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci (Nəqliyyat) bölməsinin 21.4-cü (Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) bəndində nəzərdə tutulmamışdır və bu səbəbdən onun 12 il 6 aydan az güzəştli iş stajı vardır. Belə olan halda da, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olmaması ilə bağlı cavabdehin dəlili əsassızdır. İddiaçının "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsində xx.xx.1977-ci il tarixindən bugünədək olan dövr ərzində işlədiyi körpü fəhləsi, defektoskop briqadada operator köməkçisi, mühəndis vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlı 21.4-cü bölümündə yer alan peşələrlə uyğun olması, yəni eynilik təşkil etməsi "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsi tərəfindən verilmiş arayışlarla təsdiq edilir. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının xx.xx.1976-cı il tarixdən hal-hazıradək dəmiryol nəqliyyatı sahəsində işlədiyi yol montyoru peşəsindən başqa digər peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda birbaşa nəzərdə tutulmadığından, eləcə də iddiaçının və birinci instansiya məhkəməsinin istinad etdiyi "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsi tərəfindən verilmiş arayışlarda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifələri yerinə yetirmiş olması dolğun əsaslandırılmadığından işə apellyasiya qaydasında baxılarkən "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixli sorğu verilmişdir. Həmin sorğuda “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası”nda dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərinin adlarının, həmçinin onların xüsusiyyətlərinin göstərildiyi qeyd edilərək iddiaçının 1976-cı ildən hal-hazıradək işlədiyi iş yerləri, vəzifələri, peşələri və tarixləri tam dəqiq göstərilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işləməsi və həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş hansı peşə və vəzifə ilə eynilik təşkil etməsi barədə məlumat verilməsi, tarixlər tam dəqiq göstərilməklə iddiaçının işlədiyi ayrı-ayrı vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrlə eyniliyi müəyyən edilərkən qeyd ediləcəklərin əsaslandırılması, istinad edilən sənədlərin, vəzifə təlimatlarının və digər zəruri sənədlərin məhkəməyə təqdim olunması xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" QSC tərəfindən göndərilmiş xx.xx.2023cü il tarixli, 13-1/2-73/2023 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1976-cı il tarixdən hal-hazıradək dəmir yolu nəqliyyatı sahəsində işlədiyi vəzifə və peşələrdən yalnız yol montyoru peşəsi (xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək (9 ay 28 gün)) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndində nəzərdə tutulmuşdur. İddiaçının Azərbaycan Dəmir Yollarında işlədiyi digər peşə və vəzifələr sözügedən Siyahıda nəzərdə tutulmuş hər hansı peşə və vəzifə ilə eynilik təşkil etmir. Göründüyü kimi, məhkəmə araşdırması nəticəsində iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə hal-hazıradək qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli sığorta stajı müəyyən edilmədi. Eyni zamanda, sözügedən Siyahı üzrə halhazıradək qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli sığorta stajının olmasına dair iddiaçı tərəfindən də məhkəməyə hər hansı mötəbər sübut (sənəd) təqdim edilməmişdir. İddiaçının qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli sığorta stajının olmasına dair iddiaçının və birinci intansiya məhkəməsinin istinad etdiyi "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsi tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli sığorta stajını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışlarda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifələri yerinə yetirmiş olması dolğun əsaslandırılmamışdır. Həmçinin işə apellyasiya qaydasında baxılarkən "xxxx" QSC-nin məktubuna əsasən iddiaçının Azərbaycan Dəmir Yollarında işlədiyi yol montyoru peşəsindən başqa digər peşə və vəzifələrin sözügedən Siyahıda nəzərdə tutulmuş hər hansı peşə və vəzifə ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının hal-hazıradək qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli sosial sığorta stajı müəyyən edilmədiyindən məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il ümumi sosial sığorta stajına malik olub-olmaması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-verməməsi istiqamətində araşdırma aparılmasına zərurət olmadığını hesab edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, halhazıradək qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli sosial sığorta stajı müəyyən edilmədiyindən İddiaçı iddia tələbində haqlı deyildir. Həmçinin birinci instansiya məhkəməsi də iş üzrə düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2-1(120)-945/2022 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2-1(120)-945/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar