Məhkəmə qərarları › İş №2-1(106)-151/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-151/2022

28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-151/2022 28.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə (Açar sözlər: pensiyasının yenidən hesablanması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərgin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(120)-425/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1943-cü ildə anadan olmuşdur. 57 yaşdan, 01 iyul 2000-ci ildən ona “X4” Qanunun 9-cu maddəsinə uyğun güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab etmiş ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq ona əmək pensiyası hesablanan zaman onun güzəştli şərtlərlə bağlı şəraitdə işləməsi nəzərə alınmamış bu səbəbdən o, yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi üçün inzibati orqanlara müraciətlər etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli, **********4 saylı məktubunda cavabdeh iddiaçının müraciətini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, “xx.xx.2000-ci il tarixdən ilkin təyinat olaraq “X4 Qanun”un 9-cu maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunduğu dövrdə 35 il 07 ay əmək stajı və 58,1 manat əmək haqqı nəzərə alınmaqla hal-hazırtda 219,44 manat əmək pensiyası alırsınız. Nəzərinizə çatdırırıq ki, müraciətinizdə qeyd etdiyiniz əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmanız sizə pensiya təyin olunarkən nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı 16 dekabr 2020-ci il tarixli, **********5 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən yenidən imtina etmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, “X4” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2020-ci il tarixindən etibarən 255,87 manat müəyyən edilmişdir. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 255,87 manat məbləğində olmaqla Mərkəzi filial tərəfindən müvafiq kart hedsabınıza köçürülür”. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onun əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, 1965-ci ildən Şirvan şəhərində (keçmiş Əli-Bayramlı şəhəri) yerləşən Əli-Bayramlı “X7” qapalı şəraitdə 5-ci dərəcəli qaz qaynaqçısı peşəsində işləmişdir. Bununla yanaşı digər idarə və müəssisələrdə 5-ci dərəcə ilə qaz qaynaqçısı işləmişdir. Mövcud qanunvericiliyə əsasən 2002-ci ildə 59 yaşında, 37 il əmək stajı olmaqla “güzəştli şərtlərlə” təqaüdə göndərilmişdir. Qapalı şəraitdə və zərərli əmək fəaliyyətinin ümümi müddəti 21 il, 4 ay, 5 gün təşkil edir. Bu illər ərzində işlədiyi peşə və mühit Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq olunmuş, 2 saylı siyahının 10-cu bölməsinin 2-ci bəndinə əsasən “güzəştli şərtlərlə pensiya” təyin etmək hüququ verən vəzifə və peşə kateqoriyalarına aiddir. “X4” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən X4 Azərbaycan Respublikasının Qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “X4” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiyasına əsasən, axrıncı iş yerindən aslı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehlatlatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşa çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 82.2-ci maddəsinə əsasən, normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. «X4» Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların güvvəsi geriyə şamil edilir. “Normativ hüquqqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə güvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Bu Qanunun 88.1-ci maddəsinə əsasən, normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə görə hər bir şəxs cəmiyyətin üzvü kimi sosial təminat hüququna və milli səylər və beynəlxalq əməkdaşlıq yolu ilə və hər bir dövlətin strukturu və ehtiyaclarına uyğun olaraq onun ləyaqətinin müdafiəsi və şəxsiyyətinin azad inkişafı üçün iqtisadi, sosial və mədəni sahələrdə hüquqlara malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq ona əmək pensiyası hesablanan zaman onun güzəştli şərtlərlə bağlı şəraitdə işləməyi nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə qərarı ilə onun əmək pensiyası yenidən hesablanmalı və təyin olunmuş əmək pensiyama dəyişiklik edilməlidir. İddiaçı göstərilənlərə əsaslanaraq, onun əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək, ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsini xahiş etmişdir. Cavabdehin 16 dekabr 2020-ci il tarixli, **********5 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “X4” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyası xx.xx.2020-ci il tarixindən etibarən 255,87 manat müəyyən edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1965-ci ildən əmək kitabçası əsasında Şirvan şəhərində yerləşən Əli-Bayramlı “X7” qapalı şəraitdə 5-ci dərəcə ilə qaz qaynaqçısı işləmişdir. Güzəştli pensiya hüququ verən sahələrdə 21 il 04 ay 05 gün stajı vardır. Tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı artıqlaması ilə toplamışdır. Lakin həmin dövrdə onunla birlikdə işləmiş iş yoldaşlarından olduqca az məbləğdə pensiya alır. İşin hallarından göründüyü kimi, İddiaçı 2000-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Şirvan rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya 2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar- 45 yaşına çatdıqda və azı 15 i l i ş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər- 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanununa əsasən həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin vaxtda qanunda pensiyanın əmək haqqına uyğun hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının “X4” Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun yaşa görə pensiyaların məbləğini müəyyən edən 17-ci maddəsinin 1-ci bəndinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Həmin maddənin 3-cü bəndinə əsasən yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər. Həmin maddənin 5-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsi üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Pensiyaların əmək haqqına görə hesablanması: Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar; növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar; əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsi müddəti; uşağa qulluq üçün məzuniyyətdə olma müddəti; İ qrup əlilə, 16 yaşına qədər əlil uşağa və 70 yaşına çatmış qocalara qulluq müddəti; ali, orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda, ixtisasartırma və yenidən ıxtısaskeçmə kursların-da, aspiranturada, doktoranturada, klinik ordinaturada əyani təhsil müddəti; müddətli hərbi və ya alternativ xidmət müddəti; əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alma müddəti; işsizlik müavinəti alma müddəti və ya işsizin yenidən peşə hazırlığı və təhsil müddəti. Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. Pensiyaların məbləğləri və onlara əlavə hesablanarkən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır. Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. Azərbaycan Respublikası Milli Məclisi deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının orta aylıq əməkhaqqı onun son on iki ay ərzində müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisindən və Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə bölünməsi yolu ilə müəyyən edilir. İş stajı bir təqvim ayından az olduqda iş dövrü ərzindəki əmək haqqı iş günlərinin sayına bölünür. Alınan məbləğ ayın iş günlərinin illik orta sayına (iş həftəsi 6 günlükdürsə 25,4-ə və iş həftəsi 5 günlükdürsə 21,2-ə) vurulur. Mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri, o, cümlədən əvəzçiliyə, istirahət və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya hesablanarkən gəlirin ümumi məbləğinə daxil edilir. Bu zaman birdəfəlik ödənclər (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) nəzərə alınmır. Müraciət edənin arzusuna əsasən pensiyanın hesablanması üçün gəlirə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət, yaxud işçinin saxlanan orta aylıq əmək haqqı, eləcə də təhsil müddətində alınmış təqaüd daxil edilir. Verildiyi dövrdə qüvvədə olan dövlət tarif dərəcələri üzrə hesablanmış müəlliflik haqqı əmək haqqına bərabər tutulur. Fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara və muzdla işləyənlərə, eləcə də kooperativ üzvlərinə və kooperativdə müqavilə ilə işləyənlərə pensiya sığorta haqqı keçirilən faktik gəlirdən hesablanır. Əmək haqqı pul ödənci ilə yanaşı natura ilə ödənildikdə, pensiya təyin olunması üçün orta aylıq omok haqqı müəyyən edilərkən əmək haqqının sığorta haqqı hesablanmış natura ilə ödənilən hissəsinin dəyəri əmək haqqının ödənildiyi dövrün dövlət pərakəndə qiymətləri ilə hesablanaraq nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həli edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə X3 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Beləliklə, İddiaçı 1965-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ona işlədiyi iş stajı və əmək haqqı nəzərə alınmaqla “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Onun həmin müddətə qədər 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı vardır. Həmin dövrdə onunla birlikdə işləmiş iş yoldaşlarının iddiaçı ilə müqayisədə çox məbləğdə pensiya almasının səbəbi həmin şəxslərin 2004-2005-ci illərə aid orta aylıq əmək haqqı təqdim etmələri ilə bağlıdır. İddiaçıya 2000-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iddia ərizəsində nəzərdə tutduğu 37 il əmək stajı nəzərə alınmaqla təyin edilmişdir. Hazırda indeksləşdirilmədən sonra İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği dəyişdirilərək 285.03 manat müəyyən edilmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2-1(120)-425/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunmamışdur İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, məhkəmə qərarının əsaslandırıcı hissəsində göstərilir ki, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanın (Dövlət Statistika Komitəsinin) qərarına əsasən indeksləşdirmə aparmalıdır. Lakin bu məqamı qeyd edən məhkəmə hakimi bu indeksləşdirmə məsələsini qanuni qərarında nəzərə almamışdır. Daha sonra işə baxan məhkəmə hakimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına istinad edib, lakin onun qərarla təsdiq olunmuş siyahı üzrə güzəştli şərtlə bağlı şəraitdə işləməsini nəzərə almamışdır. İşə baxan məhkəmə hakimin təqdim etdiyi sübutları kifayət qədər araşdırmamış və bu səbəbdən İPM 58-ci maddəsinin ziddinə olaraq qanunsuz qərar qəbul etmişdir. İPM-nin 1.2-ci maddəsinə görə bu Məcəllədə başqa qaydalar müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prinsiplərinə zidd olmadığı hallarda inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının MPM-nin müddəaları tətbiq olunur. MPM-nin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyrimötəbər, ziddiyətli, aid olmayan sübutlarla həll olunur. Birinci instansiya məhkəməsinin qərarında göstərilir ki, “işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 16 dekabr 2020-ci il tarixli №**********5 nömrəli müraciətin təmin edilməsindən imtina barədə məktubundan görünür ki, iddiaçıya 14 aprel 2000-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. “X4” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistik Komitəsi) tərəfindən müəyyən edilən illik artım tepminə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2020-ci il tarixdən etibarən 255,87 manat müəyyən etmişdir”. Beləliklə məhkəmə ona münasibətdə 2021-2022-ci illər üçün bu indeksləşdirməni nəzərə almamışdır. Bundan əlavə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ-hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda yaxşılaşdıran normativ-hüquqi aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl gələn münasibətlərə şamil edilir. Lakin birinci instansiya məhkəməsi işin bu halını da nəzərə almamışdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 14 mart 2022-cı il tarixli, 2-1(120)- 425/2022 saylı qərarının ləğv edilməsi və iddianın təmin olunması xahiş olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz Cavabdeh apellyasiya şikayətinə qarşı etıraz və etiraza əlavə verərək bildirmişdir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və aşağıda qeyd olunanlara əsasən məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-425/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona təyin olunan əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsini xahiş etmişdir. Cavabdehiin 16 dekabr 2020-ci il tarixli, **********5 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırmışdır ki, “X4” qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyası xx.xx.2020-ci il tarixindən etibarən 255,87 manat müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi, S.H.Həsənova 2000-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Şirvan rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya 2006-ci ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən ümumi iş stajı 35 il 7 ay 24 gün təşkil edir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “X4” Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən xx.xx.2006-ci il tarixdən yenidən hesablanaraq pensiyaının sığorta hisəssi mövcud olan iş stajına uyğun olaraq 65,96 manat, pensiya məbləği isə 150,96 manat (65,96+85(baza hissəsi)=150,96) olaraq müəyyən edilmişdir. “X4” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən etibarən 294,73 manat təşkil edir. Həmin dövrdə onunla birlikdə işləmiş iş yoldaşlarının iddiaçı ilə müqayisədə çox məbləğdə pensiya alınmasının səbəbi həmin şəxslərin 2004-2005-ci illərə aid orta aylıq əmək haqqı təqdim etmələri ilə bağlıdır. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanını iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Qanunvericiliyin yuxarıda qeyd olunan maddələrinin məzmunundan və dəyişikliklərin məzmunundan göründüyü kimi güzəştli şərtlərə pensiyanın əməkhaqqında əsasən hesablanması xx.xx.2010-cu il tarixədək pensiyaya çıxmış şəxslərə şamil olunur. Həmin tarixdən sonra pensiyaya çıxmış şəxslərə isə yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilikdə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. Vətəndaş İddiaçı pensiya işinə dair sənədlərə əsasən ona Fondun Şirvan rayon şöbəsi tərəfindən 14 aprel 2000-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məlum olduğu kimi, həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən əmək pensiyaları respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqısı əsasında hesablanırdı. Yəni, qeyd edilən dövrdə sığorta stajına görə əmək pensiyasının hesablanması qaydası mövcud deyildi. İş materiallarında olan uçot vərəqindən də aydın olur ki, iddiaçıya pensiya əməkhaqı ilə hesablansada əmək haqqı məbləği aşağı olması səbəbindən iddiaçının pensiyası staj haqqında qanuna uyğun olaraq xx.xx.2010-cu il tarixdən sonra qüvvədə olan qanuna əsasən (35 il 7 ay 24 gün sosial sığorta stajına uyğun olaraq) hesablanma aparılaraq əmək pensiyasının məbləği artırılmışdır. “Əmək pensyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azəraycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirməsi ilə əlaqədar iddiaçı S.N Həsənovun əmək pensiyasının məbləği hal-hazırda 294,73 manat olmuşdur. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək peniyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən İddiaçı apellyasiya şikayətinin təmin olunmaması və Şirvan İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(120)425/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edib, şikayətin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(120)-425/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti, əmək kitabçasının surəti, cavabdehin imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə 17. Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu müddəalar şamil edilir. Maddə 72. Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğinimüvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. “X4” Qanun: Maddə 26. Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması (İlkin redaksiyada) Maddə 26.1 Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Maddə 26.2. Bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. Maddə 26.3. Bu Qanunun 20.1.1-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş pensiyasının (bütün əlavələr və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləği çıxıldıqdan sonra yerdə qalan məbləğ qulluq stajına görə əmək pensiyasına əlavə kimi müəyyənləşdirilir. Maddə 26.4. Bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilən baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ bu Qanunun 20.1.1-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Maddə 26.5. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar əmək pensiyasının baza hissəsinin üzərinə bu Qanunun 19-cu maddəsi ilə müəyyən olunmuş əlavələr hesablanır. 2007-cı il 6 noyabr tarixli Qanunla 26.2-26.5-ci maddələr müvafiq olaraq 26.3-26.6-cı maddələr hesab edilmiş və Qanuna aşağıdakı məzmunda 26.2-ci maddə əlavə edilmişdir: Maddə 26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır”. 26.2-ci maddəyə aşağıdakı məzmunda qeyd əlavə edilmişdir: “Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir”. 2009-cu il 27 oktyabr tarixli Qanunla 26.2-ci maddə və həmin maddənin "Qeyd” hissəsi çıxarılmışdır; 2011-ci il 17 may tarixli Qanunla aşağıdakı məzmunda 26.3-1-26.3-3-cü maddələr əlavə edilmişdir: Maddə 26.3-1. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Maddə 26.3-2. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır. Maddə 26.3-3. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür”. 2017-ci il 10 mart tarixli Qanunla 26-cı maddə aşağıdakı redaksiyada verilmişdir: Maddə 26. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması Maddə 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Maddə 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Maddə 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinəazaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması (İlkin redaksiyada) Maddə 27.1 Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Maddə 27.2. Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 2006-cı il 28 noyabr tarixli Qanunla 27.2-ci maddədə «müəyyən edilir» sözlərindən sonra «və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir» sözləri əlavə edilmişdir (2007-ci il 1 yanvar tarixdən qüvvəyə minmişdir); 2009-cu il 27 oktyabr tarixli Qanunla 27-ci maddə aşağıdakı redaksiyada verilmişdir: Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır.Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. ” 2011-ci il 17 may tarixli Qanunla 27-ci maddə aşağıdakı redaksiyada verilmişdir: “Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Maddə 27.1 Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır.Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Maddə 27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Maddə 27.3 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür.” 2017-ci il 10 mart tarixli Qanunla 27-ci maddənin adında "Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri "Qazanılmış” sözü ilə əvəz edilmiş, 27.1-ci maddənin birinci cümləsində "Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri"Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində "170” rəqəmi "306” rəqəmi ilə əvəz edilmiş və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilmişdir: “Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır”; Həmin Qanunla 27.2-ci və 27.3-cü maddələr ləğv edilmişdir. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi ilə bağlıdır. İddiaçı hesab edir ki, ona pensiyası hesablanan zaman güzəştli iş stajı nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək, mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnu əldə etməsi 01 yanvar 2006-cı il tarixdən əvvəlki dövrə təsadüf edir, eləcə də həmin dövrdə onunla birlikdə işləmiş iş yoldaşlarının iddiaçı ilə müqayisədə çox məbləğdə pensiya almasının səbəbi həmin şəxslərin 2004-2005-ci illərə aid orta aylıq əmək haqqı təqdim etmələri ilə bağlıdır. İddiaçıya 2000-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iddia ərizəsində nəzərdə tutduğu 37 il əmək stajı nəzərə alınmaqla təyin edilmişdir. Hazırda indeksləşdirilmədən sonra iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği dəyişdirilərək 285.03 manat müəyyən edilmişdir. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla əlavə olaraq cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, 14 aprel 2000-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda müəyyən olunur ki, iddiaçının əmək pensiyanın hesablanması zamanı onun ümumi iş stajı 35 il 7 ay 24 gün (xx.xx.1963-xx.xx.1965-ci il, xx.xx.1967-xx.xx.1968-ci il, xx.xx.1968-xx.xx.1968-ci il, xx.xx.1968-xx.xx.1970-ci il, xx.xx.1970-xx.xx.1970-ci il, xx.xx.1970-xx.xx.1971-ci il, xx.xx.1971-xx.xx.1972-ci il, xx.xx.1972-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər) nəzərə alınmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan maddələrinin və dəyişikliklərin məzmunundan göründüyü kimi, güzəştli şərtlərə pensiyanın əmək haqqına əsasən hesablanması xx.xx.2010-cu il tarixədək pensiyaya çıxmış şəxslərə şamil olunur. Həmin tarixdən sonra pensiyaya çıxmış şəxslərə isə yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilikdə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İş materiallarında olan uçot vərəqindən müəyyən olur ki, iddiaçıya pensiya əməkhaqı ilə hesablansa da əmək haqqı məbləği aşağı olması səbəbindən iddiaçının pensiyası xx.xx.2010-cu il tarixdən sonra qüvvədə olan qanuna əsasən (35 il 7 ay 24 gün sosial sığorta stajına uyğun olaraq) hesablanma aparılaraq əmək pensiyasının məbləği artırılmışdır. “Əmək pensyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azəraycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirməsi ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği hal-hazırda 294,73 manat olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək peniyasının yenidən hesablanması barədə iddia tələbi qanuni və əsaslı sayıla bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 mart 2022-cı il tarixli, 2-1(120)-425/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar