Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-151/2023 05.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(120)-1170/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı pensiya fərqinin hesablanaraq ödənilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2019-cu ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2019-cu ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 23 noyabr 2022-ci il tarixli, 2-1(120)-1170/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2019-cu ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2019-cu ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, xx.xx.2004-cü il tarixdən 2-ci qrup müddətsiz müharibə əlilidir. Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 1994-cü ilin dekabr ayından 2019-cu ili oktyabr ayınadək əmək pensiyası almışdır. xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin olunmuşdur və 2019-cu ilin oktyabr ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası hesablanıb ödənilir. O, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə, yəni 3 il üçün ona ödəniş etmiş, lakin qalan xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üzrə ödəniş etməkdən imtina etmişdir. Dəfələrlə cavabdehə bu barədə ərizə ilə müraciət etsə də, cavabdeh hər dəfə cavab məktubunda qeyd etmişdir ki, keçmiş dövr üzrə alınmamış pensiyanın məbləğinin ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin imtinası əsasız və qanunsuzdur. Belə ki, ona xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2019-cu il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcə əlillliyə görə aldığı əmək pensiyası arasındakı fərqin) hesablanaraq ödənilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1539/2021 nömrəli analoji qərarına əsasən hesab edir ki, iddia tələbində haqlıdır və iddia tələbi təmin edilməlidir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 illə məhdudlaşdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərardadının müqayisəsi və təhlilindən də xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsinin müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 illə məhdudlaşdırıldığı görünür. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 499 nömrəli fərmanına əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığorta olunanların fərdi uçotu, əmək pensiyalarının təyini, hesablanması və yenidən hesablanması qaydalarının müvafiq qaydada təsdiq edilməsi Dövlət Sosial Müdafiə Fonduna tapşırılmışdır. Həmin fərman isə xx.xx.2007-ci il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, xx.xx.2007-ci il tarixədək hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığorta olunanların fərdi uçotu, əmək pensiyalarının təyini, hesablanması və yenidən hesablanması Fondun səlahiyyətləri xaricində olmuşdur. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş, Füzuli rayonu, Alıxanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının AR 864222 nömrəli arayışının surətindən görünür ki, xx.xx.2004-cü il tarixli, 6442 nömrəli müayinə aktına əsasən İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1063 nömrəli məktubun surətindən görünür ki, İddiaçı pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli, MN-12456 nömrəli məlumat vərəqi və digər sənədlər Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********8 nömrəli arayışın surətində qeyd edilmişdir ki, Alıyev X5 Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsindən hal-hazırda 2-ci qrup Qarabağ əlili kimi Prezident təqaüdü və 2-ci qrup Qarabağ əlili kimi əmək pensiyası alır. Təqaüdün məbləği 230 manat, təqaüdün müddəti xx.xx.2008-ci ildən müddətsiz, pensiyanın məbləği 217 manat, pensiyanın müddəti xx.xx.2006-cı ildən ömürlükdür. İşdə olan xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən qəbul edilmiş əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********5 nömrəli qərarın surətindən görünür ki, İddiaçı hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə müddətsiz əmək pensiyası təyin edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli, MN-12456 nömrəli məlumat vərəqəsinə əsasən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə təminat xərcliyinin (617,35 manat) 80 faizi – 493,88 manat məbləğində əmək pensiyası təyin edilmiş, eyni zamanda, keçmiş 3 il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 6325,58 manat fərq məbləği 2020-ci ilin yanvar və fevral aylarında onun müvafiq kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun 20.1-ci və 20.1.12-ci maddələrinə əsasən bu Qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.16-cı və 20.16.1-ci maddələrinə əsasən bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, İİ qrup müharibə əlillərinə – 80 faizi, İİİ qrup müharibə əlillərinə – 55 faizi. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş redaksiyada) 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə əsasən pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. İşin faktiki hallarından görünür ki, xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyi müəyyən edilmiş İddiaçı xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsindən ümumi qaydada əlilliyə görə əmək pensiyası almışdır. xx.xx.2019-cu il tarixdən isə iddiaçıya hərbi qulluqçu kimi ikinci dərəcə əlilliyə görə müddətsiz əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə pensiyasının yenidən hesablanıb yaranmış fərqin ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə, yəni 3 il üçün ödəniş edilmiş, lakin hazırkı qanunvericilikdə keçmiş dövr üzrə alınmamış pensiyanın məbləğinin ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsinin nəzərdə tutulduğu əsas gətirilərək xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üzrə ödəniş edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı cavabdehə qarşı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, hazırkı mübahisə cavabdehin etirazında göstərdiyi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbində haqlıdır, cavabdehin imtinası əsassızdır. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad etməklə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsinin müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 illə məhdudlaşdırıldığını, həmçinin xx.xx.2007-ci il tarixədək hərbi qulluqçu kimi iddiaçının əmək pensiyasının yenidən hesablanıb ödənilməsinin cavabdehin səlahiyyətləri xaricində olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, işdən də göründüyü kimi, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.2004-cü il tarixdən əlilliyi müəyyən edilən iddiaçıya inzibati orqan tərəfindən hüquqi yardım göstərilmədən ümumi qaydada əlilliyə görə əmək pensiyası təyin edilmiş, yalnız xx.xx.2019-cu il tarixdən sonra ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası verilməyə başlanılmışdır. Cavabdeh iddiaçının hərbi qulluqçu kimi əmək pensiyası hüququnun yarandığı dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəalarına istinad etməklə onun xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üzrə də əmək pensiyasını yenidən hesablayıb yaranmış fərqi ödəməli olduğu halda, bunu etməmiş, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad etməklə iddiaçıya xx.xx.2016cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə, yəni 3 il üçün ödəniş etmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üzrə isə ödəniş edilməsindən imtina etmişdir. Cavabdehin xx.xx.2007-ci il tarixədək hərbi qulluqçu kimi iddiaçının əmək pensiyasının yenidən hesablanıb ödənilməsinin cavabdehin səlahiyyətləri xaricində olması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hərbi qulluqçuların pensiya təminatı hazırda başqa dövlət orqanı tərəfindən həyata keçirilmədiyindən bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1539/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir iş üzrə məhz bu hüquqi mövqe ifadə edilmişdir. Qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(120)-1170/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-151/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-151/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver