Məhkəmə qərarları › İş №2-1(106)-152/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-152/2023

19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-152/2023 19.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı iş üzrə (Açar sözlər: hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X5 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs X10 iştirakları ilə. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı şəhəri, H.Əliyev prospekti 38/1 və 38/3 ünvanlarında (yeni qaydalarda ünvanı nəzərə alınmaqla) yerləşən mənzillərə dair hüququn ölmüş X11 a id olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 01 dekabr 2022-cü il tarixli, 2-1(120)-1028/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 2 ünvanda yerləşən mənzilə və ünvan 3 mənzilə dair X7 adına 2229 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu” və 2759 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu” tərtib edilmişdir. X7 adına qeydə alınmış ünvan 9 prospekti bina 38/1 və bina 38/3 nömrəli mənzillər ayrı-ayrı mənzillərdir, mənzillərin yerləşdiyi əvvəlki ünvanı - Həmid Sultanov küçəsi hal-hazırda Heydər Əliyev prospekti adlanır və həmin mənzillərin yeni qaydalarla ünvanı ünvan 4in mənzillər hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı sözügedən 2229 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu”nu və 2759 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu”nu rəhbər tutaraq Masallı şəhəri Heydər Əliyev prospekti bina 38/1 və bina 38/3 nömrəli mənzillər üzərində mərhum X7 mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və bu barədə X7 adına çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı şəhəri, H.Əliyev prospekti 38/1 və 38/3 ünvanlarında yerləşən mərhum anası X11 məxsus mənzillərə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, valideynləri X15 ilə X7 birgə nikahından onunla yanaşı qardaşları Zaur Hüseynov və Cavid Hüseynov anadan olmuşdur. Atası xx.xx.1991-ci il tarixdə, anasının atası Musa Əsədullayev xx.xx.1992-ci il tarixdə, anasının anası Güllübəyim Əsədullayeva xx.xx.1995-ci il tarixdə, qardaşı Cavid Hüseynov xx.xx.2001-ci il tarixdə, anası Töhfə Hüseynova xx.xx.2005-ci il tarixdə, qardaşı Zaur Hüseynov xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Anası vəfat edənədək Masallı şəhəri, H.Əliyev prospekti 38 saylı binanın 1 saylı mənzili və 38 saylı binanın 3 saylı mənzili ona məxsus olmuşdur. Anasının yeganə birinci dərəcəli vərəsəsi kimi ondan qalmış həmin mənzilləri vərəsəlik qaydasında sənədləşdirməkdən ötrü həmin mənzillərə dair anasının hüquqlarının qeydiyyata alınması zəruridir. Bu vəzifə DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə düşür. Lakin həmin quruma bu barədə müraciət etsə də, müraciəti əsassız olaraq təmin edilməmiş, mənzilərin sənəd üzərində olan nömrələri ilə faktiki nömrələrində uyğunsuzluq olması barədə ona məktub verilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1028/2022 saylı qərardadı ilə üzrə Masallı rayon İcra Hakimiyyətinin və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1028/2022 saylı qərarı ilə (hakim S.F.Həsənov) iddia təmin olunaraq, X7 adına tərtib edilmiş 2229 inventar nömrəli “Texniki pasportu” və 2759 inventar nömrəli “Texniki pasportu” əsasında Masallı şəhəri, H.Əliyev prospekti 38/1 və 38/3 ünvanlarında (yeni qaydalarda ünvanı nəzərə alınmaqla) yerləşən mənzillər üzərində mərhum X7 mülkiyyət hüququnun qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən rəsmi imtina məktubları ilə bildirilmişdir ki, sözügedən mənzilin ilkin hüquqmüəyyənedici sənədlərində ünvanı 38/3 olmaqla 1-ci mərtəbədə yerləşir. Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə baxış aktı tərtib olunan zaman məlum olmuşdur ki, mənzilin faktiki ünvanı 38/2 olmaqla 1-ci mərtəbədə yerləşir. Mənzilin orderi təqdim edilməmişdir. Təqdim edilən Masallı Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsində göstərilən Masallı şəhəri, H.Sultanov küçəsi 38 saylı binanın 1 saylı mənzili Masallı RİH-in balansında olmaqla kommunal istifadə üçün X12 verilmiş və həmin mənzil özəlləşdirilməmişdir. Bu barədə keçmiş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixli 26 nömrəli məktubla Masallı RİH-nə, Masallı rayon Məhkəmə Nəzarəti və Məhkəmə İcra Qrupuna məlumat verilmişdir. Növbəti mənzil ilə bağlı bildirilmişdir ki, sözügedən mənzilin ilkin hüquqmüəyyənedici sənədlərində ünvanı 38/1 olmaqla 1-ci mərtəbədə yerləşir. Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə baxış aktı tərtib olunan zaman məlum olmuşdur ki, mənzilin faktiki ünvanı 38/9 olmaqla 4-cü mərtəbədə yerləşir. Şirvan İnzibati Məhkəməsi işə baxan zaman sənədlərdə yaranan ziddiyyətləri aradan qaldırmadan Ərazi İdarəsinin üzərinə vəzifə qoyaraq qərar qəbul etmişdir. Həmin səbəbdən məhkəmə qərarının icrasının aparılması 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. İdarənin imtina məktubları qanunamüvafiq qaydada tərtib edilmişdir. Bunlara baxmayaraq məhkəmə bu faktları nəzərə almadan əsassız qərar qəbul etmişdir. Həmçinin digər şəxslərin qanunla qorunan hüquq və mənafeləri pozulmuşdur. Məhkəmə qərar qəbul edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.5-ci maddəsinin tələbləri nəzərə almamaqla maddi hüquq normasını pozmuşdur. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2-1(120)1028/2022 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 01 dekabr 2022-cı il tarixli, 2-1(120)-1028/2022 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. Şifahi məhkəmə baxışında iştirak edən üçüncü şəxs X2 İnzibati Məhkəməsinin 01 dekabr 2022-cı il tarixli, 2-1(120)-1028/2022 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, imtina məktubları və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2 . 2 . Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: Maddə 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” təlimatın: 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Masallı şəhəri, H.Əliyev prospekti 38/1 və 38/3 ünvanlarında (yeni qaydalarda ünvanı nəzərə alınmaqla) yerləşən mənzillərə dair hüququn ölmüş X11 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi oxunmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ onun müraciəti əsasında qeydiyyata alınmalıdır. İddiaçı Masallı şəhəri, H.Əliyev prospekti 38/1 və 38/3 ünvanlarında (yeni qaydalarda ünvanı nəzərə alınmaqla) yerləşən mənzillərə dair hüquqmüəyyənedici sənədlərini təqdim etmişdir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin 19 iyul 2000-ci il tarixli, 2-150 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X17 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X13, X18 və X6 ******* manat pulun alınıb ona verilməsini xahiş etmiş və həmin qətnamə ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan 2759 reyestr nömrəli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, ünvan 3 mənzilin sahibi kimi əvvəllər X8 adı qeyd edilmişdir (iş vərəqi 74). İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 30 may 2002-ci il tarixli, 2-150 nömrəli qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin MN və Mİ qrupunun xx.xx.2002-ci il tarixli təqdimatının təmin olunması, cavabdeh X8 adında olan Masallı şəhəri, H.Sultanov küçəsi, bina 38, mənzil 3, 2 otaqlı olan yaşayış evi qətnamədə göstərilmiş ******* manat məbləğində olan borc hesabına X7 mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 36 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 mənzil 1954-cü il təvəllüdlü X7 adına rəsmiləşdirilmişdir (iş vərəqi 106). İş materiallarında olan 2229 reyestr nömrəli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, ünvan 7 ünvanda yerləşən mənzil X7 adına sənədləşdirilmişdir. İş materiallarında olan 2759 reyestr nömrəli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, ünvan 3 mənzil X7 adına sənədləşdirilmişdir. İş materiallarında olan sənədlərdən və eyni zamanda, apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, cavabdeh 38/1 ünvanında yerləşən mənzilə dair orderin mövcud olmasını qəbul edir. Cavabdeh digər mənzilə dair münasibətdə hesab edir ki, həmin mənzilin hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə tərkibinin qənaətinə görə iddiaçının 38/1 ünvanında yerləşən mənzilə dair təqdim etdiyi order və 38/3 ünvanında yerləşən mənzilə dair məhkəmə qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4. və 8.0.11-ci maddəsinin tələbləri baxımından mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata almasını xahiş etdiyi mənzillərin faktiki ünvanları ilə sənəd üzrə ünvanları uyğunluq təşkil etmir. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 185 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum X7 adına qeydə alınmış Masallı şəhəri Heydər Əliyev prospekti bina 38 mənzil 1 və bina 38 mənzil 3 ayrı-ayrı mənzillərdir. Yeni qaydalara əsasən mənzillərin ünvanı Heydər Əliyev prospekti bina 38A mənzil 2 və bina 38A mənzi 7-dir. Hal-hazırda həmin mənzillərdə mərhum X7 övladı İddiaçı və nəvəsi X9 yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 306 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum X7 adına qeydə alınmış Masallı şəhəri Heydər Əliyev prospekti bina 38/1 və bina 38/3 (yeni qaydalara əsasən Masallı şəhəri Heydər Əliyev prospekti bina 38A mənzil 2 və bina 38A mənzil 7) mənzilləri mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Masallı Rayon Mənzil İstismar Sahəsinin xx.xx.2023-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 8 ünvanında yerləşən mənzillər (indiki ünvan 9 prospekti bina 38A/2 və bina 38A/7) mərhum X11 məxsusdur. Məhkəmə tərkibi qeyd edir ki, mənzilərin əvvəlki və yeni ünvanları arasında uyğunsuzluğun olması iddiçının təqsiri kimi qəbul edilə bilməz və bu hal mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsas deyildir. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı yuxarıda qeyd olunan hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinası əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-nin 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2-1(120)- 1028/2022 saylı qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Masallı şəhəri, H.Əliyev prospekti 38/1 və 38/3 ünvanlarında (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) yerləşən mənzillərə dair hüququn ölmüş X11 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar