Məhkəmə qərarları › İş №2-1(106)-154/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-154/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-154/2024 30.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, cavabdehinin nümayəndəsi Hüseynzadə Firuzə Amil qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(120)-423/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 30 avqust 2023-cü il tarixli, 2- 1(120)-420/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı hüququnun yarandığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə prosesində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-124708/2024 nömrəli ərizədən, ərizəyə əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qərarın və pensiya təyinatı alt sistemindən çıxarışın təsdiq olunmuş surətlərindən görünür ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada mübahisə həll edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddiaçının tələbi təmin olunduğundan icraata xitam verilməsi xahiş edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunması barədə məlumatını iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə Mərkəzi Filialına qarşı qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar