Məhkəmə qərarları › İş №2-1(106)-155/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-155/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-155/2023 29.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia tələbi üzrə müddətin ötürülməsi) Hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, Üçüncü şəxsin hüquqi varisi X2 vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərəncamın 2-ci bəndinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(120)-866/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları, birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 29 dekabr 2021-ci il tarixində məhkəməyə müraciət edərək, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərəncamının 2-ci bəndinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, maraqlı şəxs X12 adına verilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərəncam iddiaçının mülkiyyət hüququnu pozur. Belə ki, iddiaçının mərhum anası tərəfindən 1990-cı illərdə inşa edilmiş 24 kv.m qeyri-yaşayış binası hazırda iddiaçının mülkiyyətində olan RX ******* saylı mülkiyyət hüquqlarının təsdiqləndiyi torpaq üzərində yerləşir. Maraqlı şəxs X21 iddiaçının mərhum X1nun həyat yoldaşı olmuşdur. X1 11 may 1996-cı ildə vəfat etmişdir. Anası isə ondan bir il sonra, yəni 05 oktyabr 1997-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra anasından qalan miras əmlakı iddiaçı faktiki olaraq qəbul etmişdir və həmin əmlakda yerləşən mağazadan gəlir əldə edir. Lakin mərhum X1nun həyat yoldaşı X21 öz həyat yoldaşından, yəni iddiaçının mərhum qardaşından miras qalmış 1/5 hissəli əmlakı 10 avqust 2011-ci ildə qanun üzrə qəbul edərkən mərhum anası X5 da miras qalmış 1/5 hissəli əmlakı özünün və öz iki qızının (X4 və X9) adına qeyd etdirmiş və bununla bağlı da Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xx.xx.2011-ci il tarixli, ******* nömrəli mülkiyyət hüququna dair çıxarış almışdır. İddiaçının aparılmış vərəsəlik işindən 2014-cü ildə xəbəri olmuş və dərhal verilmiş vərəsəlik şəhadətnaməsinin ləğvindən ötrü Azərbaycan Respublikası Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müşfiq Həsənovun sədrliyi ilə keçirilmiş məhkəmə iclası 14 oktyabr 2014-cü il tarixində başa çatmışdır. Məhkəmə iclasında elan olunmuş 2-1(86)-951/2014 nömrəli qətnamə ilə iddiaçının iddiası təmin olunaraq, Lənkəran rayon notariat kontoru tərəfindən verilmiş 2-V-0183 saylı, 10 avqust 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Sonradan iddiaçı Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, vərəsəlik payının müəyyən olunması barədə iddia tələbi irəli sürmüşdür. Lənkəran Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 avqust 2016-cı il tarixli, 2(049)-700/2016 saylı qətnamə ilə iddiaçının vərəsəlik payı müəyyən edilmişdir. Daha sonra iddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, həmin sərəncamın ləğvi ilə bağlı iddia qaldırmışdır. X36- İqtisadi Məhkəməsində hakim Müşfiq Həsənov tərəfindən qəbul edilmiş 09 avqust 2016-cı il tarixli, 2-1(86)-200/2016 saylı qərardad ilə işin baxılması mümkünsüz sayılmış və qərardadda göstərilmişdir ki, mağazanın yerləşdiyi ərazidə Ağayev Elazənin, yəni iddiaçının mülkiyyət hüququ əldə edilmədiyinə görə işə baxmaq mümkünsüz hesab edilir. Hal-hazırda həmin qərardadda göstərilən bütün nöqsanlar aradan qaldırılmışdır və bu səbəbdən də iddia üçün əsaslar yaranmışdır. Həmin vərəsəlik payı əldə edildikdən sonra iddiaçı 01 noyabr 2016-cı il tarixində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışı əldə etmişdir. Sonradan Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, həmin əmlakdan torpaq hissəsinin naturada bölünərək iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir. Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(049)-55/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir və həmin həyətyanı sahədən 0,00879 ha torpaq sahəsi ekspert rəyinə uyğun olaraq bölünüb iddiaçının mülkiyyətinə verilmişdir. Həmin qətnamə əsasında iddiaçıya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarış verilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərəncamının 2-ci bəndində qeyd olunur ki, “... Lənkəran şəhəri, B.O.Abbasov küçəsi 39 saylı evdə yaşayan X10 öz həyətində 5,6×4,35=24,3 kv.m ölçüdə apardığı tikinti onun adına qeydə alınsın”. Lənkəran Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərəncamının 2-ci bəndinin bu hissəsi o vaxtlar X10 torpaq üzərində mülkiyyətçi olub-olmaması yoxlanılmadan verilmiş sərəncam idi və həmin tikilinin qeydə alınması da həmin sərəncamın verilməsində başqa şəxslərin hüquqi mənafeyinə toxunub-toxunulmaması yoxlanılmamışdır. Həmin sərəncamla tənzimlənən mağaza halhazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyinə görə iddiaçı öz mülkiyyətindən istifadə edə bilmir. Həmin qeyri-yaşayış binasının sökülməsindən ötrü Sərəncamın 2-ci bəndinin ləğv edilməsi qaçılmazdır. İddiaçı cavabdehə müraciət etmişdir ki, verdiyi sərəncamı özü ləğv etsin. Lakin cavabdeh tərəfindən imtina edilərək, işin məhkəmə qaydasında aparılması tövsiyə edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(120)-866/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “30 dekabr 2003cü il tarixli, 265 saylı Sərəncamın 2-ci bəndinin ləğv edilməsi” tələbinə dair iş üzrə X17 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2-1(120)-866/2022 saylı qərardadı ilə X10 ölümü ilə əlaqədar X7 onun prosessual hüquq varisi qismində tanınmışdır. İddiaçı buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30 dekabr 2003-cü il tarixli, 265 nömrəli Sərəncamın ləğvi ilə bağlı buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun əvvəllər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2003-cü il tarixli, 265 nömrəli Sərəncamından heç bir məlumatı olmamışdır. 2014-cü ildə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X12 adına verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli, 2-1(86)-951/2014 saylı qərarı ilə həmin vərəsəlik şəhadətnaməsi ləğv edilmişdir. Daha sonra, X21 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ticarət obyektindən çıxarılmasını xahiş etmişdir. Onun iddia ərizəsinə əlavə etdiyi sənədlərdən 30 dekabr 2003-cü il tarixli, 265 nömrəli Sərəncamının mövcudluğundan xəbəri olmuşdur. Həmin Sərəncamdan xəbərdar olduğu an Sərəncamın ləğvi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin Sərəncam iddiaçının vərəsəsi olduğu miras əmlakda yerləşdiyi üçün iddiaçının hüquqlarına toxunduğundan ləğv edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2-1(86)- 200/2016 saylı qərardadı ilə iş mümkünsüz sayılmışdır. Sonradan iddiaçı Lənkəran Rayon Məhkəməsində miras əmlakdan payın əldə edilməsi ilə bağlı iddia qaldırmışdır. Lənkəran Rayon Məhkəməsinin hakimi Elçin Kazımovun 2(049)-7000/2016 saylı, 15 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Lənkəran şəhəri, Heydər Əliyev küçəsində 0,08788 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 61,9 kv.m yaşayış, 49,4 kv.m köməkçi sahədən ibarət olan 9 nömrəli fərdi yaşayış evinin mərhum X8 1/10 hissə payına münasibətdə qanun üzrə vərəsə hesab olunaraq, həmin əmlakda 1/10 hissə paylı mülkiyyət hüququ müəyyən edilmişdir. Daha sonra iddiaçı Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya düşən payın naturada bölünməsini xahiş etmişdir. Həmin Sərəncamla inşa olunmuş ticarət obyekti iddiaçının payına düşən torpaq sahəsində yerləşdiyinə görə qanuni qüvvəsini alması ilə bağlı qətnamə ilə birlikdə yenidən Şirvan İnzibati Məhkəməsinə müraciət etmək istədiyi zaman qarşı tərəf həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bu qayda ilə iş Ali Məhkəməyə qədər davam edərək yenidən Şirvan Apellyasiya Məhkəməsinə qayıtmış və Şirvan Apellyasiya Məhkəməsi Lənkəran Rayon Məhkəməsinin qətnaməsini ləğv etmişdir. Həmin Sərəncam ümumi əmlakın naturada bölünməsinə maneə yaratdığına görə məhkəmələrin yekun qərarları məlum olan qədər hazırkı iddianı məhkəmədə qaldırması qeyri-mümkün idi. Ona görə də həmin məhkəmə nəticələrini gözləməsi səbəbindən iddia ərizəsini 2021-ci ilin dekabr ayında təqdim etmək məcburiyyətində qalmışdır. Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(120)-866/2022 saylı qərardadı ilə (hakim Fehruz Abbasov) İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməmiş, İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərəncamın 2-ci bəndinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(120)-866/2022 saylı qərardadının ləğv edilərək buraxılmış müddətin üzrlü hesab edilməsini və işin yenidən araşdırılmasından ötrü Şirvan İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: İddiaçı apellyasiya şikayətini buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qəbul etdiyi qərardad ilə onun hüquqlarını pozmuşdur. Belə ki, müddətin bərpasına dair müraciət ərizəsində qeyd etdiyi bütün halların işin hansı məhkəmələrin icraatında olduğu və bu səbəbdən gecikdiyi qeyd edilmişdir. Lakin məhkəmə bütün bu faktları araşdırmayaraq işin məhkəmə prosesində olduğu zamanı sübut olaraq saymamış və görməzdən gəlmişdir. Onun ərizəsində qeyd etdiklərinə nəzər salınsa, məlum olacaqdır ki, prosessual müddət üzrlü hesab edilməli idi. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-155/2023 saylı, 07 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, iş üzrə 29 noyabr 2023-cü il tarixə, saat 14:30-a təyin edilmiş məhkəmə iclasında səhhətində yaranmış problem səbəbindən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin hüquqi varisi X2 vəkili X24 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin, həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin verdiyi izahatı araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərəncamının 2-ci bəndinin ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərdə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir, bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq, mübahisələndirdiyi inzibati aktdan üzrlü səbəbdən vaxtında şikayət verilməməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının tikililərin qeydə alınması barədə 265 nömrəli, 30 dekabr 2003-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən, Lənkəran şəhərinin B.O.Abbasov küçəsi 39 saylı evdə yaşayan X10 öz həyətində 5,6×4,35=24,3 kv.m ölçüdə apardığı tikintinin onun adına qeydə alınması qərara alınmışdır. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatından İddiaçı ünvanlanmış 21 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX1445008 saylı çıxarışla şəhərin Z.Əliyeva küçəsi 9 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsinə aidiyyəti üzrə mütəxəssislərin baxışı keçirilmişdir. Belə ki, müəyyən edilmişdir ki, X21 vəfat etdiyindən şəhər İcra hakimiyyətinin 2003-cü il 30 dekabr tarixli, 265 saylı Sərəncamının 2-ci bəndinin ləğv edilməsi mümkün deyil. Qeyd olunanlar nəzərə alınaraq qaldırdığı məsələnin qanunamüvafiq həllindən ötrü aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə surəti olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli, 2-1(86)-951/2014 saylı qərarından görünür ki, həmin qərarla İddiaçı iddia tələbi təmin edilərək, Lənkəran rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli (texniki səhv olaraq tarixi 10 avqust 2010-cu il göstərilmiş), reyestr nömrəsi 2-V-0183 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. İşdə surəti olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2-1(86)-200/2016 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran Şəhər İcra Hakimiyyətinin 30 noyabr 2003-cü il tarixli, 265 nömrəli Sərəncamının 2-ci bəndinin ləğv edilməsi tələbinə dair” iddiası mümkün sayılmamışdır. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2016-cı il tarixli, 2(049)- 7000/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər X26 və Lənkəran rayon 1 saylı Notariat Kontoruna qarşı “miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ******* nömrəli HDQHDƏDR-dən çıxarışa əsasən Lənkəran şəhəri, Heydər Əliyev küçəsində 0,08788 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 61,9 kv.m yaşayış, 49,4 kv.m köməkçi sahədən ibarət olan 9 nömrəli fərdi yaşayış evinin mərhum X8 1/10 hissə payına münasibətdə qanun üzrə vərəsəsi hesab olunması və onun həmin əmlakda 1/10 hissə paylı mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(049)- 55/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, Lənkəran şəhəri, Heydər Əliyev küçəsi, ev 9-da (hazırda Lənkəran şəhəri, Z.Əliyev küçəsi, ev 9) İddiaçı payına düşən 87,9 kv.m həyətyanı torpaq sahəsinin Heydər Əliyev küçəsinə paralel olan hasarın sol qonşu tərəfdə 5,7 m aralı və həmin hasara perpendikulyar şəkildə həyətyanı torpaq sahəsinə doğru 15,4 m uzunluğunda sərhəd hasarı çəkilməklə ayrılaraq İddiaçı verilməsi, cavabdehlər X21 və X2 həmin torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli, 2(106)-2854/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh X12 hüquqi varisləri X16 və X4 apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-55/2018 saylı qətnaməsi 23 sentyabr 2019-cu il tarixdə vəfat etmiş cavabdeh X12 hüquqi varisləri X16 və X4 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2020-ci il tarixli, 2(102)-2074/2020 saylı qərarından görünür ki, həmin qərarla kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli, 2(106)-2854/2019 saylı qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(106)-245/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh X12 apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 55/2018 saylı, 29 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər X21, Mirzəzadə (Qasımova) Ruqiyyə Rəcəbəli qızı, X11 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X22, X18, X23 və X13 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara mütənasib surətdə naturada ayrılması” tələbinə dair iddiası rədd edilmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(102)-1782/2022 saylı qərarından görünür ki, həmin qərarla İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(106)-245/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası “paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara mütənasib surətdə naturada ayrılması” ilə bağlı tələblə əlaqədar qəbul edilmiş məhkəmə aktlarını nəzərdən keçirərək belə hesab edir ki, mübahisə predmetini təşkil edən torpağın, onun üzərində olan fərdi yaşayış evindən ayrı olaraq naturada ayrılmasının qeyri-mümkün olması qənaətinə gəlindiyindən iddiaçının Lənkəran Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərancamını inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında mübahisələndirməsi qəbul edilmiş qərarın nəticəsi üçün əhəmiyyət kəsb etmir. İşdə surəti olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(086)-2380/2019 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərəncamının 2-ci bəndinin ləğv edilməsi tələbinə dair” iddiası mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İş materiallarından görünür ki, iddiaçının hazırkı iddia ərizəsi rabitə orqanına xx.xx.2021-ci ildə təqdim olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının tikililərin qeydə alınması barədə 265 nömrəli, 30 dekabr 2003-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən, Lənkəran şəhərinin B.O.Abbasov küçəsi 39 saylı evdə yaşayan X10 öz həyətində 5,6×4,35=24,3 kv.m ölçüdə apardığı tikintinin onun adına qeydə alınması qərara alınmışdır. İddiaçı həmin sərəncamı ilk dəfə 2016-cı ildə mübahisələndirmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2- 1(86)-200/2016 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. Bundan sonra, iddiaçı mülki məhkəmə icraatı qaydasında bir sıra tələblər irəli sürmüşdür. İddiaçı Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərəncamının 2-ci bəndini 2019-cu ildə növbəti dəfə təkrarən mübahisələndirmiş və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(086)-2380/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürməsi səbəbindən iddiası mümkün sayılmamışdır. İddiaçı Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərəncamının 2-ci bəndinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 29 dekabr 2021-ci il tarixində üçüncü dəfə məhkəməyə müraciət etmiş, həmçinin həmin Sərəncamın mübahisələndirilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizə vermişdir. X36 Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(120)-866/2022 saylı qərardadı ilə İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməmiş, İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərəncamın 2-ci bəndinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbindən iddianın mümkünsüz sayılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının mübahisələndirdiyi Sərəncamdan yəni, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 30 dekabr 2003-cü il tarixli, 265 saylı Sərəncamından ən geci 2016-cı il tarixdən (ilk dəfə Lənkəran ŞİHB-nin 30 dekabr 2003-cü il tarixli sərəncamının ləğv edilməsi barədə iddia qaldırdığı vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin Sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iş üzrə iddia ərizəsi xx.xx.2021-ci il tarixdə rabitə orqanına təqdim olunmuşdur. Başqa sözlə, iddiaçı inzibati məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Sərəncamdan məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hətta İddiaçı hazırkı tələblə bağlı 2019-cu ildə ikinci dəfə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməsi səbəbindən onun həmin iş üzrə iddiası Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(086)-2380/2019 saylı qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmə kollegiyası buraxılmış müddətin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzrlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində onun əvvəllər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2003-cü il tarixli, 265 nömrəli Sərəncamı barəsində heç bir məlumatı olmadığını, 2014-cü ildə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X12 adına verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsini xahiş etdiyini, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli, 2-1(86)-951/2014 saylı qərarı ilə həmin vərəsəlik şəhadətnaməsinin ləğv edildiyini, daha sonra X12 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ticarət obyektindən çıxarılmasını xahiş etdiyini, onun iddia ərizəsinə əlavə etdiyi sənədlərdən 30 dekabr 2003-cü il tarixli, 265 nömrəli Sərəncamın mövcudluğundan xəbəri olduğunu, həmin Sərəncamdan xəbərdar olduğu an sərəncamın ləğvi ilə bağlı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyini, həmin Sərəncam onun vərəsəsi olduğu miras əmlakla əlaqədar olduğu üçün onun hüquqlarına toxunduğundan ləğv edilməsini xahiş etdiyini, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2-1(86)-200/2016 saylı qərardadı ilə iddiasının mümkün sayılmadığını, sonradan Lənkəran Rayon Məhkəməsində “miras əmlakdan payın əldə edilməsi” ilə bağlı iddia qaldırdığını, Lənkəran Rayon Məhkəməsinin 2(049)-7000/2016 saylı, 15 avqust 2016-cı il tarixli qətnaməsi ilə onun Lənkəran şəhəri, Heydər Əliyev küçəsində 0.08788 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 61.9 kv.m yaşayış, 49.4 kv.m köməkçi sahədən ibarət olan 9 nömrəli fərdi yaşayış evinin mərhum X8 1/10 hissə payına münasibətdə qanun üzrə vərəsə hesab olunaraq, həmin əmlakda 1/10 hissə paylı mülkiyyət hüququ müəyyən edildiyini, daha sonra onun Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, ona düşən payın naturada bölünməsini xahiş etdiyini, həmin sərəncamla inşa olunmuş ticarət obyekti onun payına düşən torpaq sahəsində yerləşdiyinə görə qanuni qüvvəsini alması ilə bağlı qətnamə ilə birlikdə yenidən Şirvan İnzibati Məhkəməsinə müraciət etmək istədiyi zaman qarşı tərəfin həmin qətnamədən apellyasiya şikayəti verdiyini, bu minvalla işin Ali Məhkəməyə qədər davam edərək yenidən Şirvan Apellyasiya Məhkəməsinə qayıtdığını və Şirvan Apellyasiya Məhkəməsinin Lənkəran Rayon Məhkəməsinin qətnaməsini ləğv etdiyini, həmin Sərəncam ümumi əmlakın naturada bölünməsinə maneə yaratdığına görə məhkəmələrin yekun qərarları məlum olana qədər hazırkı iddianı məhkəmədə qaldırmağın qeyri-mümkün olduğunu, ona görə də həmin məhkəmə nəticələrini gözlədiyi səbəbindən iddia ərizəsini 2021-ci ilin dekabr ayında təqdim etmək məcburiyyətində qaldığını bildirmişdir. Göründüyü kimi, iddiaçı sözügedən Sərəncamdan məlumatlı olduğu vaxtdan 1 il keçdikdən sonra cavabdeh inzibati orqana qarşı hazırkı iddianı qaldırmışdır. Halbuki, İPMin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “... qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı Ağayeva X19 Şəhər İcra Hakimiyyətinə qarşı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(120)-866/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar