Məhkəmə qərarları › İş №2-1(106)-157/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-157/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-157/2023 12.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X9 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)1778/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1956-cı ildə anadan olmuş, 1973-cü il tarixdən 2020-ci ilədək müxtəlif vəzifələrdə əmək fəaliyyətində olmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan bildirmişdir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi Kürdəmir rayon süd zavodunun hal-hazırda fəaliyyəti olmadığından, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövr əmək kitabçasında qeyd olunsa da, ümumi əmək stajına daxil edilməmişdir. Eyni zamanda vətəndaşın təqdim etdiyi arayışda qeyd olunan X6 İdarəsində işlədiyi xx.xx.1999-xx.xx.2002-ci illər üzrə əmək fəaliyyəti əmək kitabçasında qeyd edilməmişdir. Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1980-1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil müddətinin və xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Kürdəmir “Süd” zavodunda maşinist işləməyi ilə bağlı əmək stajını təsdiq edən əmək kitabçasının Azərbaycan Respublikasınm Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Kürdəmir rayon şöbəsinin vəzifəli şəxslərinin qəbul etməmələri barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin illər üzrə əmək stajının nəzərə alınmaqla, ona əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Kürdəmir rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx.xx.1956-cı ildə Kürdəmir şəhərində anadan olmuş və hazırda da həmin ünvanda yaşayır. 1980-ci il tarixdə Sumqayıt Politexnik Texnikumunun əyani şöbəsinə daxil olaraq 1988-ci ildə həmin Texnikumu bitirmişdir. Texnikuma daxil olandan sonra müəyyən müddət təhsilini dondurmuşdur. O, xx.xx.1973-cü ildən fasilələrlə xx.xx.2001-ci il tarixlərdə işləmiş və hazırda da xx.xx.2020ci il tarixindən Şirvan QİŞ-də fəhlə işləyir. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən yaşa görə pensiyaya çıxmaq üçiın DSMF-nin Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Orada ondan əmək stajı barədə əmək kitabçası istənilmişdir. Həmin İdarədə işləməyi əmək kitabçasında qeyd olunmuşdur. DSMF-nin Kürdəmir rayon şöbəsinin ona ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, Süd zavodunda işləməyi əmək kitabçasında qeyd edilsə də Süd zavodunun arxiv sənədləri tapılmadığı, müəsissənin sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən və eləcə də, həmin müəssisənin arxiv sənədlərinin saxlandığı hüquqi ünvan məlum olmadığından və nəticə etibarı ilə əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılmasının həyata keçirilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanması zəruri hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. 06 dekabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “xx.xx.1980-xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddətin, xx.xx.1994-xx.xx.2001-ci illərdə X14 və xx.xx.2001-xx.xx.2002-ci illərdə X6 İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən baslayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı H.X13 rayon şöbəsinə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Kürdəmir rayon şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Kürdəmir “Süd” zavodunda işlədiyi müddətin qarşılıqlı yoxlanılması mümkün olmadığından yaşa görə əmək pensiyası təyin edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş arayışda iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək X6 idarəsində işləməsi faktı öz əksini tapmışdır. Lakin iddiaçının əmək kitabçasında xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Kürdəmir “Süd” zavodunda işləməyi öz əksini tapsada, arayış və əmək kitabçasında qeyd olunan illər üzrə ziddiyətlər əsaslı şübhə doğurur. Bundan başqa, X16 dair sənədlər Dövlət Arxivinə təhvil verilmədiyindən və həmçinin həmin müəssisənin arxiv sənədlərinin saxlanıldığı hüquqi ünvan məlum olmadığından əmək kıtabçasındakı qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmamışdır. Əlavə olaraq, İddiaçı 1980-ci il tarixdən 1988-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığını iddia edir. Lakin 1986-1988-ci illərdə əmək kitabçasında işləməsinə dair müvafiq qeydlər vardır. Göstərilən halları nəzərə alaraq cavabdeh tərəfindən həmin illər sosial sıgorta stajına daxil edilməmişdir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, iddıaçı İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 06 dekabr 2021-ci il tarixli, 2- 1(120)-665/2021 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçının xx.xx.1980xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət, xx.xx.1994-xx.xx.2001-ci illərdə X14 və xx.xx.2001-xx.xx.2002-ci illərdə X6 İdarəsində işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Mərkəzi Aran regional filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən M.K.Həsənov, hakimlər Z.A.Zeynalov və O.N.İsmayılovdan ibarət tərkibdə) 20 aprel 2022ci il tarixli, 2-1(106)-103/2022 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Mərkəzi Aran regional filialının apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(120)-665/2021 nömrəli qərarının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibti işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində ikinci icraat İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “onun Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət, xx.xx.1994-xx.xx.1999-cu illərdə X14 və xx.xx.1999-xx.xx.2002ci illərdə X6 İdarəsində işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Mərkəzi Aran regional filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1778/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunmuş, İddiaçı xx.xx.1980-xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət, xx.xx.1994-xx.xx.1999-cu illərdə X14 və xx.xx.1999-xx.xx.2002-ci illərdə X6 İdarəsində X6 İdarəsində işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Mərkəzi Aran regional filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etiraz və etiraza əlavə) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə qərarında 1980-1983-cü il tarixədək iddiaçının əyani təhsil aldığını qeyd etsə də, İddiaçı 1983-cü ildə texnikumdan xaric edilmiş, 1987-ci il tarixdə həmin texnikumun qiyabi şöbəsinə qəbul olmuş, 1988-ci il tarixdə texnikumu bitirmişdir. Belə ki, təhsilini əyani başa vurmuş şəxslərin təhsil aldığı müddət sosial sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi iddiaçı texnikumu qiyabi formada bitirmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunmuş arayışda iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək X6 idarəsində işləməsi faktı qeyd olunmuşdur. Lakin əmək kitabçasında iddiaçının xx.xx.2001-ci il tarixdə işdən azad edilməsinə dair qeyddən sonra xx.xx.2020-ci il tarixdə işə qəbul edilməsi ilə bağlı qeyd öz əksini tapmışdır. Həmin əmrlər müvafiq olaraq 9 və 10-cu qeydlərdə göstərilmişdir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2- 1(120)-1778/2022 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)-1778/2022 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti, cavabdehin imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci İl yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı təhsil aldığı müddətin və işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvercilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2021-ci ildə (65 yaş) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. Cavabdeh apellyasiya şikayətdə qeyd edir ki,...“İş materiallarından aydın olur ki, Əmlak Məslələri Dövlət Xidməti tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********56 nömrəli məktubda “X18”nun xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək fəaliyyət göstərdiyi, zavodun rəhbərləri X1 və X2 olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********092300 saylı məktubunda “X18”nun qeydiyyatdan keçmədiyi göstərilmişdir. Bundan başqa, X16 dair sənədlər Dövlət Arxivinə təhvil verilmədiyindən və həmçinin həmin müəssənin arxiv sənədlərinin saxlanıldığı hüquqi ünvan məlum olmadığından əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlamasını həyata keçirmək mümkün olmamışdır. İddiaçı xx.xx.1994cü il tarixdən xx.xx.1999-cu il tarixədək Kürdəmir “Süd” zavodunda işlədiyini iddia etsə də, müəssisənin xx.xx.1997-ci il tarixdən fəaliyyət göstərdiyi iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin iddiaçının qeyd olunan müəssədə işlədiyini təsdiq edən əmrlər və əmək haqqı cədvəlləri mövcud deyildir”. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, məhkəmə tərkibi iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. İddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1973-cü il tarixli, 156 nömrəli əmrlə Şirvan meliorasiya su tikinti trestinin PMK-18-ə İ dərəcə fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli, 75 nömrəli əmrlə Sovet ordusunda xidmətə çağırışla əlaqədar işdən azad edilmiş, xx.xx.1976-cı il tarixli, 39 nömrəli əmrlə Ucar kombinatının Kürdəmir filialına fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-cı il tarixli, 33 nömrəli əmrlə Texniki məktəbə daxil olunmaqla əlaqədar ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1986-cı il tarixli, 14/0 nömrəli əmrlə Qazma qurğularına xidmət üzrə İİİ dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 42/k nömrəli əmrlə İV dərəcəli elektrik montyoru keçirilmiş, xx.xx.1994-cü il tarixli, 46/k nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1994-cü il tarixli, 109 nömrəli əmrlə X16 maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1999-cu il tarixdə X6 İdarəsinə dördüncü dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrlə Şirvan qış otlaqlarının X10 İstismarı İdarəsinə 4cü dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli, 05 nömrəli əmrlə işdən azad edilmişdir. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərkibi tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə tərkibi nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin 26 aprel 2023-cü il tarixli 3-21-3/2-5075/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X18nun son fəaliyyəti ilə bağlı müəssisənin balans məlumatları 1 yanvar 1997-ci il tarixə təqdim edilmişdir. Sonrakı fəaliyyət ilə bağlı müəssisə tərəfindən hər hansı məlumat təqdim edilməmişdir. Bununla bağlı məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, X18nun xx.xx.1997-ci il tarixdən sonra müəssisənin balans məlumatları təqdim etməməsi müəssisənin fəaliyyətdə olmaması anlamına gəlməməlidir. Ümumiyyətlə, hər hansı bir ehtimal iddiaçı tərəfindən təqdim edilmiş sübutun (əmək kitabçasının) qeyri-mötəbərliyi (saxtalığı), eyni zamanda iddianın əsassızlığı barədə nəticəyə gəlməyə əsas verə bilməz. Bundan başqa, iş materiallarında olan Kürdəmir rayon Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli, 24 nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin qeydiyyatı Dövlət Statistika Komitəsi tərəfindən 1996-cı ildən başlayaraq aparılır və “X18” 17 iyun 1996-cı ildən qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Yeyinti sənayesi şirkətinin X18nun Nizamnaməsinin 1-ci bəndində qeyd edilmişdir ki, X18 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 1993-cü il tarixli, 293 saylı qərarı ilə “Azəryeyinti sənaye” dövlət şirkətinin tərkibinə (əmr №14 xx.xx.1993-cü il) müstəqil müəssisə kimi tabe edilmişdir. X18 sərbəst balansla birbaşa Azərbaycan Respublikası Dövlət Yeyinti sənayesi şirkətinə tabedir (1-ci cild, i/v 125). İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, X4 xx.xx.1993-cü ildən xx.xx.1998-ci il tarixədək X14 mühasib vəzifəsində işləmişdir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X5 xx.xx.1982-ci ildən xx.xx.2001-ci ilədək Bakı Süd İstehsalat X3 şöbəsində işləmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlar X18nun mübahisələndirilən illərdə fəaliyyətdə olduğunu təsdiq edir. Məhkəmə tərkibi cavabdehin “X16 dair sənədlərin Dövlət Arxivinə təhvil verilməməsi” dəlilinə münasibətdə qeyd edir ki, əmək haqqı kitabları və müvafiq əmrlər arxivə təhvil verilmədiyi halda, «iddiaçının əmək haqqı alması və işləməsi təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir. Ümumiyyətlə, iddiaçının işlədiyi müddət üzrə əmək haqqı kitablarının və əmrlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki,...“İddiaçı 1980-cı il tarixdən 1988-ci il tarixədək Sumqayıt Politexnik texnikumunda əyani təhsil aldığını iddia edir. Lakin 1986-1988-ci illərdə əmək kitabçasında işləməsinə dair müvafiq qeydlər vardır. Məhkəmə qərarında 1980-ci il tarixdən 1983-cü il tarixədək iddiaçının əyani təhsil aldğını qeyd etsə də, İddiaçı 1983-cü ildə texnikumdan xaric edilmiş, 1987-ci il tarixdə həmin texnikumun qiyabi şöbəsinə qəbul olmuş, 1988-ci il tarixdə texnikumu bitirmişdir. Belə ki, təhsilini əyani başa vurmuş şəxslərin təhsil aldığı müddət sosial sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi iddiaçı texnikumu qiyabi formada bitirmişdir” Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. İş materiallarında olan sübutlardan müəyyən edilir ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Sumqayıt Politexnik Texnikumunun gündüz (əyani) bölməsinə qəbul olunmuş və imtahanda iştirak etmədiyinə görə xx.xx.1983-cü il tarixdən xaric olunmuş, daha sonra xx.xx.1987-ci il tarixdə texnikumun qiyabi bölməsinə bərpa olunmuş, xx.xx.1988-ci il tarixdə təhsilini başa çatdırmış və xx.xx.1988-ci il tarixli, 7 nömrəli protokol əsasında diplom almışdır. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, iddiaçının xx.xx.1980-xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət onun sosial sığorta stajına hesablanmalıdır. Cavabdehin apellyasiya şikatənin sonuncu dəlili ondan ibarətdir ki,...“iddiaçı tərəfindən təqdim olunmuş arayışda iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək X6 idarəsində işləməsi faktı qeyd olunmuşdur. Lakin əmək kitabçasında iddiaçının xx.xx.2001-ci il tarixdə işdən azad edilməsinə dair qeyddən sonra xx.xx.2020-ci il tarixdə işə qəbul edilməsi ilə bağlı qeyd öz əksini tapmışdır. Həmin əmrlər müvafiq olaraq 9 və 10-cu qeydlərdə göstərilmişdir ”. Məhkəmə tərkibi cavabdehin bu dəlilini də əsassız hesab edir. İlk növbədə qeyd etmək lazımdır ki, iş materiallarına iddiaçının 24.04.`1974-cü il tarixli əmək kitabçasının əsli əlavə edilmişdir. Həmin əmək kitabçasının 18 və 19-cu səhifələrində aparılmış qeydlərdən müəyyən olunur ki, iddiaçı xx.xx.1999-cu il tarixdə X6 İdarəsinə dördüncü dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə işdən azad edilmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin X6 İdarəsinin xx.xx.2021-ci il tarixli, 01/06 nömrəli arayışından və müvafiq əmrlərdən görünür ki, İddiaçı 1999-2002-ci illərdə X6 İdarəsində fəhlə işləmiş və əmək haqqı almışdır (1-ci cild, i/v 69, 171-173). Bundan başqa, apellyasiya instansiya məhkəməsindəki birinci icraat zamanı 20 aprel 2022-ci il tarixli məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək X14 və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək X6 İdarəsində işləmişdir. Belə ki, 1999-cu ildən X16 süd verilməyəcəyi üçün onlara da əmək haqqı verilməyəcəkdir. Maddi çətinliyi olduğundan o da həmin zavoddan işdən çıxıb xx.xx.1999-cu il tarixdən X6 İdarəsində işləməyə başlamışdır. Lakin həmin vaxt X18nun direktoru ağır xəstə olduğundan və əmək kitabçası da direktorda olduğundan onun X14 işdən azad edilməsi barədə əmrin verilməsi və əmək kitabçasının doldurulması mümkün olmamışdır. Məhkəmə tərkibinin qənaətinə görə iddiaçının izahatı inandırıcıdır və işin faktiki hallarına tam uyğundur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi qeyd edir ki, iddiaçı xx.xx.1980xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət, xx.xx.1994-xx.xx.1999-cu illərdə X14 və xx.xx.1999-xx.xx.2002-ci illərdə X6 İdarəsində işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)1778/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar