Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-157/2024 02.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Müşfiq Kamil oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə, Camalov Hüseyn Əli oğlunun katibliyi, iddiaçının nümayəndəsi Salahov Əliş Rasim oğlunun, Cavabdeh, üçüncü şəxsin nümayəndəsi Qarayev Bəxtim Akif oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz inşa olunmuş əlavə tikilinin sökülməsi tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)- 1290/2023 nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı şəhəri, H.Əliyev prospekti, 57A ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının üzərində qanunsuz inşa olunmuş əlavə tikilinin öz hesabına şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq sökülərək, binanın əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1290/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1290/2023 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirir ki, iddiaçı inzibati orqanın qərarı ona təqdim edilməmişdir. O, tikintiyə icazənin verilməsi ilə əlaqədar müraciət etmişdir, həmçinin iddiaçı tərəfindən ona ilkin müraciət olunmadan məhkəmədə iddia qaldırılmışdır. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1290/2023 saylı qərarının ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Salahov Əliş Rasim oğlu qeyd edirki, iddiaçı tərəfindən cavabdehə ilkin müraciət olunmadan məhkəmədə iddia qaldırılmışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1290/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Qarayev Bəxtim Akif oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1290/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları” Bənd 2.1.3. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; Bənd 2.1.4. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; Bənd 2.1.5. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən olunmuş müddətdə aşkarlanmış pozuntuların aradan qaldırılması təmin edilmədikdə və həmin tikinti işlərinin dayandırılması barədə Bölmə 5. Məhkəmə qaydasında sökülən tikinti obyektləri ilə bağlı Agentliyin vəzifələri Bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35. İddianın mümkünlüyü Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1290/2023 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı tikinti obyektinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin iddiaya mahiyyəti üzrə baxaraq, təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, qanunsuz tikilinin sökülməsi barədə iddia tələbinin mümkünlük şərtlərinin mövcudluğu ilə bağlı lazımi qaydada araşdırma aparmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının hazırkı tələblə bağlı cavabdehə müraciət edib-etməməsi işə baxan birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini rəhbər tutaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu baxımdan işə təkrar baxan birinci instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia mümkün sayılacağı halda yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1290/2023 saylı qərarı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-157/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-157/2024
02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver