Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-158/2024 05.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1256/2023 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, atası İsmayılov Azər Qulam oğlunun fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 11 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-1256/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İsmayılov Azər Qulam oğlunun fəxri adla təltif edilməsi üçün tərtib edilmiş müvafiq təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsinin öhdəlik kimi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 may 2004-cü il tarixli 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən müvafiq rəylər tərtib edildiyi təqdirdə Müdafiə Nazirliyinə göndərilməsi qeyd edilmişdir. İnzibati orqan tərəfindən müvafiq təltif sənədləri tərtib edildiyi halda hərbi hissənin nizami hissə üzrə əmrlər kitabı 1993-cü ildən 2003-cü ilədək Müdafiə Nazirliyinin İşlər idarəsinin Mərkəzi Arxivinə təhvil verilməsi əsası ilə həmin sənədlərin Müdafiə Nazirliyinə göndərilməsindən imtina etməsi əsassız olmuş, formal xarakter daşımışdır. Qərardan üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, atası İsmayılov Azər Qulam oğlu 1992-ci ilin mart ayından 1993-cü il oktyabrın 27-nə qədər (ölüm tarixinə qədər) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sıralarında qulluq etmişdir. Atası N saylı hərbi hissənin N nömrəli batalyonunda kəşfiyyat tağım komandiri və bölük komandirinin silahlar üzrə müavini vəzifəsində xidmət etmişdir. 1993-cü il oktyabr ayının 27-də atası komandanlıq tərəfindən ona verilən növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhramancasına həlak olmuşdur. Atasının ölümündən sonra N saylı hərbi hissənin komandanlığı tərəfindən onun fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədləri tərtib olunmuş, lakin həmin sənədlər müharibə vaxtı baş vermiş hansısa bir səbəbdən Müdafiə Nazirliyinə göndərilməmişdir. Tərtib olunmuş fəxri adın verilməsi ilə bağlı sənədlərinin Müdafiə Nazirliyinə təqdim edilməməsi nəticəsində atasının təltif edilmə məsələsinə Müdafiə Nazirliyi tərəfindən baxılmamışdır. Bununla bağlı o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, müraciətinə cavab olaraq lazımi sənədlərin hərbi hissə tərəfindən təqdim olunmadığı bildirilmişdir. Bundan sonra, həmin məsələ ilə bağlı N saylı hərbi hissəyə müraciət etmiş, lakin N saylı hərbi hissə tərəfindən 1993-2003-cü illər üçün nizami hissə üzrə əmrlər kitabının Müdafiə Nazirliyinin Arxivində olması səbəbi əsas gətirilərək Azər İsmayılovla bağlı təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsindən imtina edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya qarşı etiraz mülahizələrində qeyd etmişdir ki, 17 may 2004-cü il tarixli 223 nömrəli əmr ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən: 1. Hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir; 2. Təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir; 3. Kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiya”da baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur; 4. Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində aparılan uçot sənədlərində mərhum İsmayılov Azər Qulam oğlunun təltif olunması ilə bağlı hər hansı bir rəsmi sənədin Müdafiə Nazirliyinin Təltif komissiyasına daxil olması barədə heç bir qeydiyyat aşkar olunmadığı qeyd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi mərhum atasının fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsinin Cavabdeh üzərinə qoyulmasından ibarətdir. “Azərbaycan Respublikasının fəxri adları haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanı ilə 20 fəxri ad müəyyən edilmişdir. Həmin Fərmana əsasən mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, bədən tərbiyəsi, idman, jurnalistika, mühəndislik, habelə dövlət qulluğu, hüquq, kənd təsərrüfatı və mülki aviasiya sahələrə aid Azərbaycan Respublikasının fəxri adları təsis edilmişdir. Fəxri adların verilməsi haqqında 1999-cu il 14 may tarixli, 130 nömrəli fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının fəxri adları mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -xx.xx.1975-ci il tarixli, HЗ ******* nömrəli hərbi biletdə İsmayılov Qulam Azər oğlunun xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli ərazisində döyüşlərdə iştirak etməsi, xx.xx.1993-cü il tarixdə həlak olması qeyd edilmişdir. -AZ 126610 nömrəli Azərbaycan Respublikası ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov Azər Qulam oğlu 27 oktyabr 1993-cü il tarixdə (37 yaş) odlu silah yaralanması nəticəsində ölmüşdür. -N nömrəli motoatıcı taborun xx.xx.1993-cü il tarixli ümumi yığıncağının 11 nömrəli protokol qərarında qeyd edilmişdir ki, kəşfiyyat tağımının komandiri İsmayılov Azər Qulam oğlunun Azərbaycan Respublikasının müvafiq fəxri adına təqdim olunması haqqında statusa uyğun hesab edilsin və sənədlərin hazırlanıb bir yerə cəmləşdirilməsi N nömrəli taborun qərargahına tapşırılmaqla lazımi yerə göndərilməsi barədə Cavabdeh komandanlığı ilə razılaşdırılsın. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 21 №-li əmrilə (əsas: §-3, səh-119, əmrdə hərbi rütbəsi yazılmamışdır) İsmayılov Azər Qulam oğlu döyüşçü təyin olunmuşdur. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 165 nömrəli əmrilə (əsas: §-2, səh-20, əmrdə hərbi rütbəsi yazılmamışdır) İsmayılov Azər Qulam oğlu 5-ci rotadan azad edilərək batalyonun silah-sursat üzrə rəisi vəzifəsinə təyin edilmişdir. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 254 nömrəli əmrilə (əsas: §-2, səh-85) İsmayılov Azər Qulam oğlu N nömrəli hərbi hissənin silah sursat xidməti vəzifəsindən azad edilib silahlanma üzrə batalyon komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. Qeyd edirlər ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olab N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il, Cavabdeh komandirinin may-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N hərbi hissənin 1992-1994-cü il, N nömrəli hərbi hissənin 1995-ci il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İsmayılov Azər Qulam oğlunun xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin 1992-1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-19/2-216/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, şəhid İsmayılov Azər Qulam oğlu xx.xx.1993-cü il tarixdə Cavabdeh tərkibində hərbi xidmət keçən zaman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı həlak olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 may 2004-cü il tarixli 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən: -hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. -təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. -kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiya”da baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur. -Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Birinci instansiya məhkəməsi öz qərarında haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 may 2004-cü il tarixli 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən müvafiq rəylər tərtib edildiyi təqdirdə Müdafiə Nazirliyinə göndərilməsi qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən təltif sənədləri tərtib edildiyi halı müəyyən edildiyindən hər-hansı diskresion səlahiyyətin tətbiqi qeyd edilməməlidir. İPM-in 73.3-cü maddəsindən də göründüyü kimi aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İşin faktiki hallarından görünür ki, İsmayılov Azər Qulam oğlunun fəxri adla təltif edilməsi üçün müvafiq təltif sənədləri hazırlansa da, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi təmin edilməmişdir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1256/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-158/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-158/2024
05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver