Məhkəmə qərarları › İş №2-1(106)-159/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-159/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-159/2024 03.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X13 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial sığorta stajı haqqında arayışın tərtib edilməsi və X9 Fonduna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3131/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi Dostluq Mədəniyyət və İstirahət Parkında işlədiyi iş stajının fakt kimi müəyyən olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmasını, eləcə də iddia tələbinin dəyişdirilərək “sosial sığorta stajı haqqında arayışın tərtib edilməsi və Rusiya Federasiyası Rusiya Fonduna göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi “Dostluq” Mədəniyyət və İstirahət Parkında işləməyinə dair sosial sığorta stajı haqqında arayışın tərtib edilməsi və Rusiya Federasiyası Rusiya Fonduna göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Lənkəran rayonu, Şovu kəndində anadan olmuşdur. İlk əmək fəaliyyəti, iki illik əsgərlik xidmətindən sonra, noyabr 1977-1979-cu illərdən sonra, Lənkəran şəhər Dostluq mədəniyyət və istirahət parkının nəzdində olan rəssamlıq emalatxanasında tərtibatçı rəssam kimi xx.xx.1980-ci il tarixindən işə başlamışdır. xx.xx.1980-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Lənkəran şəhər “Dostluq” mədəniyyət parkında əmək fəaliyyəti olmuş və bunu təsdiq edən əmək kitabçası, eləcə də şahid işçi yoldaşları var. Dostluq parkının Dövlət Arxiv idarəsində hec bir sənədi yoxdur ona görə ki, parkın direktoru Bahadır Ağayev park rekanstruksiya olanda 2007-2008 illərdə, Dostluq parkı X20 adına olub. Dostluq parkı təşkilat kimi ləğv olunub və direktor sənədləri Arxivə təhvil verməyib. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona məxsus sosial sığorta haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, lakin müraciətinin müsbət həlli mümkün olmamışdır. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bildirirlər ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Lənkəran şəhər “Dostluq” mədəniyyət parkında əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının müvafiq xidməti məktubuna əsasən bildirirlər ki, Lənkəran şəhər “Dostluq” mədəniyyət parkı fəaliyyət göstərmədiyi və arxiv sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixədək iddiaçının həmin müəssisədə işləmə faktını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçının əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illərin iş stajına daxil edilməsi mümkün deyildir. Belə olduğu təqdirdə sosial sığorta haqqında arayışın verilməsi mümkün hesab edilmir. Qeyd edirlər ki, yuxarıda göstərilən məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsinin Lənkəran filialına sorğular göndərilmişdir. Cavab gəldiyi təqdirdə məhkəməyə təqdim ediləcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3131/2023 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona məxsus sosial sığorta haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, lakin müraciətinin müsbət həlli mümkün olmamışdır. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1,0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 21.1 -ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Lənkəran şəhər “Dostluq” mədəniyyət parkında əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının müvafiq xidməti məktubuna əsasən bildiririk ki, Lənkəran şəhər “Dostluq” mədəniyyət parkı fəaliyyət göstərmədiyi və arxiv sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün xx.xx.1980-cı il tarixdən xx.xx.2001-ci il tarixədək iddiaçının həmin müəssisədə işləmə faktını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçının əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illərin iş stajına daxil edilməsi mümkün deyildir. Belə olduğu təqdirdə sosial sığorta haqqında arayışın verilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Əlavə olaraq bildiririk ki, iddiaçının təqdim etdiyi 059423 nömrəli əmək kitabçası xx.xx.2013-cü il tarixdə doldurulmuş və möhürlə təsdiqlənmişdir. Lakin, sözügedən əmək kitabçasının hansı əsaslarla doldurulduğu ilə baölı hər hansı məlumat aşkar edilməmiş və sübut təqdim edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(120)- 3131/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi “Dostluq” Mədəniyyət və İstirahət Parkında işləməyinə dair sosial sığorta stajı haqqında arayışın tərtib edilməsi və Rusiya Federasiyası Rusiya Fonduna göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək işlədiyini iddia etdiyi Lənkəran şəhər “Dostluq” mədəniyyət parkının fəaliyyət göstərmədiyi və arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olması barədə cavabdehin imtina dəlillərini əsassız sayan məhkəmə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də, sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2013-cü il tarixli, 059423 nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixli əmrlə “Dostluq” Mədəniyyət və İstirahət Parkının rəssamlıq emalatxanasına tərtibatçı rəssam təyin edilmiş, xx.xx.2001-ci il tarixli əmrlə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin İddiaçı ünvanlanmış 24 yanvar 2020-ci il tarixli, **********0 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin xx.xx.2020-ci ol tarixli ərizənizdəki müraciətinizə cavab olaraq bildiririk ki, Ə.Əliyev adına Lənkəran şəhər Mədəniyyət və dostluq parkı (VÖEN **********) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə sonuncu dəfə xx.xx.2013-cü il tarixdə 2013-cü illər İİ rüb üçün hesabat təqdim etmişdir. Təqdim olunmuş hesabatlara əsasən təşkilatın xx.xx.2007-ci ilədək fəaliyyəti olmuşdur. İş materialarında olan Azərbaycan Respublikası X14 filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanlanmış 16 avqust 2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin xx.xx.2023-cü il tarixli, təşkilatımıza xx.xx.2023-cü ildə daxil olmuş 3-17-1/2-177147/2023 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Lənkəran şəhər “Dostluq” mədəniyyət parkının sənədləri X14 filialına təhvil verilməmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının aparatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanlanmış 18 avqust 2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin 07 avqust 2023-cü il tarixli, 3-17-1/2-176975/2023 nömrəli məktubunuzda iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təminatı üzrə mərkəzi filialına qarşı “sosial sığorta haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair 2-1(120)- 3131/2023 nömrəli inzibati işlə bağlı Lənkəran şəhər “Dostluq” mədəniyyət parkının hansı sərəncam əsasında yaradılması, sənədlərin arxivə təhvil verilib-verilməməsi, verildiyi təqdirdə İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.2001-ci il tarixədək qeyd edilən müəssisədə işlədiyi dövrlərə aid sənədlərin (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azadolma və məzuniyyət əmrləri və s.) təsdiq edilmiş surətlərinin göndərilməsi xahiş olunmuşdur. Məktubunuzla bağlı bildiririk ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən sənədin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətini keçdiyi üçün məlumatların təqdim edilməsi imkan xaricindədir. Həmçinin bildiririk ki, Lənkəran şəhər “Dostluq” mədəniyyət parkı tərəfindən sənədlər X14 filialına təhvil verilmədiyindən məktubda qeyd edilən məlumatların göndərilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanlanmış 23 avqust 2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Əvəz oğlunun (AZE 0*******, FİN xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “sosial sığorta haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-3131/2023 nömrəli inzibati işlə əlaqədar Lənkəran şəhər “Dostluq” mədəniyyət parkının hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasında dəyişiklər, ləğv edilmə tarixi, hüquqi varisliyin müəyyən edilibedilməməsi, özəlləşdirilməsi, özəlləşdirilərkən öhdəliklərin hüquqi varisə ötürülməsi və balansındakı əmlak barədə ətraflı məlumatların təqdim edilməsi ilə bağlı məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, müraciətdə qeyd olunan Lənkəran şəhər “Dostluq” mədəniyyət parkı barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının İddiaçı ünvanlanmış 01 aprel 2023-cü il tarixli, 3-171/1-N- 68136/2023 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsı Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənızə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensıyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafıq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanma məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək Lənkəran şəhər “Dostluq” mədəniyyət parkında əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının müvafiq xidməti məktubuna əsasən bıldiririk ki, Lənkəran şəhər “Dostluq” mədəniyyət parkı fəaliyyət göstərmədiyi və arxiv sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün xx.xx.1980-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək həmin müəssisədə işləmə faktınızı müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən sizə sözügedən dövrlər üzrə sığorta stajı haqqında arayışın təqdim edilməsi mümkün hesab edilmir. “İnzibatı icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz var. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı 326 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, Lənkəran şəhər “Dostluq” Mədəniyyət və İstirahət parkı ləğv olunarkən maliyyə və digər rəsmi sənədləri həmin dövrdə fəaliyyət göstərən Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinə qanunauyğun şəkildə təhvil verilmədiyinə görə hazırda həmin müəssisənin maliyyə və digər rəsmi sənədləri X1 İdarəsində mövcud deyildir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirmişdir ki, “Dostluq” mədəniyyət parkında əmək fəaliyyətinə 1984-cü ilin may ayında başlamış və əmək fəaliyyətinə başladığı vaxtda İddiaçı onunla birlikdə işləmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Dostluq” mədəniyyət parkında çalışdığını və işlədiyi müddətdə əmək haqqı aldıını, ona məxsus əmək kitabçasında orada işləməsinə dair qeydlər aparıldığını və iş yoldaşlarından X3 və X4 hal hazırda pensiya aldığını bildirmişdir. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 2(049)-10796/2016 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X16 onun 1976-1995-ci illərdə Lənkəran şəhər X11 işlədiyi illərin “iş stajı faktı kimi müəyyən edilməsi”tələbi ilə məhkəməyə müraciət etmiş, hazırki iş üzrə İddiaçı həmin məhkəmə iclasında şahid qismində dindirilmiş və ifadəsində 1959-cu ildə Lənkəran rayonu, Şovu kəndində anadan olduğunu, ərizəçi X8 yaxından tanıdığını, belə ki, 1980-ci il tarixdən 2001-ci il tarixədək Lənkəran şəhər X11 işlədiyini, ərizəçinin də 1976-1995-ci illərdə həmin parkda işlədiyini, eləcə də işlədikləri müddətdə həmin istirahət parkından əmək haqqı aldıqlarını bildirmişdir. Lənkəran rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 2(049)-10796/2016 nömrəli qətnaməsi ilə X6 ərizəsi təmin edilmişdir. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, xx/xx- 2024 nömrəli məktubundan qeyd edilmişdir ki, ərizəçi X6 iş stajı faktının müəyyən edilməsi tələbinə dair 2016-cı ildə Lənkəran rayon Məhkəməsinin icraatında olmuş 12 dekabr 2016cı il tarixli, 2(049)-10796/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1980-ci il tarixli əmrlə “Dostluq” Mədəniyyət və İstirahət Parkının rəssamlıq emalatxanasına tərtibatçı rəssam təyin edilmiş, xx.xx.2001-ci il tarixli əmrlə işdən azad edilmiş, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2001ci il tarixə kimi “Dostluq” Mədəniyyət və İstirahət Parkında işləməyinə dair sosial sığorta stajı haqqında arayışın tərtib edilməsi və Rusiya Federasiyası Rusiya Fonduna göndərilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh inzibati orqan “Dostluq” Mədəniyyət və İstirahət Parkı”nın fəaliyyət göstərmədiyini və arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsini əsas gətirərək iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həmin müəssisədə işləmə faktının müəyyən etməyin mümkün olmadığını bildirmiş və bu barədə iddiaçıya imtina məktubu ünvanlamışdır. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq və işin faktiki hallarına hüquqi qiymət vermək üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını cavabdehin həmin dəlillərinə münasibətdə tətbiq edərək qeyd edir ki, qeyd edilən mübahisəli dövrlər iddiaçıya məxsus əmək kitabçasında göstərildiyindən mötəbər hesab olunmalıdır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2013-cü il tarixli, 059423 nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixli əmrlə “Dostluq” Mədəniyyət və İstirahət Parkının rəssamlıq emalatxanasına tərtibatçı rəssam təyin edilmiş, xx.xx.2001-ci il tarixli əmrlə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin İddiaçı ünvanlanmış 24 yanvar 2020-ci il tarixli, **********0 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin xx.xx.2020-ci ol tarixli ərizənizdəki müraciətinizə cavab olaraq bildiririk ki, Ə.Əliyev adına Lənkəran şəhər Mədəniyyət və dostluq parkı (VÖEN **********) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə sonuncu dəfə xx.xx.2013-cü il tarixdə 2013-cü illər İİ rüb üçün hesabat təqdim etmişdir. Təqdim olunmuş hesabatlara əsasən təşkilatın xx.xx.2007-ci ilədək fəaliyyəti olmuşdur. İş materialarında olan Azərbaycan Respublikası X14 filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanlanmış 16 avqust 2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin xx.xx.2023-cü il tarixli, təşkilatımıza xx.xx.2023-cü ildə daxil olmuş 3-17-1/2-177147/2023 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Lənkəran şəhər “Dostluq” mədəniyyət parkının sənədləri X14 filialına təhvil verilməmişdir. Həmçinin, Apellyasiya icraatı zamanı iddiaçı X4 və X3 həmin mübahisəli hesab edilən müəssisədə işlədiyini bildirmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dinidirilmiş X5 izahatında “Dostluq” mədəniyyət parkında əmək fəaliyyətinə 1984-cü ilin may ayında başladığını və əmək fəaliyyətinə başladığı vaxtda İddiaçı onunla birlikdə işlədiyini bildirmişdir. Bundan başqa iş materiallarında olan qanuni qüvəyə minmiş Lənkəran rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 2(049)-10796/2016 nömrəli qətnaməsindən görünür ki, hazırki iş üzrə cavabdeh şəxsin iştirak etdiyi məhkəmə iclasında şahid kimi ifadə vermiş iddiaçı özünün və ərizəçinin əmək fəaliyyəti barəsində ifadə vermiş və verdiyi həmin ifadə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Belə ki, iddiaçı (mülki iş üzrə şahid) İddiaçı Əvəz oğlu ifadəsində 1959-cu ildə Lənkəran rayonu, Şovu kəndində anadan olduğunu, ərizəçi X8 yaxından tanıdığını, belə ki, 1980-ci il tarixdən 2001-ci il tarixədək Lənkəran şəhər X11 işlədiyini, ərizəçinin də 1976-1995-ci illərdə həmin parkda işlədiyini, eləcə də işlədikləri müddətdə həmin istirahət parkından əmək haqqı aldıqlarını bildirmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədiyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq müəssisənin arxiv sənədləri dövlət arxivinə tam təhvil verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və yaxud müəssisənin mövcud olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi “Dostluq” Mədəniyyət və İstirahət Parkında işləməyinə dair sosial sığorta stajı haqqında arayış tərtib edilməlidir. Məhkəmə kollegiyası onu da edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının işlədiyi, lakin cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi “Dostluq” Mədəniyyət və İstirahət Parkında işləməyinə dair sosial sığorta stajı haqqında arayışın tərtib edilməsini və Rusiya Federasiyası Rusiya Fonduna göndərilməsini tələb etməkdə haqlı olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3131/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar