Məhkəmə qərarları › İş №2-1(106)-160/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-160/2024

23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-160/2024 23.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2911/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin elektron altsistemdə bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1686/2023 saylı qərarının ləğv edilməsi və 2-ci dərəcə “Ümumi xəstəlik” ilə əlaqədar müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 13 sentyabr 2023-cü il tarixli, 2- 1(120)-2911/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3- 3-1686/2023 saylı qərarının ləğv edilməsi və 2-ci dərəcə “Ümumi xəstəlik” ilə əlaqədar müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2000-ci ildən xx.xx.2010-cu ilədək müddətli və xx.xx.2010-cu ilədən isə 2-ci dərəcə ümumi xəstəlik ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli bildirişə əsasən əlilliyi ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdə elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Agentlik tərəfindən əlillik vəziyyəti əsassız olaraq ona heç bir məlumat verilmədən ləğv edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan obarət olmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət olunmuşdur, bildirişdə əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Bu əsasla xx.xx.2010-cu i! tarixdə təyin edilmiş müddətsiz, 2-ci dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini, həmçinin ona ümumiyyətlə müayinəyə cəlb edilməsi ilə bağlı bildiriş göndərilmədiyini bildirmişdir. Həmçinin iddiaçının iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icaata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3- 3-1686/2023 nömrəli qərarının məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş 10 nəfər barəsində qüvvədə olan qərarların ləğv edilməsi qərara alınmışdır (qərarda şəxslərin adları qeyd edilməmişdir). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3- 1-6472/2023 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət edilmiş, müayinə olunmağı gözləmədən DTSERA-nı tərk etmişdir. Mövcud tibbi ekspert sənədləri üzrə aparılan araşdırmalara əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17- 4/2-14-6723/2023 nömrəli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda əlilliyi müəyyən edilmiş şəxs əyani müayinəyə cəlb edilir. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.2023-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmuş, həmin bildirişdə əyani müayinəyə gəlmədiyi halda, onun iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2010-cu i! tarixində təyin edilmiş müddətsiz, 2-ci dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17- 4/2-13382/2023 nömrəli məktubunda bildirilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmuş, müayinə zamanı təqdim edilmiş tibbi sənədlər və ətraflı müayinənin nəticəsində əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. -Məhkəmə kollegiyasının müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-18202/2024 nömrəli məktubunda bildirilir ki, Neftçala rayon sakini İddiaçı əlillik vəziyyəti xx.xx.2010-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Belə ki, vətəndaş X1 daxil olmuş xx.xx.2022-ci il tarixli, **********7 nömrəli müraciətində yaşadığı Neftçala rayonu üzrə bəzi vətəndaşların adlarını qeyd edərək əlillik vəziyyətlərinin saxta olduğunu bildirmişdir. Bundan irəli gələrək, əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların araşdırması çərçivəsində əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Həyata keçirilən araşdırmada iştirak etməsi üçün İddiaçı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli bildiriş məktubu ilə xx.xx.2023-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin Agentlikdə müayinə olunmasını gözləmədən qəbul yerini tərk etmişdir. Nəticədə, mövcud sənədlər üzrə aparılmış araşdırma nəticəsində xx.xx.2010-cu il tarixli əlillik təyinatı qərarı ləğv edilərək barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi qərarı qəbul edilmişdir. Qeyd olunan sənədlərdən göründüyü kimi cavabdeh bir halda iddiaçının əyani müayinə olunduğunu, gigər halda müayinədən yayındığını, həmçinin yenidən müayinəyə cəlb edilməsinin əsası kimi vətəndaş müraciətinin olduğunu qeyd etmişdir. Həmçinin sənədlərdən görünür ki, iddiaçının əlillik təyinatı barədə qərar cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-1-6472/2023 nömrəli qərarı ilə ləğv edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, yuxarıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmiş, həmçinin cavabdehin məhkəmələrə (birinci və apellyasiya instansiyası) təqdim etdiyi sənədlərin özündə ziddiyət olmaqla bir halda iddiaçının əyani şəkildə müayinə olunduğu, digər halda isə müayinədən yayındığı bildirilmişdir. Bu hal öz-özlüyündə müyinəyə cəlb edilməməsi ilə bağlı iddiaçının dəlilinin əsaslı olmasını deməyə əsas verir. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, X5 şəxsin « Neftçala rayonu üzrə bəzi vətəndaşların əlillik vəziyyətlərinin saxta olması » ilə bağlı müraciəti əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz. Odur ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, mübahisənin predmeti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin İddiaçı barəsində olan xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-1-6472/2023 saylı qərarı olmasına baxmayaraq, Agentliyin xx.xx.2023-cü il tarixli, 3- 17-4/3-3-1686/2023 saylı qərarının ləğv edilməsi məsələsinə baxmışdır. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2911/2023 nömrəli qərarı dəyişdirilsin. İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-1-6472/2023 saylı qərarı ləğv edilsin, iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin “Əlillik” altsistemdə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar