Məhkəmə qərarları › İş №2-1(106)-161/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-161/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-161/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(120)-1587/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanunsuz hesab edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qаrşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan onun barəsində mart 2019 – fevral 2022-ci il vergi dövrü üzrə növbədənkənar vergi yoxlamasının keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərar qəbul etmişdir. Həmin dövr üzrə cavabdeh inzibati orqanla aralarında əvvəllər məhkəmə mübahisəsi olmuş və həmin dövr üzrə onun tərəfindən vergi qanunvericiliyinin pozulması müəyyən edilməmişdir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən onun barəsində qeyd edilən vergi dövrü üzrə sözügedən qanunsuz və əsassız qərar qəbul edilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi iddia tələbinə etirazında bildirmişdir ki, İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrdə onun xx.xx.2019 – xx.xx.2022-ci il tarix aralığı üzrə ƏDV ilə birlikdə dövriyyəsinin 8803,73 manat və orta işçi sayının 1 nəfər olduğu göstərilmişdir. Aparılmış ilkin araşdırmalar zamanı iddiaçının fəaliyyət sahəsi, işçi sayı və vergi potensialı ilə təqdim edilmiş vergi bəyannamələrində göstərilən məlumatlar arasındakı uyğunsuzluqların mövcudluğu vergidən yayınma risklərinin olması ehtimalını yaradır. Bu səbəbdən vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq iddiaçı barəsində qeyd edilən vergi dövrü üzrə növbədənkənar vergi yoxlamasının keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 20 dekabr 2022-ci il tarixli, 2-1(120)-1587/2022 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci və 23.1.1-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3-cü və 38.3.5-ci maddələrinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi (maddə 49.1.1); vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması (maddə 49.1.2); əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında (maddə 49.1.3); əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması (maddə 49.1.4); əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi (maddə 49.1.5); yeni qərarın qəbul edilməsi (maddə 49.1.6). İşin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrü üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçı da həmin qərarın qanunsuz və əsassız olduğunu əsas gətirərək hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq qərardadını onunla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi və yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi vergi orqanının hüququdur. Səyyar vergi yoxlamasının sonunda hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması ilə bağlı vergi orqanı qərar qəbul etmək səlahiyyətindədir. Hazırkı iş üzrə cavabdeh tərəfindən qəbul edilən qərar qanunvericiliyə əsasən akt hesab olunur. Həmin aktın inzibati akt olub-olmamasının aydınlaşdırılması üçün, sözügedən akt özündə inzibati akta məxsus xüsusiyyətlərin məcmusunu əks etdirməlidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; qərar, sərəncam və ya digər formada ifadə olunmalı; mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İddiaçı tərəfindən hazırda mübahisələndirilən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Belə ki, həmin qərar iddiaçı üçün özüözlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Əksinə, həmin qərar məzmunu etibarilə vergi və ya digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması ilə bağlıdır. Başqa sözlə, vergi ödəyicisi üçün hüquqi nəticələr məhz vergi məsuliyyətinə cəlb etmə, yaxud vergi məsuliyyətinə cəlb etməkdən imtina barədə qərarın qəbulu ilə yaradılır. Nə qədər ki, belə bir qərar qəbul edilməmişdir, vergi ödəyicisi üçün müəyyən (konkret) hüquqi nəticə yaranmır. Doğrudur, səyyar vergi yoxlaması barədə qərar rəsmi hüquqi sənəd kimi vergi ödəyicisində vergi məsuliyyətinə cəlb ediləcəyi gözləntisi yaradır, lakin bu cür gözlənti müəyyən (konkret) hüquqi nəticə hesab edilə bilməz. Beləliklə, iddiaçı tərəfindən hazırda mübahisələndirilən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar inzibati aktı səciyyələndirən əlamətləri özündə ehtiva etmir və həmin qərar mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar müstəqil inzibati akt kimi mübahisələndirilə bilinməsə də, bu, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə cavabdeh inzibati orqanın qəbul edəcəyi qərar inzibati məhkəmə icraatında mübahisələndiriləcəyi təqdirdə məhkəmə tərəfindən həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(120)-1587/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar