Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-161/2024 09.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı, cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi Cavabdeh2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(120)-610/2023 nömrəli qərarından cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 27 sentyabr 2023-cü il tarixli, 2- 1(120)-610/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixindən, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Saatlı şəhərində anadan olmuşdur. O, xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 12 il 6 ayından çoxunu güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən yaşa görə əmək pensiyasına münasibətdə iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınmadığı səbəbindən ümumi sığorta stajının az olması, güzəştli şərtlərlə sığorta stajına münasibətdə isə tələb edilən 12 il 6 ay güzəştli iş stajının ümumiyyətlə olmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı oğlnun Baranovski texniki məktəbində təhsil aldığı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək olan dövrlər mübahisələndirilmiş, iddiaçının mübahisələndirilməyən ümumi iş stajı isə 24 il 3 ay 2 gün təşkil etmişdir. Təhsil müddətini təsdiq edən əsas sənədin diplom olduğu nəzərə alınaraq qeyd edilmişdir ki, iddiaçının təhsil aldığı dövrlərlə bağlı cavabdehə ilkin müraciət zamanı hər hansı sənəd təqdim edilməmişdir. Bu halda iddiaçının təhsil aldığı dövrlərin ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkünsüzdür. Həmçinin iddiaçının güzəştli sosial sığorta stajına münasibətdə cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli 42 və 144 nömrəli arayışlarında iddiaçının xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixədək İmişli İşarəvermə və Rabitə sahəsində yol montyoru, mərkəzləşmiş hərəkət mexaniki, elektrik montyoru və elektrik mexaniki vəzifələrində işlədiyi qeyd olunmuşdur. ”Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin siyahıda “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsində (21) magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifələri nəzərdə tutulmuşdur. Lakin sözügedən arayışlarda iddiaçının işlədiyi sahənin yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş magistral dəmiryollarının əlaqə şəbəkəsinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Beləliklə, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan və güzəştli iş stajı ümumiyyətlə olmadığından ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunauyğun deyildir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, əmək fəaliyyətinə başlayandan fasiləsiz olaraq "xxxx" QSC-nin müxtəlif idarələrində yol montyoru, elektrik montyoru və elektrik mexaniki vəzifələrində işləmişdir. xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək yol montyoru və üçüncü dərəcəli hərəkət mexaniki vəzifələrində işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyoru vəzifəsində işləmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Belarusiya Respublikasında Baranovski texniki peşə məktəbində əyani təhsil almış, xx.xx.1986-cı il tarixdən əvvəlki işinə geri qayıtmışdır. O, magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyoru vəzifəsində işləmiş və ixtisasının artırılması məqsədilə (yəni elektrik mexaniki peşəsinin öyrənilməsi məqsədilə) təhsil alması üçün iş yerindən texniki peşə məktəbinə göndərilmişdir. Texniki peşə məktəblərində qiyabi təhsil olmur və yalnız peşə əyani formada öyrədilir. xx.xx.1986-cı il tarixdən xx.xx.2021-ci il tarixədək və fasiləsiz olaraq magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyoru və elektrik mexaniki vəzifələrində işləmişdir. Magistral dəmiryollarının əlaqə şəbəkəsinin həm elektrik montyoru, həm də elektrik mexaniki vəzifələri güzəştli iş stajı hesab edilir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Saatlı şəhərində doğulub, Saatlı şəhəri, H.Əliyev prospekti, ev 37-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus olan xx.xx.1980-cı il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən və tərcüməsindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək yol montyoru və üçüncü dərəcəli hərəkət mexaniki vəzifəsində, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək elektrik montyoru vəzifəsində işləmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək texniki peşə məktəbində təhsil almış, xx.xx.1986-cı il tarixdən əvvəlki işinə geri qayıtmış, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək elektrik montyoru vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.2021-ci il tarixədək elektrik mexaniki vəzifəsində işləmişdir. İşdə olan iddiaçıya məxsus olan Baranovski texniki məktəbi tərəfindən verilmiş 167 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Belarus Lenin Dəmir Yolu ordenli Baranovski texniki peşə məktəbində rabitə elektromexaniki ixtisası üzrə peşə təhsili almışdır. İşdə olan iddiaçıya məxsus olan xx.xx.1981-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 7 nömrəli İmişli İşarəvermə və Rabitə Sahəsinin xx.xx.2021-ci il tarixli, 144 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Dəmir Yolunun İmişli İşarəvermə və Rabitə sahəsində xx.xx.1983-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1983-cü il tarixdən (əmr № 74; xx.xx.1983-cü il) İmişli-Mürsəlli mənzilinə elektrik montyoru vəzifəsinə qəbul edilmişdir; xx.xx.1984-cü il tarixdən (əmr № 19; xx.xx.1984-cü il) 2-ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir; xx.xx.1984-cü il tarixdən (əmr № 84; xx.xx.1984cü il) 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir; xx.xx.1985-ci il tarixdən (əmr № 73; xx.xx.1985-ci il) 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir; xx.xx.1985ci il tarixdən (əmr № 134; xx.xx.1985-ci il) Baranovski dəmir yolu texniki peşə məktəbinə 10 aylıq elektrik mexaniki kursuna göndərilmiş; xx.xx.1986-cı il tarixdən (əmr № 78; xx.xx.1986-cı il) elektrik mexanik kursunu bitirib geri qayıtmış; xx.xx.1986-cı il tarixdən (əmr № 75; xx.xx.1986-cı il) İmişli-Mürsəlli mənzilinə magistral kabel təsərrüfatı üzrə elektrik mexaniki işinə qəbul edilmişdir; xx.xx.1986-cı il tarixdən (əmr № 97; xx.xx.1986-cı il) Saatlıya İmişli-Mürsəlli mənzili üzrə yerli magistral kabel təsərrüfatı sexinə elektrik mexaniki işinə keçirilmişdir; xx.xx.1997-ci il tarixdən (əmr № 37; xx.xx.1997-ci il) şəxsi ərizəsinə əsasən Əli-Bayramlı EÇ-6 keçirilmişdir; xx.xx.1997-ci il tarixdən (əmr № 45; xx.xx.1997-ci il) EÇK-17 Saatlı sahəsinə 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmişdir; xx.xx.1997-ci il tarixdən (əmr № 48; xx.xx.1997-ci il) SÇ-7 İmişlinin sərəncamına keçirilmişdir; xx.xx.1997-ci il tarixdən (əmr № 47; xx.xx.1997-ci il) İmişli- Osmanlı mənzilinə kabel təsərrüfatı sexinə elektrik mexaniki işinə keçirilmişdir; xx.xx.2016cı il tarixdən (əmr № 459; xx.xx.2016-cı il) şəxsi ərizəsinə əsasən işdən azad edilmişdir; xx.xx.2016-cı il tarixdən (əmr № 108; xx.xx.2016-cı il) 7 nömrəli İşarəvermə və Rabitə Sahəsinə elektrik mexaniki vəzifəsinə qəbul edilmişdir; xx.xx.2018-ci il tarixdən (qeyd № 014/20; xx.xx.2018-ci il) ştat cədvəlində edilmiş dəyişikliyə əsasən elektrik mexaniki vəzifəsinin ödəniş kateqoriyası 3a dərəcə hesab edilmişdir; Hal-hazırda həmin vəzifədə işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə Əmək hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın XXVİİİ fəsil. Nəqliyyat, kod 23001000-19825 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 21.4 Dəmiryol nəqliyyatı bəndinə əsasən magistral dəmir yolunun əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********01 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 16 mart 2021-ci il tarixli, 144 nömrəli arayışında xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində İmişli İşarəvermə və Rabitə sahəsində elektrik montyoru və elektrik mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının işlədiyi sahənin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahısı üzrə müəyyən edilmiş magistral dəmiryollarının əlaqə şəbəkəsinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə müvafiq məlumatları özündə əks etdirən iş yerinin arayışı iddiaçı tərəfindən mərkəzi filiala təqdim edildikdən sonra baxıla bilər. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının ümumi stajını əmək kitabçasındaki dövrlərə əsaslanaraq hesabladıqda qeyd etmək lazımdır ki, xx.xx.1980xx.xx.1981-ci il (8 ay 8 gün), xx.xx.1981-xx.xx.1983-cü il (2 il 8 gün), xx.xx.1983xx.xx.1985-ci il (2 il 1 ay 29 gün), xx.xx.1986-xx.xx.2005-ci il (19 il 4 ay 17 gün) ümumi staj 24 il 3 ay 2 gün təşkil edir. İşdə olan "xxxx" QSC-nin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2023cü il tarixli, 4-9/1-5595/23 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" QSC-də elektrik montyoru vəzifəsində işləmiş İddiaçı xx.xx.1985-ci il tarixdən 10 aylıq müddətə Baranovski texniki məktəbinə elektrik mexaniki kurslarına göndərilmiş, lakin sözügedən müddət ərzində həmin şəxs əməkhaqqı almamışdır. İddiaçı xx.xx.1983-xx.xx.1985-ci və xx.xx.1986-xx.xx.1986-cı il tarixlərində magistral kabel xəttinə xidmət edən elektrik montyoru, xx.xx.1986-xx.xx.1997-ci il tarixlərində magistral kabel xəttinin elektrik mexaniki, xx.xx.1997-xx.xx.1997-ci il tarixlərində elektrik montyoru, xx.xx.1997-xx.xx.2021-ci il tarixləri ərzində isə elektrik mexaniki vəzifələrində çalışmışdır. Magistral kabel təsərrüfatında işləyən elektrik montyoru həmin təsərrüfatın elektrik mexanikinin köməkçisi olmaqla yaranan nasazlıqların aradan qaldırılmasında xidmət göstərir. Kabel təsərrüfatında işləyən elektrik mexaniki magistral kabelin calaqlarında yaranmış nasazlıqların hər iki istiqamətə yenilənməsi və normal vəziyyətdə işləməsi üçün məsuliyyət daşıyır və magistral kabeldə olan nasazlıqları bərpa edir. İddiaçının çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları bölməsinə aiddir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası müəyyən etdi ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 12 il 6 ayından çoxunu güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək ona hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən yaşa görə əmək pensiyasına münasibətdə iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddəti sosial sığorta stajı kimi nəzərə alınmadığı səbəbindən ümumi sığorta stajının az olması, güzəştli şərtlərlə sığorta stajına münasibətdə isə tələb edilən 12 il 6 ay güzəştli iş stajının ümumiyyətlə olmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. İddiaçı da cavabdehin imtinasını əsassız hesab edərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək (8 ay 8 gün) yol montyoru vəzifəsində işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (2 il 8 gün) hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (2 il 1 ay 29 gün) elektrik montyoru vəzifəsində işləmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək (9 ay 29 gün) texniki peşə təhsili almış, xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək (19 il 4 ay 18 gün) (cəmi 25 il 1 ay) fasiləsiz olaraq elektrik montyoru və elektrik mexaniki vəzifələrində işləmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının 25 il, 1 ay deyil, 24 il, 3 ay, 2 gün ümumi sosial sığorta stajının olduğunu nəzərə alır. İddiaçının təhsil aldığı dövr istisna olmaqla qalan staj dövrlərini mübahisələndirmir və ümumi sosial sığorta stajı dövrü kimi nəzərə alır. Birinci instansiya məhkəməsi iddiaçının təhsil aldığı dövrə münasibətdə qeyd edir ki, 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Belarus Lenin Dəmir Yolu Ordenli Baranovski texniki məktəbinə “Rabitə elektromexanikləri hazırlıq qrupuna” tələbə kimi daxil olmuş və xx.xx.1986-cı ildə həmin peşə məktəbini bitirmişdir və ona rabitə elektromexaniki ixtisası verilmişdir. İddiaçının təhsil aldığı dövr əmək kitabçasında öz təsdiqini tapmış və təhsil almasını təsdiq edən əsas sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Eləcə də, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4-9/1-5595/23 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan dəmir yollarında elektrik montyoru vəzifəsində işləmiş İddiaçı xx.xx.1985-ci il tarixdən 10 aylıq müddətə Baranovski texniki məktəbinə elektrik mexaniki kurslarına göndərilmişdir. İş materiallarına əsasən birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1983-xx.xx.1985-ci və xx.xx.1986xx.xx.1986-cı il tarixlərində magistral kabel xəttinə xidmət edən elektrik montyoru işlədiyi, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə kimi olan təhsil dövrünün isə ixtisasartırma olduğu qənaətinə gəlir. Belə olan halda, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə kimi olan təhsil müddətini, yəni 9 ay 29 günü sığorta stajı kimi nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının texniki peşə məktəbində oxumaması və ya əyani oxumaması ilə əlaqədar cavabdeh inzibati orqan sübut təqdim edə bilmir. Ümumiyyətlə, texniki peşə məktəblərində qiyabi təhsil nəzərdə tutulmamışdır. Həmçinin tərəflər arasındakı mübahisə iddiaçının işlədiyi vəzifələrin güzəştli iş stajına daxil edilib-edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyoru və elektrik mexaniki vəzifələrində işləmişdir. İddiaçının qeyd edilən tarixlərdə, qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən iş yerində və vəzifələrdə işləməsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi arayışlarla və arayışa əlavə edilmiş sənədlərlə təsdiqlənir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXVİİİ fəsil. Nəqliyyat (1.Dəmiryol nəqliyyatı) bölmə, “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları (kod 23001000—19825)” öz əksini tapmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikası Qanunu ilə, həmçinin həmin Qanunun 9.8-ci maddəsinə əsasən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajını) topladığı müəyyən edildiyindən iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbində haqlıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə hesablanması deyil, təyin edilməsi müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərin əmək pensiyasının məbləği, yəni hesablanaraq ödənilməsi əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən deyil, həmin şəxslərin hüquqlarının yarandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən hesablanır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(120)-610/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-161/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-161/2024
09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver