Məhkəmə qərarları › İş №2-1(106)-162/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-162/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-162/2024 21.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, iddiaçı "xxxx" X2 nümayəndəsi X9, cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-128/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və onun üzərində olan tikililərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" X5 cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 məxsus torpaq sahəsinə və onun üzərindəki tikililərə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-128/2023 nömrəli qərarı ilə iddiaçı "xxxx" X2 iddia tələbinin təmin edilməsi, Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən "xxxx" X3 məxsus 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki "xxxx" X3 məxsus xidməti binanın və anbarın üzərində (vahid əmlak kimi) "xxxx" X2 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ildə yaradılmış “Avtomobil kooperativinin” əmlakı və torpaq sahəsi bazasında 1992-ci ildə "xxxx" X5 təsis olunmuşdur. Kürdəmir rayonunun “R.Axundov” adına kolxozun 20 yanvar 1989-cu il tarixli ümumi yığıncağının qərarı ilə həmin müəssisəyə 0,20 hektar torpaq sahəsi ayrılmış, 30 yanvar 1989-cu il tarixli Kürdəmir rayon XDS-nin İcraiyyə Komitəsinin Komissiyası ilə bu torpaq sahəsi yerində koordinatları üzrə müəssisəyə təhvil verilərək akt tərtib olunmuş və Kürdəmir rayon XDS-nin sədri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra burada Kürdəmir rayon XDS-nin İcraiyyə Komitəsinin təsdiq etdiyi smeta üzrə anbar binası, talvar və xidməti binalar inşa edilmiş və 1989-cu ildən hal-hazıra kimi istismar olunur. Onlar müəssisəyə baş plan tərtib etmiş, sonra torpağa və tikintiyə dair baş planı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı təsdiq etmişdir. Qeyd olunanları nəzərə alaraq baş plan və buna əlavə olunmuş hüquqmüəyyənedici sənədlər DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə təqdim olunmuş, onun əsasında torpağa və tikintiyə çıxarışın verilməsi cavabdehdən xahiş edilmişdir. Cavabdeh 15 mart 2021-ci il tarixli cavab məktubu ilə ərizənin icrasından imtina etmişdir. Cavabdeh imtinanın səbəbini qeyri-yaşayış binasının qeydiyyatı üçün əsas hesab edilən torpaq sahəsinin ayrılması barədə qərar, Kürdəmir RİHB-nin tikintinin inşa edilməsinə icazə qərarı, istismara qəbul aktı və yaxud Kürdəmir RİHB-nin tikinti obyektinin istismarına icazənin və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin təqdim olunmaması ilə əlaqələndirmişdir. Cavabdehə kiçik müəssisənin yaradılması barədə Kürdəmir RİH başçısının xx.xx.1992-ci il tarixli sərəncamı, 30 yanvar 1989-cu il tarixli R.Axundov adına kolxozun torpaq ayrılmasına dair aktı və onun Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin sədri tərəfindən təsdiqi, müəssisənin nizamnaməsi, ayrılmış torpaq sahəsində tikintiyə dair smeta və onun icrası haqqında sənədlər, elektrik təsərrüfatı üzrə transformatorun qoyulması və onun istismara verilməsi barədə sənədlər, tikintinin baş planı, eskiz planları və 1989-cu ildə təsdiq olunmuş ayrılan sahəyə yer quruluşu planından çıxarış və digər hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Buradan aydın olur ki, 1989-cu ildə qüvvədə olan qanunvericiliyə əsasən müəssisənin bütün hüquqmüəyyənedici sənədləri vardır və obyektin istismarı 1989-cu ildən hal-hazıra davam edir. İmtina üzrə tələb olunan sənədlər isə forma və məzmunca yeni qanunvericiliyin tələbləri əsasında tələb olunmaqla yanaşı təhrif edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh 16 saylı Ucar Ərazi İdarəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi elektron uçot bazasında qoyun-mal ferması kimi qeyd olunmuş, həmçinin daşınmaz əmlaka hüququn qeydə alınması üçün zəruri sənədlər təqdim edilməmişdir. Prosessual məsələlər "xxxx" X1 nümayəndəsi X14 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X12 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. İşdə olan “R.Axundov” adına kolxozun 20 yanvar 1989-cu il tarixli ümumi iclas protokolundan çıxarışdan görünür ki, kolxozun əkin sahəsi kimi istifadə etmədiyi Bakı- Tibilisi magistral şosse yolunun şimalından kolxozun Qax rayonunun qış otlaq sahəsi ilə həmsərhəd olan su arxının ətrafından 0,20 hektar torpaq sahəsi ayrılaraq həmin qərarın təsdiqi Kürdəmir rayon XDS İcraiyyə Komitəsindən xahiş edilmişdir. İşdə olan Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin sədri tərəfindən təsdiq olunmuş aktdan görünür ki, 30 yanvar 1989-cu il tarixdə Karrar kəndi R.Axundov adına kolxozda Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin sərəncamına əsasən R.Axundov adına kolxozun nəzdində yaradılan avtomaşınların təmiri və onlara texniki xidmət göstərilməsi üzrə “Avtomobil” kooperativinə torpaq sahəsi ayrılması barədə komissiya təşkil edilmiş, komissiya üzvləri kolxozun ərazisini nəzərdən keçirərək Bakı-Tibilisi magistral yolunun şimal hissəsində yoldan 50 metr aralı kolxozun Qax rayonunun qış otlaq sahəsi ilə həmsərhəd su arxının ətrafında 0,20 hektar sahə “Avtomobil” kooperativinin tikintisi üçün seçmişdir. İşdə olan Kürdəmir rayon İcraiyyə Komitəsinin 03 mart 1989-cu il tarixdə təsdiqlədiyi smetadan görünür ki, “Avtomobil” kooperativinə məxsus avtomaşınların və onlara texniki xidmət tikililərinin smetası tərtib olunmuşdur. İşdə olan “Avtomobil” kooperativinin 3 fevral 1992-ci il tarixli, 5 nömrəli iclas protokolundan görünür ki, “Avtomobil” kooperativinin ləğv edilməklə fəaliyyətinin dayandırılması və "xxxx" X2 yaradılması, X4 müəssisənin direktoru vəzifəsinə seçilməsi, müəssisənin və onun nizamnaməsinin qeydə alınması üçün Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısına müraciət edilməsi qərara alınmışdır. İşdə olan “Avtomobil” kooperativinin "xxxx" X3 çevrilməsi haqqında Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 3 mart 1992-ci il tarixli, 88 nömrəli sərəncamının surətindən görünür ki, “Avtomobil” kooperativinin 01 fevral 1992-ci il tarixli, 37 nömrəli məktubu və 3 fevral 1992-ci il tarixli 5 nömrəli protokolundan çıxarışı nəzərə alınaraq “Avtomobil” kooperativinin ləğv edilməsi, onun bazasında "xxxx" X5 yaradılaraq qeydə alınması və nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır. İşdə olan Kürdəmir RİH Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş, eskiz planlarından və baş plandan görünür ki, "xxxx" İKKM-ə məxsus xidməti binanın, anbarın, talvarın eskiz planları və torpaq sahəsinin baş planı tərtib edilmişdir. İşdə olan 09 fevral 2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında inventarlaşdırma işi aparılan zaman 0,20 hektar torpqa sahəsində ümumi sahəsi 233 m2 anbar binası, ümumi sahəsi 238 m2 olan talvar və ümumi sahəsi 59,2 m2 olan xidməti binanın mövcud olması və həmin binaların eskizinin memar tərəfindən təsdiq olunması qeyd edilmişdir. İşdə olan 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən "xxxx" İKKM-in nümayəndəsi X11 ünvanlanmış daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildirişdə qeyri yaşayış binasının qeydiyyatı üçün əsas hesab edilən torpaq sahəsinin ayrılması barədə qərar, Kürdəmir RİHB-nin tikilinin inşa edilməsinə icazə barədə qərarını, istismara qəbul aktı və yaxud Kürdəmir RİHB-nin tikinti obyektinin istismarına icazəsini və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırlımış layihə təqdim edilmədiyi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli, **********51 nömrəli mütəxəssis rəyində iddiaçının nümayəndəsinin naturada göstərdiyi, planalma zamanı 2276 m2 torpaq sahəsi daxilində tikililərin mövcud olması, Kürdəmir rayonu R.Axundov adına kolxozun dövlət torpaq uçotuna aid yer qurluşu planında mübahisələndirilən torpaq sahəsinin koordinatlarının mövcud olmadığı üçün torpaq sahəsinin naturada yerini və koordinatlarının müəyyən etməyin mümkün olmaması və torpaq sahəsi ilə Bakı-Qazax avtomobil yolu arasında 69 metr olması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2023-cü il tarixli, 10/6747 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu R.Axundov adına kolxozun dövlət uçotuna aid yerquruluşu planında mübahisələndirilən torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün torpaq sahəsinin naturada yerini və koordinatlarını müəyyən etmək mümkün olmadı. İddiaçının nümayəndəsinin naturada göstərdiyi, planalma zamanı 2276 m2 olduğu müəyyənləşən torpaq sahəsinin koordinatları naturada müəyyən olundu. Naturada göstərilən 2276 m2 torpaq sahəsi daxilində tikililər mövcuddur. Torpaq sahəsi ilə Bakı- Qazax avtomobil yolu arasında 69 metr məsafə mövcuddur. Baxış zamanı naturada təqdim olunan tikililərin yerləşmə vəziyyətinin, xarici və daxili ölçülərinin “Baş Plan”dakı vəziyyətlə uyğun olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən Bakı-Qazax avtomobil yolu ilə naturada təqdim olunmuş torpaq sahəsinə qədər məsafənin 69 metr, baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Bakı-Qazax avtomobil yolu ilə (kənar zolağın mərkəzindən) ən yaxın məsafədə yerləşən A literli tikiliyə qədər məsafənin isə 40 metr olduğu nəzərə alaraq, tikililərin və naturada təqdim olunan torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli, 298 saylı qərarının 1.1-ci bəndi ilə müəyyən olunmuş 30 metrlik mühafizə zolağına düşmədiyi müəyyən olundu. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı Kürdəmir rayonu “R.Axundov” adına kolxozun dövlət torpaq uçotuna aid yerquruluşu planından çıxarışını təqdim etsədə cavabdeh məhkəməyə qədər inzibati icraat zamanı sənəd üzrə iddiaçıya ayrılmış torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün tam dolğun araşdırma aparmamışdır. Təqdim edilmiş sənədlər üzrə torpaq sahəsinin naturada yerinin, koordinatlarının, kateqoriyasının və təyinatının müəyyən edilməsi cavabdeh inzibati orqanın müstəsna səlahiyyəti və birbaşa vəzifəsidir. Həmin halların başqa qurumlar tərəfindən dəqiq müəyyən edilməsi mümkünsüzdür. Cavabdeh iddiaçının müraciətinə formal yanaşmış, torpaq sahəsi üzərində ilkin zəruri araşdırma aparmadan, iddiaçının tikililərinə aid sənədlərə səthi qiymət verərək imtina bildirişi vermişdir. Lakin cavabdeh ilk növbədə iddiaçıya ayrılmış torpaq sahəsinin naturada yerini, həmçinin iddiaçıya aid tikililərin həmin torpaq sahəsində yerləşib-yerləşməməsini aydınlaşdırmalı idi. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın mütəxəssisi cəlb edilməklə ekspertiza təyin etsədə, cavabdeh tərəfindən zəruri araşdırma aparılmadan, təqdim edilmiş sənədlər üzrə torpaq sahəsinin naturada yeri, koordinatları, kateqoriyası və təyinatı müəyyən edilmədən mütəxəssis rəyi verilmişdir. Lakin bu halların müəyyən edilməsi cavabdeh inzibati orqanın müstəsna səlahiyyətidir və qeyd edilən hallar müəyyən edilmədən məhkəmənin nəticəyə gəlməsi mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.9-cu və 139-1.1.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdən göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının tikililərinə münasibətdə də zəruri araşdırma aparmamışdır. Qanunvericilikdən göründüyü kimi tikililərə hüququn qeydə alınması üçün ilk növbədə tikililərin yerləşdiyi torpaq sahəsinə müraciət edən şəxsin hansı əsaslarla hansı hüququnun olması aydınlaşdırılmalıdır. Lakin cavabdeh bu halı aydınlaşdırmamışdır. Həmçinin cavabdehin imtina məktubunda iddiaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, yaxud müvafiq icra hakimiyyəti orqanının tikinti obyektinin istismarına icazəsi və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırlımış layihəsinin təqdim edilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan məhkəmə icraatı gedişində də mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün tədbirlər görməlidir. İşdən göründüyü kimi məhkəmə icraatı zamanı cavabdeh mütəxəssis rəyi verərkən, həmçinin sonrakı gedişatda da işin ətraflı araşdırılmasına və mübahisənin həll edilməsinə cəhd göstərməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli fərmanında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarətin sərtləşdirilməsi və tikinti norma və qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) 2025-ci il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyri-yaşayış binasının müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyriyaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli fərmanında qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə inzibati orqanların qarşılıqlı fəaliyyəti müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli fərmanında nəzərdə tutulmuş qaydalara uyğun iddiaçının müraciətinə baxılması mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli normativ hüquqi aktların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli normativ hüquqi aktların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmçinin birinci instansiya məhkəməsi də işin faktiki hallarını tam aydınlaşdırmadan düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-128/2023 nömrəli qərarı ləğv edilməli, iddiaçı "xxxx" X2 iddia tələbi qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq iddiaçı "xxxx" X2 müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddiaçı "xxxx" X2 iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-128/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı "xxxx" X2 iddia tələbi qismən təmin edilsin. İddiaçının müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. İddiaçının iddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar