Məhkəmə qərarları › İş №2-1(106)-164/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-164/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-164/2023 13.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(120)-1094/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 09 dekabr 2022-ci il tarixli, 2-1(120)-1094/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı 20 avqust 2018-ci il tarixdən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Hacıqabul şəhəri, M.P.Vaqif küçəsi, ev 52-də yaşayış yeri üzrə qeydiyyatdadır. O, 2002-ci ildən hal-hazıradək Hacıqabul dəmiryolu sahəsində işləyir. O, dəmiryolu sahəsində işlədiyi iş yerlərinin və vəzifələrinin əksəriyyətinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş yerləri və vəzifələri olduğunu əsas gətirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçının işlədiyi vəzifələrin güzəştli vəzifəyə uyğun gəlmədiyinə görə iddiaçının güzəştli iş stajının olmadığı, həmçinin İddiaçı ümumi iş stajının 20 ildən az, yəni 16 il 6 ay 21 gün təşkil etdiyi və iddiaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbi əsas gətirilərək xx.xx.2020-ci il tarixli, **********2 nömrəli cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə, o cümlədən 10 mart 1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında "xxxx" QSC-də nəzarət ölçü məntəqəsində elektrik montyoru vəzifəsində işlədiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) magistral dəmiryolların əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan güzəştli vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Həmçinin İddiaçı ümumi iş stajı 20 ildən az, yəni 16 il 6 ay 21 gündür. Bundan başqa İddiaçı fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28478,52 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Hacıqabul şəhəri, M.P.Vaqif küçəsi, ev 52-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən və tərcüməsindən görünür ki, İddiaçı 16 sentyabr 1981-ci il tarixdən Əli-Bayramlı köməkçi kənd təsərrüfatına quşçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixli, 22 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1982-ci il tarixli, 179 nömrəli əmrlə quraşdırma sexinə quraşdırıcı şagird vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1983-cü il tarixli, 46k nömrəli əmrlə 1-ci dərəcə quraşdırıcı təyin edilmiş, xx.xx.1984-cü il tarixli, 39 nömrəli əmrlə 2-ci dərəcə quraşdırıcı təyin edilmiş, xx.xx.1994-cü il tarixli, 103/ya nömrəli əmrlə 2-ci dərəcə montajçı təyin edilmiş və montaj (quraşdırma) sahəsinin cihaz sexinə köçürülmüş, xx.xx.2001-ci il tarixli, 90 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.2002-ci il tarixli, 16/k nömrəli əmrlə Qazı-Məmməd 4 saylı işarəvermə və rabitə distansiyasının nəzarət ölçü məntəqəsinə 1-ci dərəcəli elektrik montyoru qəbul edilmiş, xx.xx.2002-ci il tarixli, 69/k nömrəli əmrlə nəzarət ölçü məntəqəsinə 2-ci dərəcəli elektrik montyoru keçirilmiş, xx.xx.2002-ci il tarixli, 102/k nömrəli əmrlə nəzarət ölçü məntəqəsinə 3-cü dərəcəli elektrik montyoru keçirilmiş, xx.xx.2003-cü il tarixli, 21/k nömrəli əmrlə nəzarət ölçü məntəqəsinə 4-cü dərəcəli elektrik montyoru keçirilmiş, xx.xx.2005-ci il tarixli, 75/k nömrəli əmrlə nəzarət ölçü məntəqəsinə İMB priborlarının təmiri və qəbulu üzrə elektrik mexaniki keçirilmiş, xx.xx.2010-cu il tarixli, 102 nömrəli əmri ilə Hacıqabul 4 saylı işarəvermə və rabitə distansiyası İD-nin 3 nömrəli müəssisəsinin tərkibində Hacıqabul işarəvermə və rabitə sahəsi adlandırılmış, xx.xx.2016cı il tarixli, 283 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.2016-cı il tarixli, 51/k nömrəli əmrlə 4 nömrəli Hacıqabul işarəvermə və rabitə sahəsinin nəzarət sınaq məntəqəsinə elektrik mexaniki qəbul edilmiş, xx.xx.2021-ci il tarixli, 93/k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2021-ci il tarixli, 63059 nömrəli əmrlə “ADY QSC İD”-nin işarəvermə və rabitə xidmətinin 4 nömrəli Hacıqabul işarəvermə və rabitə sahəsinin nəzarət sınaq məntəqəsinə elektrik mexaniki vəzifəsinə qəbul edilmiş, hal-hazırda həmin vəzifədə işləyir. İşdə olan xx.xx.1989-cu il tarixli, V-ЖГ 293671 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1989-cu il tarixdə X3 ilə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra ona Hüseynova soyadı verilmişdir. İşdə olan "xxxx" QSC İnfrastruktur Departamenti 4 nömrəli Hacıqabul işarəvermə və rabitə sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 193 nömrəli güzəştli arayışda qeyd edilmişdir ki, İddiaçı tam iş günü ərzində, ağır və zərərli iş şəraitində aşağıda qeyd edilən qaydada Azərbaycan Dəmir Yolları 4 nömrəli Hacıqabul İşarəvermə və rabitə sahəsində (Hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrakstruktur Departamentinin 4 nömrəli Hacıqabul İşarəvermə və Rabitə sahəsi adlanır) güzəştli əmək fəaliyyəti aşağıdakı qaydada olmuşdur: xx.xx.2002-ci il tarixdə 16/K nömrəli əmrlə Qazı-Məmməd 4 saylı işarəvermə və rabitə distansiyasının nəzarət ölçü məntəqəsinə 1-ci dərəcəli elektrik montyoru qəbul edilib. xx.xx.2002-ci il tarixli, 69/K nömrəli əmrlə nəzarət ölçü məntəqəsinə 2-ci dərəcəli elektrik montyoru keçirilib. xx.xx.2002-ci il tarixli, 102/k nömrəli əmrlə nəzarət ölçü məntəqəsinə 3-cü dərəcəli elektrik montyoru keçirilib. xx.xx.2003-cü il tarixli, 21/K nömrəli əmrlə nəzarət ölçü məntəqəsinə 4-cü dərəcəli elektrik montyoru keçirilib. xx.xx.2005-ci il tarixli, 75/K nömrəli əmrlə nəzarət ölçü məntəqəsinə İMB priborlarının təmiri və qəbulu üzrə elektrik mexaniki keçirilib. xx.xx.2010-cu il tarixli, 102 nömrəli əmrlə ADY QSC sədrinin ərazi bölgüsü ilə əlaqədar əmrinə əsasən Hacıqabul İşarəvermə və Rabitə distansiyası İD-nin 3 nömrəli müəssisəsinin tərkibində Hacıqabul İşarəvermə və Rabitə sahəsi adlandırılmışdır. xx.xx.2016-cı il tarixli, 283 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2/4 bəndinə əsasən işdən azad edilmiş, xx.xx.2016-cı il tarixli, 51/K nömrəli əmrlə nəzarət sınaq məntəqəsinə elektrik mexaniki qəbul edilmişdir. İddiaçı yuxarıda göstərilən iş müddəti ərzində ağır və zərərli iş şəraitində işləmişdir. Onun tam iş günü ərzində işləmiş olduğu bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının 2 nömrəli Siyahısının XXVİİİ. Nəqliyyat bölməsində (**********8825), Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 21, Nəqliyyat bölməsinin 21.4-cü yarımbölməsinin 21-ci sətrində bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********2 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 10 mart 1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-də nəzarət ölçü məntəqəsinə elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Eyni zamanda ümumi iş stajı 20 ildən az (16 il 6 ay 21 gün) təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40800 manat hesablandığı halda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28478,52 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan "xxxx" QSC tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-1/2-6075/2023 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2002-ci il tarixdən hal-hazıradək çalışdığı nəzarət ölçü məntəqəsinin elektrik montyoru, nəzarət ölçü məntəqəsinin imb priborlarının təmiri və qəbulu üzrə elektrik mexaniki və nəzarət sınaq məntəqəsinin elektrik mexaniki vəzifə və peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı əmək kitabçasına və "xxxx" QSC İnfrastruktur Departamenti 4 nömrəli Hacıqabul İşarəvermə və Rabitə sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 193 nömrəli güzəştli iş stajı barədə arayışa istinad edərək 20 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 10 ilindən çoxunu güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajının, 20 ildən çox ümumi iş stajının olmadığını və iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının kifayət etməməsini əsas gətirərək ona imtina cavabı vermişdir. İddiaçı da cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək hazırkı iddianı qaldırmışdır. İddiaçı qeyd edir ki, o, 2002-ci ildən hal-hazıradək Hacıqabul dəmiryolu sahəsində işləyir. O, dəmiryolu sahəsində işlədiyi iş yerlərinin və vəzifələrinin əksəriyyətinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş yerləri və vəzifələri olduğunu əsas gətirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi isə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) magistral dəmiryolların əlaqə səbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı isə magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyoru və elektrik mexaniki işləməmişdir, o, nəzarət-ölçü məntəqəsinin elektrik montyoru və elektrik mexaniki işləmişdir. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli iş stajının mövcud olmaması ilə bağlı cavabdehin dəlili əsassızdır. Belə ki, iddiaçının işləmiş olduğu vəzifə, yəni "xxxx" QSC-də nəzarət ölçü məntəqəsində işlədiyi elektrik montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının 2 nömrəli Siyahısının XXVİİİ. Nəqliyyat bölməsində (**********8825), Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 21, Nəqliyyat bölməsinin 21.4-cü yarımbölməsinin 21-ci sətrində bilavasitə nəzərdə tutulur. Birinci instansiya məhkəməsi qeyd edilən qənaətə gələrkən hesab etmişdir ki, cavabdeh qurum nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifələri ilə "xxxx" QSC-də nəzarət ölçü məntəqəsində işlədiyi elektrik montyoru vəzifəsi arasında fərqin nədən ibarət olduğunu əsaslandırmadan həmin vəzifənin əmək şəraiti zərərli və ağır olan işlərə aid olmadığı qənaətinə gəlmişdir. "xxxx" QSC İnfrastruktur Departamenti 4 nömrəli Hacıqabul İşarəvermə və Rabitə sahəsi tərəfindən verilmiş izahlı arayışda həmin vəzifənin əmək şəraiti zərərli və ağır olan işlərə aid edilməsi əsaslandırılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verdiyi qeyd edilmişdir. Cavabdehin mübahisələndirdiyi digər məsələ iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyası həmin tələbi istisna etmişdir və qeyd edilən hal əmək pensiyaçısının hüquqi vəziyyətini yüngülləşdirən haldır. Bununla bağlı birinci instansiya məhkəməsi əlavə araşdırmanın və əsaslandırmanın aparılmasına prosessual qənaət prinsipindən irəli gələrək zərurət görməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. İddiaçının xx.xx.2002-ci il tarixdən hal-hazıradək dəmiryol nəqliyyatı sahəsində işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda birbaşa nəzərdə tutulmadığından, eləcə də iddiaçının və birinci instansiya məhkəməsinin istinad etdiyi "xxxx" QSC-nin İnfrastruktur Departamenti 4 nömrəli Hacıqabul İşarəvermə və Rabitə sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 193 nömrəli arayışda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifələri yerinə yetirmiş olması dolğun əsaslandırılmadığından işə apellyasiya qaydasında baxılarkən "xxxx" QSC-yə 12 may 2023-cü il tarixli sorğu verilmişdir. Həmin sorğuda iddiaçının 2002-ci ildən hal-hazıradək işlədiyi iş yerləri, vəzifələri, peşələri və tarixləri (gün, ay, il tam dəqiq göstərilsin) tam dəqiq göstərilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işləməsi və həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nda nəzərdə tutulmuş hansı peşə və vəzifə ilə eynilik təşkil etməsi barədə məlumat verilməsi, tarixlər tam dəqiq göstərilməklə iddiaçının işlədiyi ayrı-ayrı vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrlə eyniliyi müəyyən edilərkən qeyd ediləcəklərin əsaslandırılması, istinad edilən sənədlərin, vəzifə təlimatlarının və digər zəruri sənədlərin məhkəməyə təqdim olunması xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" QSC tərəfindən göndərilmiş xx.xx.2023cü il tarixli, 13-1/2-6075/2023 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2002-ci il tarixdən hal-hazıradək çalışdığı nəzarət ölçü məntəqəsinin elektrik montyoru, nəzarət ölçü məntəqəsinin imb priborlarının təmiri və qəbulu üzrə elektrik mexaniki və nəzarət sınaq məntəqəsinin elektrik mexaniki vəzifə və peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Göründüyü kimi, məhkəmə araşdırması nəticəsində iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə hal-hazıradək qanunvericiliklə tələb olunan 10 il güzəştli sığorta stajı müəyyən edilmədi. Eyni zamanda, sözügedən Siyahı üzrə halhazıradək qanunvericiliklə tələb olunan 10 il güzəştli sığorta stajının olmasına dair iddiaçı tərəfindən də məhkəməyə hər hansı mötəbər sübut (sənəd) təqdim edilməmişdir. İddiaçının qanunvericiliklə tələb olunan 10 il güzəştli sığorta stajının olmasına dair iddiaçının və birinci intansiya məhkəməsinin istinad etdiyi "xxxx" QSC-nin İnfrastruktur Departamenti 4 nömrəli Hacıqabul işarəvermə və rabitə sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 193 nömrəli arayış iddiaçının güzəştli sığorta stajını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifələri yerinə yetirmiş olması dolğun əsaslandırılmamışdır. Həmçinin işə apellyasiya qaydasında baxılarkən "xxxx" QSC-nin məktubuna əsasən iddiaçının Azərbaycan Dəmir Yollarında işlədiyi peşə və vəzifələrin sözügedən Siyahıda nəzərdə tutulmuş hər hansı peşə və vəzifə ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının qanunvericiliklə tələb olunan 10 il güzəştli sosial sığorta stajı müəyyən edilmədiyindən məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 20 il ümumi sosial sığorta stajına malik olub-olmaması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-verməməsi istiqamətində araşdırma aparılmasına zərurət olmadığını hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) magistral dəmiryolların əlaqə səbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı isə ümumiyyətlə, magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyoru və elektrik mexaniki işləməmiş, o, nəzarət ölçü məntəqəsinin elektrik montyoru və elektrik mexaniki işləmişdir. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə tələb olunan 10 il güzəştli sosial sığorta stajı müəyyən edilmədiyindən İddiaçı iddia tələbində haqlı deyildir. Həmçinin birinci instansiya məhkəməsi də iş üzrə düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(120)-1094/2022 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(120)-1094/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar