Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-164/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15 katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Daşınmaz əmlakın qiymətləndirilməsi MMC-nin qanuni təmsilçisi kimi Kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və iddiaçının həmin cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2156/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Daşınmaz əmlakın qiymətləndirilməsi MMC-nin qanuni təmsilçisi kimi Kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və iddiaçının həmin cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş idarəsinə qarşı “Daşınmaz əmlakın qiymətləndirilməsi MMC-nin qanuni təmsilçisi kimi Kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və iddiaçının həmin cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-8032/2023 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-8032/2023 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin Bakı Kommersiya Məhkəməsinə “Ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında **********030800 qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli ərizə daxil olmuşdur. Bundan sonra Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-nin qanuni təmsilçisi kimi reyestrdə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə qanuni səlahiyyətli deyil, bu cəmiyyətin öhdəliklərinə və borclarına, o cümlədən DSMF-yə MDSS haqları üzrə yaranan borcuna görə müvafiq qanunvericiliyə uyğun qaydada məsuliyyətli və öhdəlikli deyildir. "xxxx" MMC-nin (VÖEN **********) direktoru vəzifəsində işləsə də həmin zamanlar Cəmiyyətin qanuni təmsilçisi kimi başqa şəxs olmuş və 2015-ci ildən Cəmityyətin direktoru vəzifəsindən azad olunmuşdur. Hazırda bu Cəmiiyyətlə əmək və hər hansı digər əməkdaşlıq, eləcə də hüquqi səlahiyyət və münasibətləri (qanuni təmsilçiliyim, öhdəlik və vəzifələri) yoxdur. Bu göstərilənlər barədə vergi orqanının bu müvafiq məktubunu aldıqdan dərhal sonra Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinə vergi orqanında "xxxx" MMC-nin direktoru kimi vergi uçotundan onun çıxarılmağı barədə 14 mart 2023-cü il ərizə (Sosial arayış əlavə edilməklə) təqdim edilmişdir. Bu göstərilənlərə və qanunvericiliyin müddəalarına əsaslanaraq, onun "xxxx" MMC-nin qanuni təmsilçisi kimi Kommersiya Hüquqi şəxslərin Dövlət Reyestrində qeydə alınmağı qanunsuz hesab edilməli və onun həmin Cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeyd Kommersiya Hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddiaçı Daşınmaz əmlakın qiymətləndirilməsi MMC-nin qanuni təmsilçisi kimi Kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və həmin cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1-ci maddəsinə əsasən Məhdud Məsuliyyətli Cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Həmin Məcəllənin 91.1-7-ci maddəsinə əsasən bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.3-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; "xxxx" MMC-nin təsisçisi X2 28 mart 2013-cü il tarixli qərarına əsasən İddiaçı cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmiş və rəhbərin təyin olunması ilə bağlı dəyişiklik faktı dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda İddiaçı iddia ərizəsində "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyini göstərir. Qeyd olunanlardan görünür ki, İddiaçı qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilməsi və bu faktı dövlət reyestrinə qeydə alınması qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. İddiaçı cəmiyyətin direktoru vəzifəsində işləsə də qanuni təmsilçisi kimi başqa şəxs olmasını, bu səbəbdən də cəmiyyətin öhdəliklərinə və borclarına, o cümlədən DSMF və MDSS haqları üzrə yaranan borclarına görə məsuliyyət və öhtəliklər daşımadığını qeyd etmişdir. Bildirirəm ki, bu qeydin heç bir hüquqi əsası yoxdur. Belə ki, "xxxx" MMC-nin nizamnaməsinin 4.2.1-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik onun icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1.-ci maddəsinə əsasən Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. İddiaçı 2015-ci ildən cəmiyyətin direktoru vəzifəsindən azad olunduğunu göstərsə də, bu faktı təsdiq edən heç bir sənəd (təsisçinin qərarı) təqdim etməmişdir. Beləliklə, cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik olan direktor vəzifəsində işləyən İddiaçı məsuliyyəti digər, adı qeyd edilməyən şəxsin üzərinə qoyulmasının heç bir hüquqi əsası yoxdur. İddiaçının həmin cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması tələbinə münasibəttə bildiririk ki, qanunvericiliklə Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Hüquqi şəxsdə rəhbər dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün təsisçinin qərarı və yeni təyin edilən rəhbərin şəxsiyyət vəsiqəsinin surəti “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 09 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-2156/2024 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi “təsisçi vəfat etdiyindən və müəssisənin təsisçisi olmadığından, hüquqi şəxs ləğv edilmədiyindən və hal-hazırda məcburi dövlət sosial sığoıta xərcləri üzrə vergi borcu olduğundan, vərəsəlik üzrə təsisçilik öhdəliklər qəbul edilmədiyindən, eləcə də, iddiaçı müvafiq qərarla direktor vəzifəsindən azad olunmadığından (və ya yeni direktor təyin edilmədiyindən) inzibati orqan tərəfindən edilən hərəkətlər qanunsuz olunmamışdır və həmin hərəkətlər iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.” Məhkəmənin gəldiyi qənaətə görə mən qanunla nəzərdə tutulmuş qaydada "Daşınmaz əmlakın qiymətləndirilməsi” MMC-nin qanuni təmsilçisi kimi reyestrdə qeydə alınmışam. Lakin məhkəmə belə qənaətə gələn zaman yalnız təsisçinin hüquqi şəxsə qanuni təmsilçi seçilməsi barədə qərarına istinad etmiş, həmin qərarla bərabər mənim də hüquqi şəxsin qanuni təmsilçisi təyin edilməyim barədə öz iradəmlə verdiyim ərizəmin (razılığımın) zəruri olmasına diqqət yetirməmişdir. Belə ki, "Daşınmaz əmlakın qiymətləndirilməsi MMC-nin təsisçisi tərəfindən mənim həmin hüquqi şəxsin qanuni təmsilçisi seçilməyim barədə qərarı “olsa” da, mənim qanuni təmsilçi təyin edilməyim barədə özümün də ərizəmin olması zəruridir. Yəni bir şəxsin öz icazəsi olmadan həmin şəxs hər hansı bir hüquqi şəxsə qanuni təmsilçi təyin edilə bilməz. Mən də "Daşınmaz əmlakın qiymətləndirilməsi MMC-nin qanuni təmsilçisi təyin edilməyimə razılıq verməmiş, mənim razılığım və yazılı ərizəm olmadan cavabdeh yalnız təsisçinin qərarına əsasən məni "Daşınmaz əmlakın qiymətləndirilməsi” MMC-nin qanuni təmsilçisi kimi qeydə aldırmışdır. Mənim hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilməyimə razılıq verməyim mənim həmin hüquqi şəxsin qanuni təmsilçiliyinə razılıq verməyim demək deyildir. Beləliklə də belə hesab edirəm ki, birinci instansiya məhkəməsi mənim iddia ərizəmə baxan zaman işin əsas halını, "Daşınmaz əmlakın qiymətləndirilməsi” MMC-nin qanuni təmsilçisi kimi mənim adımın reyestrdə qeydə alınması zamanı mənim razılığımın olub-olmamasını araşdırmamışdır. Halbuki, mənim iddia tələbim mənim "Daşınmaz əmlakın qiymətləndirilməsi MMC-nin qanuni təmsilçisi kimi Kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmağımın qanunsuz hesab edilməsi olduğundan, məhkəmə bu qanunsuzluğun nədən ibarət olmasını araşdırmalı idi. Yəni mən cavabdehin mənim qanuni təmsilçiliyimin ləğv edilməməsinin qanunsuz hesab edilməsini deyil, mənim qanuni təmsilçi kimi qeydə alınmağımın qanunsuz hesab edilməsini tələb etdiyimdən cavabdehin sonrakı hərəkətləri deyil, cavabdehin bu “qeydə alma” barədə ilkin hərəkətlərinin qanuniliyini araşdırmalı idi. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi- nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər hesab edilir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 9- 1.3-cü maddəsinə əsasən Qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Qeyd edilənlərdən əlavə isə məhkəmə öz qərarında göstərmişdir ki, “hüquqi şəxslər tərəfindən əmr deyil qərar qəbul edilməli”dir, yəni məhkəmə mənim direktor vəzifəsindən azad edilməyim barədə əmri mənim qanuni təmsilçiliyimdəm azad edilməyim üçün əsas hesab etməmişdir. Belə hesab edirəm ki, məhkəmə belə qənaətə gələn zaman mənim öz iradəmin əleyhinə işçisi olmadığım hər hansı bir qruma qanuni təmsilçiliyimin davam etdirilməsinin qanunsuz bir hal olmasını və bu halın mənim hüquqlarımın pozmasını nəzərə almamışdır. Belə ki, mən "Daşınmaz əmlakın qiymətləndirilməsi MMC-nin təsisçisi Surəddin Əzizovun 28 mart 2012-ci il tarixli əmri ilə həmin cəmiyyətin direktoru vəzifəsinə təyin edilmiş, direktor vəzifəsinə təyin edildikdən sonra mənim əmək funksiyalarım, Cəmiyyət qarşısında hüquq və vəzifələrim yaranmış və 30 avqust 2014-cü il tarixli əmri ilə direktor vəzifəsindən azad edildikdən sonra isə mənim bütün hüquq və vəzifələrimə xitam verilmişdir. Yəni həmin Cəmiyyətin işçisi olmadığım, idarəetmə vəzifəmin olmadığı halda mən həmin Cəmiyyəti təmsil edə bilmərəm. Belə olduğu halda isə mənim direktor vəzifəsindən azad edildiyim gündən mən qanuni təmsilçi vəzifəsindən də azad edilməli, istər Cəmiyyət, istərsə də Cəmiyyətin idarəetməsində başqa şəxsin qarşısında heç bir öhdəlik daşımalı deyiləm. Bu baxımdan "Daşınmaz əmlakın qiymətləndirilməsi” MMC-nin təsisçisi Surəddin Əzizovun mənim direktor vəzifəsindən azad edilməyim barədə 30 avqust 2014-cü il tarixli əmri artıq mənim həmin Cəmiyyətin qanuni təmsilçiliyindən azad edilməyim üçün də əsasdır. Lakin məhkəmə öz qərarında mənim “müvafiq qərarla direktor vəzifəsindən azad olunmadığımı (və ya yeni direktor təyin edilmədiyini) göstərməklə əslində iş üçün xüsusi əhəmiyyət kəsb edən bu halı gizlətməyə çalışmışdır. Halbuki, mən "Daşınmaz əmlakın qiymətləndirilməsi” MMC-nin təsisçisi Surəddin Əzizovun mənim direktor vəzifəsindən azad edilməyim barədə 30 avqust 2014-cü il tarixli əmrini və mənim həmin cəmiyyətin direktoru olmamağım barədə elektron arayışı məhkəməyə təqdim etmişəm. Mülki Məcəllənin 91.1 -ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Mülki Məcəllənin 91.2-ci maddəsinə əsasən Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Mülki Məcəllənin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Qanunvericiliyin tələbindən də görünür ki, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək Məhdud məsuliyyətli cəmiyyətinin təsisçisinin müstəsna səlahiyyətidir və məhz "xxxx" MMC-nin təsisçisi Surəddin Əzizov 30 avqust 2014-cü il tarixli əmri ilə cəmiyyətin icra orqanının səlahiyyətlərini həyata keçirən direktor kimi məni həmin vəzifədən azad etmiş, mənim səlahiyyətlərimə xitam vermişdir. Mənim həmin cəmiyyətin icra orqanını təmsil etmək kimi səlahiyyətim olmadığı halda mənim adım hansı əsasla həmin Cəmiyyətin qanuni təmsilçisi kimi Kommersiya Hüquqi şəxslərin Dövlət Reyestrində qalmalıdır. Bu baxımdan da belə hesab edirəm ki, mənim "xxxx" MMC-nin idarəetməsində olan səlahiyətlərimə təsisçi tərəfindən xitam verildiyinə görə mənim həmin Cəmiyyətin qanuni təmsilçisi olmağım barədə qeyd Kommersiya Hüquqi şəxslərin Dövlət Reyestrindən” ləğv edilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2156/2024 saylı qərardadı ləğv edilərək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Həmçinin, iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəyişiklik etdiyini, tələbinə "xxxx" MMC-nin rəhbəri kimi adının kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə etiraz daxil olmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tətbiq edilən hüquq: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun: Maddə 2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: Maddə 2.0.14. qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər; Maddə 9.1. 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Maddə 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Maddə 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: Maddə 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanı aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; Maddə 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. Maddə 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. Maddə 9.2-3. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. Maddə 9.2-4. müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. Maddə 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Maddə 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 13. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbbələr: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi daşınmaz əmlakın qiymətləndirilməsi MMC-nin qanuni təmsilçisi kimi Kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və iddiaçının həmin cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, təsisçi vəfat etdiyindən və müəssisənin təsisçisi olmadığından, hüquqi şəxs ləğv edilmədiyindən və hal-hazırda məcburi dövlət sosial sığorta xərcləri üzrə vergi borcu olduğundan, vərəsəlik üzrə təsisçilik, öhdəliklər qəbul edilmədiyindən, eləcə də, iddiaçı müvafiq qərarla direktor vəzifəsindən azad olunmadığından (və ya yeni direktor təyin edilmədiyindən) inzibati orqan tərəfindən edilən hərəkətlər qanunsuz olunmamışdır və həmin hərəkətlər iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı öhdəliyin icra edilməli olmasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş və Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin nizamnaməsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı bütün paylar X3 aid olmaqla Cəmiyyətin yeganə təsisçisidir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, **********973000 nömrəli, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, X6 tərəfindən təsis edilmiş "xxxx" MMC xx.xx.2012-ci il tarixdə (VÖEN: **********) hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 01 nömrəli əmrlə İddiaçı "xxxx" MMCnin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin təsisçisi X6 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qərarla İddiaçı Cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli **********798882 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla "xxxx" MMC-yə 4242,71 manat əlavə vergi və 2261,36 manat maliyyə sanksiyası hesablanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 057 nömrəli əmrlə İddiaçı "xxxx" MMCnin direktoru vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli, **********930800 nömrəli ərizəyə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fonduna 1368,86 manat, "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 4017,87 manat olmaqla, ümumilikdə 5368,73 manat borcu olduğu qeyd edilməklə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizə ilə İddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək "xxxx" MMC-nin direktoru kimi vergi uçotundan çıxarılması barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən göndərilmiş xx.xx.2023cü il tarixli, **********534600 nömrəli məktubla iddiaçının "xxxx" MMC-də rəhbər dəyişikliyi ilə bağlı tələbi təmin edilməmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, siz rəhbəri olduğunuz "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisinin xx.xx.2012-ci il tarixli qərarı ilə siz həmin hüquqi şəxsə rəhbər (qanuni təmsilçilik funksiyasına malik direktor) təyin edilmisiniz və sənədlər kağız daşıyıcıda qeydiyyat orqanına təqdim olunmuşdur. Həmin hüquqi şəxsdə rəhbər dəyişikliyi faktı dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. Bildiririk ki, qanunvericiliklə Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Hüquqi şəxsdə rəhbər dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün təsisçinin qərarı və yeni təyin edilən rəhbərin şəxsiyyət vəsiqəsinin surəti “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2012ci il tarixli 01 nömrəli əmrlə və xx.xx.2012-ci il tarixli qərarla "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2014-cü il tarixli **********798882 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla "xxxx" MMC-yə 4242,71 manat əlavə vergi və 2261,36 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin qərarın icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə **********131600 nömrəli tələbnamə ilə iddiaçıya məlumat verilmişdir. Elə həmin gün, yəni xx.xx.2014-cü il tarixli 057 nömrəli əmrlə İddiaçı Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. X16 Xidmət tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli, **********930800 nömrəli ərizəyə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fonduna 1368,86 manat, "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 4017,87 manat olmaqla, ümumilikdə 5368,73 manat borcu olduğu qeyd edilməklə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı bundan sonra xx.xx.2023-cü il tarixli ərizə ilə "xxxx" MMC-nin direktoru kimi vergi uçotundan çıxarılması barədə ərizə ilə Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının "xxxx" MMC-nin direktoru kimi vergi uçotundan çıxarılması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmiş və cavab məktubunda qeyd edilmişdir ki, hüquqi şəxsdə rəhbər dəyişikliyi üçün həmin hüquqi şəxsin təsisçisinin qərarı və yeni təyin edilən rəhbərin şəxsiyyət vəsiqəsinin surətinin “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə birlikdə təqdim olunmalıdır. Eyni zamanda məhkəmə araşdırması zamanı verilən sorğular əsasında təqdim edilən xx.xx.2025-ci il tarixli 3-17-1/2-64992/2025 nömrəli məktuba əlavə edilmiş iddiaçıya aid sığortaolunanın hesabı cədvəlindən görünür ki, xx.xx.2014-cü il tarixdən etibarən iddiaçının fərdi uçot hesabına "xxxx" MMC tərəfindən hər hansı məbləğdə pensiya kapitalı vəsaiti köçürülməmişdir. Həmçinin, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, xx.xx.2014-cü il tarixdən hazırkı dövrə kimi həmin müəssisədə işləməmiş, faktiki rəhbərliyi həyata keçirməmiş, bununla bağlı ona əmək haqqı verilməmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyini işin faktiki halları ilə bağlı aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Belə ki, “Hüquqi şəxslərin dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Yəni hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatın dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır və həmin hüquqi faktın qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və filiallarının təsis sənədlərində edilən hər bir dəyişikliyin, eləcə də qeydə aınmış faktların hər bir sonrakı dəyişikliyinin qediyyata alınmasını tələb edir. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin, və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Məhkəmə kollegiyası işin faktiki hallarını yuxarıda qeyd olunan hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi faktı xx.xx.2014-cü il tarixli müvafiq əmrlə sübuta yetir. İş materiallarından göründüyü kimi, iddiaçı artıq "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) deyildir və xx.xx.2014-cü il tarixdən etibarən iddiaçının fərdi uçot hesabına "xxxx" MMC tərəfindən hər hansı məbləğdə pensiya kapitalı vəsaiti köçürülməmişdir. Bu isə iddiaçının hüquqi şəxsin direktoru kimi (qanuni təmsilçisi) vergi uçotundan çıxarılması barədə məlumatın dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən olunan hüquqi faktdır. Bundan başqa nəzərə alınmalıdır ki, reyestr formal vəziyyəti deyil, hüquqi şəxslərə münasibətdə real olan, qeydiyyat məlumatlarında hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsinə xidmət edir. Cavabdehin ilkin imtinasının və yazılı etirazın dəlili kimi iddiaçının "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi ilə bağlı hüquqi şəxsin təsisçisinin qərarın və yeni təyin edilən rəhbərin şəxsiyyət vəsiqəsinin surətinin “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə birlikdə qeydiyyat orqanına təqdim olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, **********1092015 nömrəli “Ölüm haqqında akt qeydi”nə əsasən "xxxx" MMC-nin yeganə təsisçisi X7 xx.xx.2015-ci ildə vəfat etmişdir. Bu səbəblə də iddiaçının hüquqi şəxsin təmsilçisi kimi direktor vəzifəsindən azad edilməsi ilə bağlı sözügedən hüquqi şəxsin təsisçisi tərəfindən müvafiq qərarın qəbul edilməsi mümkün deyildir. Beləliklə də, cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən imtinasının və etirazının dəlili qeyri-real əsasa söykənməklə iddiaçının sözügedən hüquqi şəxsin direktoru (qanuni təmsilçisi) kimi vergi uçotundan adının çıxarılması ilə bağlı ifrat formalçılığa yol verilmişdir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə işin faktiki hallarının araşdırılması zamanı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2014-cü il tarixli 057 nömrəli əmrlə "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. O, işdən azad olunduğu dövrdən, yəni xx.xx.2014-cü il tarixdən hazırki dövrə qədər sözügedən hüquqi şəxsin işçisi olmamış və sözügedən hüquqi şəxs tərəfindən onun fərdi uçot hesabına hər hansı pensiya kapitalı məbləği köçürülməmişdir. Bunun əksi olaraq iddiaçının "xxxx" MMC nəzdində hansısa vəzifə tutması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, "xxxx" MMC-nin direktoru kimi vergi uçotundan çıxarılması barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin onun tələbi təmin edilməmiş, cavabdeh inzibati orqan iddiaçıdan onun sözügedən hüquqi şəxsin direktoru vəzifəsindən azad edilməsi ilə bağlı həmin hüquqi şəxsin təsisçisinin qərarının mövcud olmadığını irəli sürmüşdür. Lakin "xxxx" MMC-nin yeganə təsisçisi X2 xx.xx.2015-ci ildə vəfat etməsi faktını araşdırmamışdır. Bununla da iddiaçının faktiki olaraq "xxxx" MMCnin direktoru olmaması, eləcə də həmin hüquqi şəxsin yeganə təsisçisinin vəfat etməsi faktını qiymətləndirməyərək ifrat formallığa yol vermişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı xx.xx.2014-cü ildən etibarən "xxxx" MMC-də hər hansı vəzifə tutmadığından və həmin hal iş üzrə icraat materialları əsasında təsdiq olunduğundan iddiaçının "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) kimi vergi uçotundan adı çıxarılmalıdır. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqsız mövqe sərgiləmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi hallar ifrat formallığa söykənməklə, işin faktiki hərtərəfli və obyektiv qiymətləndirilməmişdir. Məhkəmə araşdırması məhkəmənin yardım etmək vəzifəsi nəzərə alınmaqla iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım edilmiş və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə kollegiyasına ərizə təqdim etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə "xxxx" MMC-nin rəhbəri kimi adımın kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməli, "xxxx" MMC-nin rəhbəri kimi iddiaçının adının kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2156/2024 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. "xxxx" MMC-nin rəhbəri kimi İddiaçı adının kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-164/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-164/2025
16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver