Məhkəmə qərarları › İş №2-1(106)-165/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-165/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-165/2024 06.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi) Hakimlər Həsənov Müşfiq Kamil oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “torpaq sahəsinə dəymiş ziyanla bağlı 17.400 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-62/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdeh tərəfindən ona 288000 manat məbləğində vurulan zərərin alınıb ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2854/2021 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Beyləqan rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə qərara alınmışdır. (adi cəlbetmə qaydasında) Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “torpaq sahəsinə dəymiş ziyanla bağlı 17.400 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beylaqan rayon İcra Hakimiyyətinin 24 sentyabr 2007-ci il tarixli, 94 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 240 kv.m torpaq sahəsi icarə əsasında ona ayrılmış və onun üzərində inşa edilmiş ümumi sahəsi 64.4 km.m olan 2 ərtəbəli qeyri-yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən adına qeydiyyata alınmışdır. Bu sahə üzərində mülkiyyət hüququnun bütün aidiyyəti orqanlar tərəfindən tanınmışdır. Müraciət etdiyi aidiyyat orqanlar zərərin əvəzini, yəni kompensasiyası almaq üçün məhkəməyə müraciət etməyi tövsiyə etdiyi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin TV hissəsinə əsasən isə dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən müraciəti barədə qəbul edilmiş qərarla razılaşmayacağı təqdirdə, həmin struktur qurumların qərarlarından (hərəkətlərindən və hərəkətsizliyindən) qanunvericiliklə müəyyən edilmiş qaydada inzibatı qaydada və məhkəməyə şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü madddəsinin 3-cü hissəsinə əsasən torpaq münasibətləri ilə əlaqədar olan əmlak münasibətləri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Konstitusiyanın 29-cu maddəsinin 2 və 4-cü hissələrinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və yalnız dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun (bundan sonra Qanun) 4.1 -ci maddəsinə əsasən dövlət ehtiyacları məqsədləri üçün torpaqların alınması dövlət tərəfindən kompensasiya ödənilməklə həyata keçirilir. Qanunun 54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Əks təqdirdə Qanunun 29.1-ci maddəsinə müvafiq olaraq alınmanın təsirinə məruz qalan şəxs və ya həmin torpaqda hüququnun olması iddiası ilə çıxış edən şəxs, yaxud həmin torpaqda belə hüququ olan şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 90 gün müddətində alan orqanın və ya torpağın alınması qrupunun müvafiq aktlarından və ya onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana Və (və ya) qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. İQ, Qanunun yuxarıda sadalanan ayrı-ayrı müddəalarından göründüyü kimi sizə icarə əsasında ayrılmış torpaq sahəsi və mülkiyyətinizdə olan qeyri-yaşayış binası (yeməkxana) yerli icra hakimiyyətinin sərəncamı əsasında deyil, könüllü alqı-satqı yolu ilə, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alma bilər. Qeyd olunanları və Konstitusiyamızın 60cı maddəsini və 71-ci maddəsinin 7-ci hissəsini nəzərə alaraq məsələnin həll olunması məqsədilə miivafıq məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edir. Dövlət Sərhəd Xidmətinin tikinti işlərini aparan podratçı Bakı şəhərində yerləşən “Qaraçay“ şirkəti tərəfindən ona kompensasiya ödənilmədən böyük zəhmətlə ağır xərclər gördüyü işlər xidməti obyekti “Həyat” restoranı, yararsız hala salınaraq sahibkarlıq fəaliyyəti qanunsuz olaraq dayandırılmışdır. Bunun nəticəsində bu günə qədər 288000 manat məblğində Dövlət Sərhəd Xidməti tərəfindən zərər vurulmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 19 iyun 2023-cü il tarixli, 2- 1(120)-62/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-62/2023 saylı qərarının ləğv edilməsini və işi tam, hərtərəfli və obyektiv araşdırmaqla mahiyyəti üzrə qanuni, ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beylaqan rayon İcra Hakimiyyətinin mənə ayrılmış olduğu (24 sentyabr 94 saylı sərəncam) 240 kv/m torpaq sahəsinin və onun üzərində tikilmiş olan 61.4 kv/m yeməkxananın Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi və Beylaqan rayon İcra Hakimiyyəti tərəfindən zəbt edilərək tamam yararsız hala salınmasına görə hər 3 təşkilatın cavabdeh qismində tanınması və ona dəymiş ziyanın kompensassiya edilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə həm Müdafiə Nazirliyi həm də Beylaqan rayon İcra Hakimiyyəti cavabdeh qismində tanınsada heç birinin məhkəmədə iştrakı təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, onun torpaq sahəsinə 17400 manat torpaq üzərində tikilmə isə 15350 manat ziyan vurulmuşdur və 15350 manat ziyan Müdafiə Nazirliyi tərəfindən vurulmuşdur. Məhkəmə qərar çıxararkən 15350 manat (tikiliyə vurulmuş) ziyanın ödənilməsi barədə heç bir şey göstərməmişdir. Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli K/292/15/A-241/2 nömrəli məktubundan göründüyü kimi onun torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər kabinetinin tapşırığına əsasən Müdafiə Nazirliyinin istifadəsinə verilmişdir, lakin Müdafiə Nazirliyinin məhkəmədə iştirakı təmin edilməmişdir. Beylaqan rayon İcra Hakimiyyətinin 184 saylı Sərəncamına əsasən torpaq sahəsi Dövlət Sərhəd Xidmətinə verilmişdir. Məhkəmə sorğusundan məlum olmuşdur ki, həmin sərəncam saxtadır və X3 məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 126 nömrəli məktubundan göründüyü kimi belə bir sərəncam olmamışdır. Məhkəmə Beylaqan rayon İcra Hakimiyyətinin məhkəməyə gəlməsini və verilmiş yalançı sərəncama görə məsuliyyətini təmin etməmişdir. O, xx.xx.2012-ci il tarixdə ona ayrılmış torpaq sahəsində abadlıq işləri üçün 5000 manat xx.xx.2012-ci il tarixdə isə 2100 manat “Əlinəzəlli” kredit ittifaqından kredit götürmüşdür və bu günə qədər əmlakının əlindən alınmasına görə həmin krediti ödəyə bilməmişdir. O, həmin yeməkxanadan hər ayda minimum 1000 (bir min) manat gəlir götürürdü. Əmlakın əlindən alındığı üçün o həm də həmin gəlirdən məhrum olmuşdur. Yuxarıda göstərilənlərə əsasən onun əmlakının əlindən alındıqdan sonra o hər ayda 1000 manat 1 ildə 12000 (on iki min) manatdan məhrum olmuşdur. Beləliklə onun tikilisinə vurulmuş 15350 və əldən çıxmış 132000 manat fayda barədə heç bir tədbir görülməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən qərar verilərkən iddia tələbi tam, hərtərəfli və obyektiv araşdırılmamış, bununla da onun Azərbaycan Respublikası Konstitusiyası, qanunları və “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya” ilə qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçı apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-62/2023 saylı qərarının ləğv edilməsini və işi tam, hərtərəfli və obyektiv araşdırmaqla mahiyyəti üzrə qanuni, ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-482/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-62/2023 saylı qərarının ləğv edilməsini və işi tam, hərtərəfli və obyektiv araşdırmaqla mahiyyəti üzrə qanuni, ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə digər iştirakçılara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: … Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-62/2023 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərib-göstərməməsindən asılı olmayaraq düzgün iddia növünün və tələbinin seçilib-seçilmədiyini məhkəmə müəyyən edir. Həlledici olan, iddiaçının ərizəsində irəli sürdüyü tələb ilə nəyə nail olmaq istədiyini göstərməsidir. İşin faktiki hallarından müəyyən edilir ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 94 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 240 kv.m torpaq sahəsi icarə əsasında iddiaçıya ayrılmış və onun üzərində inşa edilmiş ümumi sahəsi 64.4 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən iddiaçının adına qeydiyyata alınmışdır. Bu sahə üzərində mülkiyyət hüququ aidiyyəti orqanlar tərəfindən tanınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 29 dekabr 2012-ci il tarixli, 184 saylı sərəncamı ilə Dövlət Sərhəd Xidmətinə 21.2 ha torpaq sahəsi ayrılmış və Dövlət Sərhəd Xidməti tərəfindən həmin torpaq sahəsində qazıntı işləri aparılmışdır. İddiaçı qazıntı işləri nəticəsində onun əmlakına və torpaq sahəsinə dəymiş ziyana görə kompensasiya tələbi barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasına cavab olaraq verilmiş 15 mart 2022-ci il tarixli, 10/7122 nömrəli və 07 dekabr 2022-ci il tarixli, 10/5892 nömrəli rəylərdən müəyyən edilmişdir ki, iddaçı İddiaçı məxsus torpaq və qeyri yaşayış binası (yeməkxana) Azərbaycan Respublikası Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 29 dekabr 2012-ci il tarixli, 184 saylı sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ayrılmış 21.2 ha torpaq sahəsinin hüdudları daxilinə düşür və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən aparılmış qazıntı işləri nəticəsində Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə xidmət obyektinin tikintisi üçün iddiaçıya verilmiş Beyləqan rayonu ərazisində yerləşən 240 kvm. torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına 15350 manat və həmin torpaq sahəsində aparılmış əlavə işlərin və inşa edilmiş əlavə tikililərə 17400 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda işdən görünür ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra 06 iyun 2023-cü il tarixində keçirilən məhkəmə iclasında iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etmiş və ekspert rəyində göstərilmiş 17400 manat məbləğində dəymiş zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Qeyri-yaşayış binasına görə ekspert rəyində göstərilmiş zərərin isə Müdafiə Nazirliyindən tutulması barədə iddia qaldıracağını demişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin azaldılması ilə bağlı iddiaçının ərizəsini icraata qəbul etmiş və həmin tələb üzrə mahiyyəti üzrə işə baxaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İlk öncə qeyd edilməlidir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbinin həcminin azaldılması barədə ərizə onun tərəfindən imzalansada həmin ərizəni verməkdə məqsədi iddia tələbinin həcmini azaltmaq olmamışdır. Eyni zamanda, iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmunu və onun doğuracağı hüquqi nəticələr ona izah olunmamışdır. Belə ki, o, ekspert rəyində göstərilən vəsaitin tam təmin olunmasını istəyir. Bununla yanaşı verilən suallara cavab olaraq izahatında bildirmişdir ki, o, Müdafiə Nazirliyinə qarşı qeyri-yaşayış binasına vurulmuş 15350 manat ziyanla bağlı hazırki günə kimi məhkəmədə iddia qaldırmamışdır. Bundan başqa iddiaçı tərəfindən tərtib edilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, o, 15350 manat məbləğində tikiliyə vurulmuş zərərin Müdafiə Nazirliyi tərəfindən vurulması və həmin vəsaitin ona ödənilməsi barədə birinci instansiya məhkəməsinin qərarında hər hansı bir qeydin əks olunmamasından narazıdır. Məhkəmə kollegiyasının mövqeyinə görə işə baxan birinci instansiya məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirərək və obyektiv araşdırma prinsipinə əməl edərək, iddiaçının hazırki (dəyişdirilmiş) iddia tələbi ilə arzuladığı məqsədə çatmasının mümkün olub-olmamasını aydınlaşdırmalı, bu istiqamətdə araşdırma aparmalı, hətta, bu barədə məlumatları qəbul etdiyi yekun məhkəmə aktında əks etdirməli idi. Yəni, birinci instansiya məhkəməsi 15350 manat məbləğində tikiliyə vurulmuş zərərin Müdafiə Nazirliyindən tutulması şərti ilə iddia tələbinin həcminin azaldılması barədə ərizəni icraata qəbul edərkən əmin olmalı idi ki, həqiqətən də faktiki və hüquqi əsaslara görə həmin zərərə görə tələbin yönələ biləcəyi şəxs (məhsuliyyət daşıyan tərəf) Müdafiə Nazirliyidir və həmin vəsait onun tərəfindən iddiaçıya ödənilməlidir. Əks halda, iddiaçıya dəyişdirilmiş iddia tələbi üzrə yardım etməli və dəyişdirilmiş (azaldılmış) iddia tələbinin onun hüquqi marağına uyğun olmadığı onun nəzərinə çatdırılmalı idi. Nəzərə alınmalıdır ki, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqeyə görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatlara əhəmiyyət verməmiş, Müdafiə Nazirliyi tərəfindən iddiaçının hüququnun həqiqətən də pozulub-pozulmadığını araşdırmamış, iddiaçıya hüquqi marağına uyğun hansı hərəkətlərin edəcəyini (hansı orqana qarşı, hansı tələbi irəli sürə biləcəyini) bildirməmiş, həcminin azaltdığı iddia tələbi üzrə gələcəkdə başqa inzibati orqana qarşı iddia qaldırmaqla məqsədinə çata biləcəyini təhlil etməmiş, qəbul etdiyi yekun məhkəmə aktında da həcminin azaltdığı iddia tələbinin iddiaçının hüquqi marağına uyğun olması barədə hüquqi dəyərləndirmə aparmamışdır. İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini rəhbər tutaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya icraatı zamanı iddia tələbinin dəyişdirilməsi (həcminin artırılması) proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Bu baxımdan işə təkrar baxan birinci instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, bundan sonra iddiaçıya hüquqi marağına uyğun iddia tələbinin dəyişdirilməsi (həcminin artırılması) ilə bağlı yardım etməli, bu barədə ərizə verə biləcəyini təklif etməli, iddia tələbinin dəyişdirilməsi qəbul olunduğu halda, yeni iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia mümkün sayılacağı halda yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-62/2023 saylı qərarı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar