Məhkəmə qərarları › İş №2-1(106)-166/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-166/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-166/2023 05.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Həsənov Müşfiq Kamil oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Camalov Hüseyn Əli oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(120)-228/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən, Ağcabədi bələdiyyəsi tərəfindən alqı-satqı qaydasında fərdi yaşayış evinin tikintisi üçün ona satılmış 0,02 ha həyətyanı torpaq sahəsini tam mülkiyyət hüququ üzrə onun adına dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın və plan-ölçü sənədlərinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********74 nömrəli məktubla iddiaçının həmin müraciətinin təmin olunmasından imtina etmişdir. Verilən cavabla razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən, Ağcabədi bələdiyyəsi tərəfindən alqı-satqı qaydasında fərdi yaşayış evinin tikintisi üçün ona satılmış 0,02 ha həyətyanı torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə onun adına dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 0,02 ha həyətyanı torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Ağcabədi Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclasının qərarına əsasən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində Ağcabədi bələdiyyəsinin ehtiyat fond torpağından fərdi yaşayış evinin tikintisi üçün ona 0.02 ha həyətyani torpaq sahəsi alqı-satqı qaydasında satılmşdır. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Torpaqların alqı-satqı qaydalarına əlavə barədə sərəncamına əsasən alqı-satqı üçün Ağcabədi bələdiyyəsinin hesabına əvvəlcədən 100 manat pul ödəmiş, bunun müqabilində Ağcabədi bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin iştirakı ilə 25 sentyabr 2006-cı il tarixli “Torpağın alqı-satqısına dair” Akt tərtib edilmişdir. Həmin akt Ağcabədi rayon Torpaq şöbəsində 25 sentyabr 2006-cı il tarixdə 132 nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra həmin torpaq sahəsi ona satılmışdır. Bu torpaq sahəsinin həyətyanı məqsəd üçün, fərdi yaşayış üçün tikintisi məqsədilə ona verilməsi barədə Ağcabədi rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2006-cı il tarixli, 99 saylı rəyi də verilmişdir. Bundan əlavə ona 0,02 ha həyətyani torpaq sahəsinin verilməsi barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü xəritəsi də verilmişdir. Həmin plan və ölçü sənədi Dövlət Torpaq kadastr kitabında A N: 507658 nömrə ilə uçota alınmışdır. Ona satılmış 0.02 ha həyətyanı torpaq sahəsinə tam mülkiyyət üzrə çıxarışın və plan ölçü sənədlərinin alınması ilə əlaqədar DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə dəfələrlə müraciət etmiş və nəhayət axırıncı dəfə xx.xx.2021-ci il tarixdə müraciətinə imtina cavabı verilmişdir. 6 saylı Beyləqan Ərazi İdarəsinin ona verdiyi xx.xx.2021-ci il tarixli, **********74 saylı imtina cavabında göstərilir ki, mülkiyyət hüququnun qeydə alınmasından imtina edilir, səbəbi də DT və XK-nin Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş AN:507658 saylı “Torpaq sahəsinin plan və ölçüsü sənədi”ndə imza və möhürün olmaması bəhanə edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Torpaq sahəsinin plan və ölçüsü sənədi ona sentyabr 2006-cı il tarixdə verilmiş və bunun əsasında Ağcabədi bələdiyyəsi ona 0,02 ha həyətyanı torpaq sahəsi satmışdır. DT və XK-si və onun yerdəki qurumları Respublika Prezidentinin mövcud sərəncamına əsasən 2014-cü ildə ləğv edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Ağcabədi bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 10 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq, daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş və müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin edilmişdir. Təyin edilmiş döngə nöqtələrinin koordinatları Ərazi İdarəsinin elekton məlumat bazası ilə eyniləşdirilərkən torpaq sahəsinin ictimai tikili üçün nəzərdə tutulmuş ərazidə yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə bildirirlər ki, ərizəçi tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası zamanı ərizəyə əlavə olunmuş ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş A № 507658 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin imzasız və möhürsüz olması aşkar edilmişdir. Həmçinin, Ağcabədi rayon bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0,02 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsinin müvafiq rəyi və yerquruluşu sxemi ərizəçinin müraciətinə əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Ağcabədi rayon bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0,02 ha torpaq sahəsi üzərində ərizəçinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 10 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə imtina haqqında bildiriş verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkünsüzlüyünə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 02 dekabr 2022-ci il tarixli, 2-1(120)-228/2022 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,02 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.02 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması tələbi barədə Şirvan İnzibati Məhkəməsi 02 dekabr 2022-ci il tarixli, 2-1(120)-228/2022 nömrəli qərar qəbul edərkən sözügedən torpaq sahəsinin ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş A№507658 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin imzasız və möhürsüz olması və Ağcabədi rayon bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0.02 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsinin müvafiq rəyi və yerquruluşu sxeminin olmamasını nəzərə almamışdır. Şirvan İnzibati Məhkəməsi 02 dekabr 2022-ci il tarixli, 2- 1(120)-228/2022 nömrəli qərarı qəbul edərkən "Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılmasını və həmin Qanununun 15-ci maddəsinin tələbləri qaydasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsini nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuşdur. Məhkəmə qərar qəbul edərkən həmin Qanunun 6.5-ci maddəsində göstərilən tələblərə uyğun olmayan qərar qəbul etmişdir. Belə ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Məhkəmə qərar qəbul edərkən həmin Əsasnamənin 6-ci bəndində göstərilən torpaq sahələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq ayrılmalı olduğunu nəzərə almamışdır. Belə ki, Əsasnamənin 6-cı bəndində göstərilmişdir ki, bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Məhkəmə qərar qəbul edərkən həmin Əsasnamənin 27-ci bəndinə əsasən torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada verilməli olduğunu nəzərə almamışdır. Məhkəmə mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Cavabdeh apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(120)-228/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)166/2023 saylı, 13 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, sözü gedən torpaq sahəsinin yerinin baxış müayinə aktı tərtib edilmiş və həmin baxış müayinə aktından görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi iddiaçının ilkin müraciəti əsasında inzibati orqana təqdim etdiyi sənədlərdə göstərilən torpaq sahəsi ilə eynidir. Bundan başqa cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin əsassız olduğunu bildirmiş, verilmiş suala cavab olaraq torpağın ona ayrılması ilə bağlı qanunla nəzərdə tutulmuş bütün sənədlərin, o cümlədən torpağın alğısatqısı ilə bağlı ödəniş qəbzinin və torpağa məxsus yer quruluşu xəritəsinin və həmin torpaq sahəsinin faktiki olaraq onun istifadəsində olduğunu qeyd etmişdir. d) Məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə məhkəmə kollegiyası qərar qəbul edərkən aşağıdakı faktiki hallara və sübutlara əsaslanmağı zəruri hesab edir. İş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********74 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Ağcabədi bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 10 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş və müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin edilmişdir. Təyin edilmiş döngə nöqtələrinin koordinatları Ərazi İdarəsinin elekton məlumat bazası ilə eyniləşdirilərkən torpaq sahəsinin ictimai tikili üçün nəzərdə tutulmuş ərazidə yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə təqdim edilmiş sənədlərin ekspertizası zamanı ərizəyə əlavə olunmuş ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 507658 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin imzasız və möhürsüz olması aşkar edilmişdir. Həmçinin, Ağcabədi rayon bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0,02 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsinin müvafiq rəyi və yerquruluşu sxemi müraciətə əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən, Ağcabədi bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0,02 ha torpaq sahəsi üzərində ərizəçinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 10 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinin icrasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2006-cı il tarixli, 99 saylı rəyindən görünür ki, şəhər sakini İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,02 ha olmaqla, yaşayış evi tikintisi üçün yararlıdır və həmin məqsəd üçün satılması qanuna müvafiqdir. İş materiallarında olan Ağcabədi Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolundan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağcabədi bələdiyyəsinin ehtiyat fondu üçün ayrılmış alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi üçün 0.02 ha torpaq sahəsinin alqı-satqı qaydasında Ağcabədi şəhər sakini İddiaçı satılması qərara alınmışdır. İş materiallarında olan 22 sentyabr 2006-cı il tarixdə tərtib olunmuş torpaqların alqısatqısına dair aktın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01 sentyabr 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə ərizə ilə Ağcabədi bələdiyyəsinə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Ağcabədi Bələdiyyəsi ərazisində 0,02 ha torpaq sahəsinin ona satılması barədə 20 sentyabr 2006-cı il tarixli, 12 nömrəli qərar qəbul edilmiş, bunun müqabilində İddiaçı tərəfindən əvvəlcədən 100 manat məbləğində haqq ödənilmişdir. İş materiallarında olan 06 sentyabr 2006-cı il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə Ağcabədi Bələdiyyəsinin ********** nömrəli hesabına 100 azn ödəniş edilmişdir. Ödənişin təyinatı həyətyanı torpaq sahəsi ilə bağlı hüququn verilməsilə əlaqədardır. Qəbz "xxxx" ASC-nin Ağcabədi rayon filialı tərəfindən 200582 nömrəli möhürlə möhürlənmişdir. İş materiallarında olan cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2021ci ildə təsdiq olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənəddən görünür ki, "Torpaq sahəsinin planı və ölçüsü” Ağcabədi Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 nömrəli qərarı ilə Ağcabədi şəhər sakini İddiaçı fərdi yaşayış evi tikmək üçün satılmış 200 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş və X7 kitabında A № 507658 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 avqust 2009-cu il tarixli, RX- 08 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, 14 iyun 2021-ci il tarixdə İddiaçı ərizəsi əsasında Ağcabədi rayon, Üzeyir Hacıbəyli prospektində yerləşən yaşayış təyinatlı sahəsi 0,02 ha torpaq sahəsinə baxış keçirilmiş, faktiki torpaq sahəsinin sənəd üzrə torpaq sahəsi ilə eyni olduğu, torpaq sahəsinin müayinə olunduğu, ölçüldüyü, koordinatlarının təyin olunduğu, torpaq sahəsinin kommunikasiya xətlərinin qorunma zolağından kənarda yerləşdiyi müəyyən olunmuş və həmin aktda qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış xx.xx.2022ci il tarixli, **********67 saylı mütəxəssis rəyində birinci instansiya məhkəməsi tərəfindən qoyulmuş suallara cavab vermək məqsədilə aparılmış araşdırmanın nəticələri aşağıdakı kimi öz əksini tapmışdır: 1) Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı torpaq sahəsi üçün satılmış 0.02 ha torpaq sahəsinin koordinatları A N-507658 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, naturada müəyyən edilmişdir; 2) Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı qızma həyətyanı torpaq sahəsi üçün satılmış 0.02 ha torpaq sahəsi ayrılan zamanı (2006cı ildə) bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla, həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazi olmuşdur. Hazırda isə İddiaçı xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsidir; 3) Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı torpaq sahəsi üçün satılmış 0.02 ha torpaq sahəsinin naturada faktiki olaraq istifadə olunan ərazi ilə sənəd üzrə qeyd olunan ərazi arasında uyğunsuzluq mövcud deyildir; 4) Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı torpaq sahəsi üçün satılmış 0.02 ha torpaq sahəsi faktiki olaraq İddiaçınin istifadəsindədir; 5) Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı torpaq sahəsi üçün satılmış 0.02 ha torpaq sahəsi ictimai tikili üçün nəzərdə tutulmuş ərazidə yerləşmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 30 iyun 2022-ci il tarixli, 10/3221 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: 1) Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı torpaq sahəsi üçün satılmış 0.02 ha torpaq sahəsinin koordinatları A № 507658 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən naturada müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir; 2) Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixii, 12 saylı qərarı ilə X3 həyətyanı torpaq sahəsi üçün satılmış 0,02 ha torpaq sahəsi ayrılan zaman (2006-cı ildə) bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla, həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazi olmuşdur. Hazırda isə İddiaçı xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsidir; 3) Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədi üçün satılmış 0.02 hektar torpaq sahəsinin faktiki olaraq istifadə olunan ərazisi ilə sənəd üzrə qeyd olunan ərazi arasında uyğunsuzluq mövcud deyildir; 4) Ağcabədi bələdiyyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı ayrılmış 0.02 hektar torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir; 5) Ağcabədi bələdiyyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı ayrılmış 0.02 hektar torpaq sahəsi ictimai tikili üçün nəzərdə tutulmuş ərazidə yerləşmir. e) Məhkəmənin istinad etdiyi normativ hüquqi aktlar: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:

3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması qaydasında əldə edirlər. 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. 86-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il tarixli Qərarı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021cı il tarixli Qərarı.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

f) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(120)-228/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

g) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 0,02 ha həyətyanı torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iş materialları, o cümlədən ekspert və mütəxəssis rəyləri ilə, eləcə də qanunvericiliyin tələbi baxımından Ağcabədi Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün satılmış 0,02 ha torpaq sahəsinin qanuni əsaslarla əldə edilməsi təsdiq olunduğundan və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestridə qeydə alınmasından imtina üçün əsas kimi qeyd olunan cavabdeh təşkilatın dəlilləri təkzib olunduğundan məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, Ağcabədi Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 nömrəli qərarı ilə İddiaçı 0,02 ha torpaq sahəsi satılmış və həmin torpaq sahəsi ilə bağlı 22 sentyabr 2006-cı ildə torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Torpaqların alqısatqısına dair aktdan və qəbzdən görünür ki, iddiaçı həmin torpaq sahəsinə görə bələdiyyənin büdcəsinə (hesabına) əvvəlcədən 100 (bir yüz) manat pul ödəmişdir. İddiaçı sözügedən Ağcabədi Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 nömrəli qərarını rəhbər tutaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı Ağcabədi Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan Ağcabədi Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 nömrəli qərarı ilə İddiaçı satılmış 0,02 ha torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. İş materiallarından göründüyü kimi, İddiaçı Ağcabədi bələdiyyəsinin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə (satılmasına) dair xx.xx.2006-cı il tarixli, 12 saylı qərarını (aktı) cavabdehə təqdim etmiş, sonuncu tərəfindən bu akt mübahisələndirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Həmçinin qeyd olunan sənədlərin (Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarının) qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Ağcabədi bələdiyyəsinin özünə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı həmin torpaq üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. İş üzrə cavabdehin iddiaçıya ünvanladığı məktubunda imtinanın səbəbi kimi torpaq sahəsinin təyin edilmiş döngə nöqtələrinin koordinatları Ərazi İdarəsinin elekton məlumat bazası ilə eyniləşdirilərkən torpaq sahəsinin ictimai tikili üçün nəzərdə tutulmuş ərazidə yerləşməsi, təqdim edilmiş sənədlərin ekspertizası zamanı ərizəyə əlavə olunmuş ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 507658 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin imzasız və möhürsüz olması və Ağcabədi rayon bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0,02 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsinin müvafiq rəyi və yerquruluşu sxemi müraciətə əlavə edilməməsi göstərilmişdir. Halbuki, cavabdeh tərəfindən Mülki Məcəllənin 139-1.1.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddələrində torpaqayırma (hüquqmüəyyənedici) sənədi kimi nəzərdə tutulan Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarından başqa iddiaçıdan müvafiq sənədlərin təqdim edilməsinin (“Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, müvafiq rəy və yerquruluşu sxeminin) tələb olunması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun “hüquların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi” adlanan 10-cu maddəsinin tələbləri ilə ziddiyyət yaradır. Bununla belə iddiaçı tərəfindən ona satılmış torpaq sahəsinin Ağcabədi rayon İHBA-nın Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisinin və Ağcabədi bələdiyyəsinin sədri tərəfindən imzalanmış və möhürlənmiş planı (sxemi) məhkəməyə təqdim olunmuşdur. Həmçinin iş materiallarında olan cavabdehin tərtib etdiyi baxış müayinə aktından da görünür ki, sözügedən torpaq sahəsinin ölçülərini və kordinatlarını müəyyən etmək mümkün olmuşdur. Həmin baxış müayinə aktı ilə müəyyən edilmişdir ki, torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçülər ilə eynilik təşkil edir. Cavabdehin iddiaçıya ünvanladığı məktubunda imtinanın digər səbəbi kimi torpaq sahəsinin təyin edilmiş döngə nöqtələrinin koordinatları Ərazi İdarəsinin elekton məlumat bazası ilə eyniləşdirilərkən torpaq sahəsinin ictimai tikili üçün nəzərdə tutulmuş ərazidə yerləşməsi olmuşdur. Cavabdehin həmin dəlilləri ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssiləri cəlb edilməklə ekspertiza təyin edilmiş və məhkəmənin qərardadına əsasən mütəxəssis və ekspert rəyi hazırlanaraq məhkəməyə təqdim olunmuşdur. Tədqiq olunan mütəxəssis və ekspert rəyindən göründüyü kimi iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata almaq istədiyi torpaq sahəsi imtina məktubunda göstərildiyi kimi ictimai tikili üçün nəzərdə tutulmuş ərazi deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla, həyatyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazi olmuşdur. Məhkəmə kollegiyası tədqiq olunan həmin ekspert rəyi ilə bağlı onu da qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən 10/3221 nömrəli 30 iyun 2022-ci il tarixli ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən isə sözügedən rəyi şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

Nəticəvi hissə:

Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(120)-228/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(120)-228/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar