Məhkəmə qərarları › İş №2-1(106)-167/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-167/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-167/2022 01.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2-1(120)467/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx xxxxxx 1954-cü ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin inzibati orqan tərəfindən 25 avqust 2021-ci il tarixli, **********6 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, təqdim olunmuş xx.xx.1979-cu il tarixli, ИТ-İ№ ******* saylı əmək kitabçası və diplomun surətinə əsasən ümumi sığorta stajı 17 il 05 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12270 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının münimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim olunmuş ərizə və arxiv arayışı əsasında Beyləqan rayon “Qələbə” kolxozundakı, “Qarışıq-Yem zavodundakı və X2 fəaliyyət dövrü əmək kitabçasında öz təsdiqi tapmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1968, 1969, 1970, 1971-ci illərdə Beyləqan rayon İkinci Aşıqlı kəndində fəaliyyət göstərən “Qələbə” kolxozunda yeniyetmə yaşlarında işlədiyi 4 ili, əyani təhsil aldığı 5 il 5 ayı, 5 nömrəli sovxozda işlədiyi 1 ili, Heyvandarlıq təsərrüfatında işlədiyi 7 il 6 ayı, X3 zavodunda işlədiyi 7 il 7 ayı, Meşə İdarəsində işlədiyi 7 ayı sığorta stajı kimi müəyyən edərək, 2006-cı ilədək cəmi 26 il 1 ay sığorta stajının olması faktını müəyyən edərək 63 yaşı tamam olduğu 11 may 2018-ci il tarixdən əmək pensiyası təyin olunması və həmin dövrlər qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri nəzərə alınmaqla cavabdeh kimi yaranan fərqin, pensiya qalığının hesablanması və birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx.xx.1954-cü ildə Beyləqan rayonu İkinci Aşıqlı kəndində anadan olmuşdur və hal hazırda həmin kənddə yaşayır. 26 ildən çox sığorta stajı olduğuna görə əmək pensiyası almaq hüququ vardır. Lakin, ona qeyri-qanuni olaraq 130 manat sosial pensiya təyin edilmişdir. O, bu mövzuda 31 may 2021-ci il tarixdə ərizə yazaraq ƏƏSMN-nin tabeliyində DSMF-nun publik hüquqi şəxsin 10 saylı Regional Ərazi filialına müraciət etmişdir. Lakin ƏƏSMN-nin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona 25 avqust 2021-ci il tarixli, **********6 saylı məktubu ilə bildirmişdir ki, “Sizin ümumi stajınız 25 ildən az yəni, 17 il 5 aydır və buna görə əmək pensiyası təyin olunmasından imtina etmişlər”. Məktubda əlavə olaraq bildirilmişdir ki, “təqdim etdiyiniz ərizə və arxiv arayışı əsasında Beyləqan rayonu “Qələbə” kolxozundakı, X9 və X2 fəaliyyət dövrünüz əmək kitabçasında öz təsdiqini tapmadığına görə həmin dövrlər sığorta stajınıza əlavə edilməmişdir”. Beyləqan rayon Dövlət Arxivindən verilmiş 26 aprel 2021-ci il tarixli, 83 saylı Arxiv arayışından göründüyü kimi 1968, 1969, 1970, 1971-ci illərdə yeniyetmə yaşında, şagird kimi yay tətil aylarında və digər tətillərdə “Qələbə” kolxozunda işləmişdir. Həmin illərdə yeniyetmələr və şagirdlər üçün kolxozda minimum tələb olunan iş gününün sayı 2 ay yay tətilinin günlərinə bərabər tutulmuşdur. Yəni, şagird və yeniyetmə olduğu 1968, 1969, 1970, 1971-ci illərdə tələb olunan iş günü hər il üçün 60 gün olmuşdur. Odur ki, həmin illərdə faktiki iş günlərinin sayı 60 gündən yüksək olduğu üçün həmin illər onun üçün qanuni olaraq 4 il tam sğorta stajı kimi götürülməlidir. Bildirir ki, 5 il 5 ay əyani təhsil almışdır. Təhsildən sonra xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Beyləqan rayon 5 nömrəli sovxozda işləmişdir. xx.xx.1980-ci ildən xx.xx.1988-ci ilədək Beyləqan rayon Heyvandarlıq Təsərrüfatı İdarəsində, xx.xx.1988-ci ildən xx.xx.1996-cı ilədək Beyləqan rayon X3 Zavodunda, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək Beyləqan rayon Meşə İdarəsində işləmişdir. Beləliklə, 4 il Qələbə kolxozu + 5 il 5 ay əyani ali təhsil + 1 il 5 nömrəli sovxoz + 7 il 6 ay Heyvandarlıq Təsərrüfatında + 7 il 7 ay X3 Zavodu + 7 ay Meşə İdarəsində işləmişdir. Cəmi 4 il + 5 il 5 ay +1 il +7 il 6 ay +7 il 7 ay +7 ay =26 il 1 ay sğorta stajı var. Bundan əlavə xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək X3 zavodunda işləməyinə baxmayaraq əmək haqqı almamış və xx.xx.1997-ci il tarixdən 534 saylı sərəncamla zavodun özəlləşməsi ilə əlaqədar işdən azad olunmuşdur. Beləliklə, əmək haqqı aldığı sğorta stajı 26 il 1 ay və əmək haqqı almadığı stajı 1 ildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə əlavə ərizə təqdim edərək, iddia tələbinin dəyişdirilərək “işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin dəyişdirilərək “işlədiyi illərin və ali təhsil aldığı müddətin sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialına müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, İddiaçı ümumi iş stajı əmək kitabçası və diplomuna əsasən ümumi sığorta stajı 20 il 08 ay 28 gün olmaqla qanunla tələb olunan müddətdən az olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin əsasən müraciətinin müsbət həlli mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İddiaçı 1968-ci il tarixdən 1971-ci il tarixədək və 1981-ci ildə Beyləqan rayon “Qələbə kolxozu”nda, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Beyləqan rayon “5 nömrəli sovxoz”da, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Beyləqan rayon “Meşə idarəsi”ndə işlədiyini iddia etdiyi illər əmək kitabçasında mövcud olmadığından həmin illərin onun əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də nəzərdə tutulmuşdur. Maddələrin məzmunundan görünür ki, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı kolxozda işlədiyini iddia etdiyi dövrlərin tam il kimi sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 19 aprel 2022-cı il tarixli, 2-1(120)-467/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia qismən təmin olunmuş və İddiaçı Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 83 nömrəli arxiv arayışında göstərilən Beyləqan rayon sabiq “Qələbə” adına kolxozda 1968-1971-ci illərə dair iş stajı, 1972-ci və 1981-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 97 nömrəli arxiv arayışında göstərilən xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Beyləqan rayon 5 nömrəli sovxozda işlədiyi müddət, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X4 işlədiyi müddət, ali təhsil illəri və əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq, Şirvan İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırkı iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. İddiaçı 1968-ci il tarixdən 1971-ci il tarixədək Beyləqan rayon “Qələbə kolxozu”nda, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Beyləqan rayon “5 nömrəli sovxozda”da, xx.xx.1980-ci ildən xx.xx.1988-ci ilədək “Beyləqan rayon Heyvandarlıq təsərrüfatı idarəsi”ndə, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-ci il tarixədək “Beyləqan rayon X3 Zavodu”nda, xx.xx.1997-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Beyləqan rayon “Meşə İdarəsi”ndə işlədiyi illərin sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, xx.xx.1996-ci il tarixdən sonrakı dövrdə “Beyləqan rayon X3 Zavodu”nda işlədiyi əmək kitabçasında qeyd edilsə də, həmin dövrdə əmək haqqı almadığını etiraf etmişdir. Fondun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının **********9 nömrəli məktubu ilə İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1988-ci ilədək Beyləqan rayon Heyvandarlıq təsərrüfatı idarəsi”ndə, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-ci il tarixədək “Beyləqan rayon X3 Zavodu”nda işlədiyi dövrlərin mübahisələndirmədiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən İddiaçı 1968-ci il tarixdən 1971-ci il tarixədək və 1981-ci ildə Beyləqan rayon “Qələbə kolxu”nda, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Beyləqan rayon “5 nömrəli sovxoz”da, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Beyləqan rayon “Meşə idarəsi”ndə işlədiyini iddia etdiyi illər əmək kitabçasında mövcud olmadığı halda əmək stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 1/15 nömrəli məktubunda Beyləqan rayon “Qəbələ kolxozu” iclas Protokollarını arxivə təhvil verilmədiyi, lakin Beyləqan rayonunda fəaliyyət göstərmiş “Kommunizm kolxozu”nda minimum adam günü normasının kişilər üçün 200, cavan yeniyetmələr üçün 60 iş günü olduğu göstərilmişdir. Məhkəmə qanuni əsası olmadan iddiaçının cavan yeniyetmə olduğu qənaətinə gəlmiş, həmin dövrləri tam il kimi staja əlavə etmişdir. Eyni zamanda iddiaçının xx.xx.1954-cü il təvəllüdlü olduğunu nəzərə alaraq, 1968-1971-ci illərdə iddiaçının cavan yeniyetmə olduğu qənaətinə gəlmiş, həmin dövrləri tam il kimi staja əlavə etmişdir. Eyni zamanda iddiaçının 1981-ci ildə “Qəbələ kolxozu”nda işlədiyini iddia etdiyi dövrün “Beyləqan rayon Heyvandarlıq təsərrüfatı idarəsi”ndə işlədiyi dövrlə üst-üstə düşdüyünü nəzərə almadan sosial sığorta stajına əlavə etmişdir. İddiaçı xx.xx.1996-ci il tarixdən xx.xx.20212-ci il tarixədək “Beyləqan rayon X3 Zavodu”nda işlədiyi əmək kitabçasında qeyd edilsə də, həmin dövrdə əmək haqqı almadığını etiraf etməsinə, həmin dövrlərə qarşı hər hansı iddiasının olmasına baxmayaraq məhkəmə qərarında həmin dövrləri sosial sığorta stajına daxil edilməsini təsdiqləmişdir. Məhkəmə qərarın qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə zidiyyət təşkil edəcək tövsifdə və təfsirindən çəkinməli, qanunun ümumi məsqədlərini nəzərə almalıdır. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamış və əsaslı hüquqi qiymət verilmədən yekun qərar çıxarılmışdır. Odur ki, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi və Şirvan İnzibati Məhkəməsinin 19 aprel 2022-cı il tarixli, 2-1(120)-467/2022 saylı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X1 İnzibati Məhkəməsinin 19 aprel 2022-cı il tarixli, 2-1(120)-467/2022 saylı nömrəli qərarının ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, arxiv arayışları, cavabdehin imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci İl yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvercilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2018-ci ildə (63 il 6 ay) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, “...iddiaçının 1968-ci il tarixdən 1971-ci il tarixədək və 1981-ci ildə Beyləqan rayon “Qələbə kolxozu”nda, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək Beyləqan rayon “5 nömrəli sovxoz”da, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Beyləqan rayon “Meşə idarəsi”ndə işlədiyini iddia etdiyi illər əmək kitabçasında mövcud olmadığı halda əmək stajına daxil edilməsi nəzərdə tutulmuşdur”. Məhkəmə tərkibi cavabdehin bu dəlilini də əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən müəyyən olunur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər,o cümlədən arxiv arayışları nəzərə alına bilər. Beləliklə, iddiaçının 1968-ci il tarixdən 1972-ci il tarixədək və 1981-ci ildə Beyləqan rayon “Qələbə kolxozu”nda, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək Beyləqan rayon “5 nömrəli sovxoz”da, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Beyləqan rayon “Meşə idarəsi”ndəki fəaliyyət dövrünü sosial sığorta stajına daxil etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Çünki iddiaçının 1968-1972-ci illərdə kolxozda işlədiyi Beyləqan rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 83 nömrəli və xx.xx.2022-ci il tarixli, 12 nömrəli arxiv arayışları, xx.xx.1979- xx.xx.1980-cı il illərdə Beyləqan rayon “5 nömrəli sovxoz”da işlədiyi Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 97 nömrəli arxiv arayışı ilə, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Beyləqan rayon “Meşə idarəsi”ndə işlədiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfat Mərkəzinin xx.xx.2021-ci il tarixli, 240 nömrəli arayışı ilə təsdiqləndiyindən sözü gedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, məhkəmə araşdırmasının gedişində arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslarda müəyyən edilməmişdir. Hazırkı iş üzrə Beyləqan rayon Dövlət Arxivinin 26 aprel 2021-ci il tarixli, 82 nömrəli və xx.xx.2022-ci il tarixli, 12 nömrəli arxiv arayışlarının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması 1968-1972-ci illərdə 240 gün (iş vərəqi 46) olmuşdur. Buna qarşılıq iddiaçı 1968-ci ildə 70 gün, 1969-cu ildə 91 gün, 1970-ci ildə 119 gün, 1971-ci ildə 107 gün və 1972-ci ildə 56 gün (iş vərəqi 94) işləmişdir. 1968-1972-ci illər isə iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1968-1972-ci illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir- (70+91+119+107+56)x12=5316/240=1 il, 10 ay, 3 gün Beləliklə, iddiaçının 1968-1972-ci illərdə kolxozda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində kolxozda ümumi iş stajı 1 il, 10 ay, 3 gün təşkil edir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, 1968-ci ildə iddiaçının 14 yaşı olsa da, həmin vaxtda onun işləməsi dövrün qanunverciliyinə zidd olmamışdır. Belə ki, Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (İşə qəbul etməyə yol verən yaş) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, ... “iddiaçının 1981-ci ildə “Qəbələ kolxozu”nda işlədiyini iddia etdiyi dövrün “Beyləqan rayon Heyvandarlıq təsərrüfatı idarəsi”ndə işlədiyi dövrlə üst-üstə düşdüyünü nəzərə almadan sosial sığorta stajına əlavə etmişdir”. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsaslı hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2.-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1980-ci il tarixli, 62 nömrəli əmrlə Jdanov (hazırda Beyləqan) təsərrüfatlararası heyvandarlıq sənaye birliyinə mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci il tarixli, 18 nömrəli əmrlə mühasib vəzifəsindən avtoyükləyici vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci il tarixli, 06 nömrəli əmrlə avtoyükləyici vəzifəsindən baş iqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixli, 27 nömrəli əmrlə baş iqtisadçı vəzifəsinin ləğv olunması ilə əlaqədar tutduğu vəzifəsindən azad edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 aprel 2022-cı il tarixli, 2-1(120)-467/2022 saylı qərarının nəticə hissəsindən müəyyən edilir ki, məhkəmə iddiaçının həm 1981-ci ildə “Qəbələ kolxozu”nda işlədiyi müddəti, həm də əmək kitabçasında qeyd edilən iş illərini sosial sığorta stajı kimi nəzərə almışdır. Bu baxımdan məhkəmə tərkibi iddiaçının 1981-ci ildə “Qəbələ kolxozu”nda işlədiyi müddəti staj kimi nəzərə almır. Ancaq bu hal iddiaçının 1981-ci ildə “Qəbələ kolxozu”nda işləmədiyi anlamına gəlmir. Belə ki, məhkəmənin 08 sentyabr 2022-ci il tarixli iclasında iştirak edən iddiaçı 1981-ci ildə pambıq yığımı zamanı şənbə və bazar günləri “Qəbələ kolxozu”nda işlədiyini bildirmişdir. Bundan başqa, məhkəmə tərkibinin qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi iddiaçının əmək kitabçasında qeyd edilən iş illərini bütövlükdə sosial sığorta stajı kimi nəzərə almaqda düzgün nəticəyə gəlməmiş və iddiaçının əmək fəaliyyətində olduğu müddəti dəqiq müəyyən etməmişdir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikası xx.xx.1997-ci il, 534 saylı Fərmanı əsas götürülərək Qarışıq Yem zavodu islahat ilə əlaqədar olaraq özəlləşdirməyə getdiyi üçün İddiaçı xx.xx.2001-ci il tarixdə tutduğu vəzifəsindən azad edilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1997-ci il tarixdən sonra Qarışıq Yem zavodunda işləməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfat Mərkəzinin xx.xx.2021-ci il tarixli, 240 nömrəli arayışından görünür ki, İddiaçı keçmiş X5 xx.xx.1997-ci il tarixli, 73 nömrəli əmri ilə X6 baş mühasib vəzifəsinə təyin edilmiş və X5 xx.xx.1998-ci il tarixli, 25 nömrəli əmri ilə tutduğu vəzifəsindən azad edilmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında onun xx.xx.2001-ci il tarixdə Qarışıq Yem zavodunda tutduğu vəzifəsindən azad edildiyi qeyd edilsə də, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, o, xx.xx.1997-xx.xx.1998-ci illərdə başqa müəssisədə işləmişdir. Bu baxımdan məhkəmə tərkibi iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasını xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixdək iş illərinə aid hissədə mötəbər sübut kimi qəbul etmir. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, iddiaçı xx.xx.1996-cı ildən xx.xx.1997ci ilədək Qarışıq Yem zavodunda işləməyinə baxmayaraq əmək haqqı almadığını bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək Qarışıq Yem zavodunda işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, iddiaçıya əmək haqqı ödənilməməsi onun məsuliyyət sferasına daxil olmadığından bu hal onun ziyanına şərh edilə bilməz, eyni zamanda iddiaçının təqsiri kimi qəbul oluna bilməz. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Məhkəmə tərkibi müvafiq hesablama nəticəsində müəyyən etmişdir ki, iddiaçının xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil illəri 4 il 10 ay, əmək kitabçasına əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək 09 ay 1 gün, xx.xx.1980-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək 07 il 05 ay 29 gün , xx.xx.1988-ci xx.xx.1980-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək 07 il 05 ay 29 gün, xx.xx.1988-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək işlədiyi 08 il, 08 ay, 7 gün, eyni zamanda xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək Beyləqan rayon “5 nömrəli sovxoz”unda işlədiyi 1 il, 9 gün, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixinədək X4 işlədiyi 6 ay 27 gün və 1968-1972-ci illərdə “Qələbə kolxozu”nda minimum əmək iştirakı norması nəzərə alınmaqla işlədiyi 1 il, 10 ay, 3 gün olmaqla, ümumilikdə 25 il, 2ay, 17 gün sosial sığorta stajı var. Məhkəmə tərkibi qeyd edir ki, 25 il sosial sığorta stajı iddiaçıya hüququnun yarandığı vaxtdan pensiya təyin edilməsi üçün yetərlidir. Bununla belə, cavabdehin özü qəbul edir ki, iddiaçıya 24 il, 1 ay sığorta stajı kifayət edir ki, ona hüququnun yarandığı vaxtdan pensiya təyin edilsin. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 16 noyabr 2022-ci il tarixli, **********7 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixi üçün minimum pensiya məbləği 116,27 manat olmaqla həmin dövrdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 16742,88 manat təşkil edir. 116,27x144=16742,88. İddiaçının 24 il 1 ay iş stajı öz təsdiqini tapdığı halda həmin staja əsasən xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilə bilər (iş vərəqi 240-241). Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçıya yaşa görə əmək pensiyasının onun hüququnun yarandığı vaxtdan təyin edilməsi hissəsində səhvə yol vermişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadındakı hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh orqana müraciət edərək ona pensiya təyin edilməsini xahiş etmişdir (iş vərəqi 246). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də bildirmişdir ki, iddiaçının ərizəsi xx.xx.2021-ci il tarixdə cavabdeh orqana daxil olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, onun cavabdeh orqana əvvəllər müraciət etməməsinin xüsusi bir səbəbi olmamış, sadəcə bu hal onun hüquqi biliksizliyi ilə əlaqədardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi belə qənaətə gəlir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(120)-467/2022 saylı qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, İddiaçı “Qələbə” adına kolxozda 1968- 1972-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Beyləqan rayon 5 nömrəli sovxozda işlədiyi müddət, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X4 işlədiyi müddət, ali təhsil illəri və əmək kitabçasında xx.xx.1997-ci il tarixədək qeyd edilən iş illəri nəzərə alınmaqla, ona müraciət etdiyi 04 iyun 2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(120)-467/2022 saylı qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı “Qələbə” adına kolxozda 1968-1972-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Beyləqan rayon 5 nömrəli sovxozda işlədiyi müddət, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X4 işlədiyi müddət, ali təhsil illəri və əmək kitabçasında xx.xx.1997-ci il tarixədək qeyd edilən iş illəri nəzərə alınmaqla, ona müraciət etdiyi 04 iyun 2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar