Məhkəmə qərarları › İş №2-1(106)-168/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-168/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-168/2024 05.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 iştirakları ilə, Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(120)-3378/2023 nömrəli qərarından üçüncü şəxs Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdehnə qarşı yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onların ünvan 1 ünvanda yerləşən yataqxanaya pasport qeydiyyatına alınmaları öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərar qəbul edilməsini xahiş xahiş etmişlər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şirvan Şəhər İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 05 oktyabr 2023-cü il tarixli, 2-1(120)-3378/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 ünvan 1 ünvanda yerləşən yataqxanaya qeydiyyata alınması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, üçüncü şəxsin iddiaçıların qeydiyyata düşmək istədikləri yaşayış binasını yaşamaq üçün yararsız vəziyyətdə olması təsdiq olunmur. Çünki Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən verilmiş rəydə Şırvan şəhəri, L-nt İbrahimov küçəsi 1 saylı ünvanda yerləşən yataqxana binasının qəzalı vəziyyətdə və uçmaq təhlükəsi altında olması, sakinlərin köçürülməli olması barədə heç bir göstəriş öz əksini tapmamışdır. Qərardan üçüncü şəxs Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar uzun illərdir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin balansında olan ünvan 1 ünvanda yerləşən yataqxanada yaşayırlar. Bununla bağlı İddiaçı2 ilə Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsi arasında kirayə müqaviləsi bağlanmışdır. Onların pasport qeydiyyatları Cavabdeh inzibati binası olan ünvan 3 ünvandan qeydiyyatdan çıxarılmışlar və hamısının şəxsiyyət vəsiqələri etibarsız hesab edilmişdir. İddiaçı2 ikinci qrup əlil, İddiaçı3 isə birinci qrup əlildir. Lakin şəxsiyyət vəsiqələri etibarsız hesab edildiyi üçün əlilliklərinin yenidən qiymətləndirilməsi mümkün olmamışdır. Onlar qeydiyyata düşmələri ilə bağlı Cavabdehnə müraciət etsələr də, onlara ünvanlanmış məkubda məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Şirvan Şəhər İcra Hakimiyyətinə müraciət edərək, onların yaşadıqları ünvan 1 ünvanında yerləşən yataqxanaya qeydiyyata düşmələrinə razılıq verilməsini xahiş etsələr də onlara razılıq verilməsindən imtina edilmişdir. Üçüncü şəxs tərəfindən iddiaya etirazda bildirilmişdir ki, iddiaçılar ünvan 5 ünvanında yerləşən yataqxananın balans daşıyıcısı olan Şirvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Təsərrüfatı İdarəsində heç vaxt işləməmişlər. Həmin yataqxanada müvəqqəti olaraq yaşayırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusı təyınatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Mənzil Məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində müvəqqəti yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin tələblərinə uyğun olaraq xüsusi təyinatlı yaşayış sahələri vətəndaşlara Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin Forması”na uyğun tərtib olunan və yazılı formada bağlanılan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında həmin yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün verilir. Şəhər sakinlərinin Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid olan yataqxana binalarının qəzalı vəziyyətdə olması və əsaslı təmir-bərpa işlərinin aparılması haqqında dövlət qurumlarına etdikləri çoxsaylı müraciətləri əsasında şəhər ərazisində olan yataqxana binalarının vəziyyəti ilə bağlı şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yataqxana binalarına texniki baxış keçirilmiş, L-nt Mahmud İbrahimov küçəsi 1 ünvanda yerləşən yataqxana binasının tikinti norma və qaydalarına cavab vermədiyi (qəzalı olduğu), təhlükəsiz istismarının təmin edilməsi məqsədilə layihə əsasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinin yerinə yetirilməsinin məqsədəuyğun hesab olunması barədə rəy verilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 4-cü bəndinə əsasən şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti təqdim edilmiş yazılı etirazla eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı2 məhkəmə iclasında şikayətin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, binada əsaslı bir problem yoxdur, yaşayış üçün yararlıdır. Qeydiyyatda olmadıqlarına görə ailə üzvlərinin rəsmi tibb xidmətlərindən istifadəsində, işə düzəlməsində problemlər yaranır. Həmin yataqxanada digər mənzillərdə yaşayanlar pasport qeydiyyatındadırlar. Digər iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Surəti iş materiallarına əlavə edilmiş: -AZE ********, AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, AA ******* və AA ******* şəxsiyyət vəsiqəsi məlumatları haqqında çıxarışdan görünür ki, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Şirvan şəhəri, F.İsmayılov küçəsi, ev 1 ünvanda qeydiyyatdadırlar. - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci bəndinə əsasən, order, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qeydiyyat vəsiqəsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya məhkəmənin qanuni qüvvəyə minmis qətnaməsi olmalıdır. Digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qanuna ziddir, məhkəmə orqanına müraciət tövsiyə olunur. -“Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ndən görünür ki, Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsi ilə İddiaçı2 arasında 15 aprel 2020-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ünvan 8 ünvanda yerləşən ümumi və yaşayış sahəsi 72,5 kvadrat metr olan 5 otaqlı yaşayış sahəsi haqqı ödənilməklə müvəqqəti olaraq iddiaçının və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. -“Azərdövlətsənayelayihə” DLİ-nin ünvan 9ünvanda yerləşən yataqxana binasının texniki vəziyyəti haqqında xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 10 ünvanda yerləşən yataqxana binasına vizual baxış keçirilən zaman məlum olmuşdur ki, yataqxana binası zirzəmili, 4 girişli, 5 mərtəbəli olub planda düzbucaqlı şəkillidir. Bina 1970 - ci ildə yataqxana binası kimi inşa edilmişdir. Binanın əsas yükdaşıyan divarların qalınlığı 0,40 metr olmaqla mişarlahmış əhəng daşından sement-qum məhlulu ilə yerinə yetirilmişdir. Mərtəbələrarası və dam örtükləri boşluqlu yığma dəmir-beton tavalardan quraşdırılmışdır. Balkonlar, pilləkən marş və meydançaları yığma dəmir-beton elementlərdəndir. Damı yastı olub yumşaq örtüklüdür. Yaşayış otaqlarının və dəhlizlərin döşəmələri, qapı və pəncərələri ağac materialından, bəzi pəncərələr isə plastik materiallardandır. Fasadlar mişarlanmış əhəng daşı ilə üzlənmişdir. Baxış zamanı yataqxana binasında aşağıda qeyd olunan qüsurlar müşahidə edildi: bina uzun müddət təmirsiz istismar edilmişdir; binanın ön və arxa fasad hissələrindəki eyvanların beton mühafizə qatları aşınmış, armatur milləri isə açıqda qalaraq ciddi şəkildə korroziyaya uğramışdır; girişlərdə və dəhlizlərdə hörgü və suvaq qatları aşınmışdır; ümumi sahələrdə mərtəbəarası örtüklərin beton mühafizə qatları aşınmış, armaturlar isə korroziyaya uğramışdır; əksər mənzillərdə ağac materialından olan döşəmələrdə deformasiya yaranmışdır; binanın fasad hissələrindəki üzlük daşlarında çatlar, qopmalar və boşalmalar yaranmışdır; binada istilik sistemi yoxdur, mənzillər ellektrik sobaları ilə qızdırılır; binanın kommunikasiya xətləri yararsız vəziyyətdədir; yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir. Yaşayış binası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir, texniki cəhətdən məhdud işlək vəziyyətdədir, yaranmış vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. Binanın təhlükəsiz istismarını təmin etmək məqsədilə layihə əsasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinin yerinə yetirilməsi məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasınıın ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onun siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. -15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. -Qanunun 9-cu maddəsinə görə şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının (Daxili İşlər Nazirliyinin) məlumatına əsasən yasayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının 08 dekabr 1999-cu il tarixli 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ”Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü maddəsinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir; Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçıların əvvəllər qeydiyyatda olduqları ünvandan qeydiyyatdan çıxarılmaları baxımından yaşadıqları yer üzrə qeydiyyata alınması zəruri olduğundan və onların başqa yaşayış yeri olmadığından həmin ünvana qeydiyyata alınmasından imtina əsassız sayılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müvafiq orqanın rəyində iddiaçıların yaşadıqları yataqxananın texniki cəhətdən məhdud işlək vəziyyətdə olması bildirilmişdir. Odur ki, üçüncü şəxsin binanın uçmaq qorxusu altında olması ilə bağlı dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Şirvan Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(120)-3378/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar