Məhkəmə qərarları › İş №2-1(106)-168/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-168/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-168/2025 06.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər Cavabdeh1nə və Salyan rayon Arbatan Bələdiyyəsinə qarşı X21 və “X8 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qərarın və alqı-satqı aktının etibarsız hesab edilməsi tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(120)-4227/2024 saylı qərardadından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdehlər Cavabdeh1nə və Salyan rayon Arbatan Bələdiyyəsinə qarşı X21 və “X8 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsi maraqlı şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Salyan rayon Arbatan Bələdiyyəsinin sahibkarlıq məqsədilə 0,10 ha torpaq sahəsinin X3 barədə xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” xx.xx.2006-cı il tarixli akt, həmçinin Salyan şəhəri, N.Babayev küçəsində, küçənin qərbində, özünə məxsus obyektin altında yerləşən torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m torpaq sahəsinin X3 barədə Salyan rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı və Torpaqların alqı-satqısına dair 2007-ci il tarixli aktın etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vətəndaş X12 müraciəti əsasında Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 16 nömrəli qərarı ilə sahibkarlıq məqsədilə 0.10 ha torpaq sahəsi X2.Salyan rayonu Arbatan Bələdiyyəsi ilə alıcı X20 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli akt tərtib edilmişdir.Bundan əlavə vətəndaş X12 müraciəti əsasında Salyan rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə Salyan şəhəri, N.Babayev küçəsində, küçənin qərbində, özünə məxsus obyektin altında və ətrafında yerləşən torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m torpaq sahəsinin X4 barədə qərar qəbul edilmişdir.Salyan rayon Bələdiyyəsi ilə alıcı X20 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair 2007-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı X21 cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Səlyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum X15 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli, 2-1(120)-797/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.Qərardan cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26in 13 saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.Qeyd olunan məhkəmə icraatı zamanı Əmlak Məsələləri Dövlət Xidməti formal olaraq üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunsa da, Xidmət məhkəmə tərəfindən iş üzrə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron kabinetə əlavə olunmadığından, məhkəmə bildirişləri Xidmətin elektron kabinetinə yerləşdirilməmiş,həmçinin məhkəmə prosesi barədə Xidmətə poçt bildirişləri göndərilməmişdir. Xidmət qeyd olunan məhkəmə qərarlarından məhkəmə prosesləri yekunlaşdıqdan sonra məlumat tutmuş və Xidmətin Şirvan Apellyasiya Məhkəməsinə müraciəti əsasında Xidmət elektron kabinetə əlavə olunmuş və qeyd olunan məhkəmə qərarı Xidmətə təqdim olunduqdan sonra həmin qərardan tərəfimizdən kassasiya şikayəti verilmişdir. Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006ci il tarixli 16 nömrəli qərarı və tərəflər arasında bağlanılmış xx.xx.2006-cı il tarixli “Torpaqların alqı-satqısına dair akt”, həmçinin Salyan rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı və Torpaqların alqı-satqısına dair 2007-ci il tarixli aktın etibarsız hesab edilməlidir. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən bələdiyyə qərarları ilə X5 mübahisə predmeti olan torpaq sahələri bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətindədir və buna dair dövlət əmlakının Registrində müvafiq qeydiyyat aparılmışdır.Belə ki, mübahisə predmeti olan torpaq sahələrində yerləşən tikili-86 N-li X7 inzibati binası-dövlət mülkiyyətində olmuş və məhkəmə qərarının icrası ilə əlaqədar X13 mülkiyyətinə verilmişdir.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətindədir. Bələdiyyələrin dövlət müəssisəsinin istifadəsində olmuş torpaq sahələrini bələdiyyə torpağı kimi satması mülki və torpaq qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikasında bələdiyyələr 2000-ci ildən fəaliyyətə başlamışdır və qeyd olunan tarixədək 1970-ci ildə istismara verilmiş dövlət mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair qəbul edilmiş mübahisələndirilən bələdiyyə qərarları həmin torpaq sahəsi üzərində heç bir hüquqi nəticə yaratmadığından, etibarsız sayılmalıdır. Üçüncü şəxs “X8 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsi məhkəməyə təqdim etdiyi 3-21-3-6/2-1585/2024 saylı, xx.xx.2024-cü il tarixli yazılı etirazında göstərmişdir ki, iddianın bilavasitə predmeti ilə əlaqəli olan torpaq sahələrində yerləşən tikili - 86 N°-li X1 Dəstənin inzibati binası Azərbaycan Respublikasının keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanının 4.1-ci yarımbəndinə əsasən hüquqi varisi Xidmətdir) xx.xx.2012-ci il tarixli 272 nömrəli Sərəncamı ilə Komitənin keçmiş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1382 nömrəli Fərmanının 7.3-cü yarımbəndinə əsasən hüquqi varisi Mərkəzdir) tabeliyinə verilmişdir. İXMİM-nin xx.xx.2012-ci il tarixli 346 nömrəli əmri ilə adıçəkilən müəssisə İXMİM-nin tabeliyinə qəbul edilmişdir. 86 №-li İSMD hal-hazırda daşınmaz əmlakın Registrində qeydiyyatda olmaqla dövlət mülkiyyətindədir və özəlləşdirilən müəssisə və obyektlər qrupuna daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 659 nömrəli Fərmanına və həmin Fərmanla təsdiq edilmiş “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həmin torpaq sahələrinin satılması səlahiyyəti dövlət orqanı kimi Xidmətə məxsusdur. İddia ərizəsində istinad olunaraq göstərilən faktlar və sübutlar təsdiq edir ki, cavabdehlər qismində seçilmiş bələdiyyələr dövlət mülkiyyətindəki əmlaka aid torpaq sahələrinin heç bir səlahiyyətləri olmadığı halda qərar verərək özgəninkiləşdirilməsi üçün “əsas” yaratmışlar. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.15-ci bəndi ilə torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq və ya məhkəmədə iddia qaldırmaq Xidmətin hüququ kimi müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdehlər qismində seçilmiş bələdiyyələr bələdiyyələrin hüquqi statusu, fəaliyyətinin əsasları və sair bu qəbildən olan qanunvericilik və digər normativ aktların müəyyən etdiyi norma və prinsiplərdən kənara çıxmış və qanunvericiliklə icra hakimiyyətinin səlahiyyət dairəsinə aid edilmiş məsələ barəsində qərarlar qəbul etmişlər. Ona görə də iddia tələbinin təmin olunması barədə qərar çıxarılması xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(120)-4227/2024 saylı qərardadı (Rəşidə Quliyeva) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(120)-4227/2024 saylı qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan mübahisə predmeti olan torpaq sahəsində yerləşən Azərbaycan Respublikasının İqtisadiyya Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X9 və Koordinasiya Mərkəzi” publik hüquı şəxsinin balansında olan 86 №-li X7 inzibati binasına dair verilmiş dövlət əmlakına dair registrdən çıxarışdar görünür ki, qeyd olunan inzibati bina 1970-ci ildə istismara verilmiş və binanın istifadəsində olan torpaq sahəsi 6732.7 kv.m təşkil edir. Belə ki, dövlət mülkiyyətində olmuş mübahisə predmeti olan torpaq sahələrində yerləşən tikili - 86 №li X7 inzibati binası məhkəmə qərarının icrası ilə əlaqədar X13 mülkiyyətinə verilmişdir. Göründüyü kimi, mübahisələndirilən bələdiyyə qərarları ilə X5 mübahisə predmeti olan torpaq sahələr yuxarıda qeyd olunan dövlət mülkiyyətində olmuş 86 №-li X7 inzibati binası istifadəsində olan torpaq sahəsidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyya Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.4 və 3.0.48-cü bəndlərinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə, istifadəyə vermək və özəlləşdirmək; 4.0.15-ci bəndinə əsasən torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq və ya məhkəmədə iddia qaldırmaq Xidmətin səlahiyyətləri sırasına daxildir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(120)-4227/2024 saylı qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2024cü il tarixli, 2-1(120)-4227/2024 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi “Salyan rayon Arbatan Bələdiyyəsinin sahibkarlıq məqsədilə 0,10 ha torpaq sahəsinin X3 barədə xx.xx.2006cı il tarixli 16 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” xx.xx.2006-cı il tarixli akt, həmçinin Salyan şəhəri, N.Babayev küçəsində, küçənin qərbində, özünə məxsus obyektin altında yerləşən torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m torpaq sahəsinin X3 barədə Salyan rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı və Torpaqların alqı-satqısına dair 2007-ci il tarixli aktın etibarsız hesab edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-797/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Salyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum X17 mülkiyyət hüququ əsasında aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(120)-180/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli, 2-1(120)-797/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2287/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(106)- 180/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2287/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə hazırki işin nəticəsinə təsir edən aşağıdakı mühüm əhəmiyyətli faktlar öz təsdiqini tapmışdır: İş materiallarından görünür ki, hər iki bələdiyyə tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi iddiaçının mərhum anasına satılmış, torpağın dəyəri sonuncu tərəfindən müvafiq hesaba ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Salyan rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı, alqı-satqı aktı əldə edilmişdir (24-cü bənd). Hazırkı iş üzrə cavabdehin imtinasının əsas dəlili mübahisəli torpaq sahələrinin hazırda dövlət mülkiyyətində olmasıdır (26-cı bənd). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, vaxtilə bələdiyyə mülkiyyətində olmuş və hazırda da qüvvədə olan bələdiyyə qərarı ilə satılmış torpaq sahələrinin sonradan “X11 X19” işlənərkən dövlət mülkiyyəti kimi bazaya işlənməsi bu sahə üzrə səlahiyyətli qurumun səhvi və yaxud yanlış hərəkətinin nəticəsi olduğundan hazırda müvafiq düzəlişin edilməsi də həmin qurumun öhdəliyi kimi nəzərə alınmalıdır (27-ci bənd). Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı və Cavabdeh1 xx.xx.2007-ci il tarixli, 18 nömrəli protokolu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir (28-ci bənd). Beləliklə, iddia olunan torpaq sahələri iddiaçının sələfinin mülkiyyətinə qanuni əsaslarla verildiyindən yuxarıda istinad edilən normaya əsasən o, həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir (31-ci bənd). Eyni zamanda müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən hazırki iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh1, Salyan rayon Arbatan Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Həmin iş üzrə cəlb olunmuş üçüncü şəxslərdən Əmlak Məsələləri Dövlət Xidməti Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-797/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verməsə də, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(106)-180/2024 nömrəli qərarından kassasiya şikayəti vermişdir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-(102)-2287/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkün sayılmaması və kassasiya şikayətinin qəbulundən imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2287/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının 11-ci bəndində qeyd olunmuşdur ki, hazırkı kassasiya şikayətini vermiş üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti vermədiyindən, bununla da, onun hər hansı tələbi apellyasiya instansiyası məhkəməsinin baxış predmeti olmadığından, həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin (birinci instansiya məhkəməsinin baxış predmetinin hüdudlarından kənara çıxan) hüquq və vəzifələrinə dair hər hansı məsələ həll olunmadığından onun Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (106)-180/2024 nömrəli qərarından kassasiya şikayəti vermək hüququ yoxdur. Beləkilə də, iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin proses iştirakçısı (üşüncü şəxs) kimi cəlb olunduğu yuxarıda qeyd edilən inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti olan Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” xx.xx.2006-cı il tarixli aktı ilə X5 0,10 ha torpaq sahəsi və Salyan rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı və Torpaqların alqı-satqısına dair 2007-ci il tarixli aktı ilə X5 2158 kv.m torpaq sahəsi ayrıldığı zaman dövlətin deyil, Salyan rayon Arbatan bələdiyyəsinin və Cavabdeh1 mülkiyyətində olmuşdur. Halbuki, hazırki iddianın irəli sürülməsinin əsası kimi mübahisələndirilən bələdiyyə qərarları ilə X5 sözügedən torpaq sahələrinin dövlətin mülkiyyətində olması ilə əlaqələndirilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya 25 fevral 2025-ci il tarixli, 2-1(106)- 168/2025 nömrəli məktubla hüquqi yardım (sorğu) göndərilmiş və iddiaçıdan qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktiki hallardan fərqli hər hansı yeni halların olub-omadığını, olduğu təqdirdə həmin sübutların məhkəməyə təqdim olunması təklif olunmuşdur. Lakin, iddiaçı məhkəmənin yazılı məktubu üzrə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbinin əsası mübahisəli torpaq sahələrinin dövlət mülkiyyətində olması ilə bağlı olduğundan, lakin, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə həmin torpaq sahələrinin dövlətin deyil, vaxtilə bələdiyyə mülkiyyətində olması müəyyən edildiyindən və həmin torpaq sahələri iddiaçının sələfinin (anası X12) mülkiyyətinə qanuni əsaslarla (qüvvədə olan bələdiyyə qərarı ilə) verildiyindən, lakin sonradan həmin torpaq sahələrinin səhv olaraq “X11 X19” işlənərkən dövlət mülkiyyəti kimi bazaya işləndiyindən və məhkəmənin təklif etməsinə baxmayaraq yuxarıda qeyd edilənlərinin əksini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən hazırki işdə iddiaçının subyektiv hüququnu müəyyən etmək mümkün olmamışdır. Bundan başqa məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına və Cavabdeh1 xx.xx.2007-ci il tarixli, 18 nömrəli protokoluna münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə görə, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən sərəncamın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVİİ fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Belə ki, Qanunvericiliyin tələbləri baxımından iddiaçı Mülki Prosessual Məcəlləsinin 01 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinin tələblərinə görə özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Buna görə, iddiaçının hüququnu pozduğunu iddia etdiyi Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarını və Cavabdeh1 xx.xx.2007-ci il tarixli, 18 nömrəli protokolunu ona məlum olduğu gündən 1 ay müddətində məhkəmədə mübahisələndirə bilərdi. Məlum olduğu gün dedikdə, iddiaçının həmin qərarların mövcudluğu barədə həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Hazırkı halda, qərarların iddiaçıya rəsmi qaydada təqdim olunduğuna dair işdə sübutlar mövcud olmasa da (əslində heç təqdim edilməli də deyildi. Çünki həmin qərarlar ona yönəli qərarlar deyildir), işin xüsusi halları baxımından iddiaçı həmin qərarların mövcudluğunu bilməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından iddiaçının ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyya Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasını təmin edilmək, fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq, dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Xidmətin vəzifələrinə aiddir. Məhkəmə kollegiyasının qənaətinə görə hətta şərti olaraq qəbul edilsə ki, 2006-cı ildə sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur, bu zaman yuxarıda qeyd edilənlərə əsasən dövlət əmlakını idarə edən və nəzarət edən qurum kimi iddiaçı 2006-cı ildən hazırki günə kimi (iddia qaldırılanadək) həmin torpaq sahəsi ilə bağlı səlahiyyətləri daxilində qanunla ona həvalə edilmiş tədbirləri görmək məcburiyyətində idi. Lakin, məhkəmənin tələb etməsinə baxmayaraq iddiaçı tərəfindən həmin tədbirlərin (dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasını təmin edilmək, zəbt olunma və qanunazidd formada istifadə olunma hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq) görülməsinə dair hər hansı məlumat və həmin məlumatları özündə əks etdirən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçı hüquqi marağına uyğun razılaşmadığı Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarını və Cavabdeh1 xx.xx.2007-ci il tarixli, 18 nömrəli protokolunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə aşkar edib, onların ləğvi ilə bağlı tədbirlər görə (iddia verə) bilərdi. Lakin işdən görünür ki, iddiaçı üzərindən uzun müddət keçməsinə baxmayaraq həmin qərarları mübahisələndirməmiş və şikayət (iddia) vermə müddətini ötürmüşdür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisəyə tətbiq edilməli olan xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından iddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzasında) öz əksini tapmış hüquqi mövqedə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müxtəlif cavabdehlərə - Salyan rayon Arbatan bələdiyyəsinə və Cavabdeh1nə qarşı mübahisə predmetləri müxtəlif olan və birbiri ilə əlaqəli olmayan iddia tələbini bir iddiada birləşdirmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37.1-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Məhkəmə kollegiyası iddianın qeyri mükünlüyü ilə bağlı yuxarıda qeyd edilən əsaslardan çıxış edərək qeyd edir ki, hətta, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37.1-ci maddəsinə uyğun iddia vermiş olsaydı belə, həmin cavabdehlərə qarşı ayrı-ayrılıqda baxılacaq hazırki predmetli iddia mümkünlük şərtlərinə cavab verməyəcəyindən prosessual qənaət prinsipi baxımdan iddianın ayrı-ayrı cavabdehlərə qarşı yenidən baxılmasından ötrü birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla haqlı mövqe sərgiləmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(120)-4227/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar