Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-169/2024 28.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, İddiaçı və vəkili Vəkil, üçüncü şəxs X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-1(120)-480/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyun 2002-ci il tarixli, JN-0656 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlar əsasında (0,67 ha) torpaq sahəsinin plan və ölçüsü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 20 oktyabr 2023-cü il tarixli, 2-1(120)- 480/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan 04 iyun 2002-ci il tarixli, JN-0656 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlar əsasında (0,67 ha) torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitin İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X6, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ümumən onunla əsaslandırmışdır ki, üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinə dair plan və ölçünün verilməsi qanunvericiliklə hazırkı iş üzrə cavabdehin vəzifələri sırasına daxil edildiyindən və Cəlilabad şəhərində yerləşən 0,67 ha torpaq sahəsi qanuni əsaslarla İddiaçı mülkiyyətində olduğundan, eləcə də onun bu mülkiyyət hüquqları qeydiyyat orqanı kimi hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən dövlət qeydiyyatına alındığından, həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsindən torpaq sahəsinin faktiki yeri ilə sənədlər arasında uyğunsuzluğun mövcud olması əsası ilə imtina edilməsi formal tələblərə söykənir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayonunun sakini X17 mülkiyyətində olan, 04 iyun 2002-ci il tarixli, JN-0656 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında təsvir olunan 0,83 ha pay torpaq sahəsini 03 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə Cəlilabad rayon sakini X2 və həmin müqavilə əsasında D.Abdullayevin adına 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 17 yanvar 2018-ci tarixdə, reyestr nömrəsi **********09, qeydiyyat nömrəsi ********** olan ******* saylı çıxarış verilmişdir. X12 17 yanvar 2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini ona satmışdır. 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən qeyd olunan torpaq sahəsinə onun mülkiyyət hüququ qeydə alınmış və adına 23 dekabr 2021-ci il tarixli, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Bundan sonra o, 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinə plan və ölçü sənədlərinin verilməsini xahiş etmiş, həmin İdarə tərəfindən verilən cavab məktubunda torpaq sahəsinin faktiki yeri ilə sənədlər arasında uyğunsuzluq mövcud olduğu üçün torpaq sahəsinə plan və ölçü sənədinin verilməsinin mümkün olmadığı bildirilmişdir. 8 saylı Cəlilabad Ərazi İdarəsinə göndərilmiş 24 fevral 2022-ci il tarixli vəkil sorğusuna həmin İdarə tərəfindən verilən 28 mart 2022-ci il tarixli cavab məktubunda da bildirilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi baza məlumatlarına əsasən torpağa mülkiyyət hüququna dair JN-0656 saylı Dövlət Aktında (X15m adına verilmiş Dövlət Aktında) olan torpaq sahəsi ilə X5 adına 17 yanvar 2018-ci il tarixli, ********** reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş Cəlilabad şəhəri ərazisində yerləşən 0,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşməklə eynilik təşkil edir. Göründüyü kimi, hazırda onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları həmin torpaq sahəsinin ilkin mülkiyyətçisi olan X8 adına verilmiş Dövlət Aktında qeyd olunan koordinatlarla üst-üstə düşür və eynilik təşkil edir. Belə olan halda, həmin torpaq sahəsinə onun adına plan və ölçü sənədlərinin verilməsindən imtina edilməsi tamamilə qanunsuz və əsassızdır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, torpaq sahəsinin faktiki yeri ilə sənədlər arasında uyğunsuzluğ mövcud olduğu üçün torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250S nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələrlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Cəlilabad rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Qeyd olunan müddət ərzində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra plan və ölçü sənədinin verilməsi ilə bağlı müraciəə baxılacaqdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Üçüncü şəxs X9 bildirmişdir ki, baxılan iş üzrə tələb onun hüquq və maraqlarına toxunmur. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə X13 mülkiyyətinə verilmiş və “Torpağa Mülkiyyət hüququna dair” JN-656 KOD 80601004 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş 0.83 hektar torpaq sahəsi 2006-cı ildə X1, sonuncu tərəfindən 0,83 hektar torpaq sahəsinin 0,67 hektar hissəsi alqı-satqı müqaviləsinə əsasən hazırki iş üzrə İddiaçı satılmış və iddiaçının 0,67 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Cəlilabad rayonunun Sabirabad kəndində ayrı-ayrılıqda 2022-2023-cü illərdə X3, Əliyeva kamilə İmran qızının və X10 mülkiyyətlərinə verilmiş müxtəlif ölçülü, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair elə həmin tarixlərdə plan və ölçü sənədi hazırlanaraq verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 10/3967 nömrəli ekspert rəyində göstərilmişdir ki: -JN-0656 saylı, Kod 80601004 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X11 mülkiyyətində olan 0,83 ha torpaq sahəsinin 0,67 ha hissəsinin (mübahisəli ərazidə yerləşən) naturada və sənəd üzrə yeri, koordinatları müəyyən edilmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətidə olan 0,67 ha torpaqların elektron kadastr uçot informasiya sistemində öz əksini tapmadığı üçün naturada və sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmamışdır. -İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın plan və ölçü sənədi olmadığından JN- 0656 saylı, kod 80601004 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X11 mülkiyyətində olan 0,83 ha torpaq sahəsinin koordinat göstəricləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 23.1202021-ci il tarixli verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinin koordinat göstəricilərinin (ilkin sənədin koordinatlar göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri) bir-biri ilə uyğun olub olmamasını müəyyən etmək mümkün olmamışdır. -İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan Cəlilabad rayon 1 saylı notariat kontorunun xx.xx.2018 tarixli 4Ə-59 saylı alqı-satqı müqaviləsi ilə alqı-satqı olunan JN656 nömrəli 0,67 ha torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi və həmin JN656 nömrəli pay torpaq sahəsində tikili inşa edilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin : -2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. -2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. -2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. -2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. -2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin planölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 536 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 4-cü bəndinə görə isə plan və ölçü Əmlak Məsələləri Dövlət Komitənin müvafiq rayon (şəhər) ərazi idarəsinin rəisi və həmin plan və ölçünü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədini tələb etməkdə haqlıdır, cavabdehin imtina dəlilləri isə mövcud qanunvericiliyin tələblərinə zidd olmaqla, onun hərəkətsizliyinə dəlalət edir. Məhkəmənin bu qənaəti həm də ondan qaynaqlanır ki, cavabdeh orqan tərəfindən eyni ərazi vahidində digər şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair plan və ölçü sənədi hazırlanaraq verilməsinə baxmayaraq, iddiaçıya münasibətdə fərqli mövqe nümayiş etdirilir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-1(120)-480/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-169/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-169/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver