Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-170/2023 17.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdeh Astara Rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(120)-101/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Astara Rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı arayışın etibarsız hesab edilməsi və sair barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Astara Rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Astara Rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X1 ölümünə qədər Astara şəhəri, M.Əzizbəyov küçəsi, döngə 1, ev 31 saylı mənzildə yaşaması və sair məsələlərlə bağlı verilmiş arayışın etibarsız hesab edilməsi, iddiaçının inzibati araşdırma prosesinə cəlb edilməməsi ilə bağlı hərəkətsizliyin qanunsuz hesab edilməsi, arayışla bağlı araşdırma aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 01 fevral 2023-cü il tarixli, 2- 1(120)-101/2023 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(018)-792/2020 nömrəli qətnaməsinin 3-cü səhifəsinin 6-cı abzasında iş materiallarına əlavə edilmiş arayışa istinad edilir ki, X5 ölümünə qədər Astara şəhəri, M.Əzizbəyov küçəsi, döngə 1, 31 saylı evdə yaşamışdır, onun ölümündən sonra həmin evdə arvadı X3 yaşayıb, X6 və İddiaçı çıxıb gedən vərəsələrdir. Astara Rayon Məhkəməsi həmin arayışa da istinad etmiş və nəticə etibarilə qanunsuz, ədalətsiz qətnamə qəbul etmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh arayış verərkən öz səlahiyyətlərinə aid olmayan məsələlərə toxunmuş, nəticədə mirasın faktiki qəbulu ilə bağlı dolayı yolla hüquqi nəticə yaradan arayış vermişdir. Cavabdeh arayış verərkən nəzərə almamışdır ki, vətəndaşın yaşayış yeri onun şəxsiyyət vəsiqəsinə görə müəyyən edilir. Halbuki vəfat edən X5 ölən günə kimi yaşayış yerini dəyişməmişdir. Digər pozuntu İddiaçı və Cəfərov Füzulinin çıxıb gedən vərəsələr kimi qeyd edilməsidir. Cavabdehin vərəsəliyin hansı üsulla müəyyən edilməsini, çıxıb getmənin baş verib-vermədiyini araşdırmadan və ya belə bir araşdırmaya səlahiyyəti olmadan arayış verməsi qanunsuzdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddiası cavabdehin araşdırma aparmadan arayış verməsi ilə bağlı qanunsuz müdaxiləsindən müdafiə və cavabdehə araşdırma aparılması öhədiliyinin həvaləsi ilə əlaqədardır. Belə ki, cavabdehin sözügedən arayışın verilməsi ilə etdiyi hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsi nəticəsində faktiki istifadə etdiyi əmlakdan miras açılandan sonra məhrum olmuşdur. Halbuki cavabdeh tərəfindən araşdırma aparılsaydı, qeyd edilən hüquqdan məhrum olmayacaqdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərardadı qanunsuz, əsassız və ədalətsizdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması və iddiaya mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh Astara Rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İşin faktiki hallarından görünür ki, İddiaçı tərəf olduğu mülki iş üzrə ziyanına çıxarılmış məhkəmə qətnaməsində istinad edilən cavabdeh tərəfindən verilmiş arayışın etibarsız hesab edilməsi və sair barədə inzibati icraat qaydsında iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq qərardadını onunla əsaslandırmışdır ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə tərəflər arasında olan miras əmlakı və vərəsəlik işi ilə bağlıdır ki, qeyd edilən hal mülki xarakterlidir və tələbdə qeyd edilən arayış inzibati akt hesab edilmədiyindən onun tərtib olunduğu zaman inzibati orqan tərəfindən hər hansı inzibati araşdırmanın aparılması nəzərdə tutulmamışdır. Belə olan halda, inzibati orqan tərəfindən iddiaçının hansı hüququnun pozulduğunu müəyyən etmək mümkün deyildir. Bu baxımdan, iddiaçının cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsində) həll etmək hüququ vardır. Həmçinin iddiaçı məhkəmə prosesində qeyd edilən arayışın cinayət yolu ilə, saxta üsulla əldə edildiyini bildirmişdir ki, qeyd edilən hal cinayət xarakterli olduğundan iddiaçıya həmin faktlarla bağlı əldə etdiyi sübutlarla bir yerdə cinayət təqibini həyata keçirən müvafiq orqana müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, sözügedən arayış ayrıca məhkəmə mübahisəsinin predmeti ola bilməz. Həmin arayışın sübut kimi mümkünlüyü, qiymətləndirilməsi yalnız mülki məhkəmə icraatı qaydasında müvafiq işə baxan məhkəmə tərəfindən həll edilir. Digər sübutlar kimi, həmin arayışın da mülki işə baxan məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki işə baxan məhkəmə sözügedən arayışı digər sübutlarla birgə məhkəmə iclasında tərəflərin iştirakı ilə araşdırır, lazım gələrsə, arayışda qeyd edilən məlumatları həmin arayışı verən orqanla dəqiqləşdirir və ona hüquqi qiymət verir. Həmin mülki iş üzrə qəbul edilmiş məhkəmə aktından narazı qalan tərəf qanunvericiliyə uyğun olaraq müvafiq yuxarı istansiya məhkəməsinə əsaslandırılmış şikayət vermək hüququna malikdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(120)-101/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-170/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-170/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver