Məhkəmə qərarları › İş №2-1(106)-170/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-170/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-170/2024 27.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququ yaranma vaxtdan, yəni xx.xx.2001-ci il tarixdən uzun xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (xx.xx.2019cu il) əvvəlki 3 il üçün, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2-1(120)-754/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına qarşı “xidmət illərinə görə pensiya almaq hüququnun yarandığı dövrdən başlayaraq qanunla müəyyən edilmiş əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-754/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının dəqiqləşmə barədə ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək “hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2001-ci il tarixdən uzun xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (xx.xx.2019-cu il) əvvəlki 3 il üçün, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu ilədək hesablanması” kimi baxılması, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əvəz edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1981-ci ildə pedaqoji fəaliyyətə başlamışdır. 1981-1992-ci illərdə Sabirabad rayonu Qaratuğay kəndində ibtidai sinif müəllimi, 1992-2001-ci illər arasında isə Əli-Bayramlı şəhər “Telemexanika" İstehsalat birliyi nəzdində fəaliyyət göstərən "Cırtdan" uşaq baxçasında tərbiyəçi kimi ümimilikdə 20 il fasiləsiz işləmişdir. 2001-ci il avqust ayında uşaq baxçası mülkiyyətçinin dəyişməsi ilə əlaqədar öz fəaliyyətini dayandırmış və həmin vaxtdan o, işsiz qalmışdır. Bu yaxınlarda məlumatı olmuşdur ki, işsiz qaldığı dövrdə "Vətəndaşların pensiya təminatı haqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən pensiya təminatı hüququnu qazanmış. Amma bu hüququnu bilməmiş və bunu ona deyən şəxs, yaxud təşkilat olmamış, bu hüququndan vaxtında istifadə etməmişdir. Ötən dövr ərzində Şirvan şəhəri Təhsil Şöbəsində iş növbəsinə durmuş, vakant yer olmadığı üçün dövlətdən 6 ay müddətə müavinət almışdır. Halbuki, pensiya almaq hüququ olmuşdur. 2019-cu il iyulun 15-də 57 yaşı tamam olmuş və o, 3 uşaq böyüdən analara verilən sosial müavinət almağa başlamışdır. Pensiya hüququnun yaranmasını bu yaxınlarda öyrəndikdən dərhal sonra Azərbaycan Respublikasmın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Şirvan şəhər Şöbəsinə müraciət etmişdir. Həmin şöbə xx.xx.2019cu il tarixli məktubu əsasında ona pensiya təyin edilməsindən və ödənilməsindən imtina etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən xidmət illərinə görə pensiya almaq hüququnun yarandığı dövrdən başlayaraq qanunla müəyyən edilmiş əmək pensiyasınln təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati ProsessualMəcəlləsinin 47-ci maddəsini rəhbər tutmaqla hazırki işə dair münasibət bildirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə Fondun Şirvan şəhər şöbəsinə müraciətedərək, 20 illik pedaqoji stajına əsasən pensiya təyin edilməsini xahiş etmişdir. Şirvan şəhər şöbəsi tərəfindən iddiaçının müraciətinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmış və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 61 yaş 6 ayı tamam olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Bu barədə iddiaçıya 14 oktyabr 2019-cu il tarixli **********0 nömrəli məktub ünvanlanmışdır. Qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən verilən imtina əsaslı və qanunidir. Belə ki, xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası qanunu ilə tənzimlənir.‘‘Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1 yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası, 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində ğeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlaraəmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-cimaddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlər: sığorta stajına daxil edilir.Sözügedən Qanunun 2.2-1.1-ci maddəsinə uyğun olaraq 2019cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək oian sığorta stajı bu Qanunun 22-1,2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunanlara yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir ill azaldılmaqla hesablanır. Qeyd edilməlidir ki, Qanunun 7-ci maddəsinin tələblərinə əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan yaş həddi xx.xx.2027-ci ii tarixdə tamamlanır. Göründüyü kimi, inzibati orqana müraciət etdiyi tarixdə, həmçinin hazırki tarixdə də iddiaçı ona pensiya təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən, xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olmaqla ümumi sığorta stajı 20 il təşkil edir. Qanunun 22.1.1-ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən xidmət illərinə görə pensiya almaq hüququnun yaranması ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sözügedən Qanunun xidmət illərinə görə pensiya təminatının əsaslarını tənzimləyən 58-ci maddəsinə əsasən, xidmət illərinə görə pensiyalar yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan islərdə çalışan ayrı-ayrı peşə sahibləri üçün bu Qanunun 59-64-cü maddələrində müəyyən edilmiş şərtlərlə təyin edilir. Normanın məzmunundan göründüyü kimi, xidmət illərinə görə pensiyanın təyin edilməsi üçün şəxsin çalışdığı peşə əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olmalıdır. Lakin iş materiallarında iddiaçının əmək qabiliyyətinin tam və ya qismən itirilməsi barədə hər hansı sübut mövcud deyildir. Eyni zamanda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun sözügedən 60-cı maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. İddiaçı işlədiyi müəssisələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələri olması barədə də hər hansı məlumat və ya dəlil təqdim edə bilməmişdir. Beləliklə, qeyd olunanların əlaqəli təhlilindən görünür ki,iddianın təmin edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud deyil, buna görə də iddia tələbi təmin edilməməlidir. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı X4 “xidmət illərinə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2- 1(120)-2179/2022 nömrəli iş üzrə iddiatələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2-1(120)-754/2023 saylı qərarı (hakim A.Hüseynova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsi ilk növbədə mənim yaşa görə əmək pensiyası almaq üçün ümumi iş sajımın az olması , bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 676 saylı “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin siyahılarının təsdiq edilməsi haqqında” Qərar və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədən düşdüyündən və xx.xx.2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda təhsil və tərbiyə müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan işçilərin ayrılıqda pensiya təminatını nəzərdə tutan norma olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamasını qeyd etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə xidmət illərinə görə pensiyalar yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan ayrı-ayrı peşə sahibləri üçün bu Qanunun 59—64-cü maddələrində müəyyən edilmiş şərtlərlə təyin edilir. Həmin Qanunun 60-cı maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar—20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir.Göründüyü kimi xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi üçün əmək qabiliyyətinin tam və ya qismən itirilməsi şərt deyil. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 59-62-ci maddərində nəzərdə tutulan peşərək əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan peşələr hesab edildiyi üçün sadalanan peşələrdə çalışan peşə sahibləri yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək pensiyası almaq hüququ vardır.Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2-1(120)-754/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2023cü il tarixli, 2-1(120)-754/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2-1(120)-754/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 58. Xidmət illərinə görə pensiyalar yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan ayrı-ayrı peşə sahibləri üçün bu Qanunun 59—64-cü maddələrində müəyyən edilmiş şərtlərlə təyin edilir. Maddə 60. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar—20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 21 dekabr tarixli, 676 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə müvafiq olaraq uzun müddət xidmətə görə pensiya hüququ olan təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin siyahısı (Əlavə 2): 1-ci bəndinə əsasən İbtidai, natamam orta və orta məktəblər, litseylər, gimnaziyalarda pedaqoji fəəaliyyət göstərən müəllimlər. 4-cü bəndinə əsasən Uşaq bağçaları, körpələr evi və körpələr evi-uşaq bağçaları pedaqoji fəəaliyyət göstərən Müdirlər-tərbiyəçilər “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2001-ci il tarixdən uzun xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (xx.xx.2019-cu il) əvvəlki 3 il üçün, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu ilədək hesablanması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, 2001-ci il tarixdə İddiaçı 20 il iş stajına malik olsa da, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin müvafiq norması 2007-ci ilədək xidmət illərinə görə pensiyalar yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan ayrı-ayrı peşə sahibləri üçün nəzərdə tutulmuşdur. Bununla bağlı İddiaçı 2007-ci ilədək çalışdığı iş yerində əmək qabiliyyətini tam və ya qismən itirmədiyi üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsi ona əmək pensiyası təyin edilən zaman tətbiq edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 676 saylı “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” Qərar və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdən qüvvədən düşdüyündən, eyni zamanda həmin tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan işçilərin ayrılıqda pensiya təminatını nəzərdə tutan norma olmadığından iddiaçı X7 yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşin müəyyən edilmiş faktiki hallarına görə İddiaçı xx.xx.1981-xx.xx.1992-ci illərdə Sabirabad rayonu Qaratuğay kənd orta məktəbində ibtidai sinif müəllimi, xx.xx.1992xx.xx.2001-ci illər arasında isə Əli- Bayramlı şəhər “Telemexanika" İstehsalat birliyi nəzdində fəaliyyət göstərən "Cırtdan" uşaq bağçasında tərbiyəçi işləmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə Fondun Şirvan şəhər şöbəsinə müraciət edərək 20 illik pedaqoji stajına əsasən pensiya təyin edilməsini xahiş etmiş, Fondun Şirvan şəhər şöbəsi iddiaçının yaşının 61 yaş 6 ay tamam olmadığını əsas gətirərək yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı X10 iddia edir ki, 2007-ci il tarixdən “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 676 saylı qərarının 2-ci bəndi qüvvədən düşmüş hesab edilsə də, o, 2001-ci il tarixdə artıq 20 il iş stajına malik olduğu üçün ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə müvafiq olaraq xidmət illərinə görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq, işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermək üçün aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” (1992-ci il 23 sentyabr tarixli) Azərbaycan Respublikasının Qanununun 58-ci maddəsinə əsasən xidmət illərinə görə pensiyalar yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan ayrı-ayrı peşə sahibləri üçün bu Qanunun 59—64-cü maddələrində müəyyən edilmiş şərtlərlə təyin edilir. Həmin Qanunun 60-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar—20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. Yuxarıda qeyd edilən hüquq normalarından görünür ki, şəxsə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya təyin edilməsi üçün o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 21 dekabr tarixli, 676 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahı üzrə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinə nəzərdə tutulan müddət daxilində (20 il) xidmət illəri olmalı və həmin peşədə işləməsi onun əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olmalıdır. Başqa sözlə, normanın məzmunundan göründüyü kimi, xidmət illərinə görə pensiyanın təyin edilməsi üçün şəxsin çalışdığı peşə əmək qabiliyyətinin tam və ya qismən itirilməsi ilə nəticələnməlidir. Lakin, iş materiallarında iddiaçının əmək qabiliyyətinin tam və ya qismən itirilməsi barədə hər hansı sübut mövcud deyildir və apellyasiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı da belə bir sübutun mövcudluğu müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçı X7 “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya təyin edilməsi mümkün deyildir. Başqa sözlə, İddiaçı 2007-ci ilədək çalışdığı iş yerində əmək qabiliyyətini tam və ya qismən itirmədiyi üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsi ona əmək pensiyası təyin edilən zaman tətbiq edilməməlidir. Bundan başqa “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun sözügedən 60cı maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. Yəni, xidmət illərinə görə yaşa görə pensiya təyin edilməsi üçün digər əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 21 dekabr tarixli, 676 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə müvafiq olaraq uzun müddət xidmətə görə pensiya hüququ olan təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin Siyahısında, şəxsin qeyd edilən müəssisə, idarə, təşkilatlarda müəyyən edilmiş vəzifələrdə 20 il çalışması ilə bağlıdır. “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 21 dekabr tarixli, 676 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə müvafiq olaraq uzun müddət xidmətə görə pensiya hüququ olan təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin siyahısının (Əlavə 2) 1-ci və 4-cü bəndlərinə əsasən “ibtidai, natamam orta və orta məktəblər, litseylər, gimnaziyalarda pedaqoji fəəaliyyət göstərən müəllimlər” və “uşaq bağçaları, körpələr evi və körpələr evi-uşaq bağçaları pedaqoji fəəaliyyət göstərən müdirlər-tərbiyəçilər” xidmət illərinə görə əmək pensiyası almaq hüququna malik olmuşlar. Görünüdüyü kimi, xidmət illərinə görə əmək pensiyası təyin ediməsi üçün iddiaçının orta məktəbdə müəllim, uşaq bağçasında isə müdir-tərbiyəçi vəzifəsində ümumilikdə 20 il işləməsi tələb olunur. Məhkəmə araşdırması zamanı isə iddiaçı X4 2001-ci il tarixə 20 il pedaqoji sahədə stajı olsa da, həmin müddətin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin müvafiq yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə (vəzifədə) işləməsi müəyyən olunmur. Belə ki, iş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən və digər sənədlərdən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1992-ci illərdə Sabirabad rayonu Qaratuğay kənd orta məktəbində ibtidai sinif müəllimi, xx.xx.1992-xx.xx.2001-ci illər arasında isə Əli- Bayramlı şəhər “Telemexanika" İstehsalat birliyi nəzdində fəaliyyət göstərən "Cırtdan" uşaq bağçasında tərbiyəçi işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1981-xx.xx.1992-ci illərdə Sabirabad rayonu Qaratuğay kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsi “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 21 dekabr tarixli, 676 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə müvafiq olaraq uzun müddət xidmətə görə pensiya hüququ olan təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin siyahısının (Əlavə 2) 1-ci bəndinə (müəllim vəzifəsinə) uyğun olsa da, xx.xx.1992-xx.xx.2001-ci illər arasında Əli-Bayramlı şəhər “Telemexanika" İstehsalat birliyi nəzdində fəaliyyət göstərən "Cırtdan" uşaq baxçasında tərbiyəçi işlədiyi vəzifə həmin siyahının 4-cü bəndinə (müdirlər-tərbiyəçilər) uyğun deyildir. İddiaçının xx.xx.1992-xx.xx.2001-ci illər arasında Əli-Bayramlı şəhər “Telemexanika" İstehsalat birliyi nəzdində fəaliyyət göstərən "Cırtdan" uşaq bağçasında tərbiyəçi işlədiyi vəzifəsinin pedaqoji fəaliyyət kimi nəzərə alınsa da, Siyahıda göstərilən vəzifə kimi nəzərə alınmadıqda onun xidmət illərinə görə pensiya almaq hüququ verən 20 il pedaqoji fəaliyyətinin olmadığı müəyyən olunur. Çünki, iddiaçının çalışdığı vəzifə "Cırtdan" uşaq bağçasında tərbiyəçi vəzifəsi olsa da Nazirlər Kabinetinin 1992-ci il 21 dekabr tarixli, 676 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda “tərbiyəçi” vəzifəsi deyil, konkret olaraq “Müdirlər-tərbiyəçilər” vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin müvafiq yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə (vəzifədə) 20 il işləməmiş və həmin peşəyə görə əmək qabiliyyətinin tam və ya qismən itirməmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının “hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2001-ci il tarixdən uzun xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (xx.xx.2019-cu il) əvvəlki 3 il üçün, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu ilədək hesablanmasını” tələb etməkdə haqlı olmamışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2-1(120)-754/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar