Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-172/2025 10.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “xx.xx.1996-cı il tarixli 01 saylı auksion protokolunun əslinin ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(120)-2617/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq xx.xx.1996-cı il tarixli 01 saylı auksion protokolunun əslinin ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bildirirəm ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini cənab Elçin Yusubovun imzası ilə təsdiq edilmiş 11 dekabr 2023cü il tarixli , 23-21-3/2-A-0810/xx-xx/2023 saylı cavabda qeyd edilir ki, Şirvan şəhəri (keçmiş Əii-Bavramlı), Nizami küçəsində yerləşən “Xəzri” İKF-a aid dərzi emalatxanasının avadanlığı hərrac vasitəsilə xx.xx.1996-cı ildə mənə satılmışdır.Həmin sənədin ƏMDKsinin “Arxiv” ştampı ilə təsdiq edilmiş surəti mənə göndərilmişdir.ƏMDX-nin məndə olan surətində isə Şirvan şəhəri, Nizami küçəsində yerləşən “Xəzri” İKF-nin “dərzi emalatxanası” qeyd edilmiş və mənim imzam da olmaqla, 5 (beş) nəfərin imzası ilə təsdiq edilmişdir.ƏMDX-nin göndərdiyi 30 avqust 1996-cı il tarixli sənədin surətində dərzi emalatxanası ifadəsinə “nin” şəkilçisi və avadanlığı sözünü düzəltməklə sənədin məzmunun dəyişdirmiş və hesab edirəm ki, saxtakarlığa yol verilmişdir.Yuxarıda yazılanları nəzərə alaraq hər iki sənədin surətini Məhkəməyə təqdim etməklə onları mübahisələndirirəm və Azərbaycan Respulikasının Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 30 avqust 1996-ci il tarixli hər iki sənəd üzrə ekspertiza keçirilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. Şirvan İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(120)-2617/2024 saylı qərardadı (Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bir il ərzində ƏMDX-nə qarşı keçirilən məhkəmə iclaslarında ərizə ilə birlikdə təqdim olunan 01 saylı Auksion Protokolunun 2(iki) nüsxəsinin hər birinə ayrı-ayrılıqda hüquqi qiymət verilməsi araşdırılmışdır. Məktubla göndərilmiş və sonuncu məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli vəsatət qəbul olunsa da, nəticəsiz qalmışdır. Apellyasiya şikayətinin predmeti olanhəmin vəsatəti mübahisələndirirəm və məhkəmə iclasında tədqiq olunsa da, çıxarılan qərardadda vəsatətdə qaldırılan əsasların kənarda qaldığını nəzərə alaraq və MPM-in 88-ci, İPM-in 68.2, 81-ci maddəsini rəhbər tutaraq alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(120)- 2617/2024 saylı qərardadının ləğv edilməsini xahiş edirəm. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş və Şirvan İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(120)- 2617/2024 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirmiş və Şirvan İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(120)-2617/2024 saylı qərardadının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır». Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilmiş xx.xx.1996-cı il tarixli auksion protokolunun əslinin ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasının məhkəmədən xahiş etmişdir. Birinci instansiyası məhkəməsi iş üzrə icraata xitam vermiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən sənədləri iddiaçı əldə etmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş xx.xx.1996-cı il tarixli, 01 saylı auksion protokolu və tərtib olunmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, cavabdeh orqan qeyd edilən protokolun və tərtib edilməsinə əsas olunmuş sənədləri məhkəməyə təqdim etməklə hazırki iş üzrə mübahisəni aradan qaldırmış olur. Həmçinin cavabdeh inzibati orqan tərəfindən məhkəmə sorğusu əsasında 30 avqust 1996-cı il tarixli 01 nömrəli aksuion protokolunun surəti təqdim edilmiş və sənədə arxivdə saxlanılan sənədin nüsxəsi ilə eynidir möhürü vurulmuşdur. Məhkəmə hesab edir ki, mövcud qanunvericiliyə əsasən, mübahisələndirilən həmin sənədin arxiv nüsxəsi sənədin əsli ilə eyni məzmuna və hüquqi qüvvəyə malikdir. Beləliklə, İnzibati Prosessual Məcəllənin 67.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul etməli olduğundan İddiaçı iddia tələbi ilə bağlı iş üzrə icraata xx.xx.2024cü il 2-1(120)-2617/2024 nömrəli qərardadla xitam vermişdir. İddiaçı həmin qərardadla razılaşmadığından apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, mübahisənin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Belə ki, iddiaçı X1 iddia ərizəsində yazdıqlarına və məhkəmə iclasında verdiyi izahatına görə o, Şirvan (keçmiş Əli Bayramlı) şəhəri Nizami küçəsində yerləşən dərzi emalatxanasında işləmişdir və xx.xx.1996-cı ildə auksiona müraciət edərək özünün inşa etdiyi dərzi emalatxanasını satın almaq istəmişdir. İşdə olan xx.xx.1996-cı il tarixli, 01 nömrəli auksion protokolunun məzmunundan görünür ki, iddiaçı xx.xx.1996-cı ildə auksionda iştirak etmiş və 196.000 manata Şirvan (keçmiş Əli Bayramlı) şəhəri ƏMX-nın “Xəzri” İKF-nin Nizami küçəsində yerləşən dərzi emalatxanasının avadanlığını satın almışdır. İddiaçı auksion protokolu əsasında dərzi emalatxanasının avadanlığını yox, məhz həmin emalatxananı satın aldığını iddia edərək, onun dərzi emalatxanası üzərində mülkiyyət hüququnu təsdiqlədiyini qeyd etdiyi xx.xx.1996-cı il tarixli 003981 nömrəli şəhadətnamənin əslinin ona verilməsi barədə iddia qaldırmışdır. Həmin iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin 2-1(86)-596/2015 №-li 15 sentyabr 2015-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş və Əmlak Məsələləri Dövlət Xidmətinin fiziki və ya hüquqi şəxslərə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı şəhadətnamə və ya onun dublikatını vermək səlahiyyətinə malik olmadığını irəli sürərək Şirvan İnzibati Məhkəməsinin 2-1(86)-596/2015 №-li 15 sentyabr 2015-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin etmək məqsədi ilə iddiaçıya onun dərzi emalatxanasının avadanlığını satın aldığını təsdiq edən xx.xx.2017-ci il tarixli **********61 nömrəli arayışı təqdim etmiş və iş üzrə icraat başa çatmışdır. Lakin üzərindən xeyli müddət keçdikdən sonra yəni, 2024-cü ilin yanvar ayında İddiaçı xx.xx.1996-cı il tarixli 01 saylı auksion protokoluna düzəliş edildiyini iddia edərək onun əslinin ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə hazırki iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatı dövründə cavabdeh orqan xx.xx.1996-cı il tarixli 01 saylı auksion protokolunun və onun tərtib olunmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim etdiyinə görə Şirvan İnzibati Məhkəməsi iş üzrə mübahisə aradan qalxması əsası ilə iş üzrə icraata xitam verilməsi ilə barədə 07 noyabr 2024-cü il tarixli, 2-1(120)-2617/2024 saylı qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası müəyyən edilmiş işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia tələbi iddiaçının hüquqi marağına uyğun gəlmir. Belə ki, iddia ərizəsinin məzmunundan və işin hallarından görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.1996-cı il tarixli, 01 nömrəli auksion protokoluna düzəlişin edilməsi ilə bağlıdır. Çünki, iddiaçı qeyd edir ki, o, xx.xx.1996-cı il tarixli, 01 nömrəli auksion protokolu ilə sözügedən dərzi emalatxanasının avadanlığını deyil, onun özünü almışdır, avadanlıq sözü həmin protokola sonradan əlavə edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məqsədinə çatmaq üçün xx.xx.1996-cı il tarixli, 01 nömrəli auksion protokolunun əslinin ona təqdim edilməsi ilə bağlı deyil, həmin protokolda “avadanlığı” sözünün silinməsi və ya düzəlişin edilməsi ilə bağlı iddia qaldırmalı idi. Məhz həmin məhkəmə icraatı çərçivəsində irəli sürülmüş iddia tələbi əsasında auksion protokolunun məzmununun təhrif edilib-edilmədiyi məhkəmə ekspertiza təyin olunması və digər vasitələrlə müəyyən edilə bilərdi. Əgər məhkəmə araşdırması zamanı xx.xx.1996-cı il 01 nömrəli auksion protokulunun məzmununun dəyişdirildiyi müəyyən edilərsə iddiaçının hüquqi marağı təmin edilmiş olardı. Başqa sözlə, “avadanlığı” sözü ilə qeydlər aparılmış xx.xx.1996-cı il 01 nömrəli auksion protokulunun əslinin iddiaçıya verilməsi, hələ həmin qeydlərin səhv və ya düz olmasının müəyyən edilməsi üçün kifayət deyildir. Bununla belə məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının iddiası əsasında qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından, həmin qərarın qüvvədə saxlanılması ilə bağlı Şirvan Apellysasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarının əsaslandırma hissəsindən müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən aparılmış xx.xx.1996-cı il tarixli auksionda Əli Bayramlı şəhər ƏMX “Xəzri” İKF-nin dərzi emalatxanasını yox, emalatxananın avadanlığını satın almışdır. Bu hal iş üzrə icraat materiallarında olan xx.xx.1996-cı il tarixli 01 nömrəli auksion protokulunun məzmununda, həmçinin həmin auksion əsasında iddiaçının dərzi emalatxanasının avadanlığı üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.1996-cı il tarixli, 003681 nömrəli şəhadətnamənin dublikatı ilə eyni hüquqi qüvvəyə malik olan və iddiaçıya təqdim olunmuş xx.xx.2017-ci il tarixli arayışın da məzmununda öz əksini tapmışdır. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən aparılmış xx.xx.1996-cı il tarixli auksionda Əli Bayramlı şəhər ƏMX “Xəzri” İKF-nin dərzi emalatxanasını yox, emalatxananın avadanlığını satın almışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.5ci bəndində qeyd edilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Qərarın 15.6-cı bəndində qeyd edilir ki, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1996-cı il tarixli, 01 nömrəli auksion protokolunun əslinin tələb etməsi və yaxud ona düzəlişin edilməsi ilə bağlı iddiaların qaldırılması və yaxud xx.xx.1996-cı il tarixli, 01 nömrəli auksion protokolunun əslinin iddiaçıya tədim edilməsi sözügedən ƏMX “Xəzri” İKF-nin dərzi emalatxanasının onun mülıkiyyətinə verilməsi ilə nəticələnməyəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq və yuxarıda qeyd edilən əsalardan çıxış edərək iddianın mümkün sayılmamasını məqsədəuyğun hesab edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(120)-2617/2024 saylı qərardadı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-172/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-172/2025
10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver