Məhkəmə qərarları › İş №2-1(106)-173/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-173/2023

21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-173/2023 21.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(120)-78/2022 nömrəli qərarından cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən iddiaçı barəsində çıxarılmış xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 20 dekabr 2022-ci il tarixli, 2-1(120)-78/2022 nömrəli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçındə aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarının qismən, yəni mənfəət vergisi üzrə 31624,06 manat və bu məbləğə tətbiq edilmiş 15812,03 manat maliyyə sanksiyası, əmlak vergisi üzrə 376,25 manat və bu məbləğə tətbiq edilmiş 188,12 manat maliyyə sanksiyası, habelə vergi hesabatını və ya bu məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə iddiaçıya tətbiq olunmuş 960 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin İddiaçındən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (VÖEN: **********) aidiyyəti vergi orqanında xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, əlavə dəyər vergisinin ödəyicisi kimi faktiki olaraq yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olmuşdur. Fəaliyyəti dövründə İddiaçındə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sonuncu mübahisələndirilən növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması avqust 2014 – sentyabr 2019-cu il üzrə dövrü əhatə etmişdir. Yoxlama aparılan müddətdə iddiaçı tərəfindən yoxlamanın şəffaf aparılması məqsədi ilə lazım olan bütün mühasibat sənədləri, müəssisənin gəlir və xərclərini, mədaxil məbləğlərini göstərən sənədlər, qaimə-fakturalar, müqavilələr, razılaşma protokolları, təhvil-təslim aktları təqdim edilmişdir. Mühasibat sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə aparılmışdır. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar yoxlama gününədək müəssisə tərəfindən vergi orqanına təqdim edilmişdir. Yoxlama nəticəsində xx.xx.2020-ci il tarixdə **********140921 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş, həmin akt əsasında da iddiaçı barəsində xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2015-ci il üçün 32811,08 manat mənfəət vergisi, 2014-cü il üçün 742908,30 manat, 2015-ci il üçün 149149,94 manat, 2017-ci il üçün 990 manat ƏDV, 2018-ci il üçün 376,25 manat əmlak vergisi, 2014-cü il üçün 99597,24 manat, 2015-ci il üçün 12816,38 manat ödəmə mənbəyində tutulan vergi, ümumilikdə 1038649,19 manat və 520284,6 manat maliyyə sanksiyası hesablanmışdır. Müəssisənin mühasibat sənədləri vergi qanunvericiliyinə müvafiq olaraq araşdırılıb nəzərdən keçirilsə, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görünər. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəriciləri düzgün araşdırılmamış, müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyriobyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergilərin azaldılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. Bütün bunlar göstərir ki, vergi ödəyicisi İddiaçınə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyriqanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Təqdim edilmiş səyyar vergi yoxlaması aktı, səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl edilmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdir. Bundan başqa, qeyd etmək zəruridir ki, müəssisə gördüyü işlərə görə əldə etdiyi gəlirdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamış və dövlət büdcəsinə ödəmişdir. Müəssisədə aparılan bütün ödəmələr nağdsız qaydada həyata keçirilmişdir. Əlavə dəyər vergisi hissəsində yoxlama tərəfindən qərəzli olaraq 2013-2014-cü illər ərzində müəssisə tərəfındən aparılmış əvəzləşdirmələrin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 170-ci, 175-ci maddələrinə istinad edilməklə düzgün aparılmadığı göstərilmişdir. Faktiki olaraq yoxlama tərəfındən yeddi il əvvəlki bir dövrə ƏDV-nin düzgün hesablanmadığı, düzgün əvəzləşdirilmədiyi göstərilmişdir. Halbuki əvvəlki yoxlama zamanı və istintaq dövründə 2013-2014-ci illər üzrə ƏDV hissəsində hər hansı qanunsuz hallar aşkarlanmamışdır. Yoxlama dövründə dəvət edilmiş "xxxx" MMC Konsaltinq və qiymətləndirmə şirkətinin mütəxəssisi tərəfındən verilən rəydə isə müəssisədə görülmüş təmir-tikinti işlərinin əmək tutumunun müəyyən edilməsində hansı normativlərə və metodikaya istinad edilməsi göstərilməmiş, vergi və mühasibat qanunvericiliyinə uyğun olmayan bir qaydada müəssisəyə əmək tutumu hesablanmışdır. Nəticədə də İddiaçınə əsassız olaraq ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, aparılmış səyyar vergi yoxlamasının nəticələri düzgün deyil və həmin məbləğlər ehtimallara əsasən müəyyən edilmişdir. Vergilər isə ehtimallar əsasında hesablana bilməz. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-39-cu maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir, səyyar vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırmadığından akt tərtib edilərkən yanlış hesablamalara və maliyyə sanksiyasına yol verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mötəbər sübut kimi istinad etdiyi ekspert rəyi anlaşılan deyil və ekspert ümumilikdə iş materialları üzrə tam tədqiqat aparmamışdır. Həmçinin birinci instansiya məhkəməsi ekspert rəyinə cavabdehin əsaslandırılmış etirazındakı dəlillərə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi araşdırılmamış, yoxlanılmamış, qiymətləndirilməmiş və nəticədə ədalətli məhkəmə araşdırması hüququ pozulmuş, tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət edilməmişdir. Prosessual məsələlər Cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən İddiaçı nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan xx.xx.2020-ci il tarixli, **********140115 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan vergi dövrü üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İşdə olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri Şahid Əlimməmməd oğlunun və İddiaçı direktoru X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli, **********140115 nömrəli qərarla təyin edilmiş növbədənkənar səyyar vergi yoxlaması ilə əlaqədar İddiaçı direktoru X7 müəssisə tərəfindən görülmüş təmir-tikinti işlərinə dair icra aktlarını (Forma-2) və işlərin təhvil-qəbulu barədə aktları (Forma-3) təqdim etmişdir. Digər sənədlərin olmamasını əsas gətirərək təqdim olunmasından imtina etmişdir. İşdə olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli, **********141787 nömrəli protokolun təsdiq edilmiş surətindən görünür ki, İddiaçındən ilkin mühasibat sənədlərinin – Forma-2 icra aktlarının götürülməsi həyata keçirilmişdir. İşdə olan sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında xx.xx.2020-ci il tarixli, **********141788 nömrəli aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı direktoru X1-2 aktları təqdim etdi, digər sənədlərin olmamasını əsas gətirərək təqdim olunmasından imtina etdi. İşdə olan xx.xx.2020-ci il tarixli, **********140921 nömrəli səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətindən görünür ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlamış, xx.xx.2020-ci il tarixdə müvəqqəti uzadılmaqla xx.xx.2020-ci il tarixdə başa çatdırılmış və yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 1038649,19 manat azaldılması, 681720,57 manat artıq hesablanması müəyyən edilməklə, ümumilikdə 356928,62 manat azaldıldığı, o cümlədən 2015-2017-ci illər üzrə mənfəət vergisinin ümumilikdə 32811,08 manat azaldılması, 1187,02 manat artıq hesablanması; 2014-2017-ci illər üzrə əlavə dəyər vergisinin ümumilikdə 893048,24 manat azaldılması, 680533,55 manat artıq hesablanması; 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan verginin ümumilikdə 112413,62 manat azaldılması; 2018-ci il üzrə əmlak vergisinin 376,25 manat azaldılması müəyyən olunmuş, vergilərin hesabatda göstərilmiş məbləğinin vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1038649,19 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə ümumilikdə 519324,59 manat və 2014-2019-cu illər üzrə vergi hesabatının və ya arayışın vaxtında təqdim edilməməsinə görə ümumilikdə 960 manat maliyyə sanksiyası təklif edilmişdir. İşdə olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli, **********140921 nömrəli akta düzəliş edilməklə yoxlanılan dövr üzrə İddiaçı tərəfindən büdcəyə çatası vergilərin ümumilikdə 947123,77 manat azadılması, 681720,57 manat artıq hesablanması müəyyən edilməklə, ümumilikdə 265403,2 manat azaldıldığı müəyyən olunaraq İddiaçı barəsində 2015-2017-ci illər üzrə mənfəət vergisinin ümumilikdə 32811,08 manat azaldılmasına, 1187,02 manat artıq hesablanmasına görə 31624,06 manat əlavə vergi hesablanaraq 16405,54 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2014-2017-ci illər üzrə əlavə dəyər vergisinin ümumilikdə 801522,82 manat azaldılmasına, 680533,55 manat artıq hesablanmasına görə 120989,27 manat əlavə vergi hesablanaraq 400761,41 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan verginin ümumilikdə 112413,62 manat azaldılmasına görə 112413,62 manat əlavə vergi hesablanaraq 56206,81 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2018-ci il üzrə əmlak vergisinin 376,25 manat azaldılmasına görə 376,25 manat əlavə vergi hesablanaraq 188,13 manat maliyyə sanksiyası tətbiq edilmiş; həmçinin 2014- 2019-cu illər üzrə vergi hesabatının və ya arayışın vaxtında təqdim edilməməsinə görə ümumilikdə 960 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşdə olan vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə xx.xx.2020-ci il tarixli, **********820600 nömrəli tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərar əsasında 265403,20 manat əlavə hesablanmış vergilər və 474521,89 manat vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları olmaqla, cəmi 739925,09 manatın 5 gün müddətində büdcəyə ödənilməsi İddiaçındən tələb edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/6671 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqat zamanı müəyyən olundu ki, iş materiallarında olan bütün müqavilələr, məlumat və sənədlər ciddi hesabat blankları olmaqla mühasibat və vergi uçotu tələblərinə cavab verir. xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 32000,31 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir, o cümlədən: mənfəət vergisi üzrə 31624,06 manat; əmlak vergisi üzrə 376,25 manat. Ekspertiza zamanı səyyar vergi yoxlaması aktında ödəmə mənbəyində tutulan vergi üzrə gəlinən nəticə təsdiq olunmadı və yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə ƏDV üzrə az hesablanma müəyyən edilmədi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.3-cü və 38.3.6-cı maddələrinə əsasən cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd verən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. İşin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı (VÖEN: **********) xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan vergi dövrü üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********140921 nömrəli akta əsasən cavabdeh inzibati orqanın vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarı ilə İddiaçı barəsində 2015- 2017-ci illər üzrə mənfəət vergisinin ümumilikdə 32811,08 manat azaldılmasına, 1187,02 manat artıq hesablanmasına görə 31624,06 manat əlavə vergi hesablanaraq 16405,54 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2014-2017-ci illər üzrə əlavə dəyər vergisinin ümumilikdə 801522,82 manat azaldılmasına, 680533,55 manat artıq hesablanmasına görə 120989,27 manat əlavə vergi hesablanaraq 400761,41 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan verginin ümumilikdə 112413,62 manat azaldılmasına görə 112413,62 manat əlavə vergi hesablanaraq 56206,81 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2018-ci il üzrə əmlak vergisinin 376,25 manat azaldılmasına görə 376,25 manat əlavə vergi hesablanaraq 188,13 manat maliyyə sanksiyası tətbiq edilmiş; həmçinin 2014-2019-cu illər üzrə vergi hesabatının və ya arayışın vaxtında təqdim edilməməsinə görə ümumilikdə 960 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı cavabdeh inzibati orqanın vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarını qanunsuz və əsassız hesab edərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizası nəticəsində verilmiş ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan bütün müqavilələr, məlumat və sənədlər ciddi hesabat blankları olmaqla mühasibat və vergi uçotu tələblərinə cavab verir. xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 32000,31 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir, o cümlədən: mənfəət vergisi üzrə 31624,06 manat; əmlak vergisi üzrə 376,25 manat. Ekspertiza zamanı səyyar vergi yoxlaması aktında ödəmə mənbəyində tutulan vergi üzrə gəlinən nəticə təsdiq olunmadı və yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə ƏDV üzrə az hesablanma müəyyən edilmədi. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək qərarını onunla əsaslandırmışdır ki, məhkəmə hazırkı məhkəmə icraatında əldə olunan sübutlar və gətirilən dəlillərə mövcud qanunvericiliyin tələbləri baxımından məcmu halında qiymət verərək, cavabdeh inzibati orqanın mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarın “mənfəət vergisi” və “əmlak vergisi” hissələrinə aid mövqeyi ilə razılaşır. Məhkəmə bu mövqeyə gələrkən işdə olan ekspertiza rəyini, iddiaçı tərəfin cavabdeh inzibati orqanın dəlillərini təkzib edən sübut və faktlar təqdim etmədiyini nəzərə almışdır. Mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarın digər hissələrinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qəbul edilmiş həmin inzibati akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödənilməsi öhdəliyini yaradır. Halbuki Azərbaycan Vergi Məcəlləsinin 3.8-3.9-cu və 3.11-ci maddələrinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmışdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmçinin mübahisələndirilən qərar “ödəmə mənbəyində tutulan vergi” hissəsində cavabdeh inzibati orqan tərəfindən tutarlı sübutlarla əsaslandırılmamışdır. Vergi orqanının bu mövqeyi mülahizəyə əsaslanır və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsiri bu hal üzrə tam sübuta yetirilmiş sayıla bilməz. Nəzərə alınmalıdır ki, vergi orqanları operativ vergi nəzarətini həyata keçirən orqan kimi əmək müqaviləsini bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin işə cəlb edilməsi hallarını aşkar etmək və bununla bağlı müvafiq tədbir görmək (maliyyə sanksiyası tətbiq etmək) hüquqununa malikdir və hazırkı iddiaçının fəaliyyəti ilə bağlı belə halların aşkar olunması işdə öz təsdiqini tapmır. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu inzibati icraat çərçivəsində inzibati aktın (o cümlədən əlverişsiz inzibati aktın) qəbulu zamanı mütəxəssis rəyini yox, ekspert və (və ya) mütəxəssislərin cəlb edilməsi şərtilə təyin edilmiş ekspertizanın nəticələri üzrə rəyi sübut kimi müəyyən edir. Lakin cavabdeh inzibati orqan qeyd olunanları nəzərə almamış və mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulunda ekspertiza təyin edilmədən, yalnız mütəxəssis rəyinin alınmasının yetərli olmasını əsaslandırmamışdır. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 9/6671 nömrəli ekspert rəyində vergi orqanının mübahisələndirilən qərarına əsasən müəyyən edilmiş 112413,62 manat ödəmə mənbəyində tutulan vergi öz təsdiqini tapmamışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qərarından ümumi şəkildə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməli olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı faktiki olaraq yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olmuş, müvafiq aylar üzrə təqdim etdiyi ƏDV bəyannamələrində dövriyyəsini bəyan etmiş, həmçinin səyyar vergi yoxlaması zamanı cavabdeh inzibati orqana görülmüş təmir-tikinti işlərinə dair icra aktlarını (Forma-2) və işlərin təhvil-qəbul aktlarını (Forma-3) təqdim etmişdir. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən azaldıldığını müəyyən etdiyi 2014-2017-ci illər üzrə əlavə dəyər vergisi, 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi məbləğlərini hansı qaydada hesabladığını əsaslandıra bilmir. Cavabdeh inzibati orqanın səyyar vergi yoxlaması nəticəsində iddiaçıya hesabladığı əlavə dəyər vergisi və ödəmə mənbəyində tutulan vergi məbləğləri mənbəyi məlum olan məlumatlara deyil, faktiki cəhətdən əsaslandırılmayan formal mülahizələrə söykənir. İddiaçı tərəfindən səyyar vergi yoxlaması zamanı cavabdeh inzibati orqana təqdim edilmiş yuxarıda qeyd edilən sənədlər əsasında iş üzrə təyin edilmiş məhkəmə ekspertizası həyata keçirilmiş, iddiaçının yoxlanılan dövr üzrə cavabdeh inzibati orqanın hesabladığı qaydada mənfəət və əmlak vergi borcları müəyyən edildiyi halda, əlavə dəyər vergisi və ödəmə mənbəyində tutulan vergi borcları müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan ekspert rəyinə etiraz etdiyini bildirsə də, etirazını, o cümlədən əlavə dəyər vergisi və ödəmə mənbəyində tutulan vergi ilə əlaqədar iddia etdiyi ekspert tərəfindən düzgün hesablamanın aparılmamasının nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. Eyni zamanda, cavabdeh inzibati orqan məhkəməyə iddiaçının yoxlanılan dövr üzrə əlavə dəyər vergisi və ödəmə mənbəyində tutulan vergi borclarının olduğunu təsdiq edən hər hansı mötəbər sübut da təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(120)-78/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar