Məhkəmə qərarları › İş №2-1(106)-173/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-173/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-173/2024 15.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, üçüncü şəxs Cavabdeh (FİN: 16Y6S9K) iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 Üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2-1(120)-3402/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 Üzrə Baş İdarəsinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 225.43 manat, Dövlət Sosial Müdafiə Fonduna 1484.90 manat, İcbari Tibbi Sığorta Fonduna 239.36 manat və İşsizlikdən Sığorta Fonduna 40.12 manat borcuna görə fərqləndirici əlaməti qiyməti 8000 manat məbləğində 2007-ci il buraxılış olan “MERCEDES BENZ E 220 CDİ” minik markalı (qara metallik) **-CC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat və qiyməti 15000 manat məbləğində 2015-ci il buraxılış olan “ VOLKSWAGEN PASSAT MİNİK” minik markalı (Ağ qara) **-KL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 23000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gun ərzində dövlət büdcəsinə dənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək usulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 15000 manat borcuna görə 23000 manat məbləğində əmlakı (“MERCEDES BENZ E220 CDİ markalı **-CC-*** və VOLKSWAGEN PASSAT MİNİK markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri) siyahıya alınmış və bu barədə xx.xx.2023 tarixli **********0 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 225.43 manat, Dövlət Sosial Müdafiə Fonduna 1484.90 manat, İcbari Tibbi Sığorta Fonduna 239.36 manat və İşsizlikdən Sığorta Fonduna 40.12 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2-1(120)-3402/2023 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2023cü il tarixli, 2-1(120)-3402/2023 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə borc məbləğinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən cavabdehin aktiv bank hesablarına dövlət büdcəsinə 225.43 manat, Dövlət Sosial Müdafiə Fonduna 1484,9 manat, icbari Tibbi Sığorta Fonduna 239,36 manat və işsizlikdən Sğorta Fonduna 40,12 manat borcunun alınmasına dair xx.xx.2022-ci il tarixli Sərəncamlar göndərilmişdir. Lakin qeyd olunan hesablaşma hesablarında pul vəsaitinin olmaması ilə əlaqədar alınmalı sərəncamların icrası təmin edilmədiyi üçün həmin sərəncamlar hələ də öz qüvvəsini saxlamaqdadır (Qeyd olunan Sərəncamlar şikayətə əlavə edilir). Diqqət yetirilməli məqam ondan ibarətdir ki, vergi orqanının uçot-baza məlumatlarında Cavabdeh hazırkı qərar üzrə siyahıya alınmış əmlakından başqa sahibkarlıq fəaliyyətində istifadə edilən digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqların olması aşkar edilməmişdir. (Fiziki şəxs haqqında uçot-baza məlumatı şikayətə əlavə edilir). Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 idarəsinin məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli cavab məktubu ilə 2007-ci il buraxılış olan “MERCEDES BENZ E 220 CDİ” minik markalı (qara metallik) **-CC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin Cavabdeh mülkiyyətində olması Şirvan İnzibati Məhkəməsinin e-2-1(120)-3402/2023 nömrəli qərarında öz əksini tapır. məhkəmə tərəfindən Baş idarənin Cavabdeh siyahıya alınmış əmlakların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul etməklə vergi orqanının vergi borcunun alınması ilə əlaqədar qanunvericilikdə nəzərə tutulmuş hüquqları məhdudlaşdırmışdır. Baş İdarə Şirvan inzibati Məhkəməsinin gətirdiyi dəlillərlə əlaqədar bildirir ki, Cavabdeh ona məxsus avtonəqliyyat vasitəsini məsul saxlamaya götürməkdən, eyni zamanda “Avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməməsi (imtina edilməsi) barədə Aktı imzalamaqdan imtina etmişdir. Bununla da siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətindən yayınmağa cəhd edilmişdir. Məhkəmə təcrübəsi göstərir ki, oxşar hallarla əlaqədar vergi ödəyiciləri siyahıya alınmış nəqliyyat vasitələrini məsul saxlamaya qəbul etməkdən imtina edərək vergi orqanlarının iddia ərizələrinə məhkəmədə baxıldığı zaman siyahıya alınmış lakin tərəfindən məsul saxlamaya qəbul edilməmiş sahibliyində olan nəqliyyat vasitələrini özgəninkiləşdirilməsini həyata keçirirlər ki, bununla əlaqədar vergi orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tərkibinin olmasına dair məhkəmələrə verdikləri vəsatətlər məhkəmələr tərəfindən vergi ödəyicisinin avtonəqliyyat vasitəsini məsul saxlamaya götürmədikləri və hal hazırda onların mülkiyyətində olmaması əsası ilə təmin edilmir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2-1(120)-3402/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(106)-173/2024 nömrəli qərardadı ilə xx.xx.1992-ci il təvəllüdlü X5 (FİN: 16Y6S9K) və xx.xx.1976-cı il təvəllüdlü X5 (FİN: 1QF7B3A) adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh (FİN: 16Y6S9K) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2-1(120)- 3402/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün saymışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Maddə 26. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarına əsasən vergi orqanı əməkdaşı fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati İcraat haqqında Qanunu: Maddə: 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərəbaxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 Üzrə Baş İdarəsinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 225.43 manat, Dövlət Sosial Müdafiə Fonduna 1484.90 manat, İcbari Tibbi Sığorta Fonduna 239.36 manat və İşsizlikdən Sığorta Fonduna 40.12 manat borcuna görə fərqləndirici əlaməti qiyməti 8000 manat məbləğində 2007-ci il buraxılış olan “MERCEDES BENZ E 220 CDİ” minik markalı (qara metallik) **-CC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat və qiyməti 15000 manat məbləğində 2015-ci il buraxılış olan “ VOLKSWAGEN PASSAT MİNİK” minik markalı (Ağ qara) **-KL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 23000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə vergi ödəyicisinin 23000 manat məbləğində əmlakı siyahıya alınsa da, iddia ərizəsinin verildiyi tarixə qalıq borc məbləği ümumilikdə 1989,81 manat olmuşdur. Siyahıya alınmış əmlak 8000 manat məbləğində 2007-ci il buraxılış olan “MERCEDES BENZ E 220 CDİ” minik markalı (qara metallik) **-CC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat və qiyməti 15000 manat məbləğində 2015-ci il buraxılış olan “ VOLKSWAGEN PASSAT MİNİK” minik markalı (Ağ qara) **-KL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmuş, lakin cavabdehə məxsus olduğu iddia edilən “VOLKSWAGEN PASSAT” MİNİK markalı: **-KL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi hazırda onun deyil, başqa bir şəxsin mülkiyyətindədir. Göründüyü kimi iddiaçının satılması barədə tələb irəli sürdüyü avtonəqliyyat vasitəsi hazırda cavabdehin deyil, başqa şəxsin mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün hazırda başqa şəxsin mülkiyyətində olan əmlakın siyahıya alınaraq satılması yolverilməzdir. Həmçinin 2007-ci il buraxılış olan “MERCEDES BENZ E 220 CDİ” minik markalı (qara metallik) **-CC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, əmlakın siyahıya alınması həyata keçirilərkən vergi orqanı tərəfindən yuxarıda qeyd olunan ardıcıllığın tələblərinə əməl olunmamış, dəyəri 8000 manat olan nəqliyyat vasitəsi siyahıya alınmışdır ki, həmin əmlakın real dəyəri ilə cavabdehin qalıq borcu arasında kifayət qədər uyğunsuzluq mövcuddur. Odur ki, hazırkı iş üzrə borc məbləğinin həmin nəqliyyat vasitəsinin satılması hesabına ödənilməsi vergitutmanın adekvatlılıq prinsipi və qərarının icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli, **********0 saylı qərar qəbul etmişdir. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə ödənilməmiş 1989,81 manat borcuna görə 23000 manat məbləğində əmlakı, yəni “8000 manat məbləğində 2007-ci il buraxılış olan “MERCEDES BENZ E 220 CDİ” minik markalı (qara metallik) **-CC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və qiyməti 15000 manat məbləğində 2015-ci il buraxılış olan “ VOLKSWAGEN PASSAT MİNİK” minik markalı (Ağ qara) **-KL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək siyahıya alınmış əmlakın satılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna qoşma edilmiş çıxarışdan görünür ki, siyahıya alınmış əmlaklar - “VOLKSWAGEN PASSAT” MİNİK markalı: **-KL-*** dövlət qeydiyyat nişanlı və “MERCEDES BENZ E 220 CDİ” minik markalı (qara metallik) **-CC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri hazırda iş üzrə cavabdeh xx.xx.1997-ci il təvəllüdlü X3 deyil, başqa şəxslərin mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh xx.xx.1997-ci il təvəllüdlü X5 (FİN: xxxxxxx) ilə birlikdə eyni ada, ata adına və soyada malik 3 şəxs mövcuddur. Vergi orqanı tərəfindən siyahıya alınmış əmlak - “VOLKSWAGEN PASSAT” MİNİK markalı: **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş xx.xx.1992-ci il təvəllüdlü X4 (FİN: 16Y6S9K) məxsusdur. Vergi orqanı tərəfindən siyahıya alınmış digər nəqliyyat vasitəsi yəni, MERCEDES BENZ E 220 CDİ” minik markalı (qara metallik) **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş xx.xx.1976-cı il təvəllüdlü X4 (FİN: 1QF7B3A) məxsusdur. Göründüyü kimi iddiaçının satılması barədə tələb irəli sürdüyü avtonəqliyyat vasitələri hazırda cavabdehin deyil, başqa şəxslərin mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün hazırda başqa şəxslərin mülkiyyətində olan əmlakın siyahıya alınaraq satılması yolverilməzdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmini tədbiri kimi əmlakın siyahıya alınması və ya siyahıya alınmış əmlakın satılması tələbinin yönəldiyi şəxsin əmlakı barəsində tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı yuxarıda qeyd edilən qanunvericilik normalarına zidd olaraq cavabdeh xx.xx.1997-ci il təvəllüdlü X4 (FİN: xxxxxxx) məxsusluğu işin faktiki halları əsasında təkzib edilən əmlakları (VOLKSWAGEN PASSAT” MİNİK markalı: **-KL-*** dövlət qeydiyyat nişanlı və MERCEDES BENZ E 220 CDİ” minik markalı qara metallik **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri) cavabdehin vergi borcuna görə siyahıya almış və sıyahıya alınmış əmlakın satılması barədə iddia irəli sürmüşdür. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2-1(120)-3402/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar