Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-176/2023 17.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(120)-1970/2022 nömrəli qərarından cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********5464 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 14 dekabr 2022-ci il tarixli, 2-1(120)-1970/2022 nömrəli qərarı ilə İddiaçı iddiasının təmin edilməsi, cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********5464 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsinə dair aktla razılaşmadıqda və həmin aktı imza etməkdən imtina etdikdə, həmin akt vergi ödəyicisinə təqdim edilməklə ona akta dair etirazını, aktı imzalamaqdan imtinanın səbəblərini və digər zəruri sənədlərin təqdim edilməsi üçün 30 gün vaxt verilir. Qeyd olunan müddət bitdikdən sonra 15 gün müddətində vergi orqanının rəhbəri operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair tərtib edilmiş akta və digər zəruri sənədlərə, eləcə də vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə baxmalı və 10 gün müddətində nəzarət tədbirinin nəticələrinə dair Vergi Məcəlləsinin 49.1-ci maddəsində göstərilmiş qərarlardan birini qəbul etməlidir. Lakin hazırkı mübahisə üzrə operativ vergi nəzarət tədbiri 27 dekabr 2021-ci il tarixdə keçirilmiş, vergi ödəyicisi aktı imzalamaqdan və onun surətini almaqdan imtina etdiyi üçün akt poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə çatdırılmış və xx.xx.2022-ci il tarixli məsuliyyətə cəlb etmə barədə qərar qəbul edilmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixdən hesablanmaqla vergi ödəyicisinə aktı imzalamamasının səbəblərinə dair yazılı etirazını və digər zəruri sənədlərin təqdim edilməsi üçün 30 gün vaxt verilməli, xx.xx.2022-ci il tarixdən sonrakı növbəti 15 gün ərzində yoxlama materiallarına və digər zəruri sənədlərə baxmalı, daha sonrakı 10 gün müddətində isə nəzarət tədbirinin nəticəsinə dair qərar qəbul etməli idi. Lakin cavabdeh təşkilat qeyd olunan müddəti (hətta vergi ödəyicisinin nəzarət tədbirinin nəticələrinə dair aktı imzalamamasının səbəblərinə dair yazılı etirazın və digər zəruri sənədlərin təqdim edilməsi üçün müəyyən edilmiş 30 günlük müddəti) gözləmədən xx.xx.2022-ci il tarixdə iddiaçı barəsində mübahisələndirilən qərarı qəbul etmişdir. Həmçinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********5464 nömrəli qərar əsaslandırılmamışdır. Qeyd olunanların əksinə mübahisələndirilən qərarda yalnız vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri və tətbiq edilən maliyyə sanksiyasının məbləği qeyd olunmuşdur. Həmçinin qanunvericiliyin normalarının qarşılıqlı təhlilinə görə vergi yoxlaması dedikdə səyyar və kameral vergi yoxlamaları nəzərdə tutulur, hansı ki, həmin yoxlamalara əsasən vergi orqanı vergi ödəyicisinin son 3 illik fəaliyyət dövrünü yoxlamaq, hər hansı hüquq pozuntuları aşkar edildikdə yenidən hesablama aparmaq və müəyyən olunmuş vergi hüquq pozuntularına görə faiz və maliyyə sanksiyaları hesablamaq hüququna malikdir. Operativ vergi nəzarəti isə nəzarət tədbiri olmaqla Vergi Məcəlləsinin 50-ci maddəsində qeyd olunan müvafiq sahələr üzrə keçirilir, yoxlama deyildir və nəzarət tədbiri zamanı vergi orqanının hüquqları yalnızca nəzarət tədbiri ilə əhatə olunan sahə üzrə və nəzarət tədbirinin keçirildiyi dövrdə aşkar edilmiş hüquq pozuntularının rəsmiləşdirilməsi və buna görə maliyyə sanksiyasının tətbiq edilməsi ilə şərtləndirilmişdir. Lakin cavabdeh təşkilat qeyd olunan normaların əksinə olaraq hazırkı iş üzrə keçirilmiş operativ vergi nəzarət tədbiri çərçivəsində vergi ödəyicisinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə aparılmış vergi tutulan əməliyyatlara görə iddiaçıya maliyyə sanksiyası tətbiq etmişdir. Həmçinin normalardan aydın olduğu kimi, vergi orqanı vergi ödəyicisi tərəfindən, həqiqətən də, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə 3634166,96 manat dəyərində malın elektron qaimə-faktura təqdim edilmədən topdansatış qaydasında satılması faktını konkret faktlar və mötəbər dəlillər ilə sübuta yetirməli idi. Qanunvericilikdə nəzərdə tutulmuş normalardan görünür ki, pərakəndə satışda mal alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki ilə satılır, topdansatışda isə mallar alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaimə-faktura əsasında satılır. Topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır. Başqa sözlə, alıcı vergi orqanında uçotda (VÖEN) olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə-faktura təqdim etmək mümkün olsun. Digər tərəfdən, xüsusi olaraq qeyd olunmalıdır ki, nə Vergi Məcəlləsində, nə də ki digər vergi qanunvericilik aktlarında malların hansı həddə və ya həcmdə satışının pərakəndə, hansı həddə və ya həcmdə satışının isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Yəni sadə dildə desək, vergi ödəyicisi olmayan şəxs pərakəndə satış mərkəzinə yaxınlaşaraq son istehlak məqsədilə özü üçün 100 ədəd mal ala bilər və bu pərakəndə satış kimi qəbul edilməli, eyni qaydada da fərdi sahibkar və ya hüquqi şəxs vergi ödəyicisindən həmin maldan sahibkarlıq məqsədləri üçün 50 ədəd mal ala bilər və bu satış topdansatış kimi qiymətləndirilməlidir. Beləliklə, malların satışının topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti üçün olduqda isə topdansatışa aid edilməlidir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti üzrə hər hansı fiziki və ya hüquqi şəxsdən onların tələbi ilə elektron qaimə-faktura təqdim edilməməsi barədə cavabdeh təşkilata hər hansı şikayət və ya müraciət daxil olmamışdır. Eləcə də, xx.xx.2021-ci il tarixli, seriya DVX 006285 nömrəli aktdan göründüyü kimi, vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə 264082,79 manat dəyərində mallar elektron qaimə-faktura ilə topdan qaydada satılmışdır. İnvoys dəyəri 2933145,25 manat təşkil edən mallar isə müvafiq əlavələr ilə birlikdə pərakəndə qaydada nəzarət-kassa aparatının çeki təqdim edilməklə satılmışdır. Yəni vergi ödəyicisinə məxsus obyektlərdən malı pərakəndə almaq istəyən şəxsə mal pərakəndə qaydada nəzarət kassa aparatı tətbiq edilməklə, topdan almaq istəyən şəxsə isə topdan qaydada elektron qaiməfaktura əsasında təqdim edilmişdir. Lakin cavabdeh təşkilat heç bir əsas olmadan pərakəndə qaydada satılmış malların topdan qaydada satılması qənaətinə gələrək vergi ödəyicisi barəsində 363416,7 manat maliyyə sanksiyası tətbiq etmişdir. Göründüyü kimi, sübutetmə yükü cavabdeh təşkilatın üzərində olmasına baxmayaraq vergi ödəyicisinin 3634166,96 manat məbləğində malları topdansatış qaydasında satmağı sübuta yetirilmir və cavabdeh təşkilat ehtimallar əsasında mübahisələndirilən aktı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2006-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı aktiv 6 obyektləri olduğu görünür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarlar ilə fiziki şəxs İddiaçı məxsus təsərrüfat subyektlərində (obyektindən) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı Baş İdarə tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y ST-nin cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbarda (kodu 11001) Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura tələb olunduğu halda heç bir elektron qaimə-faktura verilmədən 3634166,96 manat məbləğində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli, 006285 nömrəli akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli, 006285 nömrəli akt İddiaçı təqdim edilsə də, o, aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********5464 nömrəli qərarı ilə İddiaçı 363416,7 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 626497,4 manat dəyərində mal qalığının olduğu müəyyən edilmişdir, eləcə də elektron qaimə-faktura təqdim edilməli olduğu halda 3634166,96 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və həmçinin sədrlik edənin suallarını cavablandıraraq bildirdi ki, operativ vergi nəzarətinin həyata keçirilməsi ilə əlaqədar vergi orqanının qərarları ümumi şablon qərarlardır. Lakin hazırkı mübahisə üzrə vergi orqanı Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar əsasında, yəni idxal məlumatları əsasında operativ vergi nəzarəti həyata keçirmiş və yoxlama zamanı məlum olmuşdur ki, vergi ödəyicisi malları özünün qeyd etdiyi kimi pərakəndə deyil, topdansatış qaydasında satmışdır. Hazırkı iş üzrə vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı hesab edir ki, hazırkı iş üzrə iddiaçının idxal etdiyi məhsulları özünə məxsus təsərrüfat subyektində pərakəndə qaydada satması mümkün deyildir. Mallar topdansatış formasında satıldığına görə kassa aparatı yoxlanılmamışdır. Vergi ödəyicisinin yalnız bir təsərrüfat subyektində köhnə model kassa aparatı mövcud olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, cavabdeh inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarlar qəbul edərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2-ci və 50.3-cü maddəsinin tələblərinə əməl etməmişdir. Həmçinin mübahisələndirilən məsuliyyətə cəlb etmə qərarı qəbul edilərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Cavabdehin keçirdiyi operativ vergi nəzarətinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbir anında baş tutan deyil, tədbir tarixinədək, yəni xx.xx.2021-ci il tarixədək aparılan və nəzarət-kassa aparatı vasitəsilə rəsmiləşdirilən əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin cavabdeh iddiaçının qeyd edilən malları topdansatış qaydasında satması barədə mötəbər sübutlar da təqdim etməmişdir. Həmçinin birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının 2020-ci il və 2021-ci il üzrə kassa aparatından “Z” çıxarışları məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 50.1-ci, 50.1.3-cü və 50.1.11-50.1.13-cü maddələrinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və həmçinin əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi üzrə məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar (maddə 50.2.1); vergi orqanlarının mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar (maddə 50.2.2); vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə (maddə 50.2.3); vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda (maddə 50.2.4); vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda (maddə 50.2.5) Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. İşin faktiki hallarından görünür ki, İddiaçı (VÖEN: **********) fəaliyyət növü “Məişət əşyaları, bıçaq məmulatları, qab-qacaq, saxsı məmulatları, o cümlədən çini və saxsı qablarının pərakəndə satışı” olan vergi ödəyicisidir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli qərarla iddiaçıya məxsus təsərrüfat subyektində malların Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin aparılması qərara alınmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlarına əsasən İddiaçı məxsus obyektlərdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədi ilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Vergi ödəyicisinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y ST-nin cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı, anbarda idxal olunmuş 3822919,44 manat dəyərində maldan 264082,79 manat elektron-qaimə ilə satış edilməsi, 625691,4 manat mal qalığının aşkar edilməsi, əksik qalan 2933145,25 manat dəyərində olan mallar pərakəndə satış üçün kassa aparatına mədaxil etməklə pərakəndə satış kimi rəsmiləşdirilməsinə baxmayaraq topdan satış qaydasında elektron-qaimə tətbiq etmədən digər vergi ödəyicilərinə 3634166,96 manat sənədsiz satış keçirilməsinin müəyyən edilməsi, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edildiyi müəyyən olunmuşdur. Bu barədə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********5464 nömrəli qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********5464 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanının mübahisələndirilən qərarına görə 3634166,96 manat məbləğində mal topdan olaraq ayrı-ayrı vergi ödəyicilərinə elektron qaimə-faktura əsasında təqdim edilmədiyindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən iddiaçı 363416,7 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçının iddia ərizəsinin əsas dəlili ondan ibarətdir ki, malların topdan deyil, pərakəndə satışı həyata keçirilmiş, bu zaman iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Buna görə ona cavabdeh tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin tətbiqi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası iddiaçının iddiasını əsaslı hesab edərək göstərir ki, qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir (“Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli fərmanı). Cavabdeh qəbul etdiyi inzibati aktla iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı iş üzrə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 21 dekabr 2021-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbir anında baş tutan deyil, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni tədbir tarixinədək aparılan və nəzarət-kassa aparatı vasitəsilə rəsmiləşdirilən əməliyyatlar əsasında iddiaçıya həmin satış üzrə 10 faiz maliyyə sanksiyası tətbiq edilmişdir. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd etdiyi mövqeyə əsasən iddiaçı tərəfindən təqdim edilən kassa çeklərinə münasibətdə operativ vergi nəzarətinin faktiki keçirilmədiyi dövrə görə maliyyə sanksiyasının tətbiq edilməsini qanunauyğun hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi qanunvericiliyində pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi nəzərdə tutulmamışdır və bu səbəbdən pərakəndə ticarət fəaliyyətini həyata keçirən vergi ödəyicisi kimi qeydiyyatda olan iddiaçının günlük satış dövriyyəsinin yüksək olması onun topdansatış ticarət fəaliyyəti ilə məşğul olması qənaətinə gəlməyə əsas vermir. Bunlar sadəcə cavabdeh inzibati orqanın şübhə və ehtimallarıdır. Həmin halları da təsdiq edəcək hər hansı mötəbər sübutu cavabdeh inzibati orqan məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyə əsasən vergi orqanları vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin tələblərinin pozulduğunu iddia edirsə, konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad etməməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(120)-1970/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(120)-1970/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-176/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-176/2023
17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver