Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-177/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 okyabr 2023-cü il tarixli, 2-1(120)-698/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv olunması və hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müracitə edərək, «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********450900 nömrəli qərarın ləğv olunması və hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılması barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 19 okyabr 2023-cü il tarixli, 2- 1(120)-698/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********450900 nömrəli qərarın ləğv edilməsi və hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılması, 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının vergiyə cəlb edilən gəlirləri 12.937.8 manat olmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli qanunu qüvvəyə minənə qədər olan redaksiyada 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad olunmalı, həmin məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi tutulmalı idi. Həmçinin, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iş materiallarında olan sənədlərə və rəyin təsviri hissəsində göstərilənlərə əsasən «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********4 hesablanmış vergi məbləği düzgün deyildir. Bundan əlavə, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Həmin Qaydaların 6.1.1-ci yarımbəndinə əsasən M1 = G1 : ( 100 + R) x R (burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır.) Qaydaların 6.1.3-cü yarımbəndinə əsasən, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə özünə məxsus fermer təsərrüfatında öz təsərrüfatına məxsus heyvanların kəsilərək satılması üzrə fəaliyyəti olmuş və bu fəaliyyət üzrə satış edilən tərəflərə elektron qaimələr göndərilmişdir. Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlan"ı haqqında Qərarına əsasən işçilərinin orta siyahı sayı 1- 10 aralığında olan və illik gəliri 200 min manatdan az və ona bərabər olan şəxslər mikro sahibkarlıq subyektləri sayılırlar. Təsərrüfatında işçi yoxdur, dövriyyəsi 2019-cu ildə 200 min manatdan az olmuşdur. Göründüyü kimi, o mikro sahibkarlar qrupuna aiddir. Lakin hesabatlar təqdim edilən zaman Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinin tələbləri tərəfindən nəzərə alınmamış və 2019-cu il üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Tərəfindən xərclər mümkün olmadığı üçün rəsmiləşdirilmədiyindən vergi orqanı 2019 ondan gəlir vergisi bəyannaməsi tələb etmiş və bəyannamə vergi orqanına təqdim edilmişdir. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında vergiyə cəlb olunan mənfəət şərti rentabellik norması əsasında müəyyən edilməsi göstərilmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərək gəlir vergisinin yenidən hesablanması zamanı Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı nəzərə alınmamışdır. Yəni, konkret olaraq mikro sahibkarlıq subyekti kimi 75% güzəşt nəzərə alınmamış və gəlir vergisi hesablanmışdır. Cavabdeh onun tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş bəyannaməni təsdiq etməmiş və **********450900 saylı xx.xx.2022- ci il tarixli qərarla kameral hesablamanı bərpa etmişdir və beləliklə Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarına əsasən onun vergiləri müəyyən olunarkən qanuni gəlirdən çıxılmalı xərcləri nəzərə alınmamışdır. Vergi orqanı tərəfindən qəbul olunmuş qərar tamamilə qanunsuzdur, belə ki, qərarın “Bəyannamə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsində heç bir məlumat və səbəb göstərilməmiş və tamamilə səbəbsiz formada ona vergi hesablanmışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, uçot-baza məlumatına əsasən iddiaçının xx.xx.2009-cu il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alındığı, ərizəsinə əsasən fəaliyyətinin “qoyun və keçilərin yetişdirilməsi”ndən ibarət olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən 2019-cu il ərzində elektron qaimə fakturalar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 75286,25 manat dəyərində kəsilmiş halda 6035,8 kq mal və qoyun əti təqdim edilmişdir. İddiaçı tərəfindən xx.xx.2022ci il tarixdə vergi orqanına 2019-cu il üzrə dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Bəyannamədə ümumi gəlirlər 75286,25 manat, cəmi xərclər 62748,54 manat (o cümlədən malın dəyəri üzrə xərclər 49800,0 manat, digər xərclər 12948,54 manat), vergiyə cəlb olunan gəlir məbləği 12537,71 manat, vergiyə cəlb olunan gəlir üzrə azadolma və güzəştlər 9403,28 manat, azadolma və güzəştlər çıxılmaqla vergiyə cəlb olunan gəlir məbləği 3134,43 manat, ödənilməli gəlir vergisi 626,8,9 manat göstərilmişdir. Vergi orqanında olan proqram təminatı tərəfindən bəyannamə üzrə 62748,54 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yəni, bəyannamədə göstərilmiş 62748,54 manat xərc məbləği baza məlumatları ilə təsdiqini tapmamışdır. Bəyannamədə yaranmış uyğunsuzluq barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixdə kameral vergi yoxlaması ilə 3137,42 manat (62748,54-(62748,54*75%)*20%) əlavə gəlir vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********450900 nömrəli qərar çıxarılmışdır. Kameral vergi yoxlaması aparılarkən 62748,54 manat xərc məbləği sənədlərlə təsdiqini tapmadığı üçün xərc kimi nəzərə alınmamışdır. Həmçinin Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə uyğun olaraq mikro sahibkarlıq subyekti kimi vergi ödəyicisinin sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi məbləğində güzəşt tətbiq edilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkar tərəfindən 2019-cu il ərzində elektron qaimə fakturlarla rəsmiləşdirilərək "xxxx" MMC-yə 75286,25 manat dəyərində (6,04 ton) quzu əti, mal əti, içalat kimi məhsullar təqdim edildiyi, MMC-dən fərdi sahibkarın "xxxx" ASC-də olan hesablaşma hesabına 69320,25 manat vəsait ödənildiyi, həmin dövr ərzində elektron qaimə fakturası əldə edilmədiyi, idxal əməliyyatlarının aparılmadığı, mal qalığı ilə bağlı məlumatlar bəyan edilmədiyi, həmçinin Daşınmaz əmlakın Dövlət reyestrindən RX və MH seriyalı 0886026, ******* və ******* nömrəli çıxarışlara əsasən Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən 26.84 ha kənd təsərrüfatı təyinatlı torpaqların İddiaçı mülkiyyətində olduğu müəyyən edilmiş və Beyləqan rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 284 nömrəli arayışına əsasən fərdi sahibkarın öz ailə təsərrüfatına məxsus iri və xırda buynuzlu mal-qaranı 2019-2020-ci illər ərzində 5-7 ton miqdarda ətini kəsərək satdığı bildirilmişdir. Göründüyü kimi, fərdi sahibkar tərəfindən istehsal edilən kənd təsərrüfatı məhsulları diri şəkildə və ya ilkin formada deyil, kəsilib onlardan yeni məhsullar əldə edilərək təqdim edilmişdir. Odur ki, Vergi Məcəlləsinin 13.2.61.1-ci maddəsinə əsasən canlılar diri şəkildə deyil, onların kəsilərək bütöv və ya hissələrlə, habelə soyudulmuş və ya dondurulmuş formalarda təqdim edilməsi kənd təsərrüfatı məhsullarının satışı hesab edilmir və ümumi qaydada vergiyə cəlb edilir. Məhsul növlərinin təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimlənir. Həmin təsnifatın C seksiyasında emal sənayesi məhsulları olan ət məhsulları ayrıca sinif kimi təsnifləşdirilmiş və ətin sümükdən ayrılması da emal əməliyyatlarına məruz qalan məhsullar sinfinə daxil edilmişdir. Beləliklə, fərdi sahibkar tərəfindən istehsal edilən kənd təsərrüfatı məhsullarının diri şəkildə deyil, kəsilərək təqdim edildiyini, həmçinin göndərilmiş məktubla tanış olduğu halda müvafiq təsdiqedici sənədlərin araşdırmaya təqdim edilmədiyini nəzərə alaraq, vergi ödəyicisinin iddia ərizəsi təmin edilməməli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********450900 nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiayaq qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, həmçinin ekspert rəyi ilə müəyyən edilmiş 627,39 manat vergi borcunu qəbul etdiyini bildirməklə, iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisələndirilən qərarın həmin məbləğ istisna olmaqla qalan hissədə ləğv olunmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********450900 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -13.2.60-cı maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir. -13.2.61 -ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışı - bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsidir: -13.2.61.1-ci ci maddəsinə əsasən istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir; -13.2.61.2-ci maddəsinə əsasən bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən, sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar vergisindən azadır. 14.6.3.3. maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. -16.1.3. maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. -23.1.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -23.1.2. maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********450900 nömrəli qərarından görünür ki, İddiaçı kameral qaydada 3.137.42 manat məbləğində vergi borcu hesablanmışdır. -18 may 2023-cü il tarixli, 9/2682 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı 2019-cu il üzrə hesablanmalı olan mənfəət vergisi 627.39 manat məbləğində müəyyən olunur, o cümlədən 75.286.25-(75.286.25*75%)=18.821.56 manat, 18.821.56:120*20*20%=627.39 manat. Həmçinin onun əsas fəaliyyət növü “Qoyun və keçilərin yetişdirilməsi”ndən ibarətdir. Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən, sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar vergisindən azadır. Odur ki, «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli qərarla hesablanmış vergi məbləği düzgün deyildir. Həmin rəydə rəqəmlər və vergi növü ilə bağlı yanlışlığa yol verildiyindən məhkəmə kollegiyası tərəfindən əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. -04 sentyabr 2024-cü il tarixli, 9/3629 nömrəli ekspert rəyində əvvəlki rəydə yol verilmiş texniki səhvlər aradan qaldırılmaqla, iddiaçının vergi borcunun 627.39 manat olması qeyd edilmiş, eyni zamanda hüquqi məsələlərə toxunularaq, iddiaçının vergidən azad edilməli olması qeyd edilmişdir. Məhkəmə kollegiyası ekspert rəylərinə qismən tənqidi yanaşaraq qeyd edir ki, tədqiqat nəticəsində iddiaçının gəlir vergisi üzrə 627.39 manat borcunun olması müəyyən edilsə də, ekspert onun səlahiyyətində olmayan hüquqi məsələlərə qiymət verməklə, iddiaçının kənd təsərrüfatı məhsullarının istehsalçısı olması baxımından vergidən azad edilməli olması və bununla da mübahisələndirilən qərarla hesablanmış vergi borcunun ümumiyyətlə düzgün olmaması nəticəsinə gəlmişdir. Qeyd olunur ki, iddiaçı ət məhsullarının satışını kəsilmiş halda həyata keçirdiyindən Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinin tələbləri ona şamil oluna bilməz. Bu baxımdan onun ekspert rəyi ilə müəyyən edilmiş vergi borcunun olması gözlənilən haldır. Bu baxımdan birinci instansiya məhkəməsi ekspert rəyinə istinadən mübahisələndirilən qərarın tamamilə ləğv edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi iddiaçının sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad edilməməsi barədə qənaəti ilə də razılaşmır və qeyd edir ki, təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh qeyd olunan tələblərə riayət etmiş və qalan məbləğ həcmində hesablama aparmışdır. İşin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, eyni zamanda birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 okyabr 2023-cü il tarixli, 2-1(120)-698/2023 nömrəli qərarı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********450900 nömrəli qərarının ləğv edilməsi və hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılması hissəsində dəyişdirilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********450900 nömrəli qərarı İddiaçı münasibətdə hesablanmış 627,39 manat vergi borcu istisna olmaqla, qalan hissədə ləğv edilsin. 50 (əlli) manat ekspertiza xərci Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-177/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-177/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver