Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-177/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı Ağaqardaş oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(120)-1157/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Ağaqardaş oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ağaqardaş oğlu cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 50 yaşdan, yəni xx.xx.2001-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 05 noyabr 2024-cü il tarixli, 2- 1(120)-1157/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260- İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunanlara əsasən, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını 01 avqust 1997-ci il tarixədək topladığına görə ona əmək pensiyası 52 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 50 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 23 avqust 1967-ci il tarixdən 19 yanvar 1970-ci il tarixədək (2 il 4 ay 16 gün) “Azneftyoltəmirtikinti” trestində fəhlə, 20 aprel 1970-ci il tarixdən 13 may 1970-ci il tarixədək (23 gün) həmin idarədə montyor vəzifəsində işləmiş, 14 may 1970-ci il tarixdən 21 may 1972-ci il tarixədək (2 il 7 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 05 iyun 1972-ci il tarixdən 02 yanvar 1975-ci il tarixədək (2 il 6 ay 27gün) N.Nərimanov adına NQÇİ-də dəniz neft qurğularının təmiri sexində rəngsaz, 02 yanvar 1975-ci il tarixdən 04 mart 1975-ci il tarixədək (2 ay 2 gün) “Xəzərdənizneft” İB-nin “Xəzərdəniztikinti” xüsusitikinti meydançasında rəngsaz, 10 mart 1975-ci il tarixdən 01 fevral 1978-ci il tarixədək (2 il 10 ay 21 gün) N.Nərimanov adına NQÇİ-də quyuların yeraltı təmirə hazırlanması üzrə operator, 01 fevral 1978-ci il tarixdən 03 sentyabr 1985-ci il tarixədək (7 il 7 ay 2 gün) N.Nərimanov adına NQÇİ-də quyuların yeraltı təmiri sexində qazmaçı köməkçisi və qazmaçı, 03 sentyabr 1985-ci il tarixdən 04 dekabr 1997-ci il tarixədək (12 il 3 ay 1 gün) həmin idarədə həmin sexdə qazmaşı (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000b-24485), 04 dekabr 1997-ci il tarixdən 09 mart 1998-ci il tarixədək (3 ay 5 gün) həmin idarədə qüllə quraşdırıcısı, 09 mart 1998-ci il tarixdən 30 dekabr 2003-cü il tarixədək (5 il 9 ay 21 gün) həmin idarədə təmirçi-çilingər, 11 yanvar 2007-ci il tarixdən 14 yanvar 2008-ci il tarixədək (1 il 3 gün) X3 İdarəsində çilingər-nəzarətçi vəzifəsində işləmişdir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun “qeyd” hissəsində göstərilmişdir ki, 13 iyun 1997-ci il tarixli 321-İQD saylı Qanunun İ hissəsinin 1ci bəndinə əsasən, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddəsinin 3-cü, 4- cü və 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqust ayınm 1-dən başlayaraq 2000-ci il avqust ayının 1-dək hər il 06 ay artırılır. Göründüyü kimi 01 avqust 1997-ci il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 29 il 7 ay 6 gün təşkil etmiş və həmin illərinin 21 il 4 ay 21 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işərdə çalışmışdır. Bununla da, 50 yaşı tamam olduğu 20 fevral 2001-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pesniyası almaq hüququ yaranmışdır. Lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə müvafiq olaraq 50 yaşı tamam olduğu 20 fevral 2001-ci il tarixdən deyil, 20 fevral 2003-cü il tarixdən təyin edilmiş, bununla da qanunvericilikdə nəzərdə tutulan hüququ pozulmuşdur. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya 52 yaşının tamam olduğu 20 mart 2003-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı av artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 52 yaşının tamam olduğu tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşının tamam olduğu tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, 23 avqust 1967-ci il tarixdən xx.xx.2003-cü il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. -НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı Ağaqardaş oğlu xx.xx.1970-xx.xx.1972-ci illərdə hərbi xidmətdə olmuşdur. Göründüyü kimi iddiaçının 01 avqust 1997-ci il tarixdə həqiqi hərbi xidmət illəri də daxil olmaqla ümumi iş stajı 29 il 07 ay 5 gün təşkil etmiş və həmin dövrün 14 il 09 ay 16 gün hissəsi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıda nəzərdə tutulmuş zərərli iş dövrüdür. Qeyd edilən ümumi və güzəştli iş stajı inzibati orqan tərəfindən mübahisələndirilməmiş, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Tərəflər arasında mübahisə yalnız qanunvericiliyin tətbiqi ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını 01 avqust 1997-ci il tarixinədək topladığına görə ona əmək pensiyası 52 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 50 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(120)-1157/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-177/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-177/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver