Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-179/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-3143/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı pensiyadan tutulan vəsaitin geri qaytarılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyadan qanunsuz olaraq tutulan 1487.32 manat və 170.13 manat cəmi 1657.45 manat məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 06 noyabr 2024-cü il tarixli, 2- 1(120)-3143/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın təmini üçün iddiaçının pensiyadan tutulmuş ödənişini alması ilə bağlı faktiki şərt özüözlüyündə əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan ehtimal olunan pozuntu halı ilə bağlı iddiaçının təqsirinin olub-olmaması, etimad hüququnun qorunmasına istinadın mümkün olub-olmamasıdır ki, məhkəmə hesab edir ki, etimad hüququ qanunla qorunur. Bu səbəbdən də cavabdehin məsul əməkdaşları ehtimal olunan səhv hərəkətlərinin hüquqi nəticəsinin aradan qaldırılması iddiaçıya həvalə edilməməlidir. Cavabdeh əmək pensiyası məbləğinin ödənilməsinə, yəni 7237.32 manat artıq ödəmənin həyata keçirilməsinə istinad edirsə, həmin məbləğin tutulması cavabdehin səhvə yol verilmiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsinə səbəb ola bilər ki, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması yolverilməzdir. İddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) "qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, "İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən əmək pensiyasının yenidən hesablanması haqqında artıq ödənilmiş müavinətin məbləğinin geri qaytarılması haqqında məktub ünvanlamışdır (bu barədə qərarın qəbul edildiyi müəyyən olunmur). Bununla da iddiaçının qanunla qorunan sosial təminat hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apelyasiya şikayəti vermişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Fövqalədə Hallar Nazirliyinin kapitan rütbəli zabitidir. Xidmət dövründə səhhətində yaranan ciddi xəstəliklə əlaqadar xx.xx.2007ci il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən ikinci qrup əlilik dərəcəsi ilə pensiyaya çıxmışdır. xx.xx.2021-ci ildə Tibbi-sosial ekspert komissiyasının sonuncu xəstəliyin müəyyən olunması üçün əyani müayinə olunmuşdur və ona müddətsiz ikinci qrup əlilik dərəcəsi təyin edildikdən sonra adına hesablanan pensiyanın dəqiqləşdirilməsindən ötrü DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı İdarəsinə müraciətlər olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə pensiyanın yenidən hesablanması barədə etdiyi müraciət əsasında ona ünvanlanan 24 fevral 2023 tarixli məktubda qeyd olunan xx.xx.2008-xx.xx.2010-cu il tarixləri arasındakı dövr üzrə uyğunsuzluqun aşkar edildiyi, ümumilikdə 7237.32 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edildiyi bildirilmişdir. Uyğunsuzluqla əlaqədar qeyd edilən dövr üzrə əlilliklə bağlı məlumatların dəqiqləşdirilməsindən ötrü Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla aidiyyatı üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndərilmişdir, amma uyğunsuzluğun yaranma səbəbi barədə göndərilən sorğuya rəsmi cavab ona ünvanlanan məktubda qeyd olunmamışdır. Cavabdehin imtina aktının məzmunu və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, aparılan araşdırma zamanı “Əlillik” altsistemindəki məlumatlardan və iddiaçının pensiya işinə dair sənədlərdən aydın olmuşdur ki, xx.xx.2008-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində uyğunsuzluq mövcuddur. Belə ki iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya “Əlillik” Altsistemində 2008-2009-2010-cu illərə dair məlumat aşkar edilməmişdir. Sözügedən uyğunsuzluq səbəbindən ayrı-ayrı dövrlərdə iddiaçının pensiyası səhv hesablanmış və buna uyğun olaraq 7237,32 manat artıq pensiya məbləği ödənilmişdir. Müvafiq pulun büdcəyə bərpa edilməsi məqsədilə ödənilməli olan 1487,32 manat ümumi borcdan (7237,32 manatdan) çıxılmışdır. Qalan 5750,00 manat pul vəsaiti isə hissə-hissə 170,13 manat şəklində xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində pensiyadan tutularaq büdcəyə bərpa edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri imina aktı və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xİdmətinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, iddiaçı FHN-nin Kadr siyasəti Baş idarəsinin rəisinin xx.xx.2007-ci il tarixli 218 nömrəli göndərişinə əsasən xx.xx.2007-ci il tarixində Tibb Xidməti Xüsusi həkim ekspertiza komissiyasına tibbi şəhadətləndirilməyə göndərilmişdir. Keçirilmiş tibbi şəhadətləndirilmənin nəticələrinə əsasən "Limfaqranulamatoz. İİİ mərhələ, yayılmış forma” diaqnozu ilə və "Xəstəlikdir, xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə «Xəstəliklər cədvəli»nin 9 a maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma) əsasən "Xidmətə yararsız” qərarı verilmişdir. Xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. maddəsinin ç bəndinə əsasən “Xəstəlikdir, xidmət dövründə alınmışdır”. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış sənədlərdən görünür ki, 9 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının müvafiq arayışlarına əsasən iddiaçıya xx.xx.2007-ci il tarixdən ardıcıl olaraq, xx.xx.2016-cı il tarixədək 2-ci dərəcə əlillik təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2007-ci il tarixdə qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən bir il müddətinə (xx.xx.2008- ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçıya əmək pensiyası cavabdeh orqanın bu sahədə səlahiyyətli qurumu tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək müvafiq ödəniş edilmişdir. İddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Hazırki işin hallarından göründüyü kimi cavabdeh orqan qanunvericiliyin qeyd olunan tələblərinə əməl etmədən iddiaçının pensiyasına müvafiq məbləğdə tutma yönəltmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Digər tərəfdən iddiaçının 2008-2010-cu illər aralığında əlillik vəziyyətində olması bu sahədə səlahiyyətli orqan tərəfindən verilmiş tibbi sənədlərlə təsdiq olunur və həmin sənədlər iddiaçıya pensiya təyinatı ilə bağlı sənədlər toplusunda mövcuddur. Həmin məlumatların “Əlillik” altsistemində mövcud olmaması isə iddiaçının ziyanına şərh olunmalı deyil və bu hal ümumiyyətlə iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas verə bilməz. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-3143/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-179/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-179/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver